Bayatılar


Bayatılar

Mən aşığam üz qara,
Kasadlıqdan üz qara.
Mənim qara bəxtimə,
Bir ağ düşüb, yüz qara.

Mən aşiqəm qara yaz,
Hava soyuq, qar ayaz.
Mənim müşkül dərdimi,
Götür qələm qara yaz.

Mən aşıq qara məni,
Hey basır qara məni.
Canıma od düşübdü,
Basdırın qara məni.

Mən aşıq dərdə məni,
Dər  salıb dərdə məni.
Hansı təbib sağaldar,
Gərdişdən dərd əməni.

Mən aşıq düzdə  qaldı,
Ceyranlar düzdə qaldı.
Əyri gəlib “düz” oldu,
Düz yenə düzdə qaldı.

Üç təpə,dağım təpə,
Yaşıl yaylağım təpə
Bir sağalmaz dərd olub,
Sənsizli çağım , təpə.

Göbəkdaş xanım daşım,
Bəlalar çəkdi başım.
Səndən ayrı düşəli ,
Selə dönüb göz yaşım.

Ay qaya ,Gəlinqaya ,
Kölgənə gəlim , qaya
Qoy uzanım qibləyə ,
Dibində ölüm ,qaya

Ay qaya, dərin qaya,
Kölgəsi sərin qaya.
Çıxam qənşər yerindən
Elimi görüm , qaya.

Yan təpə yanıq təpə,
Ürəyi sınıq təpə.
Görən indi necədi,
Qanqallı , Qoruqtəpə ?

Suquyusu suludu,
Ağzınacan doludur.
Mən bu yoldan dömmərəm,
Yolum haqqın yoludur.

Dərdi məndə,
Dərd nəfəs dərdi məndə.
Heç yerdə axtarmayın,
Axtarın dərdi məndə.

Yara mən,
Həsrət qaldım yara mən.
Namərdin oxu dəydi,
Aldım dərin yara mən.

Qanla qanı,
Yumazlar qanla qanı.
Zalım, əlin qurusun,
Yoğurdun qanla qanı.

Dağda  məni,
Soraqla dağda məni,
Fələk mənə dağ çəkdi,
İncidir dağ da məni.

Qara bax,
Qrova bax, qara bax.
Sağalmaz dərd olubdu.
Şuşa, Laçın, Qarabağ

Gözəldərə,
Gözəl dik , gözəl dərə ,
Bəslədiyim gülləri,
Alagöz gözəl dərə,

Dərəçiçək,
Yal çiçək, dərə çiçək,
Bizim çiçəkli düzdən,
Yar gələ dərə çiçək,

El dərdimi,
Dağ edib el dərdimi,
Qoyub gəldiyim gülü,
Görəsən el dərdimi?

El yoluna,
Qar yağıb el yoluna.
Ya Rəbbim, kömək elə,
Qayıtsın el yoluna.

Yaz an , dağı,
Qışda yox , yaz an dağı.
Yüz mələk poza bilməz,
Bir fələk yazan dağı.

Daş başına,
Quş qonub daş başına.
Yurdu talan olanın,
Düşübdü daş başına.

Dağ gördüm dağım artdı.
Sönən çırağım  artdı.
Gəlmişdim dərd azaldım,
Qüssəli çağım artdı.

Dərd var dözümə qənim,
Söz var sözümə qənim.
Gecə - gündüz ağladım,
Oldum gözümə qənim.

Qoru şər sözdən məni,
Bədnəzər gözdən məni.
Ya Rəbb, bəndə batanmaz,
Sən salma, gözdən məni.

Əzizim yara dağlar,
Dərd ağlar ,yara dağlar.
Hicran yolumu kəsdi,
Çatmadım yara , dağlar.

Mən aşıq yazda qara,
Qış qara , yaz da qara.
Qışdan salamat çıxdım,
Mən düşdüm yazda qara.

Ələppəyi dastana,
Kəklik gəlib bostana.
Qasid ,bir namə yazım,
Çatdır onu Astana.

Bu qaya qəlbi qaya,
Kölgəsi enib çaya.
Əlini ver əlimə,
Mən də keçim o taya.

Şalım qara boyandı,
Ucu yerə dayandı.
Bir ah çəkdim dan üzü,
Çöldə quşlar oyandı.

Əyriqarın yolunda,
Könlü sənəb kolunda.
Bir qolbağı olaydım,
Nazlı yarın qolunda.

O tay ,bu tay Həkəri,
Əzib yedim şəkəri.
Niyə geri çönübdü,
Bəxtimizin təkəri.

Atma , oxunu atma,
Atıb babala batma.
Anam sənə qız verməz,
Burda günü yubatma.

Gözəl oğlan . tək oğlan,
Evdən- evə sək, oğlan.
Sevdin , anam vermədi,
Bu dərdi də , çək oğlan.

Baxtım o dağ göründü,
Yollar uzaq göründü.
Yarım qənşərə çıxdı,
Əhvalı çağ göründü.

Barmağım beşdi mənim,
Yaşım on beşdi mənim.
Sənə könül verəndən,
Günləri xoşdu mənim.

Mən aşıq əlli sinə,
Çatmışam əlli sinə.
Bir mərdi dəyişmərəm,
Namərdin əllisinə.

Mən aşıq özgə dərə,
Özgə dik , özgə dərə.
Vətənin bir gülünü,
Qoymaram özgə dərə.

Əzizim qala yandı,
Zər verdim , qalay andı.
Ah çəkdim od töküldü,
Od aldım qala yandı.

Əziziyəm üzdəsən,
Hörmətlisən, üzdəsən,
Dalda, da ev yıxırsan,
Dost olursan üzdə sən.

Mən aşığam oyatsın,
Layla çalım o, yatsın.
Məni şirin yuxudan,
Deyin ,yarım oyatsın.

Mən aşığam hayandı,
Ha alışdı ,ha yandı.
Məzarıma saz qoyun,
Orda mənə hayandı.

Mən aşığam sənə mən,
Könül verdim sənə mən.
Əhdə vəfalı çıxdım,
Halal olsun sən əmən.

Mən aşığam yaradı,
Könlüm haqdan yaradı.
Dilimdə qabar oldu,
Vətən sözü ,yar adı.

Mən aşığam dərdinə,
Davası nə , dərdi nə.
Aşiq bəlaya düşüb,
Qalan yoxdur dərdinə.

Mən aşığam dərdinə,
Çarə yoxdur dərdinə.
Namərdə bel bağlama,
Qulluq edər hər dinə.

Mən aşığam sinəsaz,
Əndam gözəl ,sinə saz.
Yar qarşıma çıxanda,
Sinəm üstə sinə saz.

Mən aşıq qəlbi sinə,
Qəlbi dik, qəlbi sinə.
Yarım görüşə gələ,
Üz gülə, qəlb isinə.

Mən aşıq hər gülənə,
Bülbüləm, hər gülə, nə.
Sirrini vermə gülüm,
Üzünə hər gülənə.

Mən aşıq yaralıdır,
Dərdlidi, yaralıdı.
Mənim dərdimə dərman,
Şəfalı yar əlidi.

Mən aşığam üzünə,
Astara nə,üzü nə?
Yardan giley eyləmə,
Sözünü de üzünə.

Mən aşıq dolu döydü,
Boş qaldı, dolu döydü,
Şaxtadan gül qorudum,
Açanda dolu döydü.

Mən aşıq ha doldu,
Ha boşaldı, ha doldu.
Yad gəldi qohum oldu,
Qohum getdi yad oldu.

Mən aşığa gülə yar,
Bülbül olub gülə yar.
Dünyada qəmim olmaz,
Danışa yar, gülə yar.

Mən aşıq uzaq dayan,
Uzaq dur ,uzaq dayan.
Qəlbimin nur çırağı,
Əğyardan uzaqda yan.

Mən aşığam yanana,
Dərdini de yanana.
Mənimki belə düşdü,
Məhşərəcən yan, ana

Mən aşığam oda sal,
Bu sərt qaya, o da sal.
Nadan sözü topla, yar,
Öz əlinlə oda sal.

Mən aşığam o,yandı,
İntizarım oyandı.
Sevdim ala bilmədim,
Mən alışdım ,o yandı.

Mən aşıq yasəməni,
Nərgizi, yasəməni.
Harayla toya gəlim,
Çağırma yasa, məni.

Mən aşıq gözəl diyar,
Gözəl yurd ,gözəl diyar.
Dünyada gözəl çoxdu,
Hamıdan gözəldi yar.
Aşıq meşəli yerdə,
Tər bənövşəli yerdə.
Məni namərd oxladı,
Qaldım döşəli yerdə.

Əzizinəm sim bağlar,
Aşıq saza sim bağlar.
Köhnə yaram qövr eylər,
Təzə yaram sim bağlar.

Mən aşığam sim bağlar,
Aşıq saza sim bağlar.
Oxladın sinəmi, yar,
Bəs yaramı kim bağlar?

Aşıq bölgəli dağlar,
Yanı kölgəli dağlar.
Yoruldum gözləməkdən,
Nə vaxt el gəli,dağlar?

Əzizim saz ağlar,
Aşıq deyər, saz ağlar.
Sən qoynumda yat, gülüm,
Məni döysün sazaqlar.

Əzizim gəmi gəldi,
Ayrılıq dəmi gəldi.
Kəndlərimiz boş qalıb,
Şəhərə hamı gəldi.

Əzizim çərşənbədi,
Könlümə düşən nədi?
Ocaqdakın görürəm,
Təndirdı bişən nədi?

Əzizim başbaşadı,
Qayalar başbaşadı.
Əlim eldən üzüldü,
Yurdumda yad yaşadı.


Mən aşıq yatan qarı,
Dağların yatan qarı.
Kişini tez qocaldar,
Axşamdan yatan qarı.

Mən aşıq Qanlıgölə,
Yol gedir Qanlıgölə.
Qorxun o gündən olsun,
Üstünə qanlı gələ.

Mən aşıq Qanlıdərə,
Qanlı dik, qanlı dərə.
Yanıb külə dönərəm.
Gülümü qanlı dərə.

Mən aşıq Bağlıqala,
Bağçalı, bağlı qala .
Bizi dərdə salanın,
Qapısı bağlı qala.

Mən aşıq Qanlıqala,
Qanlı yurd, qanlı qala.
Bizi eldən edənin,
Əl- üzü qanlı qala.

Mən aşıq Qala yeri,
Yurd yeri,qala yeri.
Yağını vurğun vura,
Məclisdə qala yeri.

Əzizim yar ayağı,
Dərd verib yara, yağı.
Öpəydim kandarından,
Dəysəydi yar ayağı.

Əzizinəm dağlara,
Yolum düşə dağlara.
Düşmən dağ çəkib mənə,
Dözəmmərəm dağlara.


Nərdivana
Ayaq qoy nərdivana.
Yar qədrini yar bilər,
Nə bilər hər divana?

Əzizim gecə məndə,
Yatmadım gecə məndə.
Gözümdən yaş ələnər,
Ləbindən gec əməndə.

Yara məndə,
Almışam yara məndə.
Ölü olsam dirilləm,
Ləbimdən yar əməndə.

Qar qalandı,
Göyərən qar , qalandı.
Qarğalar qartal oldu,
Qartallar qarğalandı.

Əzizim bu dağ ilə,
Yol gedər bu dağ ilə.
Heç kim sənə dost deməz,
Mən ölsəm bu dağ ilə.

Əzizim hara gedim,
Haran var, hara gedim,
Mənə yara vurmusan.
Dərmana hara gedim?

Mən aşiqəm yad əli,
Ya divanə,ya dəli.
Bir gün də yaşamaram,
Sənə dəysə yad əli.

Əzizinəm çöllərə,
Ellər düşdü çöllərə,
Məni Məcnun eylədin,
Axır düşdüm çöllərə.


Ağacın ilk nübarı,
Şirindir ilk nübarı.
Sənin vəfan bu imiş,
Əvvəl deyərdin, barı.

Dağlardan qar gedincə,
Bağlardan bar gedincə.
Canım çıxsa yaxşıdır,
Sevimli yar gedincə.

Gözlərin kimi gözlər,
Nə bilim kimi gözlər.
Nə xalın kimi xal var,
Nə gözün kimi gözlər.

Əzizim yenə sarı,
Yaramı yenə sarı.
Canım sənə peşkəşdi,
Bir gəlsən mənə sarı.

Mən aşiqəm bir-bir çək,
Gəl oxları bir-bir çək.
Məni çöllərə salıb,
Bir qaş ,bir göz ,bir birçək.

Mən aşiqəm qalayar,
İgid ,tərpən qala ,yar,
Mən düşdüm qürbət elə.
Sən Vətəndə qal, a yar.

Yara dağlar,
Təbiblər yara dağlar
Bir namə verim sizə
Yetirin yara, dağlar.

Dağda dağı
İstəməz dağ da dağı.
Namərd əliylə çəkdi,
Sinəmə dağda dağı!


Yada məni,
Verirlər yada məni,
Allah ,tez bazar eylə,
Ya  onu, ya da məni.

Dağ qarıdı,
Bu yağan dağ qarıdı.
Oba köçdü, yurd qaldı,
Xiffətdən dağ qarıdı.

Tapar məni,
Dərd gələr tapar məni,
Qoy yarımla görüşüm,
Sonra gəl apar məni.

Yarı məndə,
Qalmışam yarı mən də.
Fələk ,yurdun talansın,
İtirdim yarı, mən də!

Qara sarı,
Yarama qara sarı.
Od düşüb sinəm yanır,
Gəl gedək qara sarı.
                                                       
Ağbabanı,
Yada sal Ağbabanı.
Şəvə saçlar tökülüb,
Bürüyüb ağ babanı.

Mən aşiqəm bir də mən,
Bir sən oldun, bir də mən.
Əhdə vəfalı çıxdın,
Sənə qurban bir də mən.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri