Ürəklərə yol tapan şair



Ürəklərə yol tapan şair
       Mən Əvəz Lələdağın yüzlərlə oxucusundan biriyəm. Onu 35 ildən artıq bir müddətdir ki , tanıyır, yaradıcılığını izləyir , yeri gələndə həmsöhbət olur , təlim – tərbiyədən , adət- ənənədən , müxtəlif problemlərdən , xüsusilə də , müasir və klassik ədəbiyyatdan “ dərdləşirik ”. Daha doğrusu , Əvəz Lələdağı yalnız bir sənətkar , bir şair kimi tanımamışam. Onu yüksək  insani keyfiyyətlərə malik olan , mənəvi saflığı ilə seçilən , sadə , təvazökar , səmimi bir şəxs kimi , bütün varlığı ilə vətəninə , xalqına , elinə - obasına mənsub olduğu xalqın adət - ənənəsinə , dilinə , dininə bağlı bir vətəndaş kimi dostuna , yoldaşına , oturub – durduğu insanlara ürəkdən bağlanan , heç bir təmənna güdməyən bir insan kimi , ana məhəbbəti ilə qovrulub yanan bir oğul , ailəsi , övladları yolunda hər cür fədakarlığa hazır olan bir ata kimi , mötəbər yığıncaqlarda , el şənliklərində , toy mərasimlərində odlu – alovlu çıxışları ilə məst edən bir söz sərrafı kimi , nəhayət müdrik bir el ağsaqqalı , sinədəftər bir şair , fenomen yaddaşa malik qeyri – adi bir şəxsiyyət kimi tanımışam. Odur ki yazdığım ön sözdə mən yalnız çap olunan bu kitabı haqqında yox, ümumiyyətlə onun yaradıcılıq qayəsi haqqında ürək sözlərimi yazmaq qərarına gəldim.
     Əvəz Lələdağ sənət aləmində özünü təsdiqləmiş , ədəbiyyatın  müxtəlif janrlarında öz qələmini sınamış , şair , dramaturq , publisist kimi ad qazanmışdır. Həmişə həyat hadisələrinə sadiq qalan , ancaq gördüyünü , duyduğunu , yaşadığını , taleyinin bir parçasına çevrilən gerçəkliyi qələmə alan , səksəni haqlasa da , gənclik həvəsi və enerjisi ilə işləyən yaradıcı bir şəxsiyyət , söz adamıdır. Onda olan enerjiyə yalnız qibtə etmək olar.
Əvəz  Mahmud Lələdağ  yaşadığı ömrü şərəflə keçmişdir. Bu yolun hər günü , hər ayı , hər ili ilə fəxr etmək olar. Bu yol çətin yoldur , ancaq işıqlı yoldur. Daim axtaran , düşünən , yazan sənətkarın yoludur.
    Əvəz Lələdağın yaradıcılığında güclü həyat eşqi var . Bir çox əsərlərinin nikbin ruhu , məna siqləti  poetik vüsəti ilə oxucunu həyata bağlayır , gələcəyə inamını artırır. Bu şerlərdə həyatın poetik və epik  lövhələri  əks olunur, gözəllik , məhəbbət tərənnüm olunur.

Ürəkdə cücərər eşq , məhəbbət
Sevəni qınamaz nə oba , nə el
Sevən bir – birinə verməz əziyyət
Sevgi ürəkdədir , o dildə deyil


                                          
                                                     1


Yaxud :
Mənim ürəyimdə yurd salıb vəfa
Vəfasız olandan yar olmaz , yarım
Mən sənin yolunda çəksəm min cəfa
Vücudum heç zaman yorulmaz yarım

     Əvəz Mahmudun yaradıcılığında , ilk növbədə , diqqəti cəlb edən , daha dəqiq desək duyulan , hiss edilən səmimiyyətdir. Bu səmimilik ondan ibarətdir ki , oxucu onun məhəbbətini də , nifrətini də aydın görür. Onun əsərlərində şəxsiyyəti ilə yaradıcılığı arasındakı birliyin , vəhdətin rolu böyükdür. Onun yaradıcılığına və şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki , Əvəz Mahmudun şerləri ilə şəxsiyyəti bir – birini tamamlayır . Şairin düşüncələri ilə hisləri , istəyi və dedikləri çarpazlaşır və bir – birini tamamlayır.

Qürbət eldə əgər kefin kökdüsə
Hicran dərdi kürəyində yükdüsə
Elim . obam , yerim , yurdum təkdisə
Nə dincəlim burda , nə yatım burda
Məhv olar mənalı həyatım burda
                                     “ Qürbətdə giley ”

    Əvəz Lələdağ  düşündüklərini açıq , aydın , həm də birbaşa yazan şairdir. Onun şerlərində qüvvətli bir vətəndaşlıq hissi var.
     İnsan , təbiət , cəmiyyət haqqında gözəl , orijinal  misralarla şair bizi təsirləndirir , həyəcanlandırır , həm də düşündürə bilir. Odur ki . onda ən adi ən sadə , ilk baxışda heç kəsin nəzərini cəlb etməyən  varlıqları mənalandırmaq məharəti vardır . Onun şerləri həyatı dərindən duymaq , vətəndaşlıq borcunu hiss etmək xüsusiyyətləri ilə səciyyəvidir.

Qaniçən , başkəsən düşmənə qarşı
İçimdə cücərib qəzəbim . kinim
Vətən torpağının bircə qarışı
Qibləmdi , Kəbəmdi . Məkkəmdi mənim

    Şer sənətinin incəliklərini başa düşən , bu sənətin tapıntılarına tapınan , deyim tərzindəki ustalığı , şablon  ifadələrdən seçə bilən . sənətkarın başqa qələm sahiblərindən fərqlənən özünüməxsusluğu üzə çıxara bilən hər bir kəs etiraf edə bilər ki , Əvəz Mahmud Lələdağ məlum olan fikri özü kimi deməyi bacarır. Ona görə ki o ətrafına şair gözü ilə baxır. Şair olduğu üçün də öz gözü ilə baxıb ətrafını özü kimi görməyi bacarır. Qoynunda pərvəriş tapdığımız adı ilə öyündüyümüz doğma Sumqayıtımızda gedən quruculuq işlərini , qumsal səhrada salınmış , “ Sumqayıt bulvarı “ nı görüb vəcdə gələn şair yazır.
2



Mənim doğma şəhərim ,
Eşqim , gücüm , hünərim
Sən mənim ümid yerim
İnam yerim , and yerim
Sən necə də gözəlsən
Gündüzün özgə aləm
Bax , gecə də gözəlsən
İman yerim Sumqayıt
Guman yerim Sumqayıt
İlham yerim Sumqayıt
Mənim doğma şəhərim
Səni hər an . hər zaman
Bax beləcə şən görüm
Qoynunu gülşən görüm

     Mücərrəd mühakimələrdən , mənasız təmtəraqdan uzaq olan Əvəz Mahmud şeri həyat hadisələrinə yanaşma metodu , mövzu konkretliyi ilə diqqəti cəlb edir. İlk baxışda adi görünən lakin böyük ictimai əhəmiyyətə malik olan məsələləri hadisələr silsiləsinə bağlamaq yolu ilə ümumiləşdirmələr aparmaq və bu istiqamətdə nəticələr çıxartmağı  yalnız ilhamın deyil . həm də ağlın məhsulu kimi qiymətləndirmək lazım gəlir . Şairin şerlərində bir şair dünyası yaşayır. Bu dünyada nə varsa hamısı şairin öz baxışlarından , öz duyğularından süzülüb gəlir . Zəngin söz ehtiyatına , geniş dünyagörüşə malik Əvəz Lələdağ öz üslubu ilə fərqlənir. Çünki o qəlbinin dili ilə danışır . Sənətdə isə ürək dili ilə danışa bilmək sənətkarın sənətkarlığının qüdrətidir.
Əvəz Lələdağın şer dili sadə və aydındır həm obrazlı , həmdə ümumxalq dilidir . Odur ki, onun şerləri tamamilə anlaşıqlıdır , asan başa düşülür , tez əzbərlənir . Sözləri seçmək , onları şerin tələblərinə  uyğun olaraq əlaqələndirmək , sıraya düzmək nöqteyi nəzərindən Əvəz Lələdağın şerləri ən yaxşı nümunələrdən sayıla bilər. Bu da onunla bağlıdır ki , onun şerlərində şifahi poeziyamızın dilinə məxsus təbiilik və şirinlik var.
Nənəm onu nanayında çalardı
O çaldığı yaddaşlarda qalardı
Qara zurna kəndə haray salardı
“ Mirzeyimə “ tamarzıdı Qılıncyal
Çal a qardaş vağzalını birdə çal

“ Vağzalı” da yeni həyat başlayır
Vüsal gülür , kədər qəmdən ağlayır
Tale əli gəlin  beli bağlayır
Əhdim budur pozulmasın bu ilqar
Çal a qardaş vağzalını birdə çal

                                       3                           “vağzalı “ nı birdə çal

Əvəz Lələdağ ən çox təbiətdən , onun qanunlarından çıxış edir , təbiət və cəmiyyət arasında uyğunluq axtarır . İstəyir ki , bahar insanlara xoşbəxtlik bəxş etsin . Bu insan arzusudur . İnsan istəyir ki , o da təbiət kimi hər bahar yenidən açılsın , gəncləşsin , yenidən dünyaya , həyata qayıtsın və yaşasın . Bəli , Əvəv müəllim sözün əsl mənasında təbiət şairidir . Onun şerlərinin əksəriyyətinin mövzusu təbiətdən alınmışdır . Ancaq şairin şerlərində  təbiət və onun hadisələri nə qədər yüksək pafosla tərənnüm edilsə də , onun taleyi , gözəlliyi yenə də nsanla bağlıdır. Əvəz müəllim təbiət vurğunu olsa da bu şerlərin ( təbiət şerlərinin ) çoxunda təbiət
əsl məqsəd üçün bir vasitə kimi alınır. Bu şerlərdə təbiət və insan vəhdətdə götürülür , təbiət insanla mənalanır , insanla gözəlləşir , qar da , yağış da insan üçün yağır , külək d insan üçün əsir.
İstər şifahi xalq ədəbiyyatında , istərsə də yazılı ədəbiyyatmızda dağlar saflığın , etibarın , gözəlliyin , ucalığın  bütövlükdə isə Vətənin rəmzi kimi tərənnüm olunmuşdur. Əvəz Lələdağın yüzdən çox “ yaylaq “ və “ dağlar “ rədifli gəraylı və qoşmaları vardır . Bu şerlərin hər birində də həm təbiət gözəliyi , həm də həsrət var . Qədim Zəngəzurun Qılıncyal , Əriməz, Göbəkdaş , İşıqlıdağ ,Qoşadağ , Arzubulaq  kimi dağlarının adını çəkib onları mənalandıran şair təkrara yol vermir , eyni mövzuda qələmə alsa da , hər birində yeni söz deyə bilir.

Mən niyə yanıram o dağlar üçün
İmanım ordadır . dinim ordadı
Orda cücərmişəm , orda bitmişəm
Dumanım ordadır , çənim ordadı

Yaxud
Sizdən ayrı düşən gündən
Könlüm olub yara , dağlar
Gecə- gündüz cəhd edirəm
Çatammıram yara , dağlar

Əvəz Lələdağ niskilli şairdir . Boya – başa çatdığı , gənclik illərini qoynunda keçirdiyi ulu Zəngəzurun əsrarəngiz təbiətindən , buz bulaqlarından , başı qarlı dağlarından , ceyranlı – cüyürlü oylaqlarından ayrıldığı üçün sızıldayır., o gecələrin həsrəti ilə yaşayır , bu ağrını , acını yaradan mənfur , xəbis , hiyləgər , bütün insani keyfiyyətlərdən məhrum olub qədim torpaqlarımıza , ata – baba yurdumuza göz dikən , zaman – zaman o torpaqları mundar nəfəsləri ilə zəhərləyən “ qonşularımıza “ nifrətini ifadə edir , yurd həsrətilə qovrulur , ağrını , niskil kimi yox , ümumən millətin kədəri kimi qəbul edir

Hər kəsin dağ boyda məncə dərdi var
Gündüz intizarı , gecə dərdi var
Ağbaba , Zəngəzur , Göyçə dərdi var
Allah , bu millətin neçə dərdi var

4



Bütün bunlarla yanaşı Əvəz Lələdağ oxucunu bədbinləşdirmir , o , oxucunu nikbin olmağa , mübarizə aparmağa səsləyir.

Namusumsan , qeyrətimsən , arımsan
Mənə doğma yaxınımsan , yarımsan
Dövlətimsən . sərvətimsən . varıman
Vətən , qurban olum , başını dik tut

Göyçə getdi əlimizdən ,dinmədik
Axdı yaşlar gözümüzdən , dinmədik
Şəhid olduq sözümüzdən , dönmədik
Vətən , qurban olum , başını dik tut

Bəli , kiçik ya böyüklüyündən , yaxın və uzaqlığından asılı olmayara , torpaq həsrəti , doğulduğun yurdun həsrəti insani hissdir , duyub düşünənlərin varlığında yaşayan ali bir keykiyyətdir. Ayaq tutub yeridiyin , ata – ananın məskən saldığı evə , həyətə , kəndə övlad məhəbbəti böyük vətən məhəbbətidir . Odur ki , düşmən tapdağı altında inləyən yerlərimiz
haqqında yazdığı şerlər Əvəz Lələdağın qəlbindən doğan həsrət nidalarıdır. Bu nidalar öz el – obasından ayrı düşən bizlərə nələr demir.
Yatıb oyanmadı o qara bəxtim
Sinəmi dağladı bu hicran dağı
Gözünə tökməyə tapa bilmədim
Bir ovuc müqəddəs Vətən torpağı

Yaxud :
Gecə - gündüz həsrətin i çəkirəm
Neyləyim ki , gedəmmirəm vətənə
Sarvan olub qəm karvanını çəkirəm
Mən fağırı gərdiş salıb bu günə

Vətən mənim həsrət dolu ürəyim
Dadım , tamım , süfrəm , duzum , çoörəyim
Vətən mənim gərəyimdi , gərəyim
Varlığımla qurban olum vətənə

Əvəz Mahmudun yaradıcılığında vətənpərvərlik mövzusu qırmızı xətlə keçir . Bu mövzuda yazdığı əsərlərdə , ilk növbədə . diqqət çəkən cəhət şerlərin ictimai həyatla  cərəyan edən hadisələrlə bağlılığıdır.  Hansı şer hansı ildə yazılıbsa onda o ilin havasını duymaq olur . Lakin onlar həyatın sərvəti deyil , onun şair əlindən süzülüb gələn poetik ifadələrdir. 1988- ci il .... Həmin il Azərbaycanda azadlıq hərəkatının başlanması ili idi. O il Azərbaycan xalqının böyük

5



sınaq qarşısında qaldığı  il idi. O il Azərbaycanın taleyi , bir növ karta qoyulmuşdur. Azərbaycan torpaqlarının işğalı başlayırdı , yüz minlərlə soydaşlarımızın köçkünlük günlərinin ərəfəsi idi.  Respublikada faktiki sahibsizlik hökm sürürdü. Haqla- nahaq , doğru ilə yalan , ağla – qara  üz – üzə dayanmışdır. Bu hadisələrlə  yaşayan , qovrulan şairin səsi döyüş bölgələrindən , əsgərlərl görüşlərdən , bu görüşlərdəki çıxışlarından gəlirdi . Zahirən çox təmkinli , sakit görünən şar həqiqətin qollarını bağlı görəndə , mili xəyanətin şahidi olanda coşur , rəzalətləri törədənlərə lənətlər yağdırır ; insanların başına gələnlər isə onu riqqətə gətiri , könül rübabı hiddət və iztirab dolu nəğmələr çalır.
Hələ də açılmır sirli düyünlər
Sirri açmaq yolunu Yaradan bilər
Nahaqqa inanıb haqqı döyənlər
Haqqı , ədaləti hardan bilər ?
Yaxud :
Xalqın göz yaşını görüb silməyən
Sevinər sinədə dağı görəndə
Burnundan uzağı görə bilməyən
Qara eynək taxar ağı gərəndə

Bayatı və laylalarımızda , nağı və dastanlarımızda demək olar ki , bütün şairlərimizin əsərlrində , rəsamlarımızın rəsmlərində , bəstəkarlarımızın nəğmələrində ən çox qələmə alınan “ Ana “ obrazı var . Ana ağuşunda boya – başa atan , beşiyi başında ana laylası eşidən . körpəlikdən doğma dilinin ahəngini duyan insanın qəlbi ana məhəbbəti ilə dolu olmaya  bilməz , lakin bu məhəbbətin poetik ifadəsi nəinki hər adama , hətta hər şairə də qismət  olmaz. Əvəz Mahmud Lələdağın mövzu dairəsi geniş təsvir obyekti müxtəlif və rəngarəngdir. Birmövzu isə onun yaradıcılığının bu başından o başına qırmızı xətt kimi uzanır. Həmin mövzunun mərkəzində “ Ana “ sürəti dayanır. Əvəz müəllimin şerlərini müntəzəm oxuyan hər kəs belə düşünür ki , bu insan bir oğul , bir şair kimi daima ana dünyasında yaşayır, ana nəfəsi


ilə nəfəs alır . Bəli , ana məhəbbəti onun bütün varlığına hakim kəsilmişdir. Bunu aşağıdakı bir nümunə bir daha təsdiq edir.

Adı xoşdur Vətənimin adı tək
Harda od var sinəsinin odu tək
Dad görmədim çörəyimin dadı tək
Ələyinə qurban olum anamın
Yaxud
Qəlbimin çırağı , gözümün nuru
Dilimin söhbəti ,  söü anamdı
Nağılım , dastanım , laylam , bayatım
İlham bulağıımın gözü anamdı

                                                                6


Təbibim , loğmanım , dinim , imanim  
Allahm , dərgahım , dərdə dərmanım
Sevicim , fərəhim , şadım şadyanım
Könlümün min telli sazı anamdı

Əvəz Mahmud Lələdağın əruz vəznində yazdığı qəzəllr və rübailər də , ümumiyyətlə sərbəst vəzndə yazdığı şerlər çox da üstünlük təşkil etmir. Onun poeziyası , sasən , doğma heca vəznində yazılmışdır.  O heca vəzninin müxtəlif ölçülərində şerlər yazmışdır. Bu şerlər içərisində gəraylı və qoşmaları , bayatıları xüsusilə fərqlənir . Mən bir neçə kəlmə Ə.Mahmudun bayatıları haqqında fikrimi bildirmək istirəm.
Bayatı xalq yaradıcılığının “ ümumən şerin ən zərif , ən incə nümunələrindəndir “ Bayatını oxuyanda istəyirsən ki , ona nəfəsin dəyməsin , sola bilər . Bayatı ilahi bir qüdrətin töhfəsi kimi dünyaya gəlir . Bayatı ürəyə dolur , yaradıcının  varlığına hakim kəsilir , onu rahat buraxmır . Bayatı hər zaman yaranmır – xalqın . vətənin təlatümlü günlərində yaranır. Elə indi də xalqımızın bayatılı günləridir. Bir milyondan artıq qaçqının haray səsləri həsrət bayatlarıdır, dözümə və dözümsüzlüyə çağırış bayatılarıdır. Bu bayatıları şair olmayan analar yaradır , bir də xalqın , vətənin dərdi- odu ilə yaşayan şairlər yaradır . Bəli , bayatı xalqın deyimidir , onların müəllifi olmur. Bununla belə müəlifli bayatılar da vardır. Qəlbi xalqın varlığı ilə döyünən , riyadan . məkrdən uzaq olan , varlığın gözəlliyini düzlükdə görən təbiətə və insana məhəbət eşqi ilə bağlanan  insanlar bunu edə bilər , bayatı saf ürəklərdən çıxa bilər , Əvəz Mahmud kimi insanların qəlb çırpıntılarından qopa bilər.
Əvəz Mahmud Lələdağın bayatıları da klassik xalq bayatı janrının ənənəsinə əsaslanır . qafiyələnmə baxımından da , məna yükünün ağırlığının son iki misraya düşməsi də bayatıya məxsus lakoniklik və oyanıqlıq da , misraların heca sayı da , cinaslar da – hamısı gözlənilir. Bununla belə şair bəzən sərbəst hərəkət edir . Ənənəvi formadan kənara çıxır , bayatıların misralarında heca sayını artırmaq və azaltmaq meyilləri də özünü göstərir . , ancaq bunlar bayatıların bayatı kimi ahəngini pozmur. Bunu şairin nümunə göstərdiyimiZ aşağıdakı bayatıları bir daha sübut edir
Ay qaya dərin qaya
Kölgəsi sərin aya
Çıxam qənşər yerindən
Elimi görüm , qaya

Dərdi məndə
Dərd nəəfəs dərdi məndə
Heç yerdə axtarmayın
Axtarin dərdi məndə


Mən aşıq qanlı dərə
Qanlı dik , qanlı dərə
Yanıb küə dönərəm
Tülümü qanlı dərə
                                                                                             7

Ümumilikdə Azərbaycan poeziyası o qədər əzəmətli , o qədər möhtəşəm , o qədər mənalı , o qədər qüdrətlidir ki bu poeziyada parlamaq çox çətindir . Bo poeziyanın yolu nə qədər enişli – yoxuşlu olsa da , zaman – zaman öz dühalarını yetişdirmişdir. Əvəz Mahmud da bu kök üstündə qərar tutmuş , bu sənət havası ilə nəfəs almışdır. Onun əsərlərini oxuyarkən elə bil gözəl vətənimizin güllü- çiçəkli çöllərinin seyr edirsən , qarlı dağlarını , dərin dərələrini , buz bulaqlarını seyr edirsən. Ümidvarıq ki , əvvəlki çoxsaylı kitabları kimi şairin bu kitabı da oxucuların qlbinə yol tapacaq , maraqla oxunacaq və əzbərlənəcəkdir .

Sabir Məmmədov – təqaüdçü müəllim ,
Respublikanın əməkdar müəllimi

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri