ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2


Ayrı düşmüsən

                                       Aslan Bayramovun 60 illiyi münasibəti ilə

60 ilin on səkkizin vətəndən,
Doğma yurddan, eldən ayrı düşmüsən.
Çəmən-çəmən bəslədiyin çiçəkdən,
Ətir saçan güldən ayrı düşmüsən.

60 yaşın səs-sorağı çatıbdı,
Ömrün-günün bu növrağı çatıbdı.
Qocalığın cavan çağı çatıbdı,
Xoşməramlı ildən ayrı düşmə, sən.

Gərdiş səni ələyində ələdi,
Bu düşdüyün kim qurduğu tələdi?
«Qoşabulaq» gendən durub əl edir,
O çeşmədən, göldən ayrı düşmüsən.

Yuxularda seyr edirsən kəndini,
Bizə dəyən bu daş görən indimi?
Yadlar tutub tutulmayan bəndimi,
Bəndlər yaran seldən ayrı düşmüsən.

Təpəköyün baldırğanı, yarpızı,
Sığalladın bənövşəni, nərgizi,
Çalmalıqda ovsunladın bir qızı,
Şəvə kimi teldən ayrı düşmüsən.

Xəyal bizi ənginlikdə gəzdirir,
Vətən dərdi səni, məni bezdirir.
Nəmərd gəlib haqq yolunu azdırır,
Haqqa gedən yoldan ayrı düşmüsən.

«Yersiz gəldi»-yerli tərpən arana,
Tufan  qonub, zirvədəki qara nə?
Aynabəndli evlər qaldı viranə,
Ocaqdakı küldən ayrı düşmüsən.

Qismət ola el yenidən yüklənə,
Yağı düşmən qıvraqlana, təklənə.
Mənim sazım «Sarı tel»də köklənə,
Sazdan, sözdən, dildən ayrı düşmüsən.

Məclis qura, dastan deyə İsgəndər,
Qəlbimizi incitməyə qəm-kədər.
Yadlar ola yurdumuzdan dərbədər,
Yaşıl donlu çöldən ayrı düşmüsən.

Dərdə dərd calandı Qarabağ dərdi,
Qardaş bu dərd bütün dərddən betərdi.
Mənfur qonşu gərək ölüb-itərdi,
Neçə ildir ləldən ayrı düşmüsən. 

Vətən, torpaq, oba necə şirindi,
Yağlı tikə tülkünün yox, şirindi.
Qalxa yerdən şir biləkli şir indi,
Sağda durub soldan ayrı düşmüsən.

Mənim əhdim çin-çin ola çinlənə,
Boz sürülər yalyuxarı yellənə.
Yantütək də həzin-həzin dillənə,
Dağdan əsən yeldən ayrı düşmüsən.

Əmək dostun olub, zəhmət sirdaşın,
Tədqiqatın əvəzsizdir, qardaşım.
Qoşundaşın, Göbəkdaşın, Kardaşın
Üstə bitən koldan ayrı düşmüsən.

Köhnə yaram necə vardı elədi,
Zalım fələk gülşənimi kələdi.
Neyləməli hökmü-zaman belədi,
Əvəz kimi quldan ayrı düşmüsən.

2006

Xaloğlu


                       (Bir xanımın dilindən)

Səhər getdin yaylaqları gəzməyə,
Gözlərim yollarda qaldı, xaloğlu
Mürvət eylə, məndən ayrı gəzmə sən,
Lalə yanaqlarım soldu, xaloğlu

Ləngər sürü yaldan endi, gəlmədin,
Çayın soyudu, ocaq söndü gəlmədin.
Bəlkə məndən üzün döndü, gəlmədin
Həsrətindən gözüm doldu, xaloğlu.

Ay insafsız, qəsd edərmi yara, yar.
Hicran dərdi etdi qəlbim yara, yar.
Götür xəncər, qar sinəmi yar, a yar,
Hər nə oldu mənə oldu, xaloğlu.

Nahaq baxdın yad gözəlin sözünə,
Mat qalmışam səndə olan dözümə.
Vaxt gələcək döyəcəksən dizinə,
Məhəbbətin hələ kaldı, xaloğlu.

Ötüb keçənləri yad eyləmisən,
Sən mənim əlimdən dad eyləmisən,
Şairə bir çəpiş vəd eyləmisən,
Arada Lələdağ çaldı, xaloğlu.
             
                             19.06.2006

             

Qardaşım

                                                                              
                           Ramiz Tapdığın 75 illiyinə
                                                     
Yetmiş beşin çiyni üstən baxanda,
«Ötən illər yada düşdü», qardaşım.
Uşaqlığı bir tərəfə qoyuram,
Gəncliyimiz oda düşdü, qardaşım.

Gərdiş bizi yaman saldı pis günə,
Çarıq tapdıq, bağ tapmadıq üstünə.
Komamızın altı soyuq, üstü nəm
Sinəmizdən cada düşdü, qardaşım

Bundan sonra yüzə boylan, yol açıq,
Dabanını bərkit, sübhdən yola çıx.
Qayıt bir də o yamaca, yala çıx,
O dağlara səda düşdü, qardaşım.

Ömür keçib yaş qarıyıb, əl əsir,
Gülşənimə xəzan adlı yel əsir.
Əvəz sənin görüşünə tələsir,
Sən düşənə o da düşdü, qardaşım.

                                          15.02.2008

Yaddan Çıxmır O Çağlarım

                               Dostum, şair təbiətli Ömürşah əllimə

Gecə yuxum elə dönür,
Gəzir dağı, daşı, qardaş.
Xeyli vaxtdır selə dönür,
Gözlərimin yaşı, qardaş.

Yaddan çıxmır o çağlarım,
Çeşmələrim, bulaqlarım.
Söndü nurlu çıraqlarım,
Qaldı məzar daşı, qardaş.

Damağıma dad verərdi,
Ürəyimə od verərdi.
Mənə qol-qanad verərdi,
Arxaların aşı, qardaş.

Mərdlik etmək mərd işidir,
Pislik namərd vərdişidir.
Gərdiş biclik gərdişidir,
Mərd adını daşı, qardaş.

Kor qalardı Balayanı,
Aralığa saldı qanı.
Əvəz kimi bir insanı,
Məhv elədi naşı,qardaş.

1980

Göndər

                                    Rza Quliyevə

Qardaş, o yerlərin gül-çiçəyindən,
Mənə şehli-şehli dəstələ, göndər.
Arzubulağının zümzüməsiylə,
Quşların səsiylə bəstələ, göndər.

Bənövşə boynunu çöldə buranda,
Lalələr, nərgizlər məclis quranda.
Çıx Haçagədiyə alatoranda,
Sən vaxtı, vədəni üstələ, göndər.

Olmaz bizim elin payız toyundan,
Olmaz Çınqıllının bumbuz suyundan.
Bir az dələmə tut yerli qoyundan,
Bacar nə göndərsən şəst ilə göndər.

Çoxdandır yemirəm dağ göbələyi,
Torpağın qabarı göbələyi.
Dan üzü tərpənib yığ göbələyi,
Əvəzi istəyən dost ilə göndər.

1976
Qaldı

                          (İbadulla İsmayılova)

Diqqətlə oxudum yazdıqlarını,
İçimdə duyğular hay-haray saldı.
Mənim ünvanıma yozduqlarını,
Yenidən birbəbir yadıma saldım.

Tutub biləyimdən gəzdirdin məni,
Gəzdirdin gəzdiyim çölü, çəməni,
Yamacda dumanı, dərədə çəni,
Oturub təzədən qələmə aldım.

Bu qədər sitəmə ürək neyləsin?
Dam yatır üstümə, kömək neyləsin?
Pərdilər çürüyüb dirək neyləsin?
Fələk diləyimi əlimdən aldı.

Sözün gözəlini seçib yazmısan,
Qəvvas tək dəryadan keçib  yazmısan,
İçibulaqlıdan içib yazmısan,
O cənnət məkanlar yağıya qaldı.

Gəzdiyin ağacı mən budaq-budaq,
Elə dolaşdım ki, düşmədi yarpaq,
Bizi bağışlarmı görən o torpaq,
Baxmaqdan gözümün kökü saraldı.


Sumqayıt


                                                             (Sumqayıt qəzetinin 55 illiyinə)

Bu gözəl şəhərdə bütün yazarlar,
Sənin köynəyindən çıxıb, «Sumqayıt».
Hər kəs öz gözüylə, öz baxışıyla.
Şəffaf yazılara baxıb, Sumqayıt.

Nələr görməmisən əlli beş ildə,
Gəlib keçəcəkdir əlli beş il də,
Sənsə gəzəcəksən ağızda-dildə,
Çeşmən könüllərə axıb, Sumqayıt!

Çoxunun yolunda mayak olmusan,
Möhkəmcə dayanan dayaq olmusan,
Təpəsi dumanlı bir dağ olmusan,
Zirvəndə şimşəklər çaxıb, Sumqayıt!

Sənin varlığını de, kim unudar,
Özü unudular hər kim unudar,
Dəli könlüm hərdən eyləyir qubar
Yadlar evimizi yıxıb, Sumqayıt

Mənim Yaradandan bir diləyim var,
Dağılsın buludlar, açılsın yollar,
Deməsəm, a dostlar, dilim lal olar,
Əvəzi köksünə sıxıb, «Sumqayıt»

Zavallı qızın

Səhər-səhər bir qız çıxdı qarşıma,
Ayağı olmadı sayalı qızın.
Gözümün önündə sərildi yerə,
Sinəmi dağladı o halı qızın.

Sandım ki, ürəyim çıxdı yerindən,
Qıyğacı baxışla baxdı yerindən,
Yorğun maral kimi qalxdı yerindən,
Huşumu apardı camalı qızın.

Dedim ki, qəsdinə durmamışam mən,
Taleyin hökmüdür, ay gümüş bədən.
Dedi:-Heç xəcalət çəkirsənmi sən?
İçimi göynətdi sualı qızın.

Dedim gəl könlümü bahar, yaz eylə,
Mənimlə aranı bacar saz eylə.
Bu yazıq bəndəyə az qisas eylə,
Gördüm ki, dolandı xəyalı qızın.

Əndamı çürümüş nə xəyal etdi?
Gedib əhvalatı ərzi-hal etdi.
Ağbirçək anası qalmaqal etdi,
Həyası yox oldu, həyalı qızın.

Qızmış pələng kimi üstümə cumdu,
Məndən töhfə umdu,məndən pay umdu.
İki göy kağızla ağzını yumdu,
Məni düşündürdü amalı qızın.

 İl oldu Əvəzin bir günü, Allah,
Yazıldı tarixə «pir»günü, Allah.
Sevinclə ərisin hər günü, Allah
Canı ağrımasın zavallı qızın.
                                                        2005


Gəlmədin

(Nəə Ağayevə)

Üzü dönmüş, dönük çıxdın niyə sən?
Gözəl günə, gözəl çağa gəlmədin.
Baxışlarım hey zilləndi yoluna,
Baxdım sola, baxdım sağa gəlmədin.

Bizi görüb baş götürüb qaçdı qış,
Pəncərəmi döyəclədi gur yağış.
Gözəlliyi  duyanlara min alqış,
Nabran kimi bir ovlağa gəlmədin.

Səhər yedik kərə yağla yumurta,
Süfrəmizə balıq gəldi günorta.
Heç bilmədik necə keçdi gün orda,
Zalım oğlu, kef-damağa gəlmədin.

Vətən deyib nalə çəkir Lələdağ,
Ayı parlaq, ulduzları çilçıraq.
O dağlardan tutammayıb bir soraq,
Görmədiyin bir yaylağa gəlmədin.

                                18.01.2005


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti