Nə vaxt yaranacaq


Nə vaxt yaranacaq

Sənə sualım var ey bəni adəm,
Niyə əl çəkmirsən qandan, qadadan.
Vurursan hər sözü qulaq ardına,
Böhtan yağdırırsan hər zaman, hər an.

Nə vaxt yaranacaq əmin-amanlıq,
Nə vaxt girəcəkdi qılınclar qına.
Haçan çatacaqdı sənə insanlıq,
Haçan yetişəcək savaşlar sona.

Niyə istəmirsən könüllər gülə,
Bülbüllər məst ola meydən, məzədən.
Niyə cəhd edirsən xar düşə gülə,
Gülün bağrı yana bir də təzədən.

Niyə ərtimirsən qəlbindəkini,
Günahsız qanlardan dərya yaranır.
Niyə bəsləyirsən qəzəbi, kini,
Torpaq cadarlanır qanla sulanır.

Bu gün “Haystanda” iflicdi həyat,
Bu gündən sabaha ümid qalmayır.
Sənin ucbatından bütün kainat,
Gecə də, gündüz də sakit olmayır.

Yerlə yeksan olur ulu saraylar,
Bağban itgin düşüb bağına gəlmir.
Yanıb külə dönür dolu saraylar,
“ATƏT” gendən baxır yaxına gəlmir.

Söylə, nə qazandın, ülfəti kəsdin,
Bu gün sığındığın yer-yurd mənimdi.
Sənə üz verdikcə astar istədin,
Mənim qabağımda dur görüm indi.

Haqqı-ədaləti düyünləyirsən,
Əziyyət verirsən ana torpağa.
Sənin olmayana mənim deyirsən,
Çörəyi dizinin üstündə dığa.

Niyə arzuları düyünləyirsən,
Əziyyət verirsən bəşəriyyətə.
Dünən dediyini bir də demə sən,
Yazıqsan gəl qoşul bu cəmiyyətə.

Elə düşünməki bu yalvarışdı,
Mən az çəkməmişəm səntək zalımdan.
Sinəmdə dağların qarış-qarışdı,
Heç vədə dönmərəm öz amalımdan.

Sənin göz dikdiyin cənnət Qarabağ,
Mənə Nuh Nəbidən miras qalıbdı.
Gözümün içinə yaxşı-yaxşı bax,
Səndən alacağım qisas qalıbdı.

Bunu məndən umur dərdli analar,
Gözləri yol çəkən nişanlı qızlar.
Bunu məndən umur günahsız qanlar,
Gərdəksiz gəlinlər, toysuz cavanlar.

Dodağım qaçsa da, üzüm gülməyir,
Elimdən, obamdan uzaqlaşmışam.
Yurdumdan şad xəbər, soraq gəlməyir,
Illərlə kədərlə qucaqlaşmışam.

Vətənin tozindan nurlanar gözüm,
Ürəyimdi Vətən, canımdı Vətən.
Özüm qalxmalıyam cihada, özüm,
Damarda çağlayan qanımdı Vətən.

Başım əzilməmiş çıx torpağımdan,
Çırpılsın, pak olsun Natavan yurdu.
Nəfəsin yox olsun Qarabağımdan,
Səni məhv edəcək müzəffər ordu.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri