Ucar gündən günə ucalır


Ucar gündən günə ucalır

YAP Sumqayıt təşkilatından mənə zəng vurub dedilər ki, hazırlaş, sabah Ucara gedəcəyik. Təşkilatın fəallarından biri, xeyriyyəçi hacı Ağamirzə Əhədov bizi doğma kəndində, Çiynidə ulu öndər Heydər Əliyevin heykəlinin açılışına dəvət etir. Hacı Ağamirzə Əhədov barədə çox eşitmişəm. Hacı ilə şəxsi tanışlığımız öz yerində.
Sumqayıtda bir neçə tanınmış, o necə deyərlər sayılıb-seçilən, barmaqla göstərilən Zaman İsgəndərov, Tofiq Hüseynli, hacı Ağamirzə Əhədov kimi el ağsaqqalları, xeyriyyəçiləri yaşayırlar.
Hacı Ağamirzə Əhədov həm də dəyərli ictimaiyyətçidir. O, Sumqayıtın ictimai həyatında fəal iştirak etməklə yaradıcılıqla da məşğul olur.
Ağmirzə Əhədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Tufanlardan keçən ömür ” və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin fəaliyyətini əks etdirən “XXI əsrin lideri ” kitablarının müəllifidir. Xeyriyyəçi hacı Ağamirzə Əhədovun xoşuma gələn bir ifadəsi var: “Sağ əl verdiyini, sol əl bilməməlidir”.
04.05.2012-ci ildə nümayəndə heyəti YAP-nın həyətindən yola rəvan oldu. Mən xətrini uca tutduğum Novruz müəllimin maşınında getməli oldum. Söhbət yolu yorar deyib ulularımız. Biz ordan-burdan söhbət açdıq, problemlərdən yan keçmədik.
Yolboyu xəyallar aləminə baş vurursan, doğma yurd yada düşür. Bir vaxt bu yolla kəndimə gedirdim. Hörmət və məhəbbətlə qarşılanırdım. Indi Ağdamdan o yana ancaq boylanmaq qalır. Novruz müəllimin: -Şair, burda bir çay içəkmi? Sözləri məni xəyaldan ayırdı. Bizimlə daban-dabana gələn YAP Sumqayıt təşkilatının sədri Asif İmaməliyevin də sürücüsü maşını çayxananın həyətində əyləndirdi. Hava getdikcə istiləşirdi. Adam çay yox, sərin bulaq suyu içmək istəyirdi. Mən üzümü dostlara tutdum:
-Ə, bu istidə çay içmək olar?
Asif müəllim suala lətifə ilə cavab verdi:
-Moskvada yanvar ayında qarlı-şaxtalı gündə orada yaşayan rus gəncləri dondurma yeyirmişlər. Bakıdan Moskvaya getmiş bir nəfər təəccüblənir və deyir:
-Görməmişlər, belə şaxtada da dondurma yeyərlər?
Sən demə, gənclərin arasında bizim dili bilən varmış, o, üzünü Bakılıya  tutur:
-Qardaş, günün qızmarında Kürdəmirdə qaynar çayı içə bilirsiniz, biz qışın soyuğunda dondurma yeyə bilmərik?
Biz söhbətə nöqtə qoyduq. Gülə-gülə yolumuza davam etdik. Açığını deyim ki, aran bölgəsində əvvəllər çox olmuşam. Bir vaxtlar Kürdəmir, İmişli, Beyləqan, Sabirabad və başqa bölgələr yazın burnu qanıyanda allı-güllü yaylaqlara köçərdilər.  
Əriməz, Əyriqar, Qızılboğaz, Alagöllər, Mərcanlı Ağdaban, Leyliqaçan, Qumarxac, Arxaşan, Muradtəpəsi, Pəriçınqılı və s. həmin  bu yaylaqlara Şükürbəyli, Rəsullu, Şahsevənli, Korabazlar, Hacalımuradlı, Əhmədallar, Kürmahmudlu, Xəlfəli, Ovşar -elat tərəkəməli gələrdilər. Yollar qoyun sürülərini, mal-qara naxırını, at ilxılarını, dəvə qatarlarını tutmazdı. Qadınlar dəvələrin üstündə fərməşlərin arasında oturub yun darayar, cəhrə qurub ip əyirərdilər... Novruz müəllim: Şair, darıxmırsan ki, yolumuz az qalıb, tezliklə İnşallah mənzil başına çatacağıq. Mən yenə xəyal dünyamdan ayrıldım.
-Novruz müəllim, bu yerlərdə olmusan? Isti olan yerlərdi.
-Bir-iki dəfə olmuşam, aran isti olar də. -dedi Novruz müəəllim.
Novruz müəllim, mən bir neçə il əvvəl Qaradonlu kəndinə getmişdim, daha doğrusu o kənddən keçib gedirdim. Göydən od yağırdı. Maşının mühərriki qızdırırdı. Yolun kənarında bir yaşlı qadın oturmuşdu. Maşını əyləndirdim, düşdüm.
-Nənə harda bulaq var, maşına bir az su töküm?
-Odey su! -Palçıq kimi axan kanalı göstərdi.
-Ay nənə, o palçıq kimi suyu maşına tökməkmi olar?
-Hardan alım Vedinin durnagöz bulaqlarının suyunu, a bala dərdin ürəyimə?
Nənənin danışdığından hiss etdim ki, o yurd yanğılı, torpaq haraylı, Vətən həsrətlidir. Həmsöhbət oldum onunla – Nə deyim, ağrın alım! Stalinin ağzına zəhər tökülsün, elə töküldü də. Bizi buz bulaqlardan, yaşıl yaylaqlardan, Teltel meşəsindən ayırdı, gətirib ilanmələşən çöllərə tökdü, qırıldıq, qıpıldıq, uşaqlarımız  tələf oldu. Nəyin qoyum, nəyin deyim ay oğul!
Adını öyrəndim bu nurani qadının- Çiçək! Çiçək nənənin gözlərindən oxuduğum misralara çevrildi.
Vətəndə Vətənsiz olmuşam indi,
Qəmlə köklənmişəm, dolmuşam indi.
Dağlara tamarzı qalmışam indi,
Gəlmişəm od yağan arana, şair.

Çiçək nənə, yadıma bir bayatı düşdü:

Gəl gedək Daşbulağa,
Suyu sərxoş bulağa.
Sən dərdli, mən yaralı,
Tökək qan yaş bulağa.

            Mən də o dağların həstəriylə yaşayıram, Çiçək nənə.

Dağlar məndən üz döndərib, inciyib,
Incisə də, gedəmmirəm, neyləyim.
Dərdə dərman, buz göndərib inciyib,
Incisə də gedəmmirəm, neyləyim.

Əlim çatmır yalmanlayam ağ yolu,
Viran qalıb bağça yolu, bağ yolu!
Qəribsəyən dağ cığırı, dağ yolu,
Incisə də gedəmmirəm, neyləyim.

Bu gərdişdə namərd tutur mərd yeri,
Peyda olur gündə neçə dərd yeri.
Yetim qalan ocaq daşı, yurd yeri,
Incisə də gedəmmirəm, neyləyim.

Mənim sazım qəm üstündə köklənib,
Yaralarım qaysaq tutub köhnəlib.
Ələsgərin arzuları təklənib
Incisə də gedəmmirəm, neyləyim.

                        Çiçək nənə bu şeiri dinlədikdən sonra, bir az da kövrəldi, qəhər onu boğdu, gözlərindən yaş bıldır-bıldır axdı. Mən ona ürək-dirək verdim. Ağlama nənə, özünü toxdaq saxla. Bizim indi güclü ordumuz, uzaq görən, Silahlı qüvvələrin Ali Baş  Komandanı, möhtərəm prezidentimiz cənab İlham Əliyev kimi ölkə başçımız var. İnşallah biz tezliklə tarixi torpaqlarımıza, dədə-baba yurdlarımıza qayıdacağıq!
                        Çiçək nənə yaylığının ucu ilə gözünün yaşını sildi – Nə deyirəm ay oğul, Allah ağzından eşitsin. Amma ürəyimdə pas atmış bir arzum var. Istərdim ki, elə indi kəndimizə gedəm, yaylığımın, koftamın, dizdiyimin parçaları cırılıb qalmış, dağları, tikanlı çölləri bir də doyunca seyr edəm. Ondan sonra arxayın ölərəm. Mənim üçün ən böyük dərd torpaq itirmək, doğulduğun yurda həsrət qalmaqdır, ay oğul!
-Darıxma nənə,  hər gecənin gündüzü, hər yoxuşun düzü var. Biz yaşımızda çox hadisələrin şahidi olmuşuq. Mən dağları hər üzünə görmüşəm.

Vaxt olub ki, el yaylağa sazlanıb,
Vaxt olub ki, gözəlləri nazlanıb.
Vaxt olub ki, çiçəkləri tozlanıb,
Vaxt olub  süzülüb balı dağların...

Vaxt olar ki, bağlı yolu açılar,
Qırışığı, əli-qolu açılar.
Əvəzin də şirin dili açılar,
Gedər görüşünə ulu dağların.

            Doğrudan da söhbət yolu yorarmış. Bu uzaq yolu necə gəldik bilmədim deyə Novruz müəllim üzünü mənə tərəf çevirdi.
-Bu da Ucar! Çatdıq! Həqiqətən Ucar gündən günə ucalır. Burada gedən abadlıq, quruculuq işlərini görəndə adamın ürəyinə təpər dolur, qollarına qüvvət, dizlərinə taqət, gözlərinə nur gəlir. Bütün bölgələrdə olduğu kimi Ucarda da dövlət qayğısı açıq-aydın hiss olunur. Parklar, xiyabanlar, məktəblər, xəstəxanalar, idman kompleksləri, asfalt döşənmiş yollar, nur selinə qərq olmuş küçələr, yaraşıqlı yaşayış evləri göz oxşayır, insanın ruhunu təzələyir. Ən ucqar kəndlərimiz, qəsəbələrimiz şəhərdən seçilmir. Insan yaşayışı üçün hər bir şərait var. Hacının doğulub boya-başa çatdığı Çiyni kəndinə döndük. Küçə boyu dalğalanan bayraqlar, havada uçan şarlar diqqətimdən yayınmadı.
Burada böyük izdiham, insan seli gördük. Hacının öz vəsahiti hesabına tikdirdiyi iki mərtəbəli məktəbin həyətində bir canlanma hökm sürürdü. Hamının üzündən, gözündən sevinc yağırdı. Müəllimlər, şagirdlər, kənd sakinləri, ağsaqqalla,r gələn qonaqları, millət vəkillərini, iş adamlarını, ziyalıları, aktyorları, mədəniyyət işçilərini qonaqpərvərliklə qarşıladılar. Hamımız ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gəldik. Tər çiçək dəstələri qoyduq, hörmət və ehtiramımızı bildirdik. Toplantıda iştirak edənləri Ucar rayon icra hakimiyyətinin başçısı salamaladı və sözü millət vəkili, YAP-nın şura üzvü Mübariz Qurbanlıya verdi.
Mübariz Qurbanlı Heydər Əliyevin Azərbaycana etdiyi xidmətlərdən, xalqı qarşıdurmadan, qardaş qırğınından, vətəndaş müharibəsindən xilas etməsindən, iqtisadiyyatı dirçəltməsindən, müstəqil Azərbaycanın memarı və qurucusu olmasından geniş danışdı. Bu gün Azərbaycan dövlətinin etibarlı əllərdə olmasından Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin siyasi fəaliyyətindən, ölkəyə səriştəli rəhbərlik etməsindən, Azərbaycanı lider dövlət kimi dünyaya tanıtmasından, torpaqlarımızın işğaldan azad olması üçün atdığı qətiyyətli addımlarından söz açdı, məzmunlu çıxışını iştirakçılara çatdırdı.  Hacı Ağamirzə Əhədovun bu xeyirxah işini ulu öndərə hörmət və ehtiram kimi qiymətləndirdi. Digər natiqlər də Ağamirzə Əhədovun bayraq meydanı, məscid, məktəb tikdirməsindən, xeyriyyəçiliyindən, səmimi və mehriban insan olmasından ürək dolusu danışdılar.   Mən müəllim olduğum üçün Hacı Ağamirzənin tikdirdiyi Çiyni kənd orta məktəbinə getdim, məktəbin direktoru Eynulla müəllimlə tanış oldum. Sinif otaqlarını gəzdim, laboratoriyalara baxdım ürəyim dağa döndü. Azərbaycanlı balalar belə gözəl və yaraşıqlı məktəblərdə təhsil alırlar. Bunlar hamısı müstəqil Azərbaycanın dinamik inkişafından xəbər verir. Apardığım kitabları məktəbin kitabxanasına armağan etdim. Hacı Ağamirzə Əhədov qonaqlara zəngin nahar süfrəsi açdı. Elə həmin gün yüksən əhval ruhiyyə ilə doğma Sumqayıta qayıtdıq.

Sumqayıtım gözəl diyar,
Torpağına qurban olum.
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.

Varlığına keşik çəkən,
Mərd oğluna, mərd qızına qurban olum.
Gözəllikdə tayın yoxdu,
Gəl özünə qurban olum.

Əvəz Mahmud Lələdağ







Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri