Yurd yanğısı


Yurd yanğısı

                (poema)
       Kəndimizdə toy adəti

Bir payız səhəri kənddəki toyda,
Uşaq haydadı,böyük hayda.
Şirin yuxusundan kənd oyanmışdı,
Hamının üstünə sevinc qonmuşdu.
Ağasən zurnanı zildə pülərdi,
Camaat axışıb toya gələrdi.
Belə çalçağırda, belə məqamda,
Məhəbbət  bulağı coşur adamda.
Bir yanda dayanır ərgən oğlanlar,
Maşallah bu kənddə xeyli oğlan var.
Hərə gül bağından bir gül dərərdi,
O, gülü sevdiyi qıza verərdi.
Onları pis gözdən qorusun Allah,
Hamısı həyatda yarısın, Allah.
Bir yanda al-əlvan geyinmiş qızlar,
Qızlar arasında bir gözəl qız var.
Yanağı lalədir,qaşları kaman.
Gözünü gözümdən çəkmirdi bir an.
Sinəmi dəlirdi ox kirpikləri,
Kənddə müşgül olub görüş yerləri,
İçimdə yanırdı eşqimin odu,
Bilirdim, yaramın məlhəmi odu,
Onu «Gurbulaqda» görmüşdüm bir vaxt
Ona öz könlümü vermişdim bir vaxt.
Adı Kəklik idi o şux sənəmin
Onun ilqarına əminəm, əmin
Zülfünü gərdənə tökərdi Kəklik,
Bahar kəkliyi tək səkərdi Kəklik
Təzə dələmədir axır əndamı
Könlümü yandırıb yaxır əndamı.
Qönçəsi açılmış tərtəzə güldü,
Süzgün baxışı ilə üzümə güldü.
Güllər ətir səpdi gül camalına
Lalə heyran oldu xətti-xalına.
Dağ mehi dolmuşdu cənnət qoynuna,
Ulduzlar tamaşa edirdi ona.
Ayı mat qoymuşdu o gözəlliyi,
Gözü qamaşırdı körpə əliyin
çiçək kimiydi ağappaq üzü
Ondan iraq olsun bəd nəzər gözü.
Qoşa nar yatıbdı dar sinəsində
Min dərdin davası var sinəsində.
İlantək qıvrılan qara hörüklər
Çəkirdi aşiqi dara hörüklər.
Nədir bu cazibə, görən ,ilahi,
Sənsən qismətləri verən, ilahi.
İçimi göynədir əzəli yurdun,
Yadımdan çıxmayır gözəli yurdun.
Ya Rəbbim ,kömək et qənşərimi,
Görüm o gözəllə görüş yerimi

             xxx

Gəlin bəy evinə ağappaq donda,
Camalı örtülü gələrdi onda.
Qurban kəsilərdi ayaqlarına,
Xına yaxılardı barmaqlarına.
Qapının ağzında boşqab qırardı,
Bəy alma ilə onu vurardı.
Bir iman yiyəsi, ağbirçək qarı,
Qənd-noğul atardı gəlinə sarı.
Göydə qapardılar dəcəl uşaqlar
Bizə verməzdilər macal uşaqlar.
Gərdəyin dalına keçərdi gəlin
Vüsal şərbətini içərdi gəlin

                xxx

Dedisiz, qodusuz bu toyxanada,
Sevinc içindəydi ata -ana da.
Bir nurlu ağsaqqal ayağa qalxdı,
Mənalı-mənalı məclisə baxdı.
Bəyin şərəfinə xoş söz söylədi,
Sonra yadda qalan kəlamlar dedi:
- Oğlum, bu şad günün, toyun mübarək
Oxunu daşlara vurmasın külək.
Təkcə öz qeydinə qalsan dünyada
El səni istəməz gedərsən bada.
Elin adətindən sən qaçaq olma,
Günahlar işlədib başalçaq olma.
Tülküyə öcəşmə, aslana tay ol,
Halal zəhmətinlə həmişə bay ol.
Gölməçə suyutək bulanma, oğul,
Qonşunla gileyli dolanma, oğul.
Havanı həmişə sakit duyma sən,
Tufanlar qopanda tab etməz bədən.
Darbaşmaq olma ki, atsınlar səni,
Zirzibil içinə qatsınlar səni.
Yananda alovlan ,bacar yaxşı yan,
Tüstülü ocaqdan yan keçir insan.
Sən qəlbi geniş ol, qarnı geniş yox,
Yaşa kişi kimi gözü- konlü tox.
Yağışdan sonrakı havaya bənzə,
Könlünün evini sevinclə bəzə.
Sevdiyin cananı cilvələ hər an,
Sənə dayaq olsun böyük yaradan.
Qarı dağdan götür, külü küllükdən,
Uzaq ol tamahdan, o ağır yükdən.
Dərd gətirən olma, dərd azaldan ol,
Kimsəyə kömək et, düzəldən ol.
Məhəbbət yolunu hamıdan qabaq,
Gözəllik eşqiylə eylə çil-çıraq.

                        xxx

Xonça gətirərdi qız evi axşam,
Bəyin xonçasında yanardı gur şam.
Sağdışın, solduşun xonçası aləm,
Burda bənd olmazdı kədər, qəm.
Düzülərdi düzüm-düzüm xonçalar.
Allah, allah gör qədər xonça var?
Tökərdi matahı «tacir» ortaya,
Əyirdək, fəsəli gəlməzdi saya.
Qaz kimi toyuqlar yağda qızarıb,
Almanın yanağı bağda qızarıb.
Hələ buğlanırdı dadlı xörəklər,
Südlə yoğrulmuş isti çörəklər.
Üzü zəfəranlı qatlama fətir,
Həsti aralıdan saçırdı ətir.
Vallah xonçalarda quş südü vardı,
Kəndin toy gecəsi gözəl olardı
Aşıq Hidayət köklərdi sazı,
Bizə xoş gələrdi onun avazı.
Bəyi təriflərdi o gecə aşıq,
Gecəni yorardı beləcə aşıq.
Dəryada qalıbdı Nuhun gəmisi
Bizə xələt versin bəyin əmisi.
Görüm a bəy, toyun mübərək olsun
Sağdışına, solduşuna borc olsun.
Göydə bir ulduz var adı talıbdı,
Bizim xələt dayısında qalıbdı

                  xxx

Məclisin bax belə şirin çağında,
Bəy getdi gül dərə bəy otağında.
Bülbül uçub qondu gülün üstünə,
Qönçə açılan tək qabardı sinə.
Calə piyaləyə gül şehi damdı
Gülün gül dodağı püstə- badamdı.
Şadlıqdan toy bəyi ilhama gəldi,
Baxışlar sevindi çöhrələr güldü.
Üç gün pozulmadı toyun növrağı
Simsarlar gəldilər hər axşam çağı
Xələt ilə gələn, gül ilə gələn,
Boy görüm verərdi gəlinə, gələn.

                 xxx

Uçdu həmin toyda  könlümün guşu
Kəşt edib dolandı «Göbəklidaşı».
Gecəni sübhədək götür-qoy etdim
Dünyanın evində neçə toy etdim
Bağlar xəzəlimi üstümə səpdi .
Bulaqlar üzümdən ,gözümdən öpdü.
Yaxşı  yol söylədi «İşıqlıdağı» ,
Arxamca su atdı «Arzubulağı»  
İçimdə közərdi sevgi ocağı ,
Gözümdə nurlandı sübhün çırağı .
Nura qərq elədi  yolumu günəş ,
Sıxdı bir dost kimi əlimi günəş .
qazanda qaldı ,lavaş tabaqda,
Nələr gözləyirdi məni qabaqda .
Arzum biləyimdən tutmuşdu mənim,
Bu dəm batammazdı mənə bir qənim.
«Qaybalı Təpəsi» yaxşı yol dedi ,
Xatadan, baladan uzaq ol dedi.
Quşlar  başım üstə nəğmə oxudu,
Fatma nənə göydə hana toxudu.
Bir   dönyb baxdım kəndin qaşından,
Öpdüm «Malyolu»nun çopur daşından.
Çıxdım «Elyoluna», «cada» yoluna.
Düşdüm diləyimin sadə yoluna.
Üz tutdum niyətim üz tutan səmtə,
Məni tərk elədi kədər , qəm .
Sumqayıt  deyilən məkana gəldim,
Burda dinə gəldim, imana gəldim.

                          xxx

Ey könül, gəl çıxaq seyrə bir anlıq,
Düşüb izimizə  pislik, yamanlıq.
Xırman heşansızdı, dəyirman dənsiz,
Vətən bizsiz qalıb,biz vətənsiz..
Nizami ordumuz bir  himə bənddi,
Vətənsiz yaşamaq bizə töhmətdi.
İgidlər dolansın meydanı şir tək,
Nərədən dayansın min xain ürək.
Bizə qoşulmasın hər yoldan ötən,
Düşmən tapdağından sovuşsun Vətən.
Qılınclar oynasın göydə şimşək tək,
Qorxub qayalara qısılsın külək.
Kəsməsin yolları duman, çən,
Yağılar kar olsun təbil səsindən.
Düşmənin qanından bir göl yaransın,
Elə bu məqamda yarı yar ansın.
Bir göz qırpımında hücuma keçək,
Düşmənin qanından ovucla içək.
Ulu  Zəngəzuru alaq əllərdən,
Yığışsın evinə qaçqın çöllərdən.
Qaytaraq Laçını öz sahibinə,
Verək Kəlbəcəri saz sahibinə.
Qayıtsın Qubadlı,Humayqayası,
Qurtarsın elimin kədəri, yası.
Qalmasın yurdumda düşmənin tozu,
Bu il faraş gəlsin Şuşanın yazı.
Biz Cıdır düzündə cıdıra çıxaq,
Ordan Xankəndinə doyunca baxaq.
Zəngilan torpağı suya çəkilsin,
Ağdamda solmayan güllər əkilsin.
Füzuli babamın ruhu şad olsun,
Cəbrayıl elində toy-büsat olsun!
Çağır o çağları, çağır ey könül,
İtməsin saldığın cığır, ey könül.
Çağır «Yeddinovlu» hay versin sənə,
Suyundan bir qurtum pay versin sənə.
Çağır «Qızılqaya» kürəyindədir,
Elin məhəbbəti ürəyindədir.
Çağır orda qəmim, sevincim qalıb,
Uşaqlıq deyilən bir incim qalıb.
Hanı uşaqlığın şirin çağları,
Soldu gəncliyimin yaşıl tağları.
Hanı hay-haraylı obanın, elin,
Hanı şux bülbülü o solan gülün.
Qocalıq ovutdu, könlümü aldı,
Sonra da qolunu boynuma saldı.
Hanı yamacların buz bulaqları,
Hanı kəndimizin meyvə bağları!
Hanı «Arpatəpə», bir yanı yoxdu,
«Lələdağ» məhv olur, yananı yoxdu.
Solub kəndimizin gözəl bənizi,
Üstünü bürüyüb kədər dənizi.
Çağır o yerlərin dəlisiyəm mən,
Körpə göbələyin ölüsüyəm mən.
İlk dəfə mən orda iməkləmişəm,
Orda dil açmışam, Vətən demişəm.
Dağların küləyi darağım olub,
Ayı, ulduzuları çırağım olub
Orda sevincimi qızla bölmüşəm,
Güllərin, otların içində vəcdə gəlmişəm.
Ağbaldır yemliyi duzla ovmuşam.
Çağır, «Şükürbəyli» yadıma düşür,
Ordan ceyran keçir, durna ötüşür.
Çağır «Ağbulağı», çağır «Şırranı»,
Xəyalım dolanır dağı, aranı.
Hanı at ilxısı, dəvə qatarı,
Hanı Fatma xala, Xanxanım qarı.
Hanı alaçığın sərin nəmişi,
Hanı kənd yerinin sütül zəmisi.
Biçib dərələrdə sütül ütərdik,
Qoruqçu görəndə gözdən itərdik.
Quzqulaq üzərdik biz gəzə-gəzə,
Hərdən pencər çatıb köməyimizə.
Hanı «Arazdibək», hanı «Ağyazı»,
Dərin düşünmüşəm bir vaxt dayazı.
Təpəni dağ edib,selavı dərə,
Misi oxşatmışam lələ, gövhərə.
Zirvəyə çatmağı asan bilmişəm,
Bəzən nakəsləri insan bilmişəm.
Duya bilməmişəm yaxşını,pisi,
Baxışda hiyləni könüldə hisi.
Çəməndə gülləri seçəmməmişəm,
Keçməli yerləri keçəmməmişəm.
Bir iz qoymamışam sonra qalana,
Uymuşam hər yersiz zurna çalana.
Ehyenə mətləbdən uzağa düşdüm,
Gör harda soyuğa,sazağa düşdüm,
Mərcanı görəndə götürməmişəm,
İtməli olanı itrməmişəm.
Çağır o çağları çağır, ey könül,
İtməsin saldığım cığır, ey könül.
Xatirə həm şirin, həm acıdır,
Xatirə könlümün qızıl tacıdır.
Kəndimiz dünyada ən gözəl yerdir,
Adını yaşatmaq böyük hünərdir.
Çağır, kəndimizi hay versin sənə,
İncidən, mərcandan pay versin sənə,
Əvəz, sən keçəndə o gözəl yerdən,
Götürə bilmədin ləldən, gövhərdən.
İndi sən mənaya, sözə möhtacsan,
Yoxuşda qalmısan düzə möhtacsan

Комментарии