SİNƏSİ DOLU NƏNƏM

SİNƏSİ  DOLU  NƏNƏM

Nənəm həmişə yanıqlı-yanıqlı bayatı çağırardı. Soruşardım ki, niyə belə yanıqlı-yanıqlı oxuyursan, nənə? Titrək əlləri ilə saçlarımı sığallaya-sığallaya deyərdi:
-Elimizdən, obamızdan vaxtsız gedənlər, dağılan yurdlar, başsız qalan ocaqlar ürəyimdə nisgil qoyub, bala. Kəndimizin faciəsi qoyarmı ki, üzüm gülsün. Əndirənikin  (Andronıkın) quldur dəstəsi adamları məscidə doldurub qapısında gərmə qalağı hördürdü, od burdu. Acı tüstü günahsız məxluqu elə qırdı ki, biri də salamat qalmadı. Qulac-qulac hörükləri olan el gözəllərinin şəvə saçlarından çatı toxutdurdu, tənab düzəltdirdi, onları ərik ağacının budaqlarından asdırdı. Həmin yaz bu vəhşilikdən ağaclar da qurudu, bala! Eh, ay bala hansını deyim?
Biz nənəmizin şirin-şəkər söhbətlərindən duymazdıq. O deyərdi:
-Dostluq, sədaqət, halal duz-çörək, inam, öz şəxsiyyətini tanımaq, nəzakətli olmaq, müdriklərə hörmət, özümüzdə başqasının sirrini saxlamaq, yersiz danışmamaq, şirin dillə başqalarının qəlbinə girmək kimi gözəl keyfiyyətlər diləyirdi nənəm yer üzünün əşrəfi olan insanlara. Geri qayıtması mümkün olmayan şeylər üçün təəssüflənməyə dəyməz deyirdi. Deyilmiş söz, açılmış güllə, keçmiş ömür, baş vermiş qəza heç vaxt geri qayıtmaz.
İnsanın xoşbəxtliyini düz danışmaqda, sirri möhkəm saxlamaqda, halal maya kəsb etməkdə, özünü həmişə sadə aparmaqda görürdü nənəm. Səbr etməsən arzuya çatmazsan, təvəzökar olmasan məhəbbət qazanmazsan, səy göstərməsən elm əldə edə bilməzsən, deyərdi nənəm. İnsanları paxıllıqdan, xəsislikdən, namərdlikdən uzaq­laşdırmaqla bərabər, həm də böyük əngəllər törədən şeyləri nifrətlə qarşılayırdı. Ləcillikdən rüsvayçılıq, acıqdan peşmançılıq, nalayiq danışmaqdan düşmənçilik, tənbəllikdən alçaqlıq baş verə biləcəyini dönə-dönə beynimizə yedirdirdi nənəm! Nənəm bildirirdi ki, yalançıda insaniyyətlik, paxıllıqda, xoşbəxtlik, həsəd aparanda rahatlıq, bədxasiyyətdə böyüklük, müdriklik olmaz.
Ağıl və bilik, ədalət və doğruçuluq, səbr və həya adama hava və su kimi lazımdır. Sonra da zarafatyana deyərdi: - Kişini üç şey zəif salar: Çoxlu düşmən, çoxlu borc, çoxlu arvad! Çox yemək adamı az yeməkdən də qoyar.
Nənəm həmişə deyərdi:
-Allah-tala öz bəndlərinə min dərd göndərib, min bir dərman. Dərmanları tapıb dərdə çarə qılmaq üçün ağıl, şüur, kamal, dərrakə bəxş edib insanlara. Nənəm bacarıqlı loğman idi. Bir çox xəstəlikləri türkəçarə müalicə edərdi. Ən sərfəlisi o idi ki, bütün otları yığar, qurudar və ayrı-ayrı kisələrə doldurardı, samanlığımızdan açardı. Tənbəki ilə dolu kisəni göstərib deyərdi:
Qara tənbəki, boz kisə,
Çək saqqalı ver hisə.
Qız-gəlinlər yığıb gətirdikləri – gicitkan, quzqulaq, yemlik, quşəppəyi, şomu, əvəlik, lilpar, çaşır, qanqal, kəklikotu, turşəng, çöl kişnişi, yarpız, baldırğandan nənəmə də pay verərdilər. O da bu pencərlərin xeyrli cəhətlərini onlara izah edərdi:
-Bax, qızlar bu lilpar çox faydalıdır. Onu qaynadıb suyu ilə qotur tutmuş adamı çimizdirsələr tez sağalar. Bir söz deyəcəm, gülün:
Qoturam, ay qoturam,
Qotur qoymur dinc oturam.
Qaşıyıram qanım çıxır,
Qaşımıram canım çıxır.
Çaşır da yeməlidir. Yazın əvvəllərində bitir. Əsas mədəni Mirzəhəsən bərəyəsi, Ayılıqdır. O adamın ağzının acılığını aparır, həzmə kömək edir. Ancaq onu duza qoyanda bir yarım ovuc arpa qarışdırın ki, ağarsın ağbaldır olsun.
Alaqanqal, südlüqanqal, suluqanqal çox faydalıdır. Qanqalın yetişmiş tumu şəkər xəstəliyinin qənimidir. Körpə vaxtı isə gövdəsi yeməli olur. Dişlərin dibinin möhkəm­lənməsinə kömək edir, gözüm nurunu artırır.
Kəklikotu əsasən dağlıq yerlərdə, qayaların sinəsində bitir. Çiçəyində yaxşı bal olur. Onun çayını dəmləyib içirlər. Qan təzyiqini, əsəb sistemini normallaşdırır. Cingənə olan adamlar onun çayını içməsələr yaxşıdır. Kəklikotunu qaynadıb suyunda çimmək çox faydalıdır. Bədəndə gedən duzlaşmasının qarşısını alır. Başın bərk ağrı­yanda qaynadıb suyu ilə başını yu, sağal. Göy öskürək, Zökəm xəstəliyinə tutulmuş adama buğunu vermək çox faydalıdır.
Qantəpər (bəzi bölgələrdə ona Sarıçiçək deyirlər). Eymənən (qorxan) adama çayını içirtsən onun qorxusunu götürər. Qanaxmanı, qan təzyiqini normallaşdırır. Dəmləyib çayını içmək öskürəyin qarşısını alır.
Zərinc (zirinc) meşələrdə, yamaclarda, selavlarda dəmyə bitir. Ağacın qabığı boz rəngdə olur. Meyvəsi sarılıq xəstəliyinin dərmanıdır. Onun yarpaqları turşməzədir. Yığ, ovcunun içində əz, sürt qara ciyərin üstünə, xeyrini görərsən. Meyvəsindən mürəbbə bişirilir. Meyvəsini duza qoyurlar, iştah açandır.
Zeytun istiyə, soyuğa dözümlü ağacdır. Həmişə yaşıl olur. Onun meyvəsini duza qoyurlar, tumunun yağını çıxarırlar. Onun tam yetişmiş tumundan 10 ədəd acqarına yeyən adam içkidən imtina edər. Onun yağı mədə-bağırsağın müalicəsində istifadə olunur. İştah açır, həzmə kömək edir.
Tərxun bostan bitkisidir. Ona çoxillik bitki demək olar. Tərxunla bir neçə xəstəliyi müalicə etmək olar. Tərxun suyunu, kişnişin suyunu bir də nar şirəsini qarışdırıb gündə 7 dəfə, hər dəfə bir xörək qaşığı içmək qan təzyiqini tənzimləyir. Tam sağalmaq istəyirsənsə bu prosesi 10-15 gün təkrarlaşan yaxşıdır. Tərxun suyunda 15-20 ədəd şabalıdı qaynadıb yemək 14 dərdin dərmanıdır. Tərxunu yarpızla qazanda qaynadıb suyu ilə başı yumaq saçı uzadır, tökülməyə qoymur. Onun suyu ilə qarqara etmək iyrənmənin qarşısını alır. Tərxun suyu üzdəki qırışlrı açır.
Əmənköməncini  qaynadıb buxarını ağzına çəksən diş ağrısı kəsir,  öskürək yox olar.
Dişqurtlayanın köklərindən alınan şirə ağciyər iltihabının, quru öskürəyin qənimidir, həzmə kömək edir, iştahı artırır, qanazlığına, zəifliyə kömək edir.
Daşqovan ağac növüdür. Əsasən bərk yerlərdə bitir. Onun kiçik budaqlarını xırda-xırda doğrayıb dəmləyirsən hər gün bir çay stəkanı içirsən. böyrəkdə, öddə olan daşları əridir, sağalıb olursan sağlam, anadan gəlmə.
Biyan otu kökü dərinliklərə gedən bitkidir. Onun kökünün cövhəri ağ ciyər xəstəliklərinin iltihabında, bronxların, göy öskürəyin, təngənəfəsliyin müalicəsində geniş istifadə olunur. Bu qəribə bitki qaraciyər, sidikqovucu, sarılıq, mədəaltı vəznin, mədə-bağırsaq xəstəliklərin müalicəsində insanların köməyinə çatır. Onu balaca-balaca doğrayıb dəmləyirsən və çayını içirsən, gözün görməsini gücləndirir. Biyanın yaşıl yarpaqlarını əz, ayaq barmaqlarının arasına qoy, ayağın tərləməkdən azad olsun. Soyuqdəymə, allergiya, mədə spazması və digər xəstəliklərin müalicəsində istifadə olunur. Oktyabr – noyabr ayında qazıb kökünü çıxart, qurut saxla. Astma-bronxit, nəfəs yollarını xırtdan təmizləyir.
Ağ soğanı dilim-dilim doğra tök südün içinə qaynat göy öskürəyin, inağın dərmanıdır.
Dəvədabanı yarpaqlarını yığın suda qaynadın babasılı olan adamı oturdun onun üstündə sağalsın getsin işinə. Bronxların astmasında dəvədabanı yarpaqlarından dəmlənən çayın faydası olur.
Qara yoncanı yığ, daşın üstündə əz, bas kəsilmiş yaranın üstünə. Qanı qurudacaq, yaranı aşdandırıb sağaldacaq.
Qırxbuğumu əzib qat bala ye, böyrəyin dərmanıdır.
Qazayağını acqarına yesən kəpənək qurdunu tökür, həzmə kömək edir.
Gicitkanın çöpünü yandırıb təzə yağa, sidiyə qatıb dəmirova sürtsən sağaldar. Qara ciyər xəstəliyinə, öd yollarının təmizlənməsinə, qanaxmanın qarşısını almaqda kömək edir.
Yemliyi acqarına yesən bağırsaqda olan tükü tökür. Südü dərini çilləndirir.
Elə ləzzətlidir, elə dadlıdı,
Elə bil bal qatıb südünə yemlik.
Daş xınasını toyuğun gözünə qatıb bədəndəki səpkiyə, göz-göz olan yaraya sürtsən xəstə sağalar. Dırnaqlarının qaravışı qopsa, sürt qabağını alsın:
Əvəlik çox faydalıdır. Uşağın qarnı ağrıyanda qaynat həlimini içirt, yetincəndi. Zökəmin, göyöskürəyin dərmanıdı. Yarpağını pörtlədib ağrıyan yerə qoysan ağrı kəsilər.
Cirttaquşu yandırıb külünü kərə yağa qatıb sarı yaraya sürtsən tez sağalar.
Gərməşoy ağacının qabığını yandırıb külünü təzə nehrə yağına, kükürdə qatıb dəmrova sürtsən sağalar.
Cincilim, pəl, quzqulaq iştah açandır.
Quşəppəyi həzmi sürətləndirir, iştahı açır, cinsi fəallığın artmasına kömək edir.
Təkəsaqqalı dişlərin dibini möhkəmlədir.
İlan yemliyinin südü kəpənək qurdunun qənimidir.
Süddüyan otunun südü çox acı olur. Dərini yandırır, ləkələyir. Onun südündən içə bilsən bağırsaqlarında ziyanverici qalmaz.
Qantəpər otunu qaynadıb həlimini qorxan, sidiyə qan gedən adama versən saqalar.
Razyana otunun südü gözün nurunu artırır.
Çiriş qəbizliyin qənimidir. İşlətmə dərmanını əvəz edir.
Xıncilovuz mədəni yumuşaq saxlayır, həzmə kömək edir, ödü artırır.
Keçi qəzilini yandır, külünü çək burnuna qanaxmanı dayandırsın.
İtburnu böyrəkdə, sidik kanalında olan daşı əridir.
Dovşan dərisini ağrıyan yerə qoyub isti versən ağrı kəsər.
Zəyrək yağı içsən mədədə köp olmaz, mədə dincələr.
Qurd ürəyi yesən sənə it hürməz, qorxu bilmərsən.
Kirpi əti babasilin dərmanıdır.
Porsuq əti yel xəstəliyinin qənimidir.
Ayı əti yeyən adamı yel tutmaz.
Keçi əti və südü çox faydalıdır. Sətəlcəm, göy öskürək təngənəfəslik xəstəliyinə sinə məlhəmdir keçi südü. Keçi südü ən qorxulu xərçəng xəstəliyinin qarşısını alır. Keçi südünü sağıb içən adamı həmişə cavan qalır, özünü  gümrah hiss edir. keçinin iç piyi də qiymətli dərmandır. Soyuq dəyən adamın kürəyinə, sinəsinə keçi piyi sürt sağalsın dursun ayağa. Çəpişin əti qan təzyiqini tənzimləyir.
Pişik tükü zob xəstəliyinə kömək edir. Pişiyi sığalla əlini zoba çək sağalsın.
Maralbuynuzu otunu acqarına yesən, soxulcan qurduna tökür.
Şivərən toxumunu duza qatıb yesən, sancını kəsər.
Yerkökü ağ ciyərin lətini təmizləyir, səs tellərini nizama salır, həzmə kömək edir, cinsi fəallığı artırır, süstlüyü aradan götürür.
Ağ soğanı dilim-dilim doğra, keçi südündə qaynat içirt inağ olan körpəyə, sağaldıb dursun ayağa. Əmgəyinə ağ neft hopmuş ağ əskini qoy, burnuna tut sovuşsun.
Bəhməz, tut doşabı, bal ishal olan adama yetincədir. Bal şərbəti soyuqdəyməyə xeyirdir. A bala, gicitkan, quzuqulaq, yemlik, andız, qara kəndalaş, qıjı, yarpız, kəvər, cəfəri, çöl kişnişi, qoyunqulağı, süddücə, ala qanqal, şüyüd, kərəyüz, quşəppəyi, pişikcırnağı, yelqovan, qazayağı, boz pencər qiymətli nemətdir.
Ərinməyin, can dərmanı otları yığın, kətə bişirin, qovurun, dəmləyin çayını için qada-balanız, ağrı-acınız yox olsun. Sağlam və gümrah olun...
Əvəz  Lələdağ





Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Dayaq olsa