Oğul


Oğul

Yer var atla dolan, yer var piyada,
Yer var səmtinə dolanma, oğul.
Qəlbinin sirrini söyləmə yada,
Yadlara yem olub talanma, oğul.

Demirəm ürək, ölü canlı ol,
Deyirəm, qurd ürək, dəli qanlı ol,
Elində, obanda adlı-sanlı ol,
Qonşunla gileyli dolanma, oğul.

Tülküylə öcəşmə, aslanla tay ol,
Haramdan əl götür, halalla bay ol.
Kükrəyən dalğa ol, gurlayan çay ol,
Gölməçə suyu tək bulanma, oğul.

Elin adətindən sən qaçaq olma,
Yalan söz danışıb başalçaq olma.
Yananda alovlan, kor ocaq olma,
Sönəndə minnətli sulanma, oğul.


Zəhmətlə hər tərəf olar gülüstan,
Şirin arzularla dolar gülüstan.
Qayğısız sovular, solar gülüstan,
Qanqalı heç vədə gül anma oğul.

Əvəzin sözündən olma bədgüman,
Eşqini cilvələ, uca tut hər an.
Məhəbbət bulağın çağlayan zaman
Gedib hər yetənə calanma, oğul.   


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

«Vağzalı»nı bir də çal