Mirismayıl ocağı


Mirismayıl ocağı
(Seyid Mirişin vəfatı məni sarsıtdı)

Kömək  elə, Pərvərdigar,
Ürəyimdə  bir  arzu var.
Daşa dönəm, kola dönəm,
Öz  elimin qucağında.
Bircə  ovuc  külə  dönəm,
Mirismayıl  ocağında!...

İçimi göynətdi bu qəfil xəbər,
Qıvrılıb açıldım səhərə qədər.
Hicran yanğısına dözdüm bir təhər,
Elin ağsaqqalı yurdundan köçdü,
Gör neçə obanın çırağı keçdi.

Biz kimik Ya Rəbbim, fərman sənindi,
Dərdə  şəfa  verən dərman sənindi.
Bu Yer , bu Göy , hər yan sənindi,
Sənin əlindədir ömrün sükanı,
Əcəldən canını qurtaran hanı?

Miriş bələdçiydi gənc nəsillərə,
Miriş bal qatardı acı dillərə.
Böyük itgi oldu bizim ellərə,
Onun yoxluğunu duyur hər adam,
Hanı elə igid, qoçaq, nər adam?

Dahilər, alimlər köçüb gediblər,
Əcəl  şərbətini içib gediblər.
Şahlar taclarından keçib gediblər,
Vaxt olub bu yerdə qan çıxıb dizə,
Yağılar göz dikib sərvətimizə.

Hamı gəldi-gedər, hamı qonaqdı,
Yaşamaq da haqdı, ölmək haqdı.
Əbədi yerimiz anna torpaqdı,
Qaraldı Mirişin ömrünün şamı,
Onu yad eyləyir, hər yerdə hamı.

Bir ovuc torpağam sonda, bilirəm,
Çıxacaq canımdan can da, bilirəm.
Donacaq damarda qan da, bilirəm,
Bu çətin yolların bizik yolçusu,
Yola susuz çıxsa, tapmaz yolçu su.

Yaxından, uzaqdan cümə axşamı,
Onun ocağına gələrdi hamı.
Hərə yandırardı bir ümid şamı,
Nur-nura qarışıb alovlanardı,
Ağrılar, acılar orda qalardı.

Qüdrətdən yaranıb müqəddəs ocaq,
Bu dünya durduqca o da duracaq.
Bizim qəlbimizdə Miriş qalacaq,
O, nurdan yaranıb məşəli sönməz,
Ruhu göylərdədi, göylərdən enməz.

Zəhərli ilan da ocağa gəlir,
Qeyri müsəlman da ocağa gəlir.
Ən vəhşi heyvan da ocağa gəlir,
Yüz ildi sınanıb inanc yeridir,
Ən müşkül dərdlərin əlac yeridir.

Mərhəmət, ədalət qanında idi,
Dərdə şərik çıxmaq canında idi.
Ürəyi Allahın yanında idi,
Dua oxuyardı yatana kimi,
Mələklər olardı onun həkimi.

Onun da taleyi belə gətirdi,
Doğma yerlərini bir-bir itirdi.
Yadlar gülşənində tikan bitirdi,
Tikanlı ayaqla yerimək çətin,
Tikan bəlasıdır bəşəriyyətin.

Ağzına almazdı tənəli sözü,
Hər şeyi səhmana salardı özü.
O ulu ocağın alovu, közü,
Qaranlıq aləmə şölə saçardı.
Arzular, diləklər çiçək açardı.

Əridi, tükəndi qəlbinin şamı,
Qaldı gözlərində həvəsi, kamı.
Özünü yetirdi «Məşəraxşamı»,
Neyləyək , qürbətdə düşdük əngələ,
Hər gecəm uzanır dönür bir ilə.

Dağda sürünəndə şehli duman, çən,
İsti yatağından durardı erkən.
Boylanıb deyərdi: -hardasan, Vətən?
İlahi yox eylə bu həycanımı,
Can sənə qurbandı, gəl al canımı.

Yayda yaylaqdaydı, qışda oylaqda,
Namaza durardı kəllə otaqda.
Bir əli möhürdə, bir əli haqda,
Şəfa diləyərdi Allahdan bizə,
Əyri qalib gəlməz deyərdi: -düzə.

Dayandı qapıda onun həkimi,
Qoymadı yanına keçə heç kimi.
Hələ qurumamış gözümün nəmi,
Baxtım fağır-fağır baxan nərgizə,
Getdi Seyid Miriş gedərgəlməzə.

Yuxum ərşə çıxır hər gecə indi,
Yaxınlar  yanırlar gör necə  indi.
Yurddan ayrıldığım bir  neçə ildir,
Heyf! Məzarlarda çürüyən cana,
Düşdü çoxları tək o da zindana.

Boyalı şəkili necə gözəldir,
İnsanın əlləri nələr düzəldir?
Onun ayrılığı sanki yüz ildir,
Getdi, bu dünyaya yenidən gəlməz,
Biz onu görsək , o bizi görməz.

Qaya axtarıram hər daşı almaz,
Dolmuş ürəyimi  boşaldam bir az.
Paxıl el içində heç vaxt ucalmaz,
Ya Rəbbim, könlümü sevinclə bəzə,
Bülbüllər düşməsin bağlı qəfəsə.

Bilmirəm neçədir mübarək yaşın,
Yaşaya-yaşaya sabahı düşün.
Can alan Mələyə düşəndə işin,
Gərək can verəsən başqa cür olmaz,
O səndən pul almaz, var- dövlət  almaz.

Durnalar o yerdən ötməzlər daha,
Ümidim, gümanım qalıb Allaha.
Bu günün işini qoyma sabaha,
Leyləklər bilmədən oraya düşüb,
Bülbül güldən küsüb, gülşəndən küsüb.

Ya Rəbbim, bu dərdin varmı davası?
Görən yerindəmi Urudqalası?
Bildirçinin, sığırçının balası,
Qorxa-qorxa bağırdalaq olubdu,
Qızıl gülün gül yanağı solubdu.

Zorzorun zor suyu yadımdan,
Onun sərinliyi qəlbimə axmır.
Namərdin, nakəsin üzünə baxmır,
Nadanlar çox gördü o suyu bizə,
Hələ ələnir qəm üstümüzə.

Hanı ala qanqal, şirin baldırğan,
Qıcının, yarpızın olub bağrı qan.
Gəlmir Halaypozan, o Topdağıdan,
Harda gizləniblər, çıxmırlar üzə,
Qayıda bilmirik öz elimizə.

Nehrə  baldırğana qatıq yığardıq,
Boz daşın üstünə yandan çıxardıq.
Zümzüməylə  axan çaya baxardıq,
O yerlər beynimdə xəyala döndü,
Gərdişin təkəri geriyə çöndü.

Minəm yel qanadlı köhlən belinə,
Sürəm bağ-bağatlı Urud elinə.
Əlim dəyə İstisuyun əlinə,
Mirismayıl ağa, söndü çırağın,
Sağalmaz heç vədə çal-çarpaz dağın.

Bəlkə qan ağlayır torpağın orda,
Bəlkə narahatsan yatdığın gorda?
İlanlar sürünür kimsəsiz yurda,
Barmaqdan tikanı iynə çıxardar,
Bir yandan bağlıyan, bir yandan açar.

Dərdi bilən həmdəmim, yoldaşım yoxdur,
Ahımdan savayı sirdaşım yoxdur.
Başıma salmağa öz daşım yoxdur,
Ölmərəm əzabdan qurtara canım,
Elə ömür boyu sızlayım, yanım?

Çıxara bilmirəm fikri başımdan,
Yeyib məst olmuşam qüssə aşından.
Mən ayrılmışam can sirdaşımdan,
Yolum dağa düşür, arana düşür,
Könlümün baharı borana düşür.

Ya Rəbbim, qəlbimi sevinclə bəzə,
Nadanlar, naşılar düşməsin izə.
Əzəldən verilir bir ömür bizə,
Söz açan deyiləm ömürdən daha,
Əlimdə var ki,  pənah Allaha.

Qərib-qürbət  eldə bəlaya düşdük,
Namərdlər qurduğu tələyə düşdük.
Yüz dəfə fitnəyə, kələyə düşdük,
Bir həftə keçməyib ölgün olmuşam,
Yüz ildi Vətəndən sürgün olmuşam.

Sonsuz arzuları hoşa ilişdi,
Çiçəkli baharı qışa ilişdi.
Ox atdı, oxları daşa ilişdi.
Ayrılıq xal saldı xəstə ürəyə,
Bir kimsə  gəlmədi bizə köməyə.

Qəmdən baş götürüb atımı çapdım,
Günəşin əlindən alovu qapdım.
Sevinc axtarırdım kədəri  tapdım,
Dağ boyda dağlarla durdum üz-üzə,
Getdi Seyid Miriş gedərgəlməzə.

Gəzdiyim gülşəndə  səfa görmədim,
Bir dostda, sirdaşda vəfa görmədim.
Loğmanın əlində  şəfa görmədim,
Üzümə gülmədi  açılan səhər,
Yediyim zəqqumdu, içdiyim zəhər.
Özünü zəhmətə salma havayı,
Böyük fatehlərin tutulub vayı.
Allaha borcun var, candan savayı?
Axırda qismətin beş ərşin ağdır,
Cəsədin beşiyi qara torpaqdır.

Paxıllıq almasın qəlbini ələ,
Gedərgi qonağam, darıxma hələ.
Sənin  canına düşər vəlvələ,
Bir gün  itirərsən dostu, sirdaşı,
Bilki torpaq olur şahların başı.

Unuda bilmirəm o gündən bəri,
Göylərə uzanan ahlı əlləri.
Döndərmək olarmı ötən illəri?
Ay keçdi, il getdi bir qayıtmaz,
Xain can atsa da, arzuya çatmaz.

Gözümün qorası dönübdür çaya,
Sığmıram çilçıraq yanan saraya.
haya gələn var, haraya,
Hələ tapılmır evin oğrusu,
Qiymətdən düşübdür sözün doğrusu.

Ağrını, acını mən duya-duya,
Gecə qarıyanda getdim yuxuya.
Namərdin gözünü paslı ox oya,
Allahım, dəhşətdən yarıldı bağrım,
Səngimək bilməyi r sızıltım, ağrım.

Ölümdən qorxmuram bir cana görə,
Məni gözləməsin Ağdüz, Ağdərə.
Can üstə olsam da, can verə-verə,
Dərdimi deyəcəm şair-Əvəzə,
Niyə bu fəlakət üz verdi bizə?

Məni üzür bu qəm-kədər,
Ağlayıram axşam-səhər.
Zəhmətimiz oldu hədər,
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Hər məclisdə, hər görüşdə,
Xeyir işdə, həm şər işdə.
Kimdə olar o səriştə,
Ölüm haqdır, gələn gedər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Mənə  hər vaxt şər atdılar,
Ürəyimi qanatdılar.
Piyadalar, ay atlılar,
Boğur məni bu bəd xəbər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Onda böyük səbir vardır,
Bizi dərddən qurtarardı.
Tikan üstə oturardı,
Bir kimsəyə dəysə zərər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Allah, bizi şərdən qoru,
Əziyyətli gordan qoru.
Aydan arı, sudan durru,
Olsa belə bu kənd, şəhər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Həsrət qaldı o dağlara,
O pirlərə, ocaqlara.
Durna gözlü bulaqlara,
Nələr olub bilməm, nələr.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Yol gözləyir «Kümbəz» hələ,
Açılmadı bu sərt tələ.
Yurddan-yurda, eldən-elə,
Gedə bilmir bircə nəfər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Yaddan çıxmır Qəzibağı,
Səfalıdır Çayqırağı.
İstisuyu, o torpağı,
Bürüyübdür qüssə-kədər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Bədirli ay doğmur orda,
Gəncəli  bağ qalıb darda.
At oynadır indi sar da,
Hava zəhər, torpaq zəhər.
El-obanın dərd-sərinə,
Kim yanacaq Miriş qədər?

Əvəz Mahmud Lələdağ
14.12.2011





Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

«Vağzalı»nı bir də çal