Əzizdir mənə



Əzizdir mənə
Saralan günəşəm, qanadsız quşam,
Dərd yükü çəkməkdən yorulmuşam mən.
Gecə daşıyıram dağı arana
Hicran yoldaşımdır qiyamətəcən.

Qalmışam tək-tənha, solur həyatım,
Vətən dardadırsa zülmətdəyəm mən.
Niyə açılmayır qolum-qanadım,
Sənə qurban olum, intizar vətən.

Vətənsiz olmaqdan ölüm yaxşıdır,
Vətən köksümdəki, candır, ürəkdir.
Vətən qəlbə yağan yaz yağışıdır,
Kişiyə hər yerdə vətən gərəkdir.

Ayıla bilmirəm div yuxusundan,
Gərdişin əlindən zara gəlmişəm.
Bülbülün avazı yüksəlmir göyə,
Harda doğulmuşdum, hara gəlmişəm.

Vətənin ocağı içimdə yanır,
Hələ işğaldadır vətən torpağı.
Həsrət yanğısından içim dayanır,
Çəməndə saralır gülün yanağı.

Məkirli qonşular mehrini kəsib,
Durubdu qəsdimə zalım fələk də.
Getdi igidlərim nakəm, binəsib,
Əsməyir bağıma meh də, külək də.

İstəyim, həvəsim qalır gözümdə,
Səməndər quşu tək düşmüşəm tora
Cəsarət tapmıram özüm özümdə,
Hələ də qövr edir aldığım yara.

Vətəndir hamının sığınaq yeri,
Can fəda eylərəm doğma vətənə.
Bu yoldan heç vədə dönmərəm geri,
Vətən anam qədər əzizdir mənə.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal