Darıxmışam


Darıxmışam

Yaman darıxmışam o dağlar üçün,
Inanın, burnumun ucu göynəyir.
Vallah, ayrılığa dözə bilmirəm,
Başımın, beynimin içi göynəyir.

Həsrətdən yanıbdı dilim, dodağım,
Nənəmin küllənmiş sacı qalıbdı.
Sönüb külə dönüb odum, ocağım,
Şirinim yox olub, acı qalıbdı.

Ilahi, bir dəli külək olam mən,
Ötəm buludları, ötəm quşları.
Işıqlıdağında çiçək olam mən,
Üstümə səpilə yaz yağışları.

Ilahi, bir həzin mehə dönəm mən,
Əsəm çiçəklərin, güllərin üstə.
Çəməndə parlayan şehə dönəm mən,
Çilənəm o qara tellərin üstə.

Alıb ağuşuna xam xəyal məni,
Indi xiffət edir ocaq daşları.
Unuda bilmirəm çölü, çəməni,
Sürülər bəzəyən dağ yamacları.

Hər qaya dibindən bur bulaq çıxır,
Ürək yanğısını söndürən bulaq.
Zəmzəm suyu kimi çağlayıb axır,
Atlını atından endirən bulaq.

Gəlir xəyalıma hər zaman, hər an,
Baldırğanlı dərə, yarpızlı gözə.
Orda kəhriz var ki, sözümə, inan,
Dirilik suyudur, nur verir gözə.

Öpəm bulaqların durna gözündən,
Sonra tumarlayam şumal daşları.
Keçəm Əyriqardan, Maraldüzündən,
Gəzəm yamacları, gəzəm döşləri.

Uzanam dibinə lal qayaların,
Qaya kölgəsində yatam, dincələm.
Artıq tükənibdi səbir-qərarım,
Gileydən, güzardan beynim dincələ.

Göylər nərə çəkə, şimşəklər çaxa,
Otlar sırğa taxa şeh damcılardan.
Bu anda böyürdən bir gözəl baxa,
Vuram qoltuğuma, çıxam aradan.

Bəxtimin ulduzu yatıbdı hələ,
Aranı kəsibdi qatı duman, çən.
Çoxdandı açılmır qurulan tələ,
Yağı tapdağında inləyir Vətən.

Bir gün açılacaq yollar, irizlər,
Yenə şənlənəcək bizim yaylaqlar.
Yurdumda qalacaq silinməz izlər,
Daha gur yanacaq sönmüş ocaqlar.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri