Ağdü, səndə


Ağdü, səndə

Haylayıram hay ver səsə,
Ağdü, sən də, Ağdü, sən də.
Qaldın namərdə, nakəsə,
Ağdü, sən də, Ağdü, sən də.

Gözəllərdə gözüm qaldı,
Deyilməyən sözüm qaldı,
Silinməyən izim qaldı,
Ağdü, səndə, Ağdü, səndə.

Gün döşünü dağlayırmı,
Ağ buludlar ağlayırmı,
Buz bulaqlar çağlayırmı,
Ağdü, səndə, Ağdü, səndə.

Malyoluna çıxan varmı,
Gözəllərə baxan varmı,
Dərdi, qəmi yıxan varmı,
Ağdü, səndə, Ağdü, səndə.

Onda hələ nənəm vardı,
Böyüklərə inam vardı,
Bir can alan sənəm vardı,
Ağdü, səndə, Ağdü, səndə.

O qız qənşərə çıxardı,
Dönüb qıyğacı baxardı,
Məni yandırıb-yaxardı,
Ağdü, səndə, Ağdü, səndə.

Bağlanıbdı elin yolu,
Sıldırımdı sağı –solu,
Xəzan döydü qönçə gülü,
Ağdü, səndə, Ağdü, səndə.

Bu nə gərdiş, nə həyatdı?
Yağıları kim oyatdı?
Arzularım amanatdı,
Ağdü, səndə, Ağdü, səndə.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri