Mən dərdimi kimə deyim


Mən dərdimi kimə deyim

Gözüm yolda qalıb, qulağım səsdə,
Vətən deyə-deyə olmuşam xəstə.
Nadanlar, naşılar durublar qəsdə,
Mən dərdimi kimə deyim, ay lələ.

Haylı-küylü elim, obam var idi,
Sərin suyum, təmiz havam var idi.
Əmim, dayım, nənəm, babam var idi,
Mən dərdimi kimə deyim, ay lələ.

Hanı Xudum, çoban  Balay, qurd  Aşır,
O dağları zirvə-zirvə kim aşır.
Yurd yerində  yalquzaqlar  ulaşır,
Mən dərdimi kimə deyim, ay lələ.

Aranımdan, yaylağımdan xəbər yox,
Mərcan gözlü bulağımdan xəbər yox.
Bülbül ötən gül bağımdan xəbər yox,
Mən dərdimi kimə deyim, ay lələ.

Qonşularım dönük çıxdı, neyləyim,
Gədə-güdə evlər yıxdı, neyləyim.
Varım-yoxum əldən çıxdı, neyləyim,
Mən dərdimi kimə deyim, ay lələ.

Bir  zamanlar gözümüzü yumdular,
Dedilər ki, gözümüzə qum dolar.
Xəbçil it tək üstümüzə cumdular,
Mən dərdimi kimə deyim, ay lələ.

Ürəyimdə tığlanıbdı kədər, qəm,
Nə yaxın var, nə uzaq var, nə həmdəm.
Yaram dərin, təbib kasad, dərman kəm,
Mən dərdimi kimə deyim, ay lələ.

Qız-gəlinsiz buz bulaqlar ağlayır,
Bazarçayım çabalayır, çağlayır.
Göbəkdaşım hələ qara bağlayır,
Mən dərdimi kimə deyim, ay lələ.

Canım gedir, dözəmmirəm bu dərdə,
Məzarlarım narahatdı o yerdə.
Gecə-gündüz qarğıyıram namərdə,
Mən dərdimi kimə deyim, ay lələ.

O torpağın tozu olam orda mən,
Qışı olam, yazı olam orda mən.
Igidlərin izi olam orda mən,
Mən dərdimi kimə deyim, ay lələ.

Orda mənim cavanlığım qalıbdı,
Xan sarayım, samanlığım qalıbdı.
Üzlü pendir, sarı yağım qalıbdı,
Mən dərdimi kimə deyim, ay lələ.

Hicran yolu uzandıqca uzanır,
Bir çoxları həsrət nədi, az anır.
Qarı düşmən xeyli yatır qazanır,
Mən dərdimi kimə deyim, ay lələ.

Haqlı gedib öz haqqını alammır,
Namərdlərin yurd-yuvası talanmır.
Xeyli vaxtdır könül bağım sulanmır,
Mən dərdimi kimə deyim, ay lələ.

Bu boranda, bu çovğunda, bu qarda,
Elim harda, obam harda, mən harda.
Qoca bayquş hey ulayır hasarda,
Mən dərdimi kimə deyim, ay lələ.

Bu gərdişin yoxuşu var, düzü var,
Hər gecənin günəşli gündüzü var.
Lələdağın o dağlara sözü var,
Mən dərdimi kimə deyim, ay lələ.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri