Təlimdə ənənəvilik və müasirlik


Təlimdə ənənəvilik və müasirlik

İnsanların psixoloji vəziyyətlərinə, xarakterlərinə, zahiri əlamətlərinə, mənəvi səviyyəsinə dərindən bələd olmasan, düşdüyün çətinlikdən yaxa qurtara bilmərsən. İşlədiyin kollektivdə gözükölgəli olmaqdan dəhşətli hal yoxdur. Mən də əlli iki ildi məktəblə bağlıyam. İldən-ilə təcrübə toplamışam, səhv etdiyim hərəkətlərdən peşimançılıq çəkmişəm. Hər kəs «qılıncını»  götürüb üstümə cumub. Bəzən ağlına gələni kənara qoyub, ağzına gələni deyənlər də olub. Çıxış yolu  axtarmışam. Biliyimə, təcrübəmə, arxalanmış, etdiyim səhv hərəkətlərin arxasınca «daş» atmağa çalışmışam. Hamı bilir ki, məktəbdə sentyabr ayı çox qarmaqarışıq aydır. Müəllimin dərs yükü, şagirdlərin təhsilə cəlbi, curnalların dəqiq yazılması, valideynlərin «hücumu» adamı təmkinli olmağa, dözümlü olmağa, alicənab olmağa, vəziyyətdən baş çıxarmağa məcbur etdiyi kimi hövsələdən də çıxarır.
1)   Valideynlərin təkidi ilə uşaqların kimin sinfində oxuması ciddi məsələyə çevrilir.
2)   Müəllimlərin «mənəm»liyi ümumi işə mane olur.
3)   Dərslərin aşağı səviyyədə keçilməsi.
4)   Müəllimin hazırlığının zəifliyi
5)   Dərs cədvəlinin qurulması və s.
Bax bunların hamısı problem yaradır, əsəblərin tarım olmasına gətirib çıxarır. Rəhbərlikdən çox şey asılıdır. Mən bu sahədə gördüyüm işləri həmkarlarımla bölüşmək istəyirəm.
Necə oldu ki, bu yersiz, məntiqsiz danışıqların qarşısını ala bildim? Heç kimlə məsləhətləşmədən bir vacib məsələ barədə düşündüm-daşındım və çarə tapdım. «Mənəm»liyin qarşısını almaq üçün I-IV siniflər üzrə testlər hazırladım. Lakin hər şey məxfi olmaq şərtilə, kimsənin xəbəri olmadan ibtidai sinif müəllimlərini yığdım bir sinfə, bir qədər ordan-burdan söhbət elədim və nəhayət məsələnin üstünə qayıtdım, mətləbə keçdim.
-         2003-cü il, sentyabr ayının 5-də əməliyyata başladım.
-         Eşitdiyimə görə ciddi bir yoxlama olacaq. Mən belə qərara gəlmişəm ki, biz özümüz- özümüzü yoxlayaq. Cavab gözləmədən sorğu vərəqələrini müəllimlərə payladım.
Onlara 60 dəqiqə vaxt verdim. Onların cavablarını ancaq özlərinə açıqladım. Əlbəttə burada hər şey göz qabağında idi. Müəllim verdiyi cavabların yarıtmaz olduğunu gözləri ilə gördü və xəcalət çəkdi. Bundan sonra onların «Mənəm»liyinə son qoyuldu, hər şey müdiriyyətin dediyi kimi razılaşdırıldı. Bəli, bu gün bilik meydanıdır, buyur bu meydan, bu şeytan  deyib ulularımız. Tədris etdiyi fənni zəif bilən müəllimə gələcəyimiz olan balalarımızı etibar etmək olarmı? Mən bu prosesi fənn müəllimləri ilə də apardım. Şübhəsiz ağzı  göyçəklik   edənlər də oldu. «Mənə dövlət komissiyası diplom verib». Məni yoxlamağa heç kəsin ixtiyarı yoxdur deyənlərdən də  xali   qalmadıq. Lakin möhkəm iradə, dözümlülük hər şeyə qalib gəlir. Bu, belə də oldu. 2002-2003-cü dərs ilində apardığım monitorinqi, 2007-2008-ci dərs ilində Təhsil Nazirliyi xətti ilə Təhsil Şöbəsi müəllimlərlə apardı. Əlbəttə, bu xeyirxah iş həm  müəllimlənin məsuliyyətlərini artırır, həm də türklər demişkən kimin qafasında nə olduğunu aşkar edir. Mən əminəm ki, bu faydalı proses davam etdikcə səriştəsiz müəllimlər ya səriştəli olacaqlar, ya da dərindən düşünüb məktəbdən uzaqlaşacaqlar. Məktəbdə faydalı məsələlərdən biri də dərs bölgüsünü direktorun, təlim-tərbiyə işləri üzrə müavinin aparmamasıdır. Məktəbdə pedaqoci şurada təsdiqlənmiş fənn metod birləşmə rəhbərləri fəaliyyət göstərirlər. Əsas məsələ ordadır ki, müəllimlər bir-birinin təşkilatçılıq bacarığına, biliyinə, xasiyyətinə, xarakterinə, gücünə yaxından bələddirlər. Biz metodirləşmə rəhbərlərinin iş qabiliyyətini, təşkilatçılıq bacarığını, iclas, müşavirə, seminar aparmaq səriştəsini üzə çıxarmaq üçün belə bir vasitəyə əl atdıq. Pedaqoci şurada qərara alındı ki, hər fənn üzrə metodbirləşmə rəhbəri müəllimlər arasında dərs bölgüsü aparsınlar. Müəllimlərin sayı dərs saatlarının miqdarı onlara elan edildi. Fənn metodbirləşmə rəhbərləri öz üzvləri ilə müşavirə keçirdi, müəllimlər barədə fikirlər deyildi, monitorinqlərin nəticələri nəzərə alındı.Bax bunlara görə dərs bölgüsünü obyektiv, ədalətli apardılar. Məsələnin nəticəsi protokollaşdırıldı, qərar qəbul edildi və hər bir müəllim ona verilən dərs yükündən razı olduğu üçün adının qabağından imza atdı. Əlbəttə buradakı çıxışlar, səviyyə nəzərə alınmaqla dərs yükü aşağı olan müəllimlər öz üzərlərində çalışmaq, tənqiddən nəticə çıxarmaq imkanı əldə etdilər. Maraqlısı odur ki, monitorinqlərdə yüksək bal toplayan müəllimlərə dərs saatının artıq verilməsi nəzərdən qaçmadı. Bir vacib məsələ barədə də düşünməyə dəyər. Müəllimlərin XIII qurultayında Təhsil Nazirimiz cənab Misir Mərdanov  öz çıxışında bu məsələyə toxundu:
-«Yeri gəlmişkən , bir çoxları «qiymətləndirmə» dedikdə bunu yalnız təhsilalanın təlim nəticələrinə aid edirlər. Hesab edirəm ki, bu, yalnış təsəvvürdür. Təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə qiymət kimi qəbul olunmalıdır. Hər bir qiymət, eyni zamanda övladın təhsilinə valideynin münasibətini, habelə təhsil prosesinin təşkilində məktəb rəhbərlərinin peşəkarlığını əks etdirir.
         Bu gün məktəblərimizdə tətbiq olunan qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə əsaslanır, şagirdlərdə təlimə marağı, məsuliyyət hissini artırmaq əvəzinə, əksinə, azaldır, onların inkişafını sistemli şəkildə izləməyə imkan vermir. Ona görə də şagird, bir qayda olaraq, qiymət almaq xətirinə oxuyur».
         Nazirin çıxışından göründüyü kimi cari «qiymətləndirmə» bu gün üçün əhəmiyyətini itirən prosesdir. Ənənəvi üsulun mənfi cəhətlərindən biri də budur. Nə bu günün müəllimi, nə şagirdləri 50-60-70-ci illərin müəllim və şagirdləri deyil. Bu günün müəllimi gözaçıqlığı, bilik səviyyəsi, metodiki ustalığı ilə dərsini günün tələblərinə uyğun qurmalıdır. 60-cı illərdə bizə öyrədirdilər ki, dərsin gedişini aşağıdakı kimi qurun:
1) Təşkilat momenti
2) Ev tapşırıqlarının yoxlanması
3) Ümumi sorğu
4)Fərdi sorğu
5)Yeni dərsin izahı
6)Möhkəmləndirmə
7)Ev tapşırıqlarının verilməsi
Mən təlimdə ənənəviliyi tamam inkar etmək fikrində deyiləm. Onun sərfəli cəhətlərini saxlamaqla yanaşı yeniliyə də meyillənməliyik. Baxın, müəllimin kim dərsimizi bilir sualına bir neçə şagird əl qaldırır. Dərsə hazırlaşmayan, lakin keçən dərsdə cavab verib qiymət alan şagirdlər də əl qaldıranların arasında görünürlər. Onlar güman edirlər ki, müəllim onlardan keçən dərsi soruşub və qiymət verib. İndi növbə qrafalarında qiymət olmayan şagirdlərindi. Beləliklə, aydın olur ki, şagird bu gün bilik üçün deyil, qiymət almaq üçün tək-tük hallarda hazırlaşır. Bu da şagirdə verilən qiymətin obyektivliyinə xələl gətirir. Şagirdlərin cari qiymətləndirilməsi obyektivlikdən uzaqdı. Biz məktəbdə bu məsələyə başqa tərəfdən yanaşırıq. Şagirdin obyektiv qiymətini dəqiq bilmək üçün daha düşünülmüş halda iş qurmaq lazımdır. Əlbəttə burada çətinliklərlə də üz-üzə gəlirik. Valideynlər narazılıq edirlər ki, onların uşaqlarının məktəbli kitabçasına qiymət yazılmır, müəllim səhlənkardır, uşaqları tez-tez qaldırıb dərs soruşmur və s. Süni danışıqlar meydana çıxmasın deyə valideynlərlə iş aparırıq. Onlara hər şeyi dəqiq aydınlaşdırırıq və bir ortaq məxrəcə gəlirik. Mən etiraz etmirəm müəllim cari qiymət versin, lakin unutmasın ki, prqramda mövzuya ayrılan saatlar başa çatdıqda şagirdlərlə həmin bölmə üzrə test yoxlamaları keçiriləcək. Əgər şagird aldığı cari qiymət yoxlamada özünü doğrutmasa onda obyektiv qiymətdən danışmağa dəyməz. Beləliklə, biz fənn metodbirləşmə rəhbərlərindən tələb edirik ki, bölmə qurtaran kimi müəllimlərdən suallar toplasın. Biz o, sualları bir növ «emal» edib, şagirdlərin bilik səviyyəsini üzə çıxarmaq üçün test sualları hazırlayırıq. Bu prosesdə şadirdin aldığı qiymət onun obyektiv qiyməti sayılır. Belə olanda adam nöqsanları aradan qaldırmaq üçün dəyərli yollar axtarır, şagirdlərin təfəkkürünü inkişaf etdirməuk üçün fəal təlimə müraciət etməli olur. Fəal təlim şagirdləri gündəlik qiymət almaq üçün deyil, onların təfəkkürinü inkişaf etdirmək üçün ən müasir təlim metodudur. Fərz edək ki , ənənəvi üsulla müəllim sinfə müraciət edir. Dərsə hazır gəlməyənlərin ürəyi əsməyə başlayır:-birdən məni çağırar deyir. Müəllim bir nəfəri çağırır lövhəyə onunla məşğul olur, qalan şagirdlər bekarçılıqdan başqa-başqa işlər görürlər. Belə olanda müəllim əsəbləşir, bəzən şagirdi sinifdən çıxarmaqla hikkəsini  soyudur. Bunların heç biri olmasın deyə şagirdləri işlətmək, onlara tapşırıqlar vermək, onları əməkdaşlıq etməyə yönəltmək daha faydalı olar. Onda şagirdlər quru əzbərçilikdən qaçar, təfəkkürlərini inkişaf etdirər, fikir söyləməyə, dioloqa girməyə can atarlar.




                                                                               Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal