Tədbir sənindi
Tədbir sənindi
Daş kimi yatardım daşların üstə,
İndi qu tükündə yata bilmirəm.
Yuxum atlı olub mənsə piyada,
Ayaq götürürəm çata bilmirəm.
Zülmət gecələrdə çöldə, çəməndə,
Torpağa yapışıb qalmışam, inan.
Yatmışam yağışda, dumanda çəndə,
Qumaşa dönübdü altımda tikan.
Bir çimir gəlməyir gözümə indi
Ah-vayla köklənib gündüzüm,gecəm.
Cəsarət tapmıram özümdə indi
Heçlərin içində ta mən də heçəm.
Nazlı gözəllərdən
kənar gəzirəm,
Sevilə bilmirəm səbəbi aydın
Bəzən öz canımdan özüm bezirəm.
Deyirəm, əzəldən kaş olmayaydım.
Yadıma düşməyir nə dağ, nə aran,
Köhləni minməyə təpərim yoxdur.
Gecə intizaram,gündüz nigaran
Elimdən,obamdan xəbərim yoxdur.
Bir zaman eşq əhli olmuşam mən də,
Eşqin atəşində çırpıyam indi
Qız-gəlin görəndə dururam gendə,
Mən kiməm Ya Rəbbim, tədbir sənindir
Комментарии
Отправить комментарий