SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR


Söz olar


Açıq qaş-qabağın gahdan tutular,
Gahdan da görərsən saz olar, könül.
Fikir düyün düşər, ağıl kəm olar,
Məhəbbət çeşməsi sozalar, könül.

Yaxşı sözün yaman dəyər yara da,
Göz-göz olar sinədəki yara da.
Yaradanın səni bir yarada,
Görəsən səhvlər düzəlir, könül.

Cavanlığın gül tacını itirər,
Çərxi-gərdiş ülgücünü itilər.
Göz nurunu, qol gücünü itirər,
Dizinin taqəti azalar könül.

Sərt küləklər pəncərəni döysə ,
Gərdiş səni kaman kimi əysə ,
Əvəz deyir, ağzın yerə dəysə ,
Yardan ayrı gəzmə, söz olar, könül.

1993

Təzədən


Əbəs yerə yenə çıxdın qarşıma,
İstəyimi kor eləmə təzədən.
Özün salıb sındırmısan könlümü,
Ağ saçıma qar ələmə təzədən.

Baxışların çəpərlədi yolumu,
Dönüklüyün buxovladı qolumu.
Yaman gündə soruşmadın halımı,
Ürəyimi yaralama təzədən.

Sərtliyinə tab etmədi ürəyim,
Nahaq yerə paralandı çörəyim.
El-obama söykənibdir kürəyim.
Məni eldən aralama təzədən.

Cavanlığım ələk-ələk ələnib,
Könül bağım uralanıb, əllənib,
Ürəyimə payız çəni bələnib,
Əvəz, məni qaralama təzədən.

1980

               Neylədin?

Sındırdın könlümü, ay zalım qızı,
Vurdun ürəyimə yara, neylədin?
Kəsdi qapımızı, ömrün payızı
Bələdin saçımı qara, neylədin?

Bir gün öləcəkdir, bir gün doğulan
Mənəm bu dünyada dərdi dağ olan?
Haqqın gərdişində haqqı boğulan,
Günahı olmayan yara, neylədin?

Yalvardım-yaxardım baxmadın sözə,
Atdıq özümüzü alova-közə,
Gileydən-güzardan nə qaldı bizə,
Eylədin günümü qara, neylədin?

Keçdi ömür-günüm, keçdi ələmli,
Yarandım, yaşadım gözləri nəmli.
Köçər bu dünyadan Əvəz də qəmli,
Qılmadın dərdinə çara, neylədin?

              Qadan alım

Baxışın süzgündür, gözlərin yorğun,
Nədən korluğumuz var, qadan alım.
Yoxsa yada düşüb hüsnünə vurğun,
Mən ki yanındayam, yar, qadan alım.

Sən könül bağımın qönçə gülüsən,
Ürək sərinlədən səba yelisən.
Bəlkə bəyənmirsən bizim eli sən,
Gəl belə düşünmə dar, qadan alım.

A xumar baxışlım, a qəlbi incə,
Dərdimi, qəmimi çevir sevincə.
Əvəz qabağında quldur ölüncə,
Qoymaram gülşənə sar, qadan alım.

          Bilmirəm

Eşqin odu yerli-dibli sönübdü,
Bir gülüm, yanar, yanmaz bilmirəm.
Məhəbbətin üzü bizdən dönübdü,
Bizə sarı dönər, dönməz bilmirəm.

Ürəyimin qalmayıbdır təpəri,
Cavanlığın yönü düşməz ta bəri.
Mənə çoxdan əl eyləyir o pəri,
O, dərdimi qanar, qanmaz bilmirəm.

Çox sahədə açılmayıb hələ sirr,
Bel bükülüb, diş tökülüb, əl əsir.
Yazıq Əvəz  o zirvəyə tələsir,
Qarlı dağda donar, donmaz bilmirəm.

                  lazım

Ağrın alım, elə baxma qıyqacı,
Canıma od salan baxış lazım.
Eşqimin bulağı car olan zaman,
Sənin gülşəninə yağış lazım.

Başını yuxarı qaldır, ay gözəl,
Yanağın lalə tək aldır, ay gözəl.
Yolunu sinəmdən saldır, ay gözəl.
Düzəngah var ikən, yoxuş lazım.

A qaşları hilal, gözləri alma,
Könül bulandırıb sitəmkar olma.
Gəl toza, torpağa meylini salma,
Ayna camalına naxış lazım.

Diləyimiz qanad açsın, ucalaq,
Məhəbbətdən ilham alaq, güc alaq.
Əvəz deyirbir ocaqda qocalaq
Alqış olan yerdə, qarğış lazım.

                Olar

Külək olsam, bağçanıza əsərəm,
Ovçu olsam, keçidini kəsərəm,
Aşıq olsam, tez-tez səndən küsərəm,
Barışanda işvə olar, naz olar.

Çiçək olsam, çəmənində bitərəm.
Bülbül olsam, gülşənində ötərəm.
Atlı olsan, gəlib sənə yetərəm,
Sevənlərə dərə-təpə düz olar.

Buza dönsəm, çeşmənizdə donaram,
Ulduz olsam, başın üstə yanaram,
Arı olsam, ləçəyinə qonaram,
İnanmıram səndə şirə az olar.

Bulaq olsam, sənə tərəf axaram,
Arzu olsam, urcahına çıxaram.
Kəmər olsam, incə beli sıxaram,
Vüsal çağı yaxın olar, tez olar.

Şəfəq olsam, yanağına çökərəm,
Gülüş olsam, dodağında səkərəm.
Həsrətini ürəyimdə çəkərəm,
Əvəz dönüb ürəyində köz olar.

             Gətir

Qaytar gətirdiyin büllur qabları,
Mənə büllur kimi məhəbbət gətir.
Mən səndən ummuram dövləti, varı,
Şan-şöhrət yerinə ləyaqət gətir.

Açsın qollarını vüsal çağları,
Bəxtimiz görməsin hicran dağları.
Qönçə dodağında təzə dağ qarı,
Qəlbində sönməyən hərarət gətir.

Qış ayaq açmasın bahar çağıma,
Xəzan boylanmasın könül bağıma.
Sevgilim, bu gündən sən otağıma,
Mehribanlıq gətir, səadət gətir.

Qoyma sevincimiz yetişsin sona,
Qıyma eşqimizə qəm tozu qona.
Mən mərd ata olum, sən gözəl ana,
Körpə bəsləməyə dəyanət gətir.

Əvəzə şən həyat, təbəssüm gərək,
Sevinclər qoynunda döyünsün ürək.
Qədəmin mübarək, yolun mübarək,
Gülüm, ayağında bərəkət gətir.



           Ürəyim

Bir qulaq as ürəyimin səsinə,
Haray salıb tüğyan edir ürəyim.
Bu dünyanın yoxuşu var, düzü var,
Görən nədən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim

Süzgün baxdın dəli könlüm alışdı,
Ulduzumuz həmdəm oldu barışdı.
Gülüşlərin gülüşümə qarışdı,
Görən nədən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim

Eşqin məni gülüstana səslədi,
Məhəbbətin gülşənimi bəslədi.
Vüsal çağı bu dönüklük bəs nədi?
Dönüklükdən gileylidir ürəyim,
Haray salıb tüğyan edir ürəyim.




Sən də mənə vermə qəm

Sevgilim, insafa gəl,
Hər sözə qoyma məhəl.
Özün yaxşı bilirsən –
Mən sevdalı bülbüləm,
Sən də mənə vermə qəm.

Sən ey bahar nəfəslim,
Qəlbi gənclik həvəslim.
Səni qəmli görəndə,
Düşür əlimdən qələm,
Sən də mənə vermə qəm.

Qəlbim sənin əlində,
Şirin nəğməm dilində,
Məndən kənar gəzmə sən,
Gəl olaq qoşa həmdəm
Sən də mənə vermə qəm.

Ömürdən düşür varaq,
Gedir əldən təmtəraq.
Bu hikməti unutma
Bir də tapılmaz bu dəm,
Sən də mənə vermə qəm!

Sən qönçə gül, mən bülbül,
Qönçə kimi açıl, gül.
Qaş-qabaq açıq gərək,
Gözəldir indi aləm,
Sən də mənə vermə qəm.

Sınaram, gülüm

Yenə daş atmısan yuxuma, gülüm,
Yenə çökdürmüsən zil qaranlığı.
Könlümün evini gəl yıxma, gülüm,
Salıb çilikləmə mehribanlığı.

Sənin baxışının kədərli dəmi
Hicran kölgəsini üstümə salır.
Alma gözlərində görəndə qəmi,
Qəm özü şığıyıb üstümü alır.

Əzəldən od kimi hisslərin olub,
Niyə hərarətin buzlaşır, niyə?
Məhəbbət atəşi günəşdən alıb,
Sənin haqqın varmı buza dönməyə?!

Eşqimin odunu səndən almışam,
Kərəm tək yolunda yanaram, gülüm.
Ömrün payızıdır, kövrək olmuşam,
Məni silkələmə, sınaram, gülüm.

Dözüm var axı

Ay üzü dönmüş, bir eşiyə çıxsana,
Sənə deyiləsi sözüm var, axı.
Əndam gözəl, sinə mərmər, buxaq ağ,
Ayna camalında gözüm var, axı.

Gəl yenə qayıdaq ötən çağlara,
Gedək durna gözlü buz bulaqlara,
Qırçın cığırlarla çıxaq dağlara,
O dağda, dərədə izim var, axı.

Əlim üzülübdü o gözəl çağdan,
Cücərib bitdiyim ana torpaqdan.
Neçə ay, neçə il keçir o vaxtdan,
Məndə həsrətə dözüm var, axı.

Mən sənə bir dəfə çor deməmişəm,
Bir azca o yana dur deməmişəm.
Səndən özgəsinə yar deməmişəm,
Qapına gəlməyə üzüm var axı.

Yadımdan çıxmayır o bağça, o bağ,
Ümidim torpaqdır, and yerim torpaq.
Hicrandan əriyir Əvəz Lələdağ,
Mənim ərzi-halım, yazım var, axı.

                                   14.05.2007


Ay gözəl


Yanıqlı ah çəkdin, ahın dağlara
Sənə yaraşmayır bu ah, ay gözəl.
Bədnəzər  gözünə bıçaq batardı
Sənin özündədir günah, ay gözəl.

Bir  düşün sən hara, oynamaq hara?
İki ayağınla düşmüsən tora.
Bu dava-dərman da gəlməyir kara,
Sənə kömək olsun Allah, ay gözəl

Ayaqdan başadək xəstədir canım,
Təzyiqim qalxanda qaralır qanım,
Sevgi,məhəbbətdir mənim dərmanım,
Bəlkə sağalacam sabah, ay gözəl

Bu cənnət guşədə canın sağ ola,
Deyəsən, güləsən kefin çağ ola.
Həmdəmin, sirdaşın Lələdağ ola,
Mən sən günlüyəm vallah, ay gözəl.

27.07.2007
Yessuntuki

Dönəsiyəm mən


Ay nigarım, evdən çölə çıxsana,
Axı görüşünə gələsiyəm mən.
Eşqin odu alovlanır içimdə,
Kərəm tək yolunda yanasıyam mən.

Heç bilmirəm boylanırsan hara sən,
Qəsd eyləyib məni saldın dara sən.
Gəl qarşımda saçlarını dara, sən,
O siyah tellərin dəlisiyəm mən.

Tər gülümü əğyar gəlib dərdimi?
Dar günümdə, təzələmə dərdimi.
Ürəyimdə zindan olan dərdimi,
Oturub səninlə böləsiyəm mən.

Gəzdiyiniz çəmənə bax, çölə bax,
Ay insafsız, bir az dönüb belə bax
Gümüş kəmər sarılıbdı belə, bax
Ölsəm də qoynunda öləsiyəm mən.

Taledən verilən qismətim olsa,
Elimin yanında hörmətim olsa,
Əcəldən bir azca möhlətim olsa,
Görüş yerimizə dönəsiyəm mən.

Hələlik yatıbdı baxtı Əvəzin,
Dərdinin dərmanı yoxdu Əvəzin,
Bir gözəl evini yıxdı Əvəzin,
Ondan qisasımı alasıyam mən.

                                    07.07.2004

Sənəm


Hara getdin, harda qaldın,
Qayıtmadın niyə, sənəm.
Axşam, sabah ah çəkirəm,
Naləm çatır göyə, sənəm.

Qara gəldi qara bəxtim,
Yollarına bir də baxdım.
Tarac oldu tacım, taxtım.
Qalmadı bir dəyə, sənəm.

Nəzərdən saldın Əvəzi,
Gözündə qaldı həvəsi.
Arzum budur, yad nəfəsi,
Camalına dəyə, sənəm.

                          01.11.2004



       Görmüşəm


Bir zaman yaylaqda, bulaq başında,
Türfə gözəlləri mən də görmüşəm.
Məhəbbət yolunda, sevgi yolunda,
Duman da görmüşəm, çən də görmüşəm.

Görmüşəm canalan şux gözəlləri,
Şümşad barmaqları, gözəl əlləri.
Gəl, qoyum sinənə,gözəl, əlləri,
Dərdimin çarəsin səndə görmüşəm.

«Düzdər»də xəyala daldığım zaman,
Məhəbbət sazını çaldığım zaman.
Eşqin divanəsi olduğum zaman,
Səni ərşdə, kürşdə gendə görmüşəm.

Adımız çıxmışdı eldə, mahalda,
Səni axtarırdım yamacda, yalda.
Gözlərim qalırdı gəldiyin yolda,
Lələdağ Əvəzi onda görmüşəm.        
2005

                           Gələ


Könlümün bax belə kövrək çağında,
Allahım,nə ola cananım gələ.
Dərdindən xəstəyəm, hicran xəstəsi,
Dərdə çarə qılan loğmanım gələ.

Oturaq üz-üzə,qabaq-qabağa,
Dodağım toxuna o gül dodağa.
Tuta biləyimdən çəkə yatağa,
Naz ilə canımı alanım gələ

O cənnət bağında yatır var, yatır
Mərmər sinəsində bir cüt nar yatır.
Əvəz Lələdağ da intizar yatır,
Dərdimi, sərimi qananım gələ.

                                                             2005

Gəl qayıdaq

        

Gəl qayıdaq o dağlara
Gülüm, ilin bu çağında.
İkimiz də həmdəm olaq,
Yataq gülün qucağında.
            
Üstümüzdə ulduz yansın,
Laylamızı sular çalsın.
Eşq odumuz alovlansın,
Məhəbbətin ocağında.
      
Kədər olsun bizə yasaq,
Saza, sözə qulaq asaq.
Bir gün biz də yüyrük asaq,
Lələdağın otağında.
                                                  2005



Qalıb

Nə müddətdir səndən ayrı düşmüşəm,
Donmuşam, açılmır donum, ay mələk.
Qəm sacında qovrulmuşam, bişmişəm,
Məşhərəcən yanar canım, ay mələk.

Heç yerdə bir qərar tuta bilmirəm,
Səni axtarıram xeyirdə, şərdə.
Gecələr sübhədək yata bilmirəm,
Arzum tora düşüb, ürəyim dərdə.

Əhdim şikəst olub, istəyim zəlil,
Həyatda doyunca kam almadım mən.
Kədər üstələyir məni ilbəil,
Çəkilmir yolumdan nə duman, nə çən.

Sənsizəm gecələr yuxum qarışır,
Hicran yaman yerdə təkləyir məni.
Gündəlik qayğılar başımdan aşır,
Tale qəm-qüssəylə yükləyir məni.

Ta həyat eşqiylə döyünmür ürək,
Həsrətin qıvrılıb sinəmdə yatıb.
Sənin varlığınla öyünmür ürək,
Xeyirxah əməlin çəməndə yatıb.

Yolum bitdi, ağzım daşa dirəndi,
Ömrün bu çağında itirdim səni.
Bəxtimin gülşəni solub, örəndi,
Gözümün içində bitirdim səni

Sən köçdün, mən qaldım yurda gözətçi,
Könlüm ev-eşiyə sığışa bilmir.
Kasıb komamızdan perik düşüblər,
Uşaqlar bir yerə yığışa bilmir.

İlk görüş yerimiz yadıma düşür,
O vaxtdan, əzizim, əlli il keçir.
Xəbərim olmadan illər ötüşür,
Dünyadan qəhrəman oğullar köçür.

Yamanca sarsıdır yoxluğun məni,
Boynumu bükürəm yetim uşaq tək.
Sənsiz gəzəmmirəm çölü, çəməni,
Əlimi, qolumu bağlayıb fələk.

Əkdiyin ağaclar gözləyir səni,
Güllər sığalına tamarzı qalıb.
Gecələr tənhalıq dəng edir məni,
Canımda sənsizlik azarı qalıb.

                             01.11.2004

Bir şirin paysan


Sən gəldin dərdimin bağrı yarıldı.
Açıldı könlümün qaşı, qabağı.
Sən gəldin təbəssüm mənə yar oldu,
Küskün sevincimin qaçdı dayağı.

Qəlbimdən keçəni yaman bilmisən,
Qəm-qüssə üstümü almışdı, gülüm.
Gəl otur yanımda sən xoş gəlmisən,
Gözüm astanada qalmışdı, gülüm.

Meylimi salmaram dövlətə, vara,
Halal zəhmətimlə ərsəyə çatdım.
Hərdənbir düşəndə borana, qara,
Sazağı şerimin gözünə qatdım.

Hər səni görəndə dünyam sevinir,
Qönçə arzularım gül açır mənim.
Sevincim, fərəhim səmadan enir,
Məhəbbət aləmim dil açır mənim.

Bu gün sən necə də gözəl olmusan,
Elə bil dənizdən boylanan aysan.
Hurisən, mələksən, göydən enmisən,
Bəxtimə yazılan bir şirin paysan.

Sənin gülşənində gül, çiçək solmaz,
Sevgi güllərini göndərən sənsən.
Səni heç nə ilə dəyişmək olmaz,
Eşqimin odunu söndürən sənsən.

                                          2005

                             Yar aldı
                       
Ay nigarım, harda qaldın, gəlmədin,
Baxmaqdan gözümün kökü saraldı.
Həsrətini gecə-gündüz çəkməkdən,
Şəvə kimi saçlarımı qar aldı.

Bilirdim, bir daha dönməyəcəksən,
Mələk tək göylərdən enməyəcəksən.
Bilirdim, alışıb sönməyəcəksən,
Eşqimin ocağı söndü, qaraldı.

Unutdun mənimlə olduğun çağı,
Sinəmə çəkmisən çal-çarpaz dağı.
Xəzan döydü, yandı könlümün bağı,
Gülşənimin güllərini sar aldı.

Qayıt mənə ülvi məhəbbət gətir,
Çölümdə, düzümdə gül-çiçək bitir.
Canımı almağa özünü yetir,
Desinlər canını nazlı yar aldı.

Diləyim dayanıb yol ayrıcında,
İsinə bilmirəm bir ayrı canda.
Günəşli cahanda, aylı cahanda,
Əvəz Lələdağın yolu daraldı.

28. 04. 2006






Sevgilim.
                                                       
Oğrun-oğrun belə baxma üzümə,
Kipriyi ox, qaşı kaman sevgilim
Gözlərindən nur ələnib gözümə.
Narın-narın, pünhan-pünhan, sevgilim.

Özün saldın məni eşqin gölünə,
Elə uzat əlim çatsın əlinə.
Öz əlimlə sığal çəkim telinə,
Deməsinlər o yan-bu yan sevgilim.

Harda olsam gözlərinə görünnəm
Ayağına duman kimi sürünnəm
Ayrı düşsəm qəm-kədərə bürünnəm,
Göz yaşlarım olar leysan, sevgilim

And içmişik, vəfasıza ar olsun,
Ucalmasın, el içində xar olsun.
Bir əhdim var, Əvəz sənə yar olsun,
O əhli-dil, sən qanan, sevgilim.

Məndən

Dəridən, qabıqdan çıxdı müxənnət,
Axır ayrı saldı yarı da məndən.
Kədər yaxşıdırsa, qəm yaxşıdırsa,
Yarı səndən olsun, yarı da məndən.

Sinəmin üstündə yurd salıb dağlar,
Mənim bu halıma qanlı da ağlar.
Mənsiz ahıllaşdı, qocaldı dağlar,
Allah əsirgədi qarı da məndən.

Gülşəndəyəm dönüb baxmır gül mənə,
İstəyirsən qəhqəhə çək, gül mənə.
Sar qoymadı qismət ola gül mənə,
Qocaldım, yan keçir qarı da məndən.

Məndən küsüb, mehirləşib yada yar,
Gəl yarama ya məlhəm ol, ya da yar.
O da olsun səndən mənə yadigar,
Söylə: Lələdağ da yarıdı məndən.

Mən səni sevdim

Könülsüz  yaşamaq yaşayış deyil,
Ağızda böyüyər könülsüz tikə.
Ömrün bahar çağı hələ qış deyil,
Ömrün qış çağına çatmadıq bəlkə.

Bahardan qışadək yay var, payız var,
Neçə yoxuş çıxıb, yal aşmalıyıq.
Bəlkə bəxtimizə belə yazılıb,
Bəlkə ömür boyu dalaşmalıyıq.

Getdiyin bulağa yüz dəfə getdim,
Əlin dəyən daşı öpdüm yüz kərə.
Tər çiçək toplayıb könül bağından
Gəldiyin yollara səpdim yüz kərə.

Sənin taqsırın-mənəm günahkar
Gəzib dolandığın çəməni sevdim.
Allah qarşısında bir günahım var,
Sən məni sevmədin, mən səni sevdim.

Yar, a yar

Dözmək olmur hicranına, a zalım,
Çalışırsan səndən murad az alım.
İnsafdırmı yana-yana azalım,
Cəllad olub qəsd edərmi yara, yar.

Ay bimürvət, unudarmı yarı yar,
Gəl dərdimi, sevincimi yarı yar!
Sevən aşiq əsillidən yarıyar,
Bədəsildən uzaq dolan yar, a yar.

Gül fəslində bülbül qonar budağa,
Həsrətindən ahım düşdü bu dağa.
Sinə gərək tab gətirə bu dağa,
Göz-göz olub qəlbimdəki yara, yar.

Gözlərin

Odlu baxışların odlayır məni,
Az qalır canımı ala gözlərin.
İlan tək qıvrılıb qara hörüklər,
Durubdu qəsdimə ala gözlərin.

Mən səni gözümdən qoya bilmərəm,
Eşqində sərinlik duya bilmirəm.
Bir dəfə baxmaqla doya bilmərəm,
Zillənə üzümdə qala gözlərin.

Surətin gözümdən çəkilmir bir an,
Hürüsən, mələksən, istəkli canan.
Əvəzdir dözülməz hicrinlə yanan,
Dərdimin məlhəmi ola gözlərin.

Gözlərin

Gəldik qədəm-qədəm doqqaza qədər,
Zilləndi üzümdə qaldı gözlərin.
Dedim-gözlə məni bu yaza qədər,
Endi kirpiklərin, doldu gözlərin.

Dayandıq üz-üzə, tutduq əl-ələ,
Baxışlar görüşdü təbəssüm ilə.
Bülbül havalandı sarıldı gülə,
Can alan, canımı aldı gözlərin.

Boylandın arxamca ürkək maral tək,
Axdı yanağına göz yaşı sel tək.
Coşdu, tüğyan etdi köksümdə ürək,
Əvəzi ovsuna saldı gözlərin.


Vuruldum

Ala gözlüm, qələm qaşlım, sənə mən,
Bir könüldən, min könülə vuruldum.
Vəfalısan, halal olsun sən əmən,
Ay qabağa, siyah telə vuruldum.

Ürəyimdə yer vermərəm kinə mən,
buxağın dələmə, kimə ?
Qar sinəndə nar məməni kim əmə,
əndama, incə belə vuruldum.

Əvəz sənin gül bağından gül üzər,
Səndən başqa de, canımı kim üzər?
Tovuz kimi geyinmisən simuzər,
Bal dodağa, şirin dilə vuruldum.


Gözlə

Daş atıb könlümü sındırdın yenə,
Daşın zərbəsindən içim göynədi,
İstər qına məni, istər gül mənə,
Bilmirəm yer nədi, mavi göy nədi.

Söndürə bilmədin yanğımı, gülüm,
İndi öz-özünə sönür atəşim.
De, necə danışım, de, necə gülüm,
Yarpağa, xəzələ dönür atəşim.

Artıq öləziyib eşqimin odu,
Həsrətlə vüsalın arasındayam
Artıq seçəmmirəm yaxını, yadı,
Bilmirəm dünyanın harasındayam.

İnan ki, gözüm yox bir ayrı canda,
Mən dözə bilmirəm bu ağır yükə.
İlahi, qalmışam yol ayrıcında,
İrəli qorxulu, geri təhlükə.

Şam kimi əriyir sevgim içimdə,
Həyatın mənası gözümdən düşür
Su tapa bilmirəm bircə içim ,
Alovlu ürəyim dözümdən düşür.

Sevgi cəfasını çəkən ər gərək
Vüsala çatmağın vaxtını gözlə.
«Şeş» atmaq üçün yenə zər gərək,
Bir gün oynayacaq bəxtini, gözlə.

Alın yazısını kim poza bilər,
Alnıma yazılan xeyirmi, şərmi?
Gahdan duman gələr, gahdan çən gələr,
Taleyin sirrini dağlar bilərmi?

Yöndəmsiz fikirlər yorur beynimi,
Ya Rəbbim, kömək et beynim açılsın.
Yüz fikir bir borcu ödəyə bilmir,
Gəlim görüşünə eynim açılsın.

Bir az uzaq olaq dərddən, möhnətdən,
Yatsın ürəyimin köpü bir az.
Baş aça bilmirəm bu məhəbbətdən,
Belə qafiyəsiz məhəbbət olmaz.

Gəlim görüşünə hər axşam çağı,
Atılaq sevdalar qucağına biz.
Alsın ağuşuna bizi gül bağı,
Su səpək məhəbbət ocağına biz.

Məni Məcnun edib

Səhər-səhər bir ov çıxdı qarşıma,
Fələk əl-qolumu bağladı, Allah.
Kamana ox qoydum ata bilmədim,
Özüm öz halıma ağladım, Allah!

Baxdım camalına, gözüm qamaşdı,
Qəlbimə toxundu o qələm qaşlı.
«Qocalmısan» deyib, mənə sataşdı,
Sinəmi çal-çarpaz dağladı, Allah.

Demirəm hörüklər qulac-qulacdı,
Məni ovsunlayan o qara saçdı.
Özüm bilmədim heç hara qaçdım,
Dərdi öz içimdə saxladım, Allah.

Qıyğacı baxışla boylanır hərdən,
Məni Məcnun edib o mina gərdən.
Lələdağ Əvəzi salıb nəzərdən,
Dünyanı güldürən, ağladan Allah.

Sinə-sinə

Bir maral dayanıb Əyrigədikdə,
Elə bil yağıbdı qar sinəsinə.
Zalım ovçu onu alıb nişana,
Tuşlayıb oxunu qar sinəsinə.

Könlüm istər ovla ovçu barışa,
İnsan oğlu gözəlliklə yarışa,
Maraldakı duruşa bax, duruşa,
Çıxıb topuğuna qar sinə-sinə.

Əndam gözəl, bədən gözəl, üz gözəl,
Gəl bağımdan tər çiçəklər üz, gözəl.
Eşqin gölü şəfalıdır üz, gözəl,
Əvəz baxsın yarın qar sinəsinə.

Yenə qayıdaydı

Yenə qayıdaydı o yaz gecəsi
Yenə görüşünə gələydim, gülüm.
Yenə başlayaydı o naz gecəsi,
Sevinəydim gülüm, güləydim, gülüm.

Yenə qayıdaydı o yaz gecəsi,
Yenə nurlanaydım baxışlarında.
Xoşbəxt taleyimin o saz gecəsi
Qəlbimə axaydı göz yaşların da.

Yenə qayıdaydı o yaz gecəsi
Mənə zillənəydi o qoşa ulduz.
Ülvi məhəbbətin o saz gecəsi
Bizi qısqanaydı yenə qonşu qız.

Yenə qayıdaydı o yaz gecəsi
Budaqlar üstümə kölgə salaydı.
Sənə ürəyimi açanda, gülüm
Yarpaqlar ahəstə pıçıldayaydı.

O aylı gecənin ulduzlarından,
Qoparıb telinə düzəydim, gülüm.
Şikarım olaydın, ovçun olaydım,
Gəlib keçidini kəsəydim, gülüm.

O gözəli qismət elə mənə sən
                                                
Qadir Allah, alovlandır eşqimi,
O gözəli qismət elə mənə sən.
Gözü dolub silələnib eşqimin,
O gözəli qismət elə mənə sən.

Bir mələkdi göydən enib, ay Allah,
Ürəyimdə közə dönüb dönüb, ay Allah.
Al geyinib, şal bəzənib, ay Allah,
O gözəli qismət elə mənə sən.

Buz bulaqlar duruladı könlümü,
Suya çəkib quruladı könlümü.
Xumar baxış yaraladı könlümü,
O gözəli qismət elə mənə sən.

geyinir, elə bil ki, ay doğur,
Yer üzünə buludlardan nur yağır
Görən kimi vurulmuşam mən fağır,
O gözəli qismət elə mənə sən.

Möcüzəli bu meşənin eşqinə,
Boynubükük bənövşənin eşqinə,
Kəbə yolu kəhkəşanın eşqinə,
O gözəli qismət elə mənə sən.

Gül şehidir gözlərinin qorası,
Cilvələnib dağ gölünün sonası,
Kömək elə, yola gəlsin anası,
O gözəli qismət elə mənə sən.

Bəyənmədim
                                                               
O gün sizə gəldim, gülüm,
Qapınızı döyəmmədim.
Hicran kəsdi qabağımı,
İncimədim, deyinmədim.
                                      
Yoxdur daha məndə dözüm,
Ömür keçir canım, gözüm.
Ürəyimdə qaldı sözüm,
Sənə bir söz deyəmmədim

Görəmmədim o gün səni,
Kim unudar, de kim səni.
Səndən başqa bir kimsəni,
Bu mahalda bəyənmədim.

Tale məni çəkir dara,
günlərim olub qara.
And içirəm düz ilqara,
Sənsiz bir an öyünmədim.

Bu gərdişdə qismətə bax,
İlk eşqimə əsdi sazaq.
Dərdin alım, ay Lələdağ,
Umduğunu yeyəmmədin.

Nə biləydim

İstədim ki, şehli-şehli gül dərəm,
Çiçəkləri tumarlayıb güldürəm.
Tər güllərdən nazlı yara göndərəm,
Nə biləydim, bunlar hələ gümandı.

Qızılgülün tikanları oxdumu,
Qönçələrə nadan gözü baxdımı?
Sübhdən durub çağırmışam baxtımı,
Bəlkə bəxtim gəlib azıb dumanda.

Səhər mehi bir körpənin nəfəsi,
Sarı bülbül budaqların həvəsi.
Bir dilbilməz çox incidir Əvəzi,
Düzün desəm, yanan da o, yaman da.

Elə bildim yar oyandı

Çalbayırda şimşək çaxdı,
Sandım qılınc qından çıxdı.
Bəlkə Qırat şahə qalxdı
Daşa dəydi polad nalı?

Həcər nənə fikrə daldı,
Şah dağı tək çalma çaldı.
Külək əsdi, yerə saldı,
 cunanı, ipək şalı.

Sübh şəfəqdən donun geydi,
Şeh çiçəyin boynun əydi.
Yar əlinə əlim dəydi
Dodaq oldu beçə balı.

Zirvələrdə günəş yandı,
Qızıl teli haçalandı.
Elə bildim yar oyandı,
Şölələndi ay camalı.

Səni görəndə

Ömür təzələnir, gün təzələnir,
Gülüm, küçəmizdə səni görəndə.
Üstümə nur yağır, sevinc ələnir,
Gülüm, küçəmizdə səni görəndə.

Şirin söhbətlərin, şəkər sözlərin
O süzgün baxışın, ala gözlərin
Salır gözlərimdən yad gözəlləri.
Gülüm, küçəmizdə səni görəndə.

Tək səni sevirəm, səni, göyçəyim
Saralıb soldurma məni, göyçəyim
Qovaram dumanı, çəni, göyçəyim
Gülüm, küçəmizdə səni görəndə.

Eşqinin oduyla yanıram şam tək,
Hicran yanğısına tab etmir ürək.
Gül açar içimdə min arzu, dilək,
Gülüm, küçəmizdə səni görəndə
               
Məni

Qoy uzanım qar sinənin üstünə,
Məmələr sıxsınlar arada məni.
Əzrayıl canımı ordaca alsın,
Səndəcə xatırla arada məni.

Taleyin hökmündən qaçan olmayıb,
Onun sirlərini açan olmayıb.
Gülüm, nazı-qəmzə haçan olmayıb,
Çalış ki, itirmə arada məni.

Güllər arasında gözüm tutanı,
Söhbətim tutanı, sözüm tutanı,
Əvəz, buraxmaram özüm tutanı,
Sən Allah, pis etmə arada məni.

Ay gözəl

Bu sevdamız gizli-gizli ötüşdü,
Xiffət etdim, ürəyimə xal düşdü,
Arzularım həsrət ilə görüşdü,
Bu halətdən içim yandı, ay gözəl.

Ay mələyim, göydə sənsən, yerdə mən,
Hilal qaşa dönüb baxdım bir mən.
Misqal-misqal əriyirəm burda mən,
Can neyləsin, yanhayandı, ay gözəl.

Əzəl gündən məhəbbətə qul oldum,
Eşq oduyla alovlandım, kül oldum.
Gözəllərin gülşənindən qovuldum,
Görənlər halıma yandı, ay gözəl.

Nələr gördüm mən bu nahaq dünyada,
Cəhrə kimi sınıq-salxaq dünyada.
Lələdağa qalacaq dünyada,
o yandı, bu yandı, ay gözəl.

«Vağzalı»nı bir də çal

Nənəm onu nanayında çalardı,
O çaldığı yaddaşlarda qalardı.
Qara zurna kəndə haray salardı,
«Mirzeyi»mə tamarzıdı Qılıncyal,
Çal, a qardaş, «Vağzalı»nı bir də çal.

«Vağzalı»da yeni həyat çağlayır,
Vüsal gülür, kədər qəmdən ağlayır.
Tale əli gəlin beli bağlayır,
Əhdim budur pozulmasın bu iqbal,
Çal, a qardaş, «Vağzalı» birdə çal.

«Vağzalı»da dünənimdən soraq var,
Neçə-neçə möcüzəli varaq var,
Məhəbbət var, eşq adlanan çıraq var,
Arada bir «Cəngi»mi yada sal,
Çal, a qardaş, «Vağzalı» birdə çal.

Nadanlardan, nakəslərdən ummayaq,
Naşıların əməliylə yanmayaq.
Un gətirin qaynatanı unlayaq,
Şair dostum, bu hikmətdən ilham al,
Çal, a qardaş, «Vağzalı» birdə çal.

Əvəz yandı yananların oduna,
Həsrət qaldı yaxınına, yadına,
Bundan belə haqq yetişsin dadına,
Ay camaat, alqış edin dalbadal,
Çal, a qardaş, «Vağzalı» birdə çal.

Olmasa

Dağ vüqarlı görünərmi,
Zirvəsində qar olmasa?
Bar ağacı gözdən düşər,
Budağında bar olmasa.

Novruzgülü yazda  bitər,
Gözəl kəklik dil-dil ötər.
Sarı bülbül vəslə yetər,
Gül bağında sar olmasa.

Bir çiçəklə bahar olmaz,
Su tökməklə quyu dolmaz.
Əvəz, səni yada salmaz,
Yar vəfalı yar olmasa.

Oldu


Bir nurdan yaratdı yaradan məni,
Bir damla böyüdü pürkamal oldu.
Daraqlar batmayan, şəvə saçlarım,
Dönüb bəyaz oldu, dönüb çal oldu.

Həyat çeşməsindən nur aldı gözüm,
Baldan şirin oldu söhbətim, sözüm,
Bəlkə də olmazdı məndə bu dözüm,
Şükür ki, dostlarım əhli-hal oldu.

Altımış doqquzu yola salmışam,
Könlümün quşunu tora salmışam.
Özümü görünməz hala salmışam,
Mənim düşündüyüm xam xəyal oldu.

Bir müddət sevdaya qarışdı başım,
Hər yerdə tapıldı könül sirdaşım.
Əvəz, bəla oldu bu yetmiş yaşın,
Bir qıza söz dedin, qalmaqal oldu.

                                          2005



Gəldi, gəldi


Bəxtimin düyünü birdən açıldı,
Amanım, zamanım gəldi, nə gəldi.
Həsrətin əlindən təngə gəlirdim,
O dinim-imanım gəldi, nə gəldi.

Dünyamı oyadan xoş səsi oldu,
Boynuma sarılan həvəsi oldu.
Qəlbimi isidən nəfəsi oldu,
Halıma yananım gəldi, nə gəldi.

Bədənim səksəndi, cahan oyandı,
Könlümün yanğısı bircə o yandı.
Alışdım, oduma yandı, o yandı,
Atəşim, inamım gəldi, nə gəldi.

Alnıma yazılıb taledən qismət,
Həmdəmim eylədi mənimlə söhbət,
Gözəl keyfiyyətdi, gözəldə ismət,
İsmətli cananım gəldi, nə gəldi.

Qərarım, qəsəmim yox idi, Allah,
Kədərim sevincdən çox idi, Allah.
Yarama məlhəmdi, yaxıdı, Allah,
Dərdimi qananım gəldi, nə gəldi.

Yenidən canlandı o dərə, o dağ
O görüş yerimiz, o bağça, o bağ.
Gözün aydın olsun, Əvəz Lələdağ,
Qayğısız dövranım gəldi, nə gəldi.

                                   02.11.2004

Qayıt gəncliyim, qayıt

Şuxluğum əldən gedir,
Qayıt, gəncliyim, qayıt.
Şəvəlik teldən gedir,
Qayıt, gəncliyim, qayıt.

Tökülür sədəf dişim,
Şuluq olur hər işim.
Xoşa gəlmir yerişim,
Qayıt, gəncliyim, qayıt.

Mənə zülm edir fələk,
Qəddim olur kaman tək,
Təpərdən düşür ürək,
Qayıt, gəncliyim, qayıt.

Tənginəfəs oluram,
Çox vaxt yolda qalıram.
Xəyallara dalıram,
Qayıt, gəncliyim, qayıt.

Gedək yenə o dağa,
O müqəddəs torpağa,
Qayıt o gözəl çağa,
Qayıt, gəncliyim, qayıt.

Gedir ağzımın tamı,
Sönür eşqin ilhamı.
Qocadan qaçır hamı,
Qayıt, gəncliyim, qayıt.

Yadıma bağlar düşür,
Sərin bulaqlar düşür,
Gəzdiyim dağlar düşür,
Qayıt, gəncliyim, qayıt.

Qaytar uşaqlığımı,
Qaytar o şuxluğumu.
Qaytar şıltaqlığımı,
Qayıt, gəncliyim, qayıt.

Gəlmədin

Yollara baxmaqdan gözüm yoruldu,
Ülkər doğdu, dan söküldü, gəlmədin.
Kimlər nəzər saldı, qarğadı bizə,
Torpağıma qan töküldü, gəlmədin.

Ömür keçdi, yaş qarıdı, əl əsdi,
Gülşənimə afat adlı yel əsdi.
Dəli könlüm görüşünə tələsdi,
Saç ağardı, bel büküldü, gəlmədin.

Gözüm nurdan düşdü, dizim taqətdən
Bir əsər qalmadı o məhəbbətdən,
Qurtara bilmədim dərddən, möhnətdən,
Ürəyimə dağ çəkildi, gəlmədin.

Yağı düşmən yurdumuza yeridi,
Qara bulud üstümüzü bürüdü.
Əvəz, canın qürbət eldə çürüdü,
Gorgahında turp əkildi, gəlmədin.
Essuntuki
27.09.2007


Yadıma sən düşürsən

Dağ çayları daşanda,
Yadıma sən düşürsən.
Sular pıçıldaşanda,
Yadıma sən düşürsən.

Duman yaldan aşanda,
Bülbül nəğmə qoşanda,
Kəklik qaqqıldaşanda,
Yadıma sən düşürsən.

Çöldə ceyran qaçanda,
Dağda qartal uçanda.
Bağçada gül açanda,
Yadıma sən düşürsən.

Buludlar ağlayanda,
Sel suyu çağlayanda,
Tər çiçək bağlayanda,
Yadıma sən düşürsən.

Yaşıl otlar bitəndə,
Quşlar dil-dil ötəndə,
Xoş arzuma yetəndə,
Yadıma sən düşürsən.

Güleyşə nar dəyəndə,
Budaqları əyəndə,
Azərbaycan deyəndə
Yadıma sən düşürsən.

Başlayanda bir işə,
Tələsəndə görüşə,
Harda olsam həmişə
Yadıma sən düşürsən.

1976

Niyə məni qovursan
      
Mən Vətəndən çıxmışam,
Vətən məndən çıxmayıb.
Dağlar qərib olubdur,
Dağlar çəndən çıxmayıb.
Eşqin içimdə yanır,
O içimdən çıxmayıb,
Niyə məni qovursan?

Qəlbim mənə zor edir,
Müti edir, qul edir.
Hərdən bihal edir,
Niyə məni qovursan.

Gəlirəm səni görəm,
Qəlbimi sənə verəm,
Sən Əsli ol, mən Kərəm,
Niyə məni qovursan?

Sevgi oyuncaqdımı,
Bu çağlar o çağdımı,
Lələdağ uşaqdımı,
Niyə məni qovursan?
          
1995

Gəlməsin

         

Eşqin odu sönən deyil,
Vüsal göydən enən deyil.
Könlüm səndən dönən deyil,
Gəlmir xoşuna, gəlməsin.

İncit, necə istər kefin,
İstər qəmlən, istər sevin.
Ağla gülüm, qoy heyifin,
O göz yaşına gəlməsin.

Bu gərdişin üzü sərtdi,
Dönük çıxan bil, namərddi.
Ayrı düşmək yaman dərddi,
Əvəz, başına gəlməsin.

Səni

Gözəldən gözəlsən, ay mina gərdən,
Odur ki, qoymayır göz, əldən səni.
Camalın parlaqdır dan ulduzu tək,
Yaradan yaradıb gözəldən səni.

Əlindən ətirli zəhmət süzülür,
Dilindən şirin söz, söhbət süzülür.
Qönçə dodağından şərbət süzülür,
Seçmişəm neçə min gözəldən səni.

Deməki vaxt keçib, şair Lələdağ,
Qəm yeyib, dərd çəkib şair Lələdağ,
Tək səni yar seçib şair Lələdağ
Narahat etməsin gözəl, dən səni.

                                        25. 12. 2007

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Əvəz Mahmud Lələdağ Şeirləri