Əvəz Mahmud Lələdağ Şeirləri


Dərdi

Çilə çıxmayıb hələ,
Qarışmayıb sel-selə.
Sonalar gəlmir gölə,
Gölü üzüb yaz dərdi.

Ünüm yetmir elimə,
Əlim çatmır gülümə.
Yüklənibdi belimə,
Bu dünyanın yüz dərdi.

Kim nə alır, nə satır,
Nərədən qulaq batır.
Arzular qanda yatır,
Şair çəkir söz dərdi.

Gərdişi yıxıb yalan,
Düz olub düzdə qalan.
Əvəzdi yurdu talan,
Ona bəsdi öz dərdi.
2017
Qalsın

Köç edirəm sizdən, dağlar,
Görüşümüz  yaza qalsın.
Sərin sular, buz bulaqlar,
Qışa dözə-dözə qalsın.

At çapmışam oylağında,
Allı-güllü yaylağında.
Gözüm qalıb qaymağında,
Göz gördüyü, gözə qalsın.

Unutmaram Ağdərəni,
Ovçu yatan bənd-bərəni.
Gəl qoruyaq haq verəni,
Yaxşı nə var bizə qalsın.

Sizdə qalan izim ağlar,
Qaş  altında gözüm ağlar.
Canım dağlar, gözüm dağlar,
Yurdu bəzə, təzə qalsın.

Tapammıram Əvəz sizə,
Nə deyəsən əvəzsizə.
Bir gün gələr Əvəz sizə,
Qarşılamaq sizə qalsın.
2017
Tutammıram

Şirin yuxum ərşə çıxır,
Səhərəcən yatammıram.
Ürəyimi dara çəkən,
Dərdi, qəmi atammıram.

Gəlirsən gözüm özünə,
Mat qalmışam dözümünə.
Ağlayıram öz günümə,
Vüsalıma çatammıram.

Yalvarıram addımbaşı,
Ətəyindən tök bu daşı.
Ol Əvəzin könül quşu,
Özgə quşu tutammıram.
2017

Görən

Payız çıxdı, qış yetişdi,
Dağlardakı qarmı görən.
Yurdum yuvam talan oldu,
Bəşəriyyət kormu görən.

Dolu döydü, dərdi qaldı,
Namərd qaçdı, mərdi qaldı.
Oba köçdü, yurdu qaldı,
Ocaqdakı qormu görən.

Yaman sitəm oldu mənə,
Karvan çatdı duman, çənə.
Qan çiləndi göy çəmənə,
Gülə düşən xarmı görən.

Axşam oldu qaş qaraldı,
Aləm gözümdə qaraldı.
Gülşəni bəyaz qar aldı,
Bizə qənim sarmı görən.

Sona qaldı göldən ayrı,
Bülbül oldu güldən ayrı.
Əvəz öldü eldən ayrı,
Ona yanan varmı görən.
2017

Deyilsənmi

Bir vaxt məni ovsunlayıb,
Dilə tutan deyilsənmi.
Qonşu qızla həmdəm olub,
Ara qatan deyilsənmi.

Nur yağırdı üz-gözündən,
Doymaq olmurdu sözündən.
Sən çəpərin o üzündən,
Qaş-göz atan deyilsənmi.

Qaymaq dodaq, şirmayı saç,
Hörüklərin qulac-qulac.
Eşqimizə bir süfrə aç,
Vuran, tutan deyilsənmi.

Indi solub əsmər yanaq,
Nə məzə var, nə kef-damaq.
Ömür keçdi, ay Lələdağ,
Əhdə çatan deyilsənmi.
2017

Calayırsan

Neyləmişəm sənə fələk,
Dərdi-dərdə calayırsan.
Bu yurd mənim ola-ola,
Yurdu-yurda calayırsan.

Gileyliyəm Yaradandan,
Çıxammıram aradan mən.
Yan keçirsən yar adamdan,
Qurdu-qurda calayırsan.

Zamana bəd, gərdiş üzgün,
Haq-ədalət ola düzgün.
Şad xəbər eşidək bir gün,
Mərdi mərdə calayırsan.
2017

Qaldı

Bu gərdişin çarxı çöndü,
Bəxt ulduzum göydən endi.
Yurd talandı, ocaq söndü,
Ümid bircə közə qaldı.

Dağların dərəsi gözəl,
Ovçunun bərəsi gözəl.
Kəkliyin fərəsi gözəl,
Ov ovlamaq sizə qaldı.

Çəmənlərim çiçək-çiçək,
Qan çilədi gülə fələk.
Dözmədi, partladı ürək,
Dərdi çəkmək bizə qaldı.
2017

Dağlar

Bu ayrılıq dağlar məni,
Qəlbim dönər buza, dağlar.
Bu əzaba, əziyyətə,
Qaldım dözə-dözə, dağlar.

Kimə gərək bu qəm donu,
Kim geyəcək axı onu?
Bu həsrətin çatsa sonu,
Əl edərsən bizə, dağlar.

Namərdin yurdu dağılar,
Xeyir şərə bir dağ olar.
Gözüm yollardan yığılar,
Söz verilər saza, dağlar.

Bu halətdən yağı gülməz,
Dərd çəkməyən dərdi bilməz.
Can versə də Əvəz ölməz,
Əli çatsa sizə, dağlar.
Fələk

Bu nə yükdü yükləmisən,
Kürəyimə  zalım fələk.
Yük altında inləməkdən,
Közə dönüb dilim, fələk.

El-obadan ayrı düşdüm,
Qərib-qürbət eldə bişdim.
Heç bilmirəm bu nə işdi,
Bağlanıbdı yolum, fələk.

Başım çıxmır bu gərdişdən,
Əl götürmür pis vərdişdən.
Doğma yurdu görməmişdən,
Istəmirəm ölüm, fələk.
2016
Fələk

Dağ çəkirsən dağlar üstə,
Necə dözüm, zalım fələk.
Bu gərdişdə neçə dəfə,
Pisləşibdi halım, fələk.

Yurdum çıxıbdı əlimdən,
Xəbərim yoxdu elimdən.
Ayrı düşmüşəm gülümdən,
Bağlanıbdı yolum, fələk.

Bu nə dövran, bu nə əyyam,
Niyə yatıb Ömər Xəyyam.
Qalmayıbdı abır-həyam,
Sözdən düşüb dilim, fələk.

Daşın səsi daşdan gələr,
Nə gələrsə başdan gələr.
Tufan, çovğun qışdan gələr,
Kaman olar belim, fələk.

Niyə durmusan qəsdimə,
Tez-tez cumursan üstümə.
Yurdu qoymusan pis günə,
Burda necə qalım, fələk.

Sən ki, məni tanıyırsan,
Bəlkə bir də sınayırsan?
Güvənməki hələ varsan,
Səndən keçməz ölüm, fələk.

Neyləyibdi Əvəz sənə,
Dağ çəkirsən sinəsinə.
Həsrət qoymusan Vətənə,
Aç bu sirri bilim,  Fələk.
2016


Gözüm


Ayna camallını, bal dodaqlını,
Bir incə bellini axtarır gözüm.
Yerişi, duruşu can alan olsun,
bir siyah tellini axtarır gözüm.

Nələr çəkdiyimi  bir Allah bilir,
Qəm tüğyan eyləyib üstümə gəlir.
Əğya qəh-qəh çəkib ürəkdən gülür,
Dərd bilən ellini axtarır gözüm.

Hicran yanğısına Lələdağ gərək,
Dözə hər cəfaya, dözə igid tək.
Sirrimi açıram sənə ey fələk,
Bir tutu dillini axtarır gözüm.
06.08.2012

Qadasın aldığım

Yollarına gül düzmüşəm,
Qoxla, qadasın aldığım.
Məndə olan sədaqəti,
Yoxla, qadasın aldığım.

Qız, dönmüsən aya, günə,
Gəl bir çıxaq göy çəmənə.
Ürəyimi verim sənə,
Saxla, qadasın aldığım.

Bülbül həsrət qalıb gülə,
Cavan ömrü vermə yelə.
Eşq evimi belə-belə,
Yıxma, qadasın aldığım.

Vəfasız olma Əvəzə,
Yadlar bilib gülər bizə.
Şeytan-şuğul deyən sözə,
Baxma, qadasın aldığım.
2016
Qayıtsa

Sevinərəm, yurdumuzun,
Mərdi qayıtsa, qayıtsa.
Qarabağın qəm karvanı,
Dərdi qayıtsa, qayıtsa.

Namərd oxu dəysin daşa,
Son qoyulsun bu savaşa.
Sülh, azadlıq başdan-başa,
Nurdu, qayıtsa, qayıtsa.

Qurban kəsərəm o günə,
Başlayaram toy-düyünə.
Qələbəylə öz öyünə,
Ordu qayıtsa, qayıtsa.

Gedən getdi  bir də gəlməz,
Kədər dolu ürək gülməz.
Inanın ki Əvəz ölməz,
Yurdu qayıtsa, qayıtsa.
2016
Qorumadın

Nə bəd yazıb yazı yazan,
Yalnış yozub yuxu yozan.
Lənət sənə, əhdi pozan,
Düz ilqarı qorumadın.

Namərdoğlu nədir qəsdin,
Qara yeltək hardan əsdin.
Kim nə dedi, nədən küsdün,
Etibarı qorumadın.

Bir fikirləş, nə qazandın,
Öz oduna özün yandın.
Hara getdi o düz andın,
Dostu-yarı qorumadın.

Qarğayıram hər an sənə,
Qarğayıram dönə-dönə.
Yurdu qoydun yaman günə,
Namus-arı qorumadın.

Bu torpağın oğluyam mən,
Bayatısı, nağlıyam mən.
Şirin, şəkər noğluyam mən,
Dövlət-varı qorumadın.

Ürək sizə ürək verən,
Dirəksizə dirək verən.
Sənə halal çörək verən,
Xilaskarı qorumadın.
2017

Yavaş-yavaş

Dostum, bu dünyanın dərdi sərinə,
Sən də mənim kimi döz yavaş-yavaş.
Gətir xəyalına bizim elləri,
Boylana-boylana gəz yavaş-yavaş.

Çıx Haçagədiyə, Camışölənə,
Boylan Çınqıllıya, bax Yargələnə.
Sabah da gedərsən Sutökülənə,
Bir az da nurlanar göz yavaş-yavaş.

Bir gün də salam ver Çiçəklidüzə,
Qoy Arpatəpəsi başlasın sözə.
Olub-keçənlərdən danışsın bizə,
Sən də götür qələm yaz, yavaş-yavaş.

Bələd ol oranın hər bərəsinə,
Buğda təpəsinə, Seldərəsinə.
Bax gözəl kəkliyin çil fərəsinə,
Burda dilə gəlsin saz yavaş-yavaş.

Eləki yoruldun, en Çuxurbağa,
Səcdə qıl müqəddəs daşa, torpağa.
Buzduqdan bir addım getmə uzağa,
Qopart qəlpə-qəlpə buz, yavaş-yavaş.

Yalyurdun qaşından dön Lalayurda,
Səfalı yaylaqdır, yıxıl yat orda.
Vallah darıxmarsan bizim diyarda,
Darıxsan, vurarsan “yüz” yavaş-yavaş.

Yurdu yağılardan təmizləyək biz,
Ağ günə çıxsınlar sütül nəslimiz.
Yenə işıqlansın ana kəndimiz,
Əvəz, çözələsin söz yavaş-yavaş.
2016

Qalıbdı

Yanıram ay ellər, odum sönməyir,
Allı-güllü yaylaqlarım qalıbdı.
Xalı  çəmənlərim, yaşıl düzlərim,
Mərcan gözlü bulaqlarım qalıbdı.

Zümrüd yamaclardan çən çəkiləndə,
Güllərin tacından şeh töküləndə.
Gözüm tor görəndə, bel büküləndə,
Görüş yerim, otlaqlarım qalıbdı.

Dururmu vüqarlı İşıqlıdağı,
Kəklikli Yalyurdun sərin bulağı.
Namərdlər çəkdilər sinəmə dağı,
Dərəm, təpəm, çaylaqlarım qalıbdı.

Yazda, yayda kölgəsində yatdığım,
Payız yığıb meyvəsini satdığım.
Sübhdən durub harayına çatdığım,
Bülbül ötən gül bağlarım qalıbdı.

Hicran dəryasında üzən yelkənəm,
Vətən söyləməkdən yorulub çənəm.
Tanıyın a dostlar, Lələdağ mənəm,
Obalarım, oymaqlarım qalıbdı.
2016
Qızlar

Bir ayaq saxlayın, sizə sözüm var,
Bax səfil deməyin adıma, qızlar.
Bir vaxt vurulmuşdum məndə bir qıza,
Kimsə yetişmədi dadıma, qızlar.

Illər bürüyəndə dumana məni,
Gərdiş qərq elədi tufana məni.
Rəbbim gətirdi imana məni,
Qızlar isinmədi oduma, qızlar.

Nə qəza üz verib, bilmirəm hələ,
Açılmır bəxtimə qurulan tələ.
Bir ayna qabağa, bir incə belə,
Dediyim söz düşdü yadıma, qızlar.

Qorxuram sözümü deyəm aşkara,
Cəlladlar aparıb çəkələr dara.
Düşdüm səhralara, gəzdim avara,
Yetən böhtan atdı zatıma, qızlar.

Xəyanət etmədim saf eşqimizə,
Allah göstərməsin o günü bizə.
Yaxşı qulaq asın mənalı sözə,
Qısqanclıq qənimdi qadına, qızlar.

Ürəkdən dinləyin şair Əvəzi,
Həsrət qurda dönüb yeyir Əvəzi.
Sizlərdən bir nəfər söyür Əvəzi,
Baxmır yaxınına, yadına, qızlar.
2016
Qalıbdı

Dindirməyin, dərdim çoxdu ay ellər,
Doğma eldə neçə izim qalıbdı.
Bu dar gündə məni dada çağıran,
Qızmeydanım, Cıdırdüzüm qalıbdı.

Göbəkdaşım göbəklidi qız kimi,
Bulaqların suyu orda buz kimi.
Sinəmi yandıran alov, köz kimi,
Təzə bənd olduğum qızım qalıbdı.

Orda çiçəklərin duruşu gözəl,
Orda kəkliklərin yerişi gözəl.
Nişanlı qızların əl işi gözəl,
Belə gözəllikdə gözüm qalıbdı.

Hesabı bilinmir mənim dərdimin,
Çarəsi tapılmır qənim dərdimin.
Əvəz Lələdağın olsa dərdi min,
Vətənə getməyə dözüm qalıbdı.
2016

Getdi

Qırıldıq, qıpıldıq başına dönüm,
Igidlərim getdi, nərlərim getdi.
Qürbətdə yaşamaq zülümdü, zülüm,
Koroğlu qeyrətli ərlərim getdi.

Bizi qorumadı o dağ, o dərə,
Əli qoynumuzda düşdük çöllərə.
Tamarzı qalmışam mən Qarapirə,
Ocaqlarım getdi, pirlərim getdi.

Pozuldu növrağım, dağıldı yurdum,
Bu hicran yolunda özümü yordum.
Yağı qabağında mərdanə durdum,
Yaddan məxvi olan sirlərim getdi.

Əvəz Lələdağın bəxti yatıbdı,
O, bilir torpağı kimlər satıbdı.
Kimlərin caynağı qana batıbdı,
Kimin ucbatından gorlarım getdi.
2016

Üstə

Əndamın ərisin, dilin laldımı,
Niyə danışmırsan,  a boyu bəstə.
Yollara baxmaqdan zara gəlmişəm,
Dözümüm qalmayıb olmuşam xəstə.

Sən niyə əlimdən əlini çəkdin,
Telini oxaşdım, telini çəkdin.
Tullantı qabına gülümü tökdün,
Görünür durmusan mənimlə qəsdə.

Indi dincəldinmi, məndən ayrıldın,
Dumandan ayrıldın, çəndən ayrıldın.
Bir düşün dərindən, kimdən ayrıldın?
Sən nə həvəsdəsən, mən nə həvəsdə.

Əvəz ümidini kəsməyib hələ,
Üstünə qara yel əsməyib hələ.
O,  səndən inciyib, küsməyib hələ,
Gəlsən yerin olar gözlərim üstə.

Qoymaz

Nadandan təmənnan olmasın qəti,
Ya onun kababı, ya ilan əti.
Sevər kef-damağı, eyşi-işrəti,
Sənə qəsd eləyər,  hikkəsi soymaz.

Qurunun oduna yaş da tez yanar,
Haqlının haqqını haqsızlar danar.
Nə namus anlayar, nə qeyrət qanar,
Beyni qızanda da heç kimi görməz.

Əvəz, dosta olan sədaqəti seç,
Düşmənə qəzəbi, kin, nifrəti seç.
Haqqı ədaləti, ləyaqəti seç,
Haqdan yapışanı haq darda qoymaz.
2016

Kəsilib

Bu torpağın, bu növrağın üstündə,
Başlar kəllə olub, qollar kəsilib.
Hasarlar çəkilib qala divarı,
Qonşudan qonşuya yollar kəsilib.

A qardaş, adamın toyu, yası var,
Tənha yaşamağın nə mənası var.
Unutma, gərdişin qasırğası var,
Düşünmə hayqıran sellər kəsilib.

Gəlib belə gedir yaz, yay, qış, bahar,
Hamı öz qınında, hamı intizar.
Nə söhbət edən var, nə dərdləşən var,
Dostluğu bağlayan tellər kəsilib.

Bir də eşidirsən qalmaqal salıb,
Oğul atasının qatili olub.
Fidan körpələrin yanağı solub,
Qəza törədənə illər kəsilib.

Çoxu atdan düşür, qalır piyada,
Qalır malı-mülkü yağıya, yada.
Şahlar başı udan qoca dünyada,
Palıdlar doğranıb, kollar kəsilib.

Bəzən də veriblər haqqı nahaqqa,
Zəmanə çıxardıb gündə bir hoqqa.
Birinin belinə çatmayır toqqa,
Birinin əliylə güllər kəsilib.

Dərin düşünənin dərdi tükənməz,
Dünyanın namərdi, mərdi tükənməz.
Oğrusu, əyrisi, qurdu tükənməz,
Ətəkdən yapışan əllər kəsilib.

Şair, bu gərdişdən sən gileylənmə,
Çalış ucalıqdan aşağı enmə.
Nadan məclisində danışma, dinmə,
Başa bəla olan dillər kəsilib.
2016

Deyilmi
Gəl qoyma özünü bilməməzliyə,
O torpaq , o məkan mənim deyilmi ?
Dünyanı söhbətlə sözlə bəzəyən,
Dədə Ələsgərim, Alım deyilmi?

Toz-torpağın bizi cana gətirib,
Külək əsib, yel bu yana gətirib.
Kimlər səni İrəvana gətirib?
Arpaçayım Xançobanım deyilmi?

Zəhərlə yoğrulub sənin dilin də,
Vəhşilik, qəddarlıq olub genində.
Mərhəmət, ləyaqət yoxdur dinində,
Göyməscidim din imanım deyilmi?

Qürbətdə keçirdim cavan vaxtımı,
Niyə göy əskiyə düydün bəxtimi.
Görən səndə insan qanı yoxdumu,
Qarbağım mənim canım deyilmi.

Qanında həm kin var, həm də ədalət,
Səndən üz döndərib haqla, ədalət.
Içindən çürüyür qurduğum dövlət,
Buna ağaların əmin deyilmi.

Hər zülmət gecənin bir gündüzü  var,
Ən sərt yoxuşun da hamar düzü var.
Əvəz Lələdağın sənə sözü var,
Göyçəgölüm adım, sanım deyilmi?
2016
Gülməyir

Qəriblik çəkirəm, vallah bu yerdə,
Dodağım qaçsada, üzüm gülməyir.
Dərdim çözələnir, içim göynəyir,
Sazım xiffət edir, sözüm gülməyir.

Niyə mənim bəxtim qara yazıldı,
Gələn baharım da qara yaz oldu.
Nə bir şirin ləhcə, şirin söz odu,
Oğlum qəhərlənir, qızım gülməyir.

Susubdu, dillənmir könlümün sazı,
Qayıdıb gələrdi yurdumun yazı.
Çəpərdən boylanır qonşunun qızı,
Ona zillənsə də, gözüm gülməyir.

Əvəzin gözləri yol çəkir hələ,
Taleh gözlərimə mil çəkir hələ.
Bu hicran yükünü el çəkir hələ,
Yamacım qəmlənir, düzüm gülməyir.

Apar

Əsən külək, söylə səmtin hardadır,
Məndən də o yerə salamlar apar.
Gecə-gündüz həsrətini çəkdiyim,
Candan əziz yara salamlar apar.

Özüm qocalsam da, eşqim qocalmaz,
Vəfasızlar heç vaxt haqdan güc almaz.
El içində gözdən düşər, ucalmaz,
Olar dərin yara, salamlar apar.

Gör neçə arandan, dağdan keçəssən,
Almalı, heyvalı bağdan keçəssən.
Soldan burulassan, sağdan keçəssən,
Bir də dağda qara salamlar apar.

Hələlik dağılmır fələyin taxtı,
Zülmün, zülmükarın çatacaq vaxtı.
Əvəzin müddətdir yatıbdı bəxti,
Olma qəlbi qara, salamlar apar.
2016
Məni

Bir əl mənim biləyimdən yapışıb,
Bilmirəm aparır o hara məni.
Üzündə günəşin, şöləsi yoxdu,
Çəkir qaranlığa avara məni.

Bilmirəm əhdi nə, arzusu nədi,
Gözümü bozardan qara su nədi.
Əyrisi, oğrusu doğrusu nədi,
Zalım həsrət qoyub o yara məni.

Mən qurban gedərəm, Vətən sağ olsun,
Vətənin dadına çatan sağ olsun.
Mənim harayıma yetən sağ olsun,
Yoxsa dirəmişdi divara məni.


Yetişdim

Şad xəbər eşitdim, inan şad oldum,
Bir kasa yerinə min kasa doldu.
Könlümün evindən qəm kasad oldu,
Nə qədər yol getdim mərdə yetişdim.

Çoxdandır incidir o yara məni,
Bir təbib tapılmır o, yara məni.
Allahım, sən yetir o yara məni,
Bəlkə bəxtim getdi, yurda yetişdim.

Düşüb diyar-diyar ha ara məni,
Ha soraqla məni, ha ara məni.
Zəmanə qoymuşdu avara məni,
Əvəz, haqqa gəlib burda yetişdim.

Gözəl

Kimdir bu dünyada insandan gözəl,
Insanı xəlq edən Canandan gözəl.
Sən necə gözəlsən, can alan, gözəl
Eşqimin dəryası dərindir hələ,
Qoynunda isti yer sənindir hələ.

Hünərin var məndən ayrı gəz görüm,
Bu ağrıya, bu acıya döz görüm.
Istəmirəm səndən qeyri üz görüm,
Bir canım var fəda olsun canana,
Mən nökərəm, sən də qulsan Canana.

Gərdişdə hicran var, vusal var axı,
Sevgiyə qəsd edən zaval var axı.
Həyatda sağlam var, bihal var axı,
Bu qədər dərd yükün çək apar görüm,
Eşqini sinəmdən gəl qopar görüm.

Qürbətdə giley

Qürbət eldə əgər kefin kökdüsə,
Hicran dərdi kürəyində yükdüsə.
Elim, obam, yerim, yurdum təkdisə,
Ha dincəlim burda, ha yatım burda,
Məhv olar mənalı həyatın burda.

Bu nə gərdiş,  nə zəvanə, nə diyar,
Götür həsrət ürəyimi indi yar.
Könlündəki arzu, dilək nədi, yar,
Heç bilmirsən kimə kimdən deyəsən,
Aman Allah, it tanımır yiyəsin.

Qəriblikdə qərib dedin adıma,
Dara düşdüm, yetişmədin dadıma.
Çarə nədi, özüm yandım oduma,
Arada bir oxum dəydi sərt daşa,
Dad o gündən, can sirdaşın sərtləşə.

Düşünmədim, yela verdim vaxtımı,
Kim uçurdu mənim gənclik taxtımı?
Gözgörəti dara çəkdim bəxtimi,
Namərd əli buraxmadı qolumu,
Nadürüstlər çəpərlədi yolumu.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları