A Kəndim


A Kəndim
Bir quş olam, uçam qonam Dikdaşa,
Doğma kəndə salam verəm ürəkdən.
Sackahası tamaşadır, tamaşa,
Çuxurbağa bir də enəm gərək mən.

Uçub qonam Ağtəpənin başına,
Seyr eləyəm Ağyazını Düzdəri .
Gedəm çıxam düz gilliyin döşünə,
Hər kişinin öz vətəni, öz yeri.

Vurğunuyam düz ilqarın , düz əhdim ,
Daşdərəni üzüb keçəm o yana.
“Tərəkəmə” , “Cəngi “çala  Xəlyəddim,
Bəlkə mənim yatan vaxtım oyana.

Sərt baxışım Anabata zillənə,
Könül quşum Qoşadaşda bənd ala.
Meh əsdikcə salxım söyüd yellənə
Qonşu qızı mənə qəlbən bənd ola!




Palaz şərəm qoca tutun altına
Tez yapışam yelləndiyim budaqdan.
Gedəm düşəm Qarapirin altına,
Diz qatlayıb, su dümləyəm bulaqdan.

Gözəlləyi gözlərimə ilişən ,
Çalbayırı bu çağımda görəm mən ,
Üst -başımı cıran kola ilişəm ,
Həmənsiri bircə - bircə dərəm mən!

O dağlar , dərələr qayğıma qala,
Yurdumun üstünə qara yel əsdi.
Şapalaq güneyden keçən Ağyala,
Göyuçuq uçmasın, uçduğu bəsdi.

Qızılqaya keşik çəkir kəndimə,
Yamacbulaq sevənlərin məskəni.
Kədər yağır hər bərəmə,bəndimə
Kim qovacaq yurdumuzdan bəs çəni.

Başı nələr çəkib zavallı kəndim,
Burda gileylənir sönən ocaqlar.
Dağılıb Yalyurdum ,uçubdu bəndim
De, hara gedibdir mən görən çağlar.

Burda itirmişəm uşaqlığımı,
Gəncliyim bu kənddən didərgin olub.
Cücərib bitdiyim öz torpağımda
Şaxtalı qız qalıb,yaz sürgün olub

Üstümdən kölgəni kəsməzdin bir vaxt,
Doğma balan kimi qucardın məni.
Necə şirin idi o su,  o torpaq,
Indi gəzənmirəm çölü, çəmi.

Ya Rəbbim nə olar dönəm kəndimə,
Əl uzadam tər çiçəyə, tər gülə.
Gedəm çıxam öz bərəmə,bəndimə,
İçimdə arzular yenidən gülə.

Gəzəm  Ayılığı mən qarış – qarış,
Suqovuşan, ziyarətə gəlmişəm.
Ölümdən qorxmayan igidə alqış,
Yurdu qaytarcam, bil, ölməmişəm.

Xeyli vaxtdır təmizlənmir Malyolu,
Dəyirmanın suyu haqdan sovrulub.
Cadar – cadar indi olub Elyolu,
Köhlən atlar oylağından qovulub.

Gör necə boylanır məzar daşları,
Ruhlar dolanır başımın üstə
İsti yuvasından perikib quşlar,
Bir daş da qalmayıb daşımın üstə.

Həmişə anam tək qucmusan məni,
Kölgəni  üstdümdən kəsmə a kəndim.
Sevmişəm, ölüncə sevəcəm səni
Fərsiz övladımdan küsmə, a kəndim,
Kölgəni üstümdən kəsmə , a kəndim.

                                                          Əvəz Mahmud Lələdağ
                                                                           2016

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri