Sumqayıt möcüzəsi


Sumqayıt möcüzəsi

Mənim doğma şəhərim,
Eşqim, gücüm, hünərim.
Sən mənim ümid yerim,
Inam yerim, and yerim,
Sən necə də gözəlsən,
Gündüzün özgə aləm,
Bax, gecə də gözəlsən.
Iman yerim Sumqayıt,
Güman yerim Sumqayıt
Ilham yerim Sumqayıt
Mənim doğma şəhərim
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm!
***
Möcüzələr yaratdı,
Qoynunda insan əli.
Günəş əlini sıxdı,
Oldun dünya gözəli.
Toz-torpağın çırpıldı,
Tər-təmiz təmizləndin
Sevənlərin gözündə
Sevildin, əzizləndin.
Pak oldun, gözəl oldun
Şairlərin qəlbində
Söz oldun, qəzəl oldun!
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Keçilməz hasar oldun,
Paxıl bədnəzərlərə,
Bədxah nəfəslər  dəyməz
Bu müqəddəs yerlərə.
Şoranlığın əridi,
Güllü gülüstan oldun,
Ağızlarda dolaşdın,
Dillərdə dastan oldun
Insan oğlu his-pası,
Təmiz süpürüb atdı,
Tarixdə görünməmiş
Möcüzələr yaratdı
Mənim doğma şəhərim
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm!
***
Belə möcüzə görüb
Güldü nazlı səhər də
Səni bağrına basan
Qəlbi geniş Xəzər də
Nur içində yox oldu,
Qaranlıq gecələr də
Hamı firavan gəzdi
Işıqlı küçələrdə,
Suya çəkib qurutdu,
Köynəyini ağaclar,
Dərdi, qəmi unutdu
Burda oldu hər nə var
Əkildi xan çınarlar
Eldar şamları çil-çil
Ilanın boğazından
Indi çıxıb elə bil
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Şirin laylanı çaldı,
Mavigözlü Xəzərim
Mənim doğma şəhərim,
Daim gözəlləşdirir,
Rəhbər öz yurdunu
Gül-çiçəyə bələyir
Eyləyir saz yurdunu
Üstünə ləl-gövhəri
Duman çilər, çən çilər,
Otların qulağında
Üzə çıxar incilər
Yurdum, yuvam Sumqayıt
Elim, obam Sumqayıt
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Dənizin sahilində
Yarandı təzə bulvar
Elə bil yer yarıldı,
Tez çıxdı üzə bulvar
Tayı yoxdu dünyada
Yaraşır bizə bulvar
Cazibədar olubdu
Dəniz kənarı bulvar
Üstünə inci səpir
Göydən bəyaz buludlar
Sevilənlər, sevənlər
Gedib bir də gəlirlər,
Burdakı fəvvarələr
Güllərə su çilərlər
Cavanların üstünə 
Ən xoş arzu çilərlər
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Burda əsər, səngiməz,
Hər vaxt bahar yelləri,
Əsdirər tər gülləri
Şad edər könülləri
Burda ağbədən qızlar
Nazlı gözəllər gəzir
Güllərin ağuşunda
Şeyda bülbüllər gəzir
Can verib, can alanlar
Sevən könüllər gəzir
Yanağından qan daman
Qarışqa bellər gəzir
Ətir  saçan bağlarda
Gecə mələklər gəzir
Sənə xoş gün diləyən
Arzu, diləklər gəzir.
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Mən sənin hər güşəni,
Küçə-küçə gəzirəm
Yorulmaq bilməyirəm
Gündüz, gecə gəzirəm
Allı-güllü parkları
Sübhdən öncə gəzirəm
Gülşənində tər çiçək
Təzə qönçə gəzirəm
Başımda eşq atəşi,
Beli incə gəzirəm
Əfsanəvi cənnətdə
Bilməm necə gəzirəm
Mənim doğma şəhərim
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Cənnətə inansaydım
Deyərdim cənnət budu
Elinə, obasına,
Mərhəmət, hörmət budu
Arzuları gül açan
Şərəfli zəhmət budu
Arxa-arxaya verib
Çalışan millət budu
Dövlətinə, xalqına,
Inam, sədaqət budu
Cavanları coşdular
Ar, namus, qeyrət budu
Böyüyən  körpələ
Qayğı, səxavət budu
Üç rəngli bayrağım var
Şan budu, şöhrət budu,
Müstəqillik, azadlıq,
Tükənməz sərvət budu
Allahın bəndəsinə
Verdiyi nemət budu
Müzəffər ordusu ilə
Öyünən dövlət budu.
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm.
***
Baxdıqca hey  baxıram,
Gözəllikdən göz doymur,
Aşıqlar əldən düşür

Sinədəki saz doymur
Cavahir dodaqlardan
Axıb gələn söz doymur
Vallah bu sehrangahda
Işvə  doyur, naz doymur
Oğlan nazdan yorulur
Bu həvəsdən qız doymur
Bunu yaradan insan
Deyin, unudularmı
Dünyanı gəzib, dolan
Belə gözəllik varmı?
Mənim doğma şəhərim,
Səni hər an, hər zaman
Bax beləcə şən görüm,
Qoynunu gülşən görüm! 

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri