Lələdağ Şeirləri


Dağların

Qürbət eldə yada düşür,
Suyu, havası dağların.
Gözəllərin nazlanması,
Sehri-səfası dağların.

Oba köçüb, yurdu qalıb,
Şiri gedib qurdu qalıb.
Ocaqdakı qordu, qalıb
Çoxdu cəfası dağların.

Zirvəsində qar saxlayar,
Ətəyində var saxlayar
Həsrət-intizar saxlayar,
Yalçın qayası dağların.

Gəl-gəl deyir axşamçağı,
Qız-gəlinə Buzbulağı.
Haraylayır Lələdağı,
Eli-obası dağların!
26.07.2007
Yessuntuki
Yaylaq

Qaldım yola baxa-baxa,
Niyə yoxdur gələn, yaylaq?
Nə müddətdir çıxıb yoxa,
Dərd-sərimi  bilən, yaylaq.

Qış qurtardı, yaz əridi,
Quzeylərdən buz əridi.
Ürəyimdə söz əridi,
Mənəm yurdda qalan, yaylaq.

İtib-batıb Daşlıcığır,
Hanı ilxı, hanı naxır.
Sən mənimsən əzəl-axır,
Hey boşalıb, dolan yaylaq.

Üst-başıma dolu yağdı,
Bu nə dövran, bu nə çağdı?
Yazıq Əvəz Lələdağdı,
Həsrətindən ölən, yaylaq.

Xəbər verin

Qazlıgöldən gələn qazlar,
Durnagöldən xəbər verin.
İçim göynər, yaram sızlar,
Novruzgüldən xəbər verin.

Vüsal atlı, mən piyada,
Doğma yurdum qaldı yada.
Cızbız oldum bu dünyada,
Buzovyaldan xəbər verin.

Şükürbəyli güllü-gülşən,
Mirəhmədin quşları şən.
Göyərçinlik, Niyazdüşən,
Karvanyoldan xəbər verin.

Yazıq Əvəz köçdü getdi,
Buz sulardan içdi, getdi.
Keçən ömür keçdi, getdi,
Bizim eldən xəbər verin.
2008
Məni

Mən ki dərddən qaçaq idim,
Dərdə saldı fələk məni.
Sağdan-soldan yaman əsir,
Təntidibdi külək məni.

Üzülürəm yavaş-yavaş,
Didəmdən axar qanlı yaş.
Kor olubdur, görmür, qardaş
Göylərdəki mələk məni.

Bu nə ağrı, bu nə acı,
Qan ağlayır ana, bacı.
Müşgüldü dərdin əlacı,
Qoyub getdi o, tək məni.

Qaldım sınmış budaq kimi,
Söndüm sönmüş ocaq kimi.
Dağ olarmı bu dağ kimi
Dərdli duya gərək məni.

Qar ələndi, qar başa da,
Ömrüm keçdi qarğaşada.
Qorxuram ki, az yaşada,
Bu vəfasız ürək məni.
1995 noyabr
Dağlara

Zümrüd quşu aparardı,
Bizi dağlara, dağlara.
Əhd etmişəm, qurban kəsəm,
Quzu dağlara, dağlara

Könül, yurda Sarı yeri,
Gedim görüm Sarı yeri.
Gəl yaramı sarı, yeri
Üzü dağlara, dağlara.

Lalə yalda allanardı,
Nər dəvələr yellənərdi,
Bir zamanlar yollanardı
Yüzü dağlara, dağlara.

Əvəz, bacar gülü sən dər,
Kədəri sevincə döndər.
Qışı qış tərəfə göndər,
Yazı dağlara, dağlara.

Vaxtıdı

Yenə gəldi qızıl payız,
Narın yetişən vaxtıdı.
Meh əsdikcə budaqlardan,
Heyvanın düşən vaxtıdı.

Otu solur göy çəmənin ,
Ürəyimdi Göyçə mənim.
Ağ nərgizin, yasəmənin,
Ətirdən düşən vaxtıdı.

Yaylaq oldu sarı donlu,
Sazaq əsdi, quyruq dondu.
El-oba arana döndü,
Dağa qar düşən vaxtıdı.

Çox görmüşəm kədər, yası,
Susur könül kamançası.
Bir də Çobanbozartması,
Beynimə  düşən vaxtıdı.

Bəxti yata şər işlərin,
Örənidi örüşlərin,
Ala-bula çəpişlərin,
Yalda ötüşən vaxtıdı.

Toy günüdü təzə bəyin,
Mübarəkdi, siz də deyin.
Yeməklərin löyün-löyün,
Qazanda bişən vaxtıdı.

Bir ömürdə gərdişə bax,
Getdi, dönməz o təmtəraq
Çox öyünmə, ay Lələdağ
Saça dən düşən vaxtıdır.

Dağlar

Görən mənə kim qarğadı,
Qara gəldi yazım, dağlar.
Heç bilmirəm hansı dərddən,
Hansı qəmdən yazım, dağlar.

Əlimizdən Laçın getdi,
Heç bilmirəm neçin getdi.
Karvan-karvan köçün getdi,
Yurdda qaldı azım, dağlar.

Gərdiş məni yaman sıxdı,
O yerlərdən əlim çıxdı.
Gədiklərdə duman sıxdı,
Qorxuram ki, azım, dağlar.

Qəlbim ahla doldu mənim,
İşim müşgül oldu mənim.
Çəmənlərim soldu mənim,
Qan ağlayır gözüm, dağlar.

Yaş üstündən yaş addadı,
Neçə bahar, qış addadı.
Arzularım  daş altdadı,
Mən nə qədər dözüm, dağlar.

Bəxtim düşüb əvədəyə,
Bu dərd sıxmaz yerə-göyə.
Haraylayır Əvəz deyə,
Kül altında közüm, dağlar.

Dağlar

Zirvənizdə boran, çovğun,
Ətəyiniz yazdı, dağlar.
Bir zamanlar şair Vurğun,
Sizdən dedi, yazdı dağlar.

Fərhad sizdə külüng çaldı,
Məhəbbəti nakam qaldı.
Əsli köçdü, bu nə haldı,
Kərəm gəldi azdı, dağlar.

Ulduzların çırağımdır,
Çəmənlərin varağımdır.
Küləklərin darağımdır,
Bu ərmağan azdı, dağlar.

Bu qaydadır, gələn gedər,
Ömür sürüb ölən gedər,
Dərdi, qəmi bilən gedər,
Bunlar hələ sözdü, dağlar.

Çən-dumanın karvan-karvan,
Çiçəklərin dərdə dərman.
Əvəz köçüb gedən zaman,
Deməyin ki, bezdi, dağlar.

Ay dağlar

Buludlarla göndərmişəm,
Salamımı al, ay dağlar.
Ötüb keçən o çağları,
Sən də yada sal, ay dağlar.

Kimlər saldı bu savaşı,
Bizə divan tutdu naşı.
Yalyurddakı Qavaldaşı,
Mən Əvəzdən çal, ay dağlar.

Fələk əydi düz işimi,
Yadlar yedi bişmişimi.
Nüzula tökdü dişimi,
Halım oldu qolay, dağlar.

Bitirdiyim kədər oldu,
Zəhmət çəkdim hədər oldu.
Əvəz gəldi-gedər oldu,
Sağ-salamat qal, ay dağlar.

Bizim ellərdə, ellərdə

Qoca qartal, tənha gəzmə,
Bizim ellərdə, ellərdə.
Gəl özünü belə üzmə,
Bizim ellərdə, ellərdə.

Yurd-yuvamız talan oldu,
Bizi bizdən alan oldu,
Kimlər öldü, kimlər qaldı,
Bizim ellərdə, ellərdə.

Gəlinqaya qan ağladı,
Başına qara bağladı.
Hicran sinəmi dağladı,
Bizim ellərdə, ellərdə.

Bu nə savaş, bu nə qırğın,
Bu savaşdan dünya yorğun.
Göl sonasız, sular durğun,
Bizim ellərdə, ellərdə.

Hörüyündə atım qaldı,
Zəncirində itim qaldı.
Ocaq daşı yetim qaldı,
Bizim ellərdə, ellərdə.

A Şişqaya, elə baxma,
Günahımı gözə soxma.
Sən məni yandırıb yaxma,
Bizim ellərdə, ellərdə.

Lələdağın bəxti yatdı,
Yadlar yenə at oynatdı.
Hansı namərd eli satdı,
Bizim ellərdə, ellərdə.

Arzubulaq

Bu il yenə gələmmədim,
Arzubulaq, Arzubulaq.
Dərd-sərini biləmmədim,
Arzubulaq, Arzubulaq.

Dar gədikdən keçəmmədim,
Yurd yerimə köçəmmədim.
Buz suyundan içəmmədim
Arzubulaq, Arzubulaq.

Sazaq əsir Yellicədən,
Qan süzülür Qanlıcadan
Corab salmadım bacadan
Arzubulaq, Arzubulaq.

Ağac atlar tumarlanmır,
Xumar gözlər xumarlanmır,
Ah çəkməkdən içim yanır,
Arzubulaq, Arzubulaq.

Qayıdaydı o gün yenə,
Gələydim güllü çəmənə.
Əyiləydim mən səcdənə,
Arzubulaq, Arzubulaq.

Tez-tez düşürsən yadıma,
Çatan yoxdur fəryadıma.
Özüm yandım öz oduma,
Arzubulaq, Arzubulaq.

Bir qanadlı quş olaydım,
Uçub Dikdaşa qonaydım.
O qızgilə boylanaydım,
Arzubulaq, Arzubulaq.

Dağlar

Yamacında çiçək açır,
Güllər təzə-təzə, dağlar.
Oğul gərək həsrətinə,
Tab gətirə, dözə, dağlar.

Gərdiş yava, zəmanə sərt,
Oyalanır içimdə dərd.
Hansı cəllad, hansı namərd,
Qəsd elədi bizə, dağlar?!

Hər yerində izim qaldı,
Güllərində gözüm qaldı.
Ürəyimdə sözüm qaldı,
Yaman gəldim gözə, dağlar.

Qəlbim olub indi şüşə,
Tamarzıyam Yaşıldöşə.
Əvəz deyir yolum düşə,
Qonaq gələm sizə, dağlar.

Əylən karvan

Ağbabadan gələn karvan,
Əylən karvan, əylən karvan.
Dərdə düçar olan karvan,
Əylən karvan, əylən karvan.

Bu dərd yerə, göyə sığmaz,
Bu vaxt karvan çölə çıxmaz,
Günün batmaz, suyun axmaz,
Əylən karvan, əylən karvan.

Yollar qarlı dağdan aşar
Hikkəsindən çaylar daşar,
Əvəz elsiz necə yaşar,
Əylən karvan, əylən karvan.

Dağlara, dağlara

Dostum, gəlsən bayramağzı,
Çıxaq dağlara, dağlara.
Elimizin gözəllərin,
Yığaq dağlara, dağlara.

Qəm atını sürüb yoraq,
Gurbulaqda məclis quraq.
İkimiz də gendən duraq,
Baxaq dağlara, dağlara.

Zalım hicran məni əyir,
Ürəyimi qurd tək yeyir.
Şirin nəğmə, gözəl şeir,
Yazaq dağlara, dağlara.

Yolumuzu duman tutur,
Bu gərdişdə qovan tutur.
Xeyli vaxtdır divan tutur,
Sazaq dağlara, dağlara.

Yaranmısan gözəl nurdan,
Sən özünü qoru sardan.
Gəl qoşulaq, qaçaq burdan,
Uzaq dağlara, dağlara.

Siqnaz qağa

Gəl sacımın qızan vaxtı
Gedək bağa, Siqnaz qağa.
Əlim çatmır, ünüm yetmir,
Gözəldağa, Siqnaz qağa.

Bahar gəlib, yaz çağıdı,
Gül, çiçəyin saz çağıdı.
Təbiətin qız çağıdı,
Çıxaq dağa, Siqnaz qağa.

Oba-oba orman gəzək,
Dərdimizə dərman gəzək.
Nicat yolu, fərman gəzək,
Bu torpağa, Siqnaz qağa.

Yaşılbaşlar göldən gedir,
Haqq, ədalət əldən gedir.
Nə gedirsə eldən gedir,
Sola sağa, Siqnaz qağa.

Vallah, bizdən əyib fələk,
Başımıza gəldi kələk.
Qızdırmadın bəlkə ürək?
Lələdağa  Siqnaz qağa.

Məni

İşin, gücün qızğın çağı,
Dərdə saldı fələk məni.
Çörəyimi yeyən yağı,
İncitməzdi gərək məni.

Bu nə gərdiş, bu nə işdi,
Dünya donunu dəyişdi,
Budaq sındı, yarpaq düşdü,
Silkələdi külək məni.

Bu nə haydı, qanlı fələk?
Qəsd edirsən işğalçı tək.
Ürəyimdən əlini çək,
Qoy yaşatsın ürək məni.

Qaytar məni o çağıma,
Gedim baba ocağıma,
Yenə alsın qucağına
Xoş arzu, saf dilək məni.
2007
Sənəm

Hara getdin, harda qaldın,
Qayıtmadın niyə, Sənəm.
Axşam, sabah ah çəkirəm,
Naləm çatır göyə, Sənəm.

Qara gəldi qara bəxtim,
Yollarına bir də baxdım.
Tarac oldu tacım, taxtım.
Qalmadı bir dəyə, Sənəm.

Nəzərdən saldın Əvəzi,
Gözündə qaldı həvəsi.
Arzum budur, yad nəfəsi
Camalına dəyə, Sənəm.
01.11.2004
Ola

Bir biz olaq, bir də meşə,
Sütül-sütül kabab bişə,
Süfrə salaq yaşıl döşə
Döşəyimiz güllər ola.

Bir yanda gül, bir yanda qar,
Quşlar ötə qatar-qatar
Dinə kaman, inləyə tar.
Çalan ustad əllər ola.

Göylər düşə haldan-hala
Üstümüzü duman ala.
Yavaş-yavaş, bala-bala
Deyən şirin dillər ola.

Vaxtıdır

Göy ağlayır, nur ələnir,
İlin nə göyçək vaxtıdır.
Ana torpaq cana gəlir,
Nazını çəkmək vaxtıdır.

Şair, demə vaxt var hələ
Buyur gedək bizim elə,
Tər güllərin gülə-gülə,
Açılan ləçək vaxtıdır.

İşıqlını gəzə-gəzə,
Gedək çıxaq Əriməzə.
Bizim elin təzə-təzə,
Yaylağa keçmək vaxtıdır.

Nəğməkar quşlar oxuyur,
Gözəllər çələng toxuyur,
Yamaclar ətir qoxuyur,
Gülləri seçmək vaxtıdır.

Dağlar dumana bələnir,
Çən sürünür çözələnir,
Otlar asta silkələnir,
Körpə göbələk vaxtıdır.

Boz sürülər yunu qumaş,
Qalxır döşə yavaş-yavaş,
Əlli tərpən, çoban qardaş,
Süd sağıb içmək vaxtıdır.

Yaşıl donun geyib dağlar,
Dərələrdə sellər çağlar.
Ürək açır gözəl bağlar,
Bağların çiçək vaxtıdır.

Kəklik ötür dəstə-dəstə,
Bülbül qonur qönçə üstə.
Əvəz arzuda, həvəsdə,
Yüz ölçüb biçmək vaxtıdır.

Dağlar, bu yaz, o yaz deyil

Üz tutmuşam dərgahına,
Dağlar, bu yaz, o yaz deyil.
İstəyirsən məni qına,
Dağlar, bu yaz, o yaz deyil.

Hanı bülbül, gəlmir səsi,
Hanı kəklik zənguləsi?
Hanı kəndin yaz nəfəsi,
Dağlar, bu yaz, o yaz deyil.

Ağır ellərin var idi,
Tutu dillərin var idi.
Qönçə güllərin var idi,
Dağlar, bu yaz, o yaz deyil.

Ürəyimi hicran dəlir,
Ciyərimdən ah yüksəlir.
Başımıza nələr gəlir,
Dağlar, bu yaz, o yaz deyil.

Köçən quşum qayıtmayır,
Diləklərin boy atmayır.
Haray məni oyatmayır,
Dağlar, bu yaz, o yaz deyil.

Məni sizdən eylədilər,
Yol-irizdən eylədilər.
Qanı dizdən eylədilər,
Dağlar, bu yaz, o yaz deyil.

Qoynuna el yollanmayır,
Lalələrin allanmayır.
Salatınlar sallanmayır,
Dağlar, bu yaz, o yaz deyil.

Nə müddətdir yurd dağılır,
Gündən-günə dərd dağ olur.
Gözgörəti haqq boğulur,
Dağlar, bu yaz, o yaz deyil.

Yağan qarın əriməsin,
Üstünə yad yeriməsin,
Yağıların yarımasın,
Dağlar, bu yaz, o yaz deyil.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri