Dağlar


Dağlar

Ömür çatdı, bir də gəldim,
Sizə salam verdim, dağlar.
Yamaclardan tər gülləri
Şehli-şehli dərdim, dağlar.

Keçdi mənim o çağlarım,
Söndü yanar ocaqlarım.
Şəhid oldu qoçaqlarım,
Dağ boydadı dərdim, dağlar.

Əldən çıxdı «pir» zamanlar,
Qızıl vaxtlar, dürr zamanlar,
Dolaylarda bir zamanlar,
Neçə köhlən yordum, dağlar.

Qanadlandım uçammadım,
Dərddən, qəmdən qaçammadım.
Düyünləri açammadım,
Yaman dağlar gördüm, dağlar.

Axı sizə yar olmuşam,
Zirvənizdə qar olmuşam.
Əvəz, yanıb qaralmışam,
Hanı mənim yurdum, dağlar?!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

Məhəmməd Peyğənbərin zahiri görünüşü və xasiyyəti

ZARAFAT VƏ İTHAF ŞEİRLƏRİ 2