Oldu
Oldu
Köç-köç oldu, köçdü ellər, obalar,
Yaman qonşu yəqin halın xoş oldu,
Məni eldən, eli məndən eyləyən,
Haqqın qəzəbinə, dərdə tuş oldu.
Naşı ovçu nahaq gəzdi bu dağda,
Bülbül uçdu, güllər soldu budaqda.
Nəsil-nəsil qövr edəcək bu dağda,
Dost ürəyi nədən belə daş oldu.
Bölük-bölük səpələndik hər yerə,
Bu gedişdən qan ağladı dağ, dərə.
Namərdləri sevinc əkə, dağ dərə,
Baharımız niyə dönüb qış oldu.
Köç-köç oldu, köçdü ellər, obalar,
Viran qaldı doğma yürdlar, yuvalar
Əvəz deyir: ay müdrik babalar,
İşlərimiz yaman mühkül iş oldu
Комментарии
Отправить комментарий