Əvəz Mahmud Lələdağ Şeir


                                    Görürsən
Bəxtəvər başına ay Yamacbulaq,
Mən görməyən gözəlləri görürsən.
Lalə yanaq, ayna qabaq , bal dodaq,
Canlar alan o qızları  görürsən.

Növcavanlar  yığılırlar başına,
Səhəngləri söykəyirlər daşına.
Toy yaraşır payızına qışına,
Çiçək kimi gül üzləri görürsən.

Səndən ayrılalı oldum Lələdağ,
Sağalmaz sinəmə çəkilən o dağ.
Dözməz bu sitəmə nə dərə nə dağ,
Bizdən qalan saf izləri görürsən.   
                                                                                                          2015

                            
                                          Gəlmədi

Gözüm yolda qaldı ,qulağım səsdə,
Bəs səhər gedənim, niyə gəlmədi.
Həsrətin çəkməkdən olmuşam xəstə,
Hayladım ,hayladım  haya gəlmədi.

Günəşdən soruşdum, aydan soruşdum,
Dənizdən soruşdum, çaydan soruşdum.
Bahardan soruşdum, yaydan soruşdum,
Batdı yerə, çıxdı göyə ,gəlmədi.

Sabah-sabah sərin mehdə əsdi hey,
Hicran məni qılınc kimi kəsdi hey.
Harayladım neçə yaxın dostu hey,
Qıy vurdum aləmə, qıya gəlmədi.

Yaş qarıdı, ömür keçdi a zalım,
Hey çalışdım səndən kammurad az alım.
İnsafdır mı yana- yana a zalım,
Əvəz  Kördü,zalım vaya gəlmədi.


                                             Ay etibarsız
Qış qutardı bahar gəldi yurduma,
Yolunu gözlədim ay etibarsız.
Gözəllər çıxanda gülşən sehrinə,
Mən səni izlədim ay etibarsız.

Tut sovuldu, alça dəydi , gəlmədin.
Yaxın , uzaq məndən əydi gəlmədin.
Arzularım daşa dəydi, gəlmədin,
Hicrinə dözmədim ay etibarsız.

Gəldi xəyalıma ötən günlərim,
Əzabla cücərib bitən günlərim.
Qaldı yağılara çətən güllərim,
Birini üzmədim, ay etibarsız.

Niyə qovammıram dumanı çəni,
Bürüyür çayır tək çölü, çəməni.
Unuda bilmirəm ana Vətəni,
Doyunca gəzmədim, ay etibarsız.

Orda bağ da qaldı, torpaq da qaldı,
Dəryaz da ,çəkicdə oraq da qaldı.
Görən görüşümüz nə vaxta qaldı.
Mən səndən bezmədim, ay etibarsız.                                   
                                                                                                      15.03.2015


                                Düşmüşəm
Ala gözlüm , şirin sözlüm hardasan,
Dərdini çəkməkdən dərdə düşmüşəm.
Oba köçüb , yurdu qalıb xaraba,
Mən də gəlib həmin yurda düşmüşəm.

Qan ağlayır gəzdiyimiz yaylaqlar,
Südlübulaq hər an səni soraqlar.
Qaraldı ocaqlar, söndü çıraqlar,
Düşdüyüm bəlaya bir də düşmüşəm.

Tez gəl gülüm, nurlandıraq bu yurdu,
Nadanlar gülümü qönçədə dərdi.
Çörək itirənlər üzümə durdu,
Şərin pəncərəsinə burda düşmüşəm.

Haq işimiz nazilsə də, qırılmaz,
Yağılardan heç vaxt bizə yar olmaz.
El yolunda şair Əvəz  yorulmaz,
Gör gəlib çovğuna harda düşmüşəm



                                    Sağalmaz

Qılınc yarası sağalar,
                             Söz yarası sağalmaz.
                                               Deyib atalar.
Məndən soruşurlar
                         Vəfalı dostlar.
Yaran necədir, sağalırmı,
                               Gələcəyə ümid varmı?
Əlbəttə sağalar
                  Bıçaq yarasıdır.
Söz yarası deyil ki, sağalmaya.
Haray o gündən
                    Canım sağ olmaya,
Vətənə, xalqa,  millətə
                          Xidmət edə bilməyəsən,
Dərdinə şərik olub,
                        Xeyrində gülməyəsən



                                                                                                      2015
                           Dərs aldım
Ömrümün payından bir ay da getdi,
Bir aydı olmuşam yataq xəstəsi.
Nə günəş görürəm, nə ay görürəm,
Elə bil batıbdı, quşların səsi.

Bilmədim nə qədər iynə vurdular,
Yaralı sinəmi bir də yardılar.
Əməlli- başlıca məni yordular,
Boğdular içində olan həvəsi.

Köksümü yardılar  bir neşə yerdən,
Dərdli ürəyimdən dərd çıxdı görən?
Ölüm yatağında inləyəndə mən,
Çatdı harayıma yazın nəfəsi.

Çəkildi qınına istilik ölçən,
Çəkildi gözümdən qatı duman çən.
Həkimə ,tətilə, loğmana əhsən.
Onalardan dərs aldım mən həyat dərsi.


                                                                                         15.01.2015


                                      Qızlarım
Bir afat küləyi qopdu, nə qopdu,
Dadıma çatdı əzəl qızlarım.
Ulu  Yaradandan bir diləyim var,
Sağlam yaşasınlar yüz il qızlarım.

Hamısı balamdı, ciyərparamdı,
Biri  məlhəmimdi, biri çarəmdi.
Halaldan kəsb olan halal varımdı,
Hər biri qızıldı , qızıl qızlarım.

Tutub qalmayacam qoca dünyanı,
Bizdən əvvəlkilər söyləyin hanı.
Əvəz Lələdağın duruldu qanı,
Kəsdilər yanımı gözəl qızlarım.

                                                                                          16.01.2015



                                    Dünyada

Köç karvanım  getdi  Kəndan Məkana,
İzim qaldı, sözüm qaldı dünyada.
Taleyin hökmündən qaçmaq çətindi,
Neyləməli gözün qaldı dünyada.

Bir vaxt saydı dağ qızının telini,
Möhkəm tutdum, buraxmadım əlini.
Kəmər kimi qucdum incə belini,
Ocaq Çatdım, közüm qaldı dünyada.

Sığmaz yerə-göyə Əvəzin dərdi
Bağ saldı barını özgələr dərdi.
Lələdağ bu dərdi İlahi verdi,
Kökdən  düşən sazım  qaldı dünyada.



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri