Analı dünyam 2004 - 2

  Analı dünyam 2004 - 2

    Getdim qapıya mırhamır olduğunu, həyətdə zəncirdə olan iti, qapının cırhacır olmasını o vaxtkı dabanalı qapıların açılanda cırıldaması kimi izah edirdi anam. Dədə-baba toylarından danışardı anam. Gəlin gətirmək, qız köçürmək xalqımızın ən əziz adətlərindəndir. Bütün ata-anaların ən böyük arzusu övlad evləndirmək, nəvə-nəticə səsi eşitmək olubdur. Qədimdən ta indiyədək bu gözəl adət-ənənə nəsildən-nəslə keçib, öz paklığını, təravətini saxlayıb. Ağsaqqallarımız,   ağbirçəklərimiz cavanların muraza yetişməsi üçün həmişə qabağa düşüblər, öz ulu sözləri ilə ürəklərə yol tapıb, bəzən inadkarlıq göstərən ata-ananın «saqqızını oğurlayıblar». Elçilik həmişə müqəddəs sayılıb ulularımızın nəzərində. Ancaq indi bəziləri oğul evləndirməyi, qız köçürməyi qazanc mənbəyinə çevirmək, pul-para yığıb var-dövlət sahibi olmaq istəyirlər, bu müqəddəs adətə kölgə salırlar. Belə üzdəniraqları gördükcə kəndimizin o çağları yadıma düşür, xəyal məni çəkib uzaqlara aparır...
    Hər axşamçağı yanaqlarından qan daman uzun hörüklü qızlar səhəng götürüb bulağa gələrdilər. Onlar su dolu səhəngləri ya şələdə, ya da çiyinlərində aparardılar. Ərgən oğlanlar da gəlib bulaqdan su içə-içə gözaltı qızlara baxardılar. Könülləri tutana ürəklərində yer verərdilər. Qohum-əqraba duyuq düşənə kimi ara adamları vasitəsiylə qızın fikrini öyrənərdilər. Razılıq əldə olunandan sonra oğlanın anası qızın anası ilə xəlvəti sövdələşərdilər. Sonra oğlan tərəfin ağbirçəkləri yığışıb fal açardılar. Bir uşağı çağırıb deyərdilər: «Al bu qaşığı apar sal səhəngin ağzına». Uşaq da qaşığı aparıb salardı səhəngin ağzına. Əgər qaşığın ağzı qadınlara tərəf düşsəydi, niyyət hasil olmuş hesab edilərdi, gün təyin edib elçiliyə getmək olardı. Elçilər gələndə qızın tay-tuşları qıza zarafat edib deyərdilər:

Yağış yağar, qar çilər,
Qapını kəsər elçilər.
Anan deyir- gəl verək,
Atan deyir-qoy görək.

   Qızlar şaqqanaq çəkib gülərdilər. Elçilik zamanı toy günü müəyyənləşərdi. Qız evinə qadınlar dəstə-dəstə gedib hər kəs öz imkanı daxilində «ivid» salardılar. Bundan sonra xınayaxdı olardı. Qız toyu şənbə gününə təyin edilərdi. Bu toya əsasən qadınlar gedərdilər. Qız evinə toy qoyunu aparana bir cüt naxışlı corab verib cibinə çərəz (xuruş) tökərdilər. Qız evində cer-cehiz hazırlığı görüləndə oğlan evi «çörək bişdi», «paltar biçdi» mərasimi keçirərdi. Kənd camaatı gəlib göz aydınlığı verərdilər.  Çörək bişirən deyərdi:
— Al gör bu toy çörəyi yaxşı bişib?
Paltar tikən tikdiyi paltarı göstərərdi:
— Bax gör bu paltar gəlinə layiqdir?
   Baxanlar «Allah mübarək eləsin!».—deyib zəhmət çəkənlərə gücü çatan hörməti edərdilər. Şənbə günü axşam oğlan evinin yaxın adamları toy qoyunlarını kəsməyə gələrdilər.
   Qəssab zarafatla:
—Ay balam, bu bıçaq kəsmir axı, -deyərdi.
   Toy sahibi qabağa çıxıb qəssabın bıçağını «itiləyərdi». Bazar günü gün çeşdə qalxanda artıq hər şey hazır olardı. Toyxana bəzənərdi, həyət-baca sulanardı. Qara zurna çalan Xəlyəddin Kərimovun dəstəsi gəlib onlar üçün ayrılmış yerdə əyləşərdilər. Dəstəsi  deyəndə bir  az  yekə  çıxır, onlar üç nəfər olardı. Xəlyəddin, Bəxtiyar, Eynulla; ara zurna çalan, züy tutan (dəmçi), nağaraçı. Üçü də kəndin yetirməsi. Zurnaçı ha püləyərdi, zurnadan səs çıxmazdı. Deyərdi:«Zurnanın boğazı tutulub,dili açılmır.» Bir nəfər yaxın adam zurnanın dilini açardı. İki nəfər ayağı yüngül ağsaqqal düşüb oynayardı, xeyir dua verərdi. Kənd camaatı uşaqdan böyüyə dəvət olunan da, olunmayan da hamı axışıb toya gələrdilər. Toybaşı çox diqqətlə növbəni izləyər, arzu edənləri oynadardı. Oynayanların əlinə pul verib çağırtdırardılar.
—Filankəsin, filankəsin subaylarına borc olsun, şabaş!
   Orasını da deyim ki, başa pul atmazdılar. Ələ verilən puldan toybaşı «zdaç» çıxardı, qalanını qaytarıb sahibinə verərdilər. Çalğıçılar da ancaq şabaşa yığılan pula gələrdilər. Bəxtlərinə istər az olsun, istər çox, adət belə idi.
   Günortadan sonra toybaşı bildirərdi ki, vaxtdır gedirik gəlini gətirməyə. Qız evinə xonçaları götürənlər düzələrdilər cərgəyə. Qız anası kəbin kağızını almamış bəy adamlarını içəri buraxmazdı. Kəbin kağızını verən adam xələt, qapı kəsən pul alardı.Amma hər şeyin qədəri əvvəlcədən məlum idi. Süd pulu, döşək pulu, qapıkəsdi pulu və s.Bundan sonra «bel bağlama»mərasimi başlayardı. Gəlinin belini qaynı bağlamalı idi. Qaynı olmasaydı,  yaxın qohumlarından biri bu vəzifəni icra edərdi. Bir qırmızı yaylığı qızın baş tərəfindən gətirib belinə bağlayar və dualar oxuyardılar. Qız gəlinlik libasında olanda atası gəlib alnından öpüb xeyir-dua verərdi. Bundan sonra bütün yaxın adamlar xudahafizləşərdilər. Gəlini ata evindən çıxardıb böyük izdihamla, alqışlarla, qara zurnanın müşayiətiylə aparardılar bəy evinə. Həyətə çatanda izdiham daha da canlanardı. Bir nəfər zarafatcıl adam deyərdi:
                                                 Gəlin gəlir, xan gəlir,
                                          Evləri yıxan gəlir.
                                          Əlində zağlı ülgüc,
                                          Başları qırxan gəlir
                                          Gəlin gəlir, ozan gəlir
                                          Pərgarımı pozan gəlir
                                          Oğlumun gecə mollası
                                          Cadu-piti yazan gəlir.

   Hamı gülüşərdi, toybaşı qabağa çıxıb camaata elan edərdi:
—Kimin xələti var, gətirsin!
   O vaxt pul yazdırma yox idi. Xələt yığımı qurtaran kimi toybaşı işarə edərdi: Bir nəfər çevik adam gətirdiyi unu qaynatanın başına səpərdi. Buna bərəkət rəmzi kimi baxardılar. Təzə bəy əlində alma, yanında da sağdış-soldış uca bir yerdə, damın üstündə durardı. Gəlin evə daxil olma məqamında bəy əlindəki alma ilə onu vurardı. Bəzən elə vurardılar ki, gəlinin başı şişərdi. Bir iman-quran sahibi qarı isə ətəyindəki şirniyyatı gəlinin başına tökərdi. Aman Allah! Necə gözəl mənzərə yaranardı.
   Hamı məclisdə yerini tutandan sonra ev sahibi üzünü məclisə tutub «xoş gəldin» deyərdi, razılığını bildirərdi və istədiyi bir nəfər «dilli-ağızlı» adamı masabəyi seçərdi. Məsabəyi hələ işə başlamamış xəbər gələrdi ki, aşpaz deyir ki, «qazanın ağzı açılmır». Bəy, sağdış, soldış gedib qazanın ağzını «açardılar». Məclis qızışardı.
    Oruc tutan, namaz qılan idi ağbirçək anam. Sübhdən onun oxuduğu dualar dolardı qulaqlarıma. Namaz qılmağın əhəmiyyətini necə gözəl təhlil edərdi, xudaya! Namaz qılmayan adamları benamaz adlandırardı anam. Dərya kənarı ilə köç gedirmiş. Bir benamazın dişi ağrıyır. O, dişini çəkib atır dəryaya, balıqlar bu əcaib əşyanı görüb düşürlər üstünə. Dərya təlatümə gəlir, nəhənglər zara gəlir, bundan baş aça bilmirlər. Bu mənzərəni seyr edən aqil deyir:

Köçün uymaz köçənlərin köçünə,
O dünyada halın necə keçinə.
Bir dəndənə atdın dərya içinə,
Nəhəngləri gətdi zara, benamaz.

  Köç eləyib bu dünyadan köçəndə,
                                                    Cəhənnəmin ağ şərbətin içəndə,
                                                    Ağzı polad qıl körpüdən keçəndə,
                                                   Əlin çatmaz ciloydara, benamaz.

    Belə olanda axirət dünyasında benamazın halının necə olacağı aydın təsvir edilir. Gərdişin gəliş-gedişini bayatı ilə izah edərdi anam.

Baba dayı,
Haylayır baba dayı.
Gah minir day babanı,
Gah minir baba dayı.

   Danışardı ki, karvan gedəndə bir qocanın atı qulunlayır. Atın yükü ağır, qulun da yeriyə bilmir. Baba əlacsız qalıb qulunu alır boynuna. Aqil bu bayatıda birinin ata minməsini, birinin atdan düşməsini, gərdişin tərəqqi-tənəzzül oyunlarına bənzədir. Zamanın amansız qanunları, dövrün sərtliyi, insanlara edilən sitəm anamın da könlünə nisgil doldurardı.

Mən aşığam bağbansız,
Dəvə gördüm sarvansız.
Hamıya dərman yazdım,
Özüm qaldım dərmansız.

   Bir dəfə  bir nəfər yaxın qonşusuna əmanət verir. Qonşu da əmanətə xəyanət edir. Əmanət verən deyir:

Bağça, barın budumu?
Heyvan, narın budumu,
Özündən deyən qonşu,
Etibarın budumu?

  Bir dəfə bir oğlanın meşədə moruq yığan qıza gözü düşür.Qızın baxışları onun sinəsinə ox kimi sancılır.Anası oğlunun dərdini soruşanda,oğlu bayatı ilə cavab verir.

Meşəli yerdə,
Tər bənövşəli yerdə.
Sinəmə bir ox dəydi,
Qaldım döşəli yerdə,-deyir.

   Anam deyərdi: «Bizi yaradan allah namazı, orucu öz bəndələrinə borc göndərib. Bütün müsəlmanlar o borcu qaytarmalıdırlar. Əgər qaytarmasalar onlar cəhənnəm odunda yanacaqlar.» Amma sonra elmi cəhətdən necə gözəl təhlil edərdi nurani anam. Sübhdən qalxmağın, sübh namazı qılmağın xeyrindən danışırdı. Sübh gecə ilə gündüzün təhvil təslim dövrüdür. Bu zaman hava süzülüb təmizlənir. Havanın tərkibində yod, brom olur. Təmiz hava ilə tənəffüs etmək orqanizmdə oksidləşməni gücləndirir. Bundan sonra dəstamaz başlayır. Bu zaman bədənin seçmə üzvləri yuyulur. Onlar xəstəliklərə tez tutulan üzvlərdir. Buruna su çəkmək burunun selikli qişasını iltihaba qarşı dözümlü edir. Boğazı qar-qara etmək badamcıqları möhkəmlədir. Hamı bilir ki, burun, qrip; boğaz, angina xəstəliyinə tez tutulur. Biz çox eşidirik: «Ona soyuq su vermə, boğazı angina olar».
    Amma anam buz kimi suyu çəkərdi başına, olardı buz baltası kimi. Bütün damarların üzə çıxan yeri dirsəkdir. Dirsək bir yerə toxunanda elə bil adamı tok vurur. Əmgək deyilən yeri hamı tanıyır. Ora daş dəysə adam o dünyalıq olar. Oranı sakitləşdirmək çox faydalıdır. Bunların hamısından sonra namaza durmaq. Fikir verin, əllər qulağın ardına gedir. Başı üç  dəfə qaldırıb göyə baxmaq boynunu hərəkət etdirir. Dizləri qatlamadan qaməti əymək, səcdəyə enib alnı möhürün üstünə qoymaq heç də biz düşündüyümüz kimi deyil, o, ürəyi masaj etməkdir. Bütün bu proseslərdən sonra oturub Allah qarşısında dua etmək mərasimi başlayır. Namazdan sonra adam gümrah halda yapışır işin qulpundan. Açığını deyim ki, namaz qılan adam şər işlərə meyl etmir. Onun qəlbində həmişə xeyirxah əməllər yaşayır. Qara fikirlər onu haqlayana qədər günorta namazının vaxtı çatır...
   Dostluq, sədaqət, halal duz-çörək, inam, öz şəxsiyyətini tanımaq, nəzakətli olmaq, müdriklərə hörmət, özünün və başqasının sirrini saxlamaq, yersiz danışmamaq, şirin dillə başqalarının qəlbinə girmək kimi gözəl xüsusiyyətlər diləyərdi anam yer üzünün əşrəfi olan insanlara. Geri qayıtması mümkün olmayan şeylər üçün təəssüflənməyə dəyməz,- deyərdi. Deyilmiş söz, açılmış güllə, keçmiş ömür, baş vermiş qəza heç vaxt geri qayıtmaz.
   İnsanın xoşbəxtliyini düz danışmaqda, sirri möhkəm saxlamaqda, halal maya kəsb etməkdə, özünü həmişə sadə aparmaqda görürdü anam. Səbr etməsən arzuya çatmazsan, təvazökar olmasan məhəbbət qazanmazsan, səy göstərməsən elm  əldə  bilməzsən, -deyərdi  müdrik  anam. İnsanları paxıllıqdan, xəsislikdən, namərdlikdən uzaqlaşdırmaqla bərabər, böyük əngəllər törədən şeyləri nifrətlə qarşılayardı.Ləclikdən rüsvayçılıq, acıqdan peşmançılıq, nalayıq danışmaqdan düşmənçilik, tənbəllikdən alçaqlıq baş verə biləcəyini dönə-dönə beynimizə yeridirdi anam. O, bildirirdi ki, yalançıda tam insaniyyətlik, paxılda xoşbəxtlik, həsəd aparanda rahatlıq, bədxasiyyətdə böyüklük, müdriklik olmaz.
   Ağıl və bilik, ədalət və doğruçuluq, səbr və həya insana hava və su kimi lazımdır. Sonra da zarafatyana deyərdi: «kişini 3 şey zəif salar:çoxlu düşmən, çoxlu borc, çoxlu arvad.» Oruc tutmağın da əhəmiyyətini maraqla danışardı anam. Deyərdi ki,insan 4 şeyə müvazinətini yaxşı saxlaya bilər: qan, bəlğəm, hava, öd. Bunlardan hansı biri ya artıq, ya da kəm olsa insan öz müvazinətini itirər. İnsan çox yeyəndə bədəndə kökəlmə, mədədə piylənmə gedir. Qarın nahiyəsi böyüyür, əyilib qalxmaq, corabı geyinmək belə çətinlik törədir. Mədə böyüyür, qaraciyəri sıxır, qaraciyər ödü. Mədəyə öd çox gəlsə turşuluq artır, az gəlsə həzm çətinləşir. Ona görə də adam bir müddət öz daxili imkanları-öz «vəsaiti» hesabına yaşamalıdır. Bu zaman artıq piylər əriyir. Həzm sistemi normallaşır. Çox eşitmişəm orucduqdan sonra adamlar bir-birinə-«mən özümü çox gümrah hiss edirəm»
-deyirlər.Həm də «çox yemək adamı az yeməkdən də qoyar» el məsəlini yadımıza salırdı anam.
   Anam həmişə deyərdi:
—Allah tala öz bəndələrinə min dərd göndərib, min bir dərman. Dərmanları tapıb dərdə çarə qılmaq üçün ağıl, şüur, kamal, dərrakə bəxş edib insanlara.
   Anam gözəl loğman idi. Bir çox xəstəlikləri türkəçarə müalicə edərdi. Ən sərfəlisi o idi ki, bütün otları yığar, qurudar və ayrı-ayrı kisələrə doldurardı, samanlığımızdan asardı. İçində tütün olan kisəni göstərib deyərdi:

                               Qara tənbəki, boz kisə,
                               Çək saqqalı ver hisə.

   Anamın savadı olmasa da, hər kisədə hansı otun, hansı dərdə dərman olduğunu bilirdi.
   Anam vəfatından bir az əvvəl yenə qız-gəlini başına yığıb maraqlı söhbətlər edirdi:
—Bax, qızlar, öyrənin, mən bildiklərimi goruma aparmayacağam ki, nəvəmi, nəticəmi,
kötücəmi görmüşəm.Eh! Nə vədənin adamıyam.

Əzizinəm bir də mən,
İnci də mən, dürr də mən.
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən.

   Mənim başım müsibətlər çəkib. Qaçqınlıq, qərib-qürbət ellər, kasıbçılıq...
   1918-ci ildə biz didərgin olduq. Məndən kiçik bacımı anam qoydu daşın dibinə, getdik. Sonra atam qayıtdı, qızı tapmadı. Biz Qubadlının Qaraqaşlı kəndinə pənah gətirdik. Bizim kənddən Əziz adlı bir ərrik qızı Nəsir adlı bir nəfər almaq istəyirdi. Onun arvadı vardı Zinyət (Zini deyirdilər). O, Əzizə sifariş etmişdi:

Gülü Gülüstan üstünə,
Gün düşür bostan üstünə,
Gedin o çaqqala deyin
Gəlməsin aslan üstünə.

   Əziz isə gör ona nə sifariş etmişdi:

Gülü Gülüstan üstünə,
Gün düşür bostan üstünə,
Gedin o aslana deyin,
Dağ gəlir aslan üstünə.

   Bəli, anam həmişə, yanıqlı-yanıqlı bayatı çağırardı. Cavan qız-gəlini başına yığıb bildiklərini onlara öyrədirdi. Qız-gəlinlər yığıb gətirdikləri gicitkan, yemlik, quşəppə-  yi, şomu, əvəlik, lilpar, çaşır, qanqal, kəklikotu və turşəngdən anama da pay verərdilər. O, da bu pencərlərin xeyirli cəhətlərin onlara izah edərdi.
   Bax, qızlar bu lilpar çox faydalıdır. Onu qaynadıb suyu ilə qotur tutmuş adamı çimizdirsələr tez sağalar. Bir söz deyəcəm gülün.

Qoturam, ay qoturam,
Qotur qoymur dinc oturam.
Qaşıyıram qanım çıxır,
Qaşımıram canım çıxır.

 Çaşır da yeməlidir. Adamın ağzının acılığını aparır. Ancaq onu duza qoyanda bir az arpa qarışdırın ki, arpa çaşırı ağartsın ağbaldır eləsin.
 Alaqanqal, südlüqanqal, suluqanqal çox faydalıdır. Qanqaldan xalq deyimlərində də istifadə olunur.
«Get qanqal otla ağzın dəvə ağzına dönsün»-deyiblər. Dəvə dedim yadıma bir el deyimi düşdü. Deyirlər bir neçə maya dəvə yalda özlərini yelə verirmişlər. Nər dəvələr çalda qanqal yeyirmişlər. Bir səyyah bu halı görüb belə bayatı çəkib:

Nərgizlər,
Bənövşələr, nərgizlər,
Nər budlu maya gördüm
Qoltuğunda nər gizlər.

Bu damaqda,
Bu kefdə, bu damaqda,
Maya nər sevdasında,
Nər qanqal otlamaqda.

   Qanqalın yetişmiş tumu şəkər xəstəliyinin qənimidir. Körpə vaxtı isə gövdəsi yeməli olur. Dişlərin möhkəmlənməsinə kömək edir, gözün nurunu artırır. Nənə qurban, bax yolların kənarında, qobularda bitir. Qanqalı qartımamış yığın, yeyin.
  Kəklikotu əsasən dağlarda, qayaların sinəsində bitir. Çiçəyində yaxşı bal olur. Bal arısı kəklikotundan güclü şirə yığır, doldurur şanlara. Onun çayını dəmləyib içirlər. Qan təzyiqi, əsəbi, cingənə olan adamlar onun çayını içməsələr yaxşıdır. Kəklikotunu qaynadıb suyunda çimmək çox faydalıdır. Bədəndə gedən duzlaşmanın qarşısını alır. Başın bərk ağrıyanda qaynadıb suyu ilə başını yu, sağal! Göy öskürək, zökəm xəstəliyinə tutulmuş adama buğunu vermək çox faydalıdır.
Qantəpər (bəzi bölgələrdə ona Sarı çiçək də deyirlər) Eymənən adama çayını içirtsən onun qorxusunu götürər. Qanaxma və qan təzyiqini normallaşdırır. Dəmləyib çayını içmək öskürəyin qarşısını alır.
 Zərinc (zirinc) meşələrdə bitir, ağacının qabığı boz rəngdə olur. Meyvəsi sarılıq (Jeltuxa, Botgin) xəstəliyinin dərmanıdır. Onun yarpaqları turşməzədir. Ovcunun içində əz, sürt qara ciyərin üstünə xeyrini görərsən. Onun meyvəsini duza qoyurlar, iştah açandır.
Zeytun çox dözümlü ağacdır. Həmişə yaşıl olur. Onun meyvəsini duza qoyurlar, tumunun yağını çıxarırlar. Onun tam yetişmiş tumundan 10 ədəd acqarına yeyən adam içkidən imtina edər. Çox yararlı bitkidir.
 Tərxun bostan bitkisidir. Ona çoxillik bitki də demək olar. Tərxunla bir neçə xəstəliyi müalicə etmək mümkündür. Tərxun suyu, kişnişin suyunu bir də nar şirəsini qarışdırıb bir gündə 7 dəfə, hər dəfə bir xörək qaşığı içmək qan təzyiqini tənzimləyir. Tam sağalmaq istəyən bu əməliyyatı 10-15 gün təkrarlasa yaxşıdır. Tərxun suyunda 15-20 ədəd şabalıdı qaynadıb yemək 14 dərdin dərmanıdır. Yarpızla tərxunu qazanda qaynadıb suyu ilə başı yumaq saçı uzadır, tökülməyə qoymur. Onun suyu ilə qarqara etmək iyrənmənin qarşısını alır. Tərxun suyu ilə üzü yumaq üzdəki qırışların açılmasına kömək edir.
 Əmənköməci ilə qaynadıb buxarını ağzına çəksən diş ağrısı kəsilər, öskürək yox olar.
 Boranı dənəsini acqarına qurdu olan adama versən, qurdu tökülər. Ən yaxşısı əzib bala qatanda kəsəri bir az da artır. Boranılı yarma, aş, umac sinə məlhəmidir, ye sağal.
   A bala, elə yaralar var ki, onu sağaltmaq üçün gərək bir neçə otdan, nə bilim tükdən, peyindən, soğandan, yağdan istifadə edəsən.
  Dolama, quşquyruğu, çiban çox ağrı verən yaralardır. Onları tez yetişdirib sağaltmaq üçün bir baş soğan, bir qədər toyuq peyni, bir az xam sabun bir də it tükü, olsa pişik tükü qarışdır yağda qovur, qoy yaranın üstünə, yara yetişsin, deşilsin, canın ağrıdan, acıdan qurtarsın.
Şirin narın qabığını qurut, əz ələkdən keçirib çay dəmlə, qarnı ağrıyan adama içirt,  sağalıb olsun anadangəlmə. Narı yatmamışdan əvvəl ye, yat. Sənin ağzında olan dadsızlıq, acılıq yox olacaq.
Ərik ağacının qabığını soy, qurut və papiros kimi eş, yandır, çək, boğazında şiş olan adama xeyirdir.
Acıqovuq su kənarında yazın ilk günlərində bitir. Qoyun ondan ötrü ölür. Acıqovuq olan sahəni otaranda bəzən qoyun köpürdü, burnundan qan alırdın sağalırdı. Qar çiçəyi ilə eyni vaxtda torpaqdan baş qaldırır.
   Acıqovuqun kökünü çıxardıb qaynadın, həlimi çox faydalıdır. İştahı açır, həzmə kömək edir. Uşaqlar qəbz olanda işlətmə dərmanı kimi istifadə edilir. O həm də öd- qovucudur. Qaraciyər xəstəliyi zamanı istifadə edilir. Onun indi vaxtıdır. Yığıb qurudub saxlayın.
Qaragilə meşələrdə olur. Həmişəyaşıl kol bitkisidir. Dəmlə çayını iç, sidikqovucudur,  həmçinin dezinfeksiyaedicidir.
Mırçılıq ot bitkisidir. Dağlıq yerlərdə, qumsal yamaclarda bitir. Südlüdür, yığıb qurudursan. Ağacının saqqızı çıxardılır. Dişləri saflaşdırır, dibini möhkəmlədir.
Qanatma ot bitkisidir. Onun da südündən yaxı düzəldib sınıq yerlərə sarğı, uşağı olmayan qadınların belinə bağlayırlar.
Ögey ana qarın altından çıxır. Qar çiçəyindən fərqi odur ki, qəhvəyi, bənövşəyi rəngdədir. Həlimi sinə məlhəmidir, bəlğəmgətiricidir.
Üçyarpaq sucaq yerlərdə çox bitir. Onun hazırlanmış həlimi dəri xəstəliyi zamanı işlədilir. Öd yollarını açır və sidikqovucudur.
Qoyunqıranın həlimindən mədə xəstəlikləri və kolit zamanı istifadə olunur.
Bağayarpağının çox cəhətlərini bilirsiz. Lakin onun çayını dəmləyib içmək tənəffüs yollarının xəstəliyi zamanı, astma-bronxit, bəlğəmgətiricidir.
Qatırquyruğu göllərdə bitir, sulu yerlərdə çox olur. İsmayıllıda, Xızıda axtarsan taparsan. Xarici qanaxma, böyrəklərin iltibahı zamanı işlətmək olar, ürək fəaliyyətinin zəifliyi zamanı dəmlə çayını iç. Sidikqovucudur, dezinfeksiya edir. Qatırquyruğunun yarpaqlarını əzib qoyunun yarasına qoysan milçək mici salmaz.
Dəmirtikan susuzluğa dözümlüdür. Rişələri dərinliklərə işləyir. Bacaran bağban onun köklərinə yemiş, qarpız toxumu yeridə bilsə çox dadlı yemiş, qarpız əmələ gələr. Onun kökünü qazıb, çıxart yu, xırda-xırda doğra çay kimi dəmlə, iç. Mədə bağırsaqda olan ləli-məli götürür. Yel qovucudur, həzmə kömək edir.
Biyan otu kökü dərinliklərə gedən bitkidir. Oktyabr-noyabr ayında qazıb kökünü çıxart, qurut, balaca-balaca doğra, çayını dəmlə iç, astma-bronxit nəfəs yollarını xırtadan təmizləyir.
Dəvədabanı yazda bitir. Sulu yerdə, gözələrdə, arxın qırağında çox olur. Kök hissəsinə qarxort (kortum) deyirlər. Enli, yaşıl yarpaqları olur. Kökünü qazıb çıxarıb yeyirlər. Yarpaqlarını yığın qaynadın babasili olan adamı otuzdurun onun üstündə, sağalsın getsin işinə.
—Öyrənin, öləndə goruma aparmayacağam. Kənd yeridir, əkin-biçinlə məşğul olursunuz, oraq, çin, kərənti (dəryaz) əlinizi, barmağınızı kəsə bilər.
Qarayoncanı yığ, daşın üstündə əz, bas yaranın üstünə. Qanı qurudacaq, yaranı aşdandırıb sağaldacaq.
Üzərrik Danışardı ki, bir padşah o biri padşaha iki çuval darı göndərir. Padşahın vəziri çuvalların üstünə bir dəstə üzərrik bağlayıb geri qaytarır. Bilirsiniz vəzir niyə elə edib?  Həmin padşah işarə edib ki, çuvaldakı darının sayı qədər qoşunum var. Vəzir də üzərrik bağlayıb çuvalları geri qaytqaranda bildirir ki, bilirik, göz dəyməsin. Totuq uşağın yaxasından as, südlü inəyin buynuzuna bağla göz dəyməsin.

                                                       Üzərriksən havasan,
  Hər dərdlərə davasan.
  Bizə nəzər salanın,
  Gözlərini ovasan. -deyərdi
                                    
Qırxbuğum  (qatırquyruğu). Əzib, qat bala ye, böyrəyin dərmanıdır.
Çobanyastığını qaynat suyunu iç, sidik kanalında olan daşı əridir.
Kəvər Aman allah! Bu kəvərdə nələr varmış. Anam danışardı ki, bir kirpi ilanı öldürüb yeyirmiş, sonra gedib kəvərdən bir dişdəm qoparırmış. Bu hərəkəti təkrar edirmiş.
Kirpi bir də ilanı yeyib qayıdarkən anam kəvəri yerli-dibli çıxarır. Kirpi qayıdıb kəvəri tapa bilmir. Enib arxdan su içir, düşür partlamaya və çabalaya-çabalaya ölür. Anam bu kəvərin sirrini öyrənir. Öyrənir ki, ağrıları kəsir, Kəvərin quru yarpaqlarını ağrıyan yerə qoyanda, ilahi neçə dərəcə istilik verir bu kəvər. Adama elə gəlir ki, əti yanır. Bir dəfə bir iti ilan çaldı, it zəngildədi qaçdı kəvərliyə tərəf, görünür kəvər yedi, ölmədi.
Yovşan otu zəhər kimidir. Onu yorğan-döşəyin arasına, yunun içinə qoysan güvə düşməz. Qaynadıb suyu ilə uşağı çimizdirsən səpki, göz yarası sağalar.
Qazayağını acqarına yesən kəpənək qurdunu tökür, həzmə kömək edir:

Qaz ayağı, qaz dırnağı,
Maralların boz dırnağı.
Daş xınası yaxan kimi,
                                                         Gözəlləşir qız dırnağı.

Batbat otunu yandırıb tüstüsündə otursan güclü baş ağrısı, baş gicəllənməsi verir. Onun tumu xaşxaş tumuna oxşayır. Onun verdiyi baş ağrısını qoyun kərməsinin tüstüsü dərhal kəsir.
Gicitkən çox qiymətli dərman bitkisidir. Çöpünü yandırıb təzə yağa, sidiyə qatıb dəmrova sürtsən sağaldar. Qaraciyər xəstəliyinə, öd yollarının təmizlənməsinə, qanaxmanın qarşısını almaqda kömək edir. Gicitkənin bığcıqları indiki «İqlo terapiya» iynə sancmaqla müalicə vəzifəsini icra edərdi. Yadımdadır, qonşumuz Məşək xalanı yel tuturdu, yeriyə bilmirdi. Anam onu qızmar gündə uzadıb lüt bədəninə gicitkənlə dürüst döyürdü. Gicitkən daladığı yerlər məxmirək kimi pörtüb olurdu qıpqırmızı. Sonra qaşınma başladı. O əhvalatdan sonra arvad sağaldı, ayağı yer tutdu, yeridi. Biz onu yığanda:

Dalama –dalama
Bacımı verərəm sənə.
Dadını mənə versən,
Acımı verərəm sənə. -deyərdik.

Yemlik Acqarına yesən bağırsaqda olan tükü tökür. Südü dərini çilləndirir.

        Elə ləzzətlidi, elə dadlıdı,
        Elə bil bal qatıb südünə yemlik.

Arpa Bu arpada da azca yoxdur ha! Sarılıq (Botgin) xəstəliyinə tutulan adamın yaxasında sarılıq muncuğu olmalıdır. Arpanı qaynadıb həlimini xəstəyə içirtsən faydalı olar. Sonra arpa haqda gülməli lətifə danışardı. «Bir nəfər gəlir uzunqulağı bağlayır dirəyə, gedir pivəxanada doyunca pivə içir, sərxoş olur. Səndirləyə-səndirləyə gəlib ulağın boynunu qucaqlayır, üzündən öpə-öpə deyir: «Ay başına dönüm, bu arpada belə güc var imiş, niyə mənə vaxtında deməmisən».
Daş xanasını toyuğun gözünə qatıb bədəndəki səpkiyə, göz-göz olan yaraya sürtsən xəstə sağalar. Dırnaqlarının qaravaşı qopsa, daş xınası sürt qabağını alsın, -deyərdi. Çaylaq daşı ilə xınanı sürtərdik və deyərdik:

Qatıl-qatıl, xınam, qatıl
Qara inəyin südü mənim,
Qarışqanın budu sənin.

Əvəlik çox faydalıdır. Əvəliyi qız saçı kimi hörüb kölgə yerdən asardı. Uşağın qarnı ağrıyanda  həlimini   içirərdi. Zökəmin,  göy   öskürəyin   dərmanıdır. Yarpağını  qaynadıb
(pörtdədib) ağrıyan yerə qoysan faydalı olar. Əvəlikli yarma, əvəlikli umac sinə məlhəmidir, ye sağal!
Şıppır (cır əvəlik) -əvəliyə oxşayır, yeyilmir. Gözələrdə, sulu yerlərdə bitir. Uşaq süzənək olanda pörtdət qarında, qolda, beldə, oynaqlarda ağrı başlasa, döşə üstünə nizama salsın.
Qızıl söyüdün civirləri çox möhkəm olur. Ondan istifadə edib süpürgə, çalğı bağlayırdılar.  Qabığının külünü su ilə palçıq etsən, ağrıları kəsər. İlahi! Söyüdün qabığında nə hikmət var. Bir nəfər 6 il idi ki, baş ağrısına tutulmuşdu. Yer qalmamışdı ki, aparmasınlar. Di gəl ki, dərdinə çarə tapılmamışdı. Bir ünü yerdə idi, bir ünü göydə. Başını qaldırıb adamlara baxa bilmirdi. Anamdan eşitmişdim ki, qızıl söyüdün qabığını yandırıb külünü ələkdən keçir, suya qarışdır, məlhəm düzəlt, yax ağın üstünə, qoy ağrıyan yerə. O, necə demişdi, mən də elə etdim. Ağrıyan yeri qırxdım, məlhəmi qoydum xəstənin başına 5 dəqiqə keçmişdi, başladı gileylənməyə. Başımı yandırır, -dedi. Əlimi ağın üstündən qoydum xəstənin başına. Aman allah! Elə bil sönməmiş əhəngə su tökmüsən. Soyuq palçıq qızışıb yanırdı. Məlhəmi götürdüm. Bu kül, başı deşik-deşik eləmişdi. Deşiklərdən sarı su axmağa başladı. Qada-bala sizdən uzaq, qadın o duran sağaldı. Sumqayıtda 13-cü mikrorayonda yaşayır.
Cırttaquş otu cırtıldıya-cırtıldıya yanır. Bəlkə də, ona görə belə ad veriblər. Yandırıb külünü kərə yağa qatıb sarı yaraya sürtsən, tez sağalar.
Gərməşoy ağacı çox davamlıdır. Qarağaca oxşayır. Çalğı, samı, yaba düzəldərdilər ondan. Qabığını yandırıb təzə nehrə yağına, kükürdə qatıb dəmrova sürtsələr sağalar.
Yaz təzəyini yığıb yandırardı, ələyib kisələrə doldurardı. Oğlan uşaqları müsəlman olanda, baş yarılanda, əl kəsiləndə yaranın üstünə səpərdi.
Atın peyinini yığıb qurudardı, əzərdi, narın edərdi. Baş yarılanda yaranın üstünə səpərdi. (Məhərrəmlikdə baş yarardılar, onda at peyini kara gələrdi.) Sərxoşluğa çox meyl edən adama çay dəmləyib versən deyirlər içkini tərgidər.
Alma dənəsini balaca kisəyə yığardı. Şüyüd kisəsi ilə bir yerdən asardı. Körpə uşaq köpəndə şüyüd suyu, böyük adam köpəndə alma dənəsi verərdi.
Baldırğan neçə dərdin dərmanıdır. Bax, qabığını soyub yeyirlər. Körpə özəklərindən yığıb turşu qoyurlar. Suyu dərini yandırır. Qaynadıb suyunu içsən, sinəni təmizləyər. Həlimini qatılaşdırıb qotur yarasına sürtsən, yara öləziyər, tez sağalar.
Mayaotunu  yığıb dəstə bağlayardı, göydən asırdı anam. Sudan, qursaqdan, buğdadan,  noxuddan, qənddən hazırladığı pendir mayası qurtaran kimi mayaotunu isladardı, suyunu sıxıb südün içinə tökərdi. On dəqiqə keçən kimi dələmə hazır olardı.
Çilədağotunun kökünü qaynadardı, həlimini uşağa, böyüyə içirdərdi, sağalardı.
Dəlixımı  otunun qəribə xasiyyəti var. Adam yeyən kimi ağlı başından çıxır, dəli kimi olur. Cacığa çox oxşayır. Bir dəfə üç nəfər qadın cacıq bilib dəlixımı yeyib. Onlar dəli kimi olublar. Onlardan biri belə mahnı oxuyurmuş.

Üç təpə, aman, ay aman,
Şüş təpə, aman, ay aman.
Harda qaldı görəsən,
Fərməş təpə, aman, ay aman.

   Anam onları görən kimi ağartı istəyib. Bilib ki, onlar dəlixımı yeyiblər. Dəlixımın qənimi ancaq ağartıdır. Qadınlar ayran içib ayılıblar.
Təkə saqqalı dişlərin dibini möhkəmlədir.
Keçi əmcəyi  gözü nurlandırır. Südü üzdə olan boz ləkələri aparır.
İlan yemliyi təkə saqqalına oxşayır. Çox acı olur. Südü kəpənək qurdunun qənimidir. Anam deyərdi: Şükür böyüklüyünə, ilahi! Kökləri, rişələri bir-birinə qarışan otların biri şəkər kimidir, biri zəhər dadır. Torpağın bətnində nələr var, Allah!

Üstündə gəzdiyin bu torpaq, bu qum,
Həm şəkər yetirir, həm də ki zəqqum.

Süddüyan otunun südü çox acı olur. Dərini yandırar, ləkələyər. Onun südündən içə bilsən bağırsaqlarında ziyanverici qalmaz. Kəndimizdə bir kişi var idi, adına Madar deyirdilər. Çox qəribə idi ki, adam qocalanda adətən qabağa əyilir, kaman kimi olur. Madar kişi isə əksinə, geriyə əyilirdi. Səbəbini belə danışardı:
—Kəhər atın belində Bazarçaydan-yaylaqdan gəlirdim. Gördüm ki, harsınlar (erməni qadınları) süddüyan südü yığırlar. Soruşdum ki, bu nə üçün lazımdır? Dedilər ki, qurdu tökür. Mən də yarım stəkan yığdım. Səhər tezdən gördüm ki, üzü qaymaq bağlayıb. Qarışdırıb canımı dişimə tutub içdim. Neçə il keçdi, sonra bu vəziyyətə düşməyə başladım. Qarasaqqal həkim vardı. Getdim onun qəbuluna. Mənə baxdı. Dedi gücün gəldikcə üfür ağzıma. Üfürdüm. Nə vaxtsa acı şey yemisən, -dedi. Yadıma süddüyan düşdü. Əhvalatı danışdım. Dedi ki, həmən qaymaqdı sənin onurğa sütununu geriyə əyən.
Qantəpər otunu qaynadıb həlimini qorxan, sidiyə qan gedən adama içirərdi. Xəstə sağalardı. Qırxbuğum, yarpız, kəklikotu, çay otu, ala qanqal, südlü qanqal, dəvədabanı, ayı döşəyi, bulaq otu (qıjı), mərəvcə(qulançar), çöl kişnişi, tüfəng içi, quzuqulaq, cincilim,
şomu, quşəppəyi, unluca, qoyunqulağı, şahpencər, əmənkömənci, razyana, cəfəri və s. otlardan istifadə edərdi.
   Mamaçalığı yaxşı bacarırdı anam. Uşağı əyilən, balası tərs gələn qadınların dadına yetərdi. Yel xəstəliyinə, sətəlcəm olana əncam çəkərdi anam.
   Təzə kəsilmiş qoyun dərisini keçirərdi xəstənin lüt bədəninə, sallayardı öləzimiş isti təndirə. Xəstəni dürüst, bəsdi deyincə tərlədərdi. Qoyunun dərisi bədəndə olan duzu, soyuqluğu çəkərdi özünə, xəstə sağalardı. Keçəni qaynadıb buğu ilə qadın xəstəliyini müalicə edərdi. Xam sabunu, soğanı, toyuq peyinini yağda dağ edib məlhəmi ilə qara yaranı, yaman yaranı, dolamanı, quşquyruğunu sağaldardı.
    Sınıqçıydı anam. Un, qənd, yumurta sarısından məlhəm (yaxı) düzəldərdi. Sümük əyri bitsəydi, buğda yarmasını qaynadıb həll bişirərdi, isti-isti döşəyərdi, sümük yumşalıb düzələrdi.
Şaxdələnotu da nəfə gəlirdi. At, eşşək, öküz çərriyəndə, saqqav olanda qaynadıb buğunu verərdi, «xəstələr» ayılardılar. Ayıçaşırı, çaşır, çoğan, qarağan, qarğa soğanı, quşquyruğu, topalaqotu, yelqovan, pişik cırnağı, ayı baldırğanı və başqa bitkilər anamın qurudub saxladığı otlar idi. Hamısı da kara gələrdi.
Qazan qarasını qurudla qarışdırıb sarı yaraya vuranda sağalar.
Qulağın ağrısa ocaq daşına söykə, -deyərdi.
Razyana otunun südü gözə xeyirdi.
Kələmi pörtdədib qara ciyərin üstünə döşə, soyuqlamanı yox etsin.
Uşaq süzənək olanda əmənköməncini qaynat suyunu içirt, sağalsın.
Çiriş yazın əvvəlində bitir. Qəbizliyin qənimidir. Qaynat, sıx suyunu iç, özünə də duz səp, ye, ol anadangəlmə. İşlətmə dərmanını əvəz edir.
Xıncılovuz danaqıranla (qarçiçəyi) eyni vaxtda bitir. Mədəni yumşaq saxlayır. Həzmə kömək edir, ödü artırır.
İlan qabığı barmaqların üstündəki qaravışı sağaldır. Onu paltarın, yunun arasına qoysan güvə düşməz. İlan çalan adamı sağaltmaq asandır. Çalınan yerdən bir qarış yuxarı möhkəm boğ, duzlu qatıqla yu, kəvəri qaynat suyu ilə yaranı yu. Amma allah göstərməsin, koramal çalsa, hurimələklər də gəlsə, xeyri yoxdur. Koramal deyir ki, çalmaram, çalamaram, vuranda elə vuraram əlacına ancaq qız südü, qısıraq südü, dəvə buynuzu, yumurta tükü, dovşan mayası, oğlan xayası-hamısı birlikdə çarə qılar. Onlar da tapılan deyil.
Ayıçaşırının dəlixımının tərkibində fosfor çoxdur. Yandırıb külü ilə pambığı suda qarışdırıb qurudardılar, qov əmələ gələrdi.O vaxt çaxmaq, daş, qov adamların, ən çox da papiros çəkənlərin karına gələrdi.
Ziyili mürəkkəblə, kimyəvi karandaşın ucunu biz edib deşməklə müalicə edirdi. O da quruyub sağalırdı. Qatığı ziyil olan ələ sürtürdü, pişik yalayırdı, ziyil sağalırdı. Ölü aparılanda ziyilli əli süpürgə ilə «süpürürdü», o getdi, sən də get, -deyirdi.
Burnun qanayanda keçinin qəzilini yandır, külünü çək burnuna, qan axmasını dayandırsın.
İtburnu (şellan, həmənsir) böyrəklərdə, sidik kanalında olan daşı əridir.
Dovşan dərisini ağrıyan yerə qoyub isti versən ağrı kəsər.
Zəyərək yağını (bəzir) içsən, mədədə köp olmaz. Mədə dincələr.
Qurd ürəyi yesən, sənə it hürməz, qorxu bilməzsən.
Kirpi əti babasilin dərmanıdır.
Porsuq əti yel xəstəliyinin qənimidir.
Ayı əti yeyən adamı yel tutmaz. Ayı yağı ağrıları kəsir.
Keçi südü də çox faydalıdır. Axı keçi qayaların sinəsində, bərklərdə bitən otların gülünü ovlayır. Keçi dırmaşan cəbəllərə qoyun çıxa bilməz. Axı keçinin dırnağının altında boşluq var. O, daşın üstünə çıxan kimi boşluqda qalan hava onun sürüşməməsinə kömək edir.
   Bax sətəlcəm, göy öskürək, təngənəfəslik xəstəliyinə sinə məlhəmidir keçi südü. Keçi südü ən qorxulu xərçəng xəstəliyinin qarşısını alır. Keçi südünü sağıb içən adam həmişə cavan qalır, özünü gümrah hiss edir. Keçinin iç piyi də çox qiymətli dərmandır. Soyuq dəyən adamın kürəyinə, sinəsinə keçi piyi sürt sağalsın dursun ayağa. Çəpişin əti qan təzyiqini tənzimləyir. Orasını da deyim ki, keçi ətini yeyəndən sonra soyuq su içmək, təzə meyvə, duza qoyulmuş turşu yemək ziyandır, qarnın ağrıyar, ayağa gedərsən.
Pişik tükü zob xəstəliyinə kömək edir. Pişiyi sığalla əlini zoba çək.
Maralbuynuzu otunu acqarına yesən, soxulcan qurdunu tökür.
Şivərən toxumunu duza qatıb yesən, sancını kəsər.
Andız otunu qaynat, buğunu saqqav ata ver ayıltsın.
Yeradamı otu minenget xəstəliyinin (baş ağrısı) qənimidir. Onun kökünü qurut, əz,
ələkdən keçirt, yağda dağ elə, ver xəstə içsin, sağalsın.
   Qadının döşü şişəndə  qurd ayağı sürt. Gülün dibindən xam torpaq gətir, palçıq elə yax üstünə şiş çəkilsin.
Qatırın dırnağını təzə gəlinin üstünə sürtsən onun uşağı olmaz.
Göz yağı yeyən dostların arası sərin olar.
Qoz ağacının altında yatan adamın ağlı itər, dəli olar.
Sirkə, yumurta, almaz (britva) üçü birlikdə 40 gün qaranlıq yerdə saxlansa yaranmış məhlul bütün ağrılara kömək edər, ziyilin kökünü kəsər. Əlini, barmağını kəsəndə əskini yandır, külünü yağa qat, yağlıqaranı bas yaranın üstünə.
Arıotu gicitkənə oxşayır. Arılar beçə verəndə bir dəstə yığıb əlində tut, arılar gəlib onun üstünə qonacaqlar, uzağa uçmayacaqlar.
Taxıla bit düşəndə dəni sərib yan-yörəsinə qoyun kərməsi düz, bitlər çəkilsin getsin.
Sətəlcəm otu soyuqdəymənin qənimidir, çay kimi dəmlə iç.
Qoyun qızdıranda göy alçanı qaynat, suyunu içirt, qoyun sağalsın.
   Anam deyərdi:
—A qızım, ana qurban, üzündəki o ləkələr uşaqdan qalıb. Onları yox eləmək üçün Ağabba baban sarı küvəranı kəsəcək, onun böyrəyini yar, arasına bir kükürd qoy, yenə böyrəyin ağzını bağla tax şişə, kabab bişir və süzülən suyunu tök nəlbəkiyə sonra sürt üzünə nə qədər ləkə, çil varsa aparacaq, o nədir elə, gözəl-göyçək cuvanəzənsən. Amma qoyunun ödü də belə çillərin, ləkələrin qənimidir.
Təkənin laxtalanmış qanını kölgə yerdə çətənin üstünə atıb qurudasan, bilirsən nədir? Buna «Yədullah» deyirik. Böyrəkdə, sidik kanalında, sidik kisəsində olan daşı əridir.
Soxulcanı yığ, yu doldur bankaya ağzını bağla,3-4 gün qaranlıq yerdə saxla.Onlar bankanın içində əriyib suya dönəcək.Kəskin iy gəlir.Hasil olmuş məhlulu ağrıyan yerə sürt,dincələcək.Bel ağrısına(radikulit)çox faydalı dərmandır.
Başın ağrıyanda malın zinginin içərisində olan iliyi ye, ağrı kəsilsin.Həmin iliyi dəridə olan şişlərə sürtsən çəkilər.A bala,bu dərmanlar çıxmamışdan qabaq bəs biz necə müalicə olunurduq? Odey, malın yaz təzəyini yığıb qurudardıq,yandırıb külünü ələyərdik, yığardıq kisələrə.Oğlan uşaqları müsəlman olanda, onların yarasına əlimizi oraq, dəryaz, çin kəsəndə kəsilmiş yerə səpərdik qanaxmanı dərhal dayandırardı. Malın peyinini isti-isti yığıb oynaq ağrılarına təpitmə edərdik, ağrı yox olardı.Təzəyin külü, göy əskinin külü, bir də qaraciyərin döyülüsünü qarışdırıb dalağın üstünə yax, sağal!
   A bala, biz eşitməmişdik şəkər xəstəliyi nədir? İndikilər deyirlər. Yazın burnu qanıyanda başlayardıq pencər yeməyə. Gicitkən, quzuqulaq, yemlik, andız, qara gəndalaş, qıjı, yarpız, kəvər, cəfəri, çöl kişnişi, qoyunqulağı, süddücə, ala qanqal yeyərdik, qada-bəlamız yox olardı. Ərinməyin, o qiymətli otları yığın kətə bişirin, qovurun, çayını dəmləyin için, dərddən-oddan uzaq olun.
Mərəvcə (mərəçöyüd, qulançar, lələqo) çox faydalıdır. Onu yığ, qaynat, suyundan əvvəlcə bir xörək qaşığı, sonra iki, üç xörək qaşığı için. Böyrəkdə olan ləti-məti çıxaracaq, qorxmayın sidik yandırma olacaq. Amma canın qurtaracaq o daşdan-qayadan. Qovrulmuşu da çox faydalıdır, həzmə kömək edir. Öd yollarını təmizləyir.
Yeralması kartofa oxşayır. Onu duza qoyurlar, duz səpib yeyirlər. Yaman yuxu gətirəndir. Axşam yatmamışdan qabaq yeralması yeyən adam şirin yuxuya gedir. Qatıq, süd, itburnu (dərgil, şellan, həmənsir) çayı da faydalıdır. Tez yuxu gətirir.
Yerkökü  çox faydalıdır. Neçə dərdin dərmanıdır. Ağ ciyərin lətini təmizləyir, səs tellərini nizama salır. Həzmə kömək edir. Mənnini artırır. Kababı lap faydalı olur, süstlüyü aradan götürür.
İnağ olan uşağı sağatmaq üçün ağ soğanı dilim-dilim doğra, keçi südündə qaynat içirt körpəyə, sağalıb dursun ayağa. Əmgəyinə ağ neft hopmuş ağ əskini qoy, burnuna tut sovuşsun getsin.
İslah xəstəlyinə irçal, bəhməz, tut doşabı və bal yetincədir. Bal şərbəti soyuqdəyməyə xeyirdir.
   Hey oxuyardı anam yanıqlı-yanıqlı. Soruşardım ki, niyə belə yanıqlı-yanıqlı oxuyursan, ana? Saçlarımı sığallaya-sığallaya elimizdən-obamızdan vaxtsız gedənlər, dağılan yurdlar, başsız qalan külfətlər ürəyimdə niskil qoyub gözümün işığı! -deyərdi.
   Andronikin quldur dəstəsi kəndin adamlarını Güney kahaya yığıb qapısında kərmə qalağı hördürdü. Od vurdurdu. Acı tüstü məxluqu elə qırdı ki, biri də sağ çıxmadı. Qulac-qulac hörükləri olan qızlarımızın, gəlinlərimizin şəvə saçlarından çatı toxutdururdu, tənab düzəltdirirdi, onları ərik ağacının budağından asdırırdı. Südəmər körpələri nizənin ucuna taxdırıb yolun qırağına düzdürürdü. Sağlam oğlan və qızların başını kəsdirib qanını xüsusi qablara yığdıran erməni qəddarlığı qoyarmı könlüm açılmağa, ay bala. Eh, ay bala, hansını deyim.
   Ağıllı, başbilən, uzaqgörən kişilər vardı. Hər şeyin ölçüsünü-biçisini dəqiq bilirdilər. Payız təsərrüfat işləri qurtarardı, əl-ayaq çöldən yığışardı. Qohum-qardaşa, dost-tanışa baş çəkərdilər, hal-əhval tutardılar.
   Qılçıqlı quyuya, quyruqlu pəyəyə yığışandan sonra yun daradan, ip əyirdən, dən üyüdən, keçə saldıran, palaz, cecim, xalı, xalça toxuyan, toy tədarükü görən payızda olardı. Torpağın dilini yaxşı bilən əkinçilər, qoyun bəsləməyi bacaran gəllədarlar öz işlərini elə qururdular ki, iş bir an axsamazdı. Payız dağlara erkən qar yağanda əkinçilər təəssüflənirdi. Deyərdilər: «Qış qulun saldı». Taxıl yorğansız qaldı. Qış bərk gələndə, taxılın yorğanı qalın olanda narahat olardılar. Bayramdan sonra qar əriməsəydi,  kişilər, toxumçular qoyunun qığını qurudub aparıb səpərdilər qarın üstünə. Qığ qarı deşərdi, əriməsini sürətləndirərdi. Axı qar altdan əriyir. Həmişə də çörək bol olardı. Kişilər öz ağıl və təcrübələri ilə bol məhsul götürərdilər. Başına dönüm, elə ki aqronomiya peyda oldu, o ləzzət getdi. Bizi xəlq edən allah öz bəndəsinin ruzisini də verir. Elə də bütün canlıların qayğısına qalır. Aqronom oğlan bizim əkinçilərin işini kortəbiilikdən başqa bir şey hesab etmədi. Köhnəliyin qalığı kimi baxdılar hər işimizə. Aqronom göstəriş verdi ki, siçanlar zəmini doğrayır, onları dərmanla qırmaq lazımdır. Siçanların yuvalarına dərman qoydular, siçanlar dərman yedi öldü. Axı qırğı siçanı yeyir. Gör gözəgörünməzin işdəkləri necə pozuldu. Siçan dərmanı, qırğı siçanı, tülkü qırığını, canavar tülkünü, ət yeyən quşlar canavarın leşini diddilər, hamısı qırıldı. Hələ bu harası idi? Dən yeyən quşlar-kəklik, bildirçin, torağay, sərçə, göyərçin, sığırçın dərmanlı dəni yeyib dəstə-dəstə qırıldılar. Həmin quşlar məhv etdiyi həşəratların meydanı genişləndi, onlar yaşıllığı təhlükə altına aldılar. Bağlarımızda ağaclar yarpaqlayan kimi «tırtır» qurdu yarpaqları elə «otladı»ki,  kənardan baxanda elə bilirdin bağa yanğın düşüb. İndi də gəlin ağacları dərmanlayaq. Dərmanladıq, bal arısı məhv oldu. Gör özümüz təbiətə, təbiət də bizə necə qəsd edir.
   Bax o çömləyi görürsən. Mən gözümü açıb onu elə belə görmüşəm. Kim bilir neçə yaşı var? İndi hamı «kulturnı» olub, ay bala! Xörəklərimiz vardı, bərəkətimiz vardı. Həmin xörəkləri indi bişirmirlər, elə ət xörəyi bişirməyi bacarırlar. Bəs xaşıl, umac, yarma, horra, qındı, əriştə, çilov, ayran aşı, əppək şorbası, boranılı yarma, əvəlikli umac, buğlama, çəhmə! Yeyərdik dadından doymazdıq. O xörəklərin dadı qalıb damağımızda, a bala.
   Anam qızlarıyla, nəvələri ilə bax belə şirin-şirin danışa-danışa, hamının üzünə mənalı-mənalı baxa-baxa gözlərini əbədi olaraq yumdu, quş kimi uçub getdi əbədiyyət dünyasına. Amma mən anamdan, onun hikmət dolu söhbətlərindən, eşidib-bildiyi əhvalatların sirinliyindən doymadım. Bu gün də gözlərim hər yanda onu axtarır. Buluddan, küləkdən, tanış-bilişdən soruşuram anamı, çöldə, bayırda, bağda-bağçada axtarıram anamı.


Neçə gündür səsin, sorağın gəlmir,
Qapısız, bacasız bir qaladasan.
Neçə gündür əziz qonağım gəlmir,
Səni axtarıram, ana, hardasan?

Yataqdan qalxıram dan sökülməmiş,
Dağların döşündən çən çəkilməmiş.
Gülün ləçəyindən şeh tökülməmiş
Səni axtarıram, ana hardasan?

Niyə gözlərimi nəmə öyrətdin,
Niyə ürəyimi qəmə öyrətdin
Mənim ünvanımı kimə öyrətdin?
Səni axtarıram, ana, hardasan?

Gecəni sübhədək fikirləşirəm,
Oturub dərdimlə hey dərdləşirəm
Gözümün oxuyla səma deşirəm,
Səni axtarıram, ana, hardasan?

Səni soruşuram ulduzdan, aydan,
Gah yaralı taydan, gah qərib taydan.
Çeşmədə, bulaqda, gözədə, çayda,
Səni axtarıram, ana, hardasan?

Axı darıxırdın o dağlar üçün,
O haylı-haraylı yaylaqlar üçün.
Suyu diş göynədən bulaqlar üçün,
Səni axtarıram, ana, hardasan?

Sən getdin elə bil göy silkələndi,
Günəşin istisi yerə ələndi.
Qönçə açılmamış gül zədələndi,
Səni axtarıram, ana, hardasan?

İncidim, gəlmədin 70 yaşıma,
Sandım ki, fırlandı dünya başıma.
Niyə həmdəm oldun məzar daşına?
Səni axtarıram, ana, hardasan?

Bilmirəm heç, kimdən soruşum səni,
Niyə göynətməyir duruşum səni.
Yoxsa torpağına qarışım sənin?!
Səni axtarıram, ana, hardasan?

Sinəmdə sönməyən bir ocağım var,
Köksümü göynədən hicrin dağın var
Sənsiz qan ağlayan Lələdağın, var
Səni axtarıram, ana, hardasan?

Hər gecə yuxuma girir anam, yenə üz-üzə, göz-gözə oturub dərdləşirik, deyib-gülürük.

Bu gecə yuxuma girmişdin, ana,
Elə bil yenidən cahana gəldim.
Mənim səcdəgahım, Kəbəm,
                          Kərbəlam
İnan, dinə, gəldim, imana gəldim.

Gedişin salmışdı xal ürəyimə,
Gəlişin süzdürdü bal ürəyimə
Sevinc tapammırdı yol ürəyimə
Can əldən gedirdi, mən cana gəldim

Uşaqlaşdım, təmizləşdim, duruldum,
Qənşərinə dizin-dizin süründüm.
Gözlərimə daha gözəl göründün,
Mənə hünər verdin ət, qana gəldim.

Dedidən-qodudan gen idim axı,
Arzu-diləyimlə tən idim axı,
Təbibim, loğmanım sən idin axı,
Ümidlə yanına dərmana gəldim.

Əridi, yox oldu bir dünya dərdim,
Kədərin atını yordum, nə yordum.
Anam, hüzurunda müntəzir durdum,
Tutub ətəyindən peymana gəldim.

Qurban olum yaxşı girdin yuxuma,
Ay illacım, burax məni yaxına,
Bir gül olum qoy taxılım yaxana,
Allahım, nə gözəl dövrana gəldim.

Fit verib yol gedən qatardı dünya,
Nə qədər dahilər apardı dünya.
Analı dünyamı qaytar, a dünya,
Mən ondan ötrü bu yana gəldim


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri