Ay Lələdağı
Ay Lələdağı
Gərdişimi günahkar, sənmi günahkar,
Qaraldı çırağın, ay Lələdağı.
Dumanmı günahkar, çənmi günahkar,
Çağlamır bulağın, ay Lələdağı.
Bir nadan hökmüylə koman dağıldı,
Kəkliyin, turacın cana yığıldı.
Arzular məhv oldu, sözlər boğuldu,
Sağalmaz o dağın ay Lələdağı.
Mənim bu dərdimi bircə saz anlar,
Nadanlar, naşılar səni az anlar.
Töküldü, qəhr oldu dolu qazanlar,
Pozuldu növrağın, ay Lələdağı.
Ya nəsib, ya qismət bir də görüşək,
O yaylağa köçək, o yurda düşək.
Çiçəkli çəməndə səf-səf ötüşək,
Nurlana yaylağın, ay Lələdağı.
Yaman qəribsəyib Əvəz dağ üçün,
Qəlbi tel-tel olub buz bulaq üçün.
Dünyanı verərəm ötən dağ üçün,
Qayıda o çağın, ay Lələdağı.
Комментарии
Отправить комментарий