Sinəsi dağlı şair


Sinəsi dağlı şair


70 il əvvəl Ağdü kəndində bir Əvəz dünyaya gəldi. O kimin əvəzi idi. 20-ci ildə ünvansız ölənlərinmi, 37- günahsız gedənlərinmi,böyük vətən müharibəsi adlandırdığımız o müdhiş kabusun dumanları içindəözünü düşmən gülləsinə qurban verənlərinmi? Bilmirəm! Onu bilirəm ki, bir türk ailəsində dünyaya gələn bu uşaq şəhid olmuş on minlərdən birinin əvəzi idi. Böyüdükcə, boya-başa çatdıqca, quzu otardığı yemlikli, çiçəkli dağlara zümzüməsindən xumarlandığı gur sulu bulaqlara dahadərin məhəbbətlə bağlanır, füsunkar aləmi ürəkdən sevirdi. Bu sehirli dünya onun ilk unudulmaz vəfalı, həsrətli, həvəsli məhəbbəti idi.
İstəyirəm bir saz çalım,
El-obadan ilham alım.
Əvəz deyir ölüm qalım,
      Mən bu dağlarda, dağlarda.
Həmin misralarda şairin varlığını çuğlayan bir məhəbbətin ecazkarlığı var. Şairi bu dağlara vətən sevgisi bağlayır. Ayrılıq təsəvvür edilməzdir. Lakin
Həyat heç nəyə baxmır. Mənsəbini tapmayan su kimi sahilsiz, sərhədsiz ötüb keçir. Möhtəşəm binalı şəhər Əvəzin konlünü sıxır. Geniş səmalı dağlar onu qoynuna çəkir, ya  Rəbb ! Harda qaldı o sərin yaylaqlar, saf sular, yaşıl ormanlar?! Həyat şerə çevrilir.
             Bir o yerlərə yolum düşəydi,
Gəlib çeşmələrdən öpəydim,Lələ.-
deyə sanki dünyanı Lələdağ zirvəsinin səcdəsinə çağırır. Beləcə haraylaya-haraylaya  özü hiss etmədən şersevənlərin könlündə yeni bir ünvan yaradır. Əvəz Lələdağ ünvanı. Təhsil illərindən sonra 1972-ci ilədək öz şerlərini doğma obasının mətbuat səhifələrinə ünvanladı. Lakin könlündə bəslədiyi nəğmələrini daha geniş mühitə çıxarmaq üçün o, yenidən şəhərə qayıdır. Dağlardan gözünə, könlünə yığdıqlarını qəzet-curnal səhifələrində Azərbaycan adlı bir dünyanı hər tərəfinə yayır.
            Harda olsam hiss etmişəm odunu,
                  Çörəyinin ləzzətini,dadını.
                  İşıqlıdağ,vüqarını, adını,
                 Ürəyimə yaza-yaza gəlmişəm.
Bəli, artıq Əvəz Lələdağ ünvanlı Əvəz Mahmudov Zəngəzur həsrətini şerə çevirə-çevirə özü kimi cavan Sumqayıtın qucağında məsgən tutdu,sakinləşdi,ağırlaşdıZaman-zaman ahıllaşdı, ancaq şeri çılğın qaldı, mübariz qaldı, həsrətli qaldı. Oxucuların əllərindən tutub gah dağlara,gah aranlara,yaylaqlara aparan qoşmalar, gəraylılar, rübailər,  təmsillər-müxtəlif səpkidə yazılmış şerlə kitab şəklində çap olundu . Bu kitabların səhifələri kimi adına da «Vətən, Torpaq, Ana, El həsrəti" hopdu..
«El yada düşdü», »Dağlar marala qaldı», «Ömür payı», «Sinəsi dolu nənəm», « dovşanın nağılı», «Ömürdən qalan izlər», « Dünya hara gedirsən», «Yaddan çıxmaz günlərim», «Bizi deyib gəlmə,Mirzə»,«Səni gözləyirəm »kitablarının 400-dən artıq elmipublisistik-metodik yazıların müəllifidir.
Yazıqlar o qələm sahibinə ki, kitabı təzə qalır. Əvəz Lələdagın kitabı gec nəşr olundu, tez köhnəldi, vərəqləri saraldı,əzildi, şerləri təzə qaldı. Hər dəfə oxucu bu kitabları əlinə götürüb vərəqləyəndə oradan İşıqlıdağ, Ağbulaq, Çalbayır, Əriməz, Qızılboğaz; Pəriçınqılı şeh  içindən silkələnib, baş qaldırır, yemlik dizə çıxır, baldırğanın qoxusu, yarpızın ətrınə qarışır. Giciktikanın zarafatı bu bulaqların nəğməsinə qovuşub küləklərlə hər tərəfə yayılır. Hər dəfə canlıların ən alisi olan insan dağ vüqar ilə zirvələrə qalxıb ətraf aləmi, baharı qışı, yaylı payızı bir dünyanı seyr edir. Cünki onun şerlərinin böyük bir qismi dağların əzəmətinə, vüqarına, ucalığına, qüruruna həsr olunub. Dağ vüqarı,dağ yüksəkliyi ellərin örnək yeridir.Bu duyum « Elin güvənci» şerində daha aydın təsvir edilib. Şair Ana timsalında duyduğu yurdunu bircə anda unutmur.Yaxşı deyiblər: Məhəbbət sevginin adını, surətini hər an özüylə birgə hiss etməktir.
Şerində «Baxmaq ilə oylağından doymuram» deyən aşiqin vüsala can atan həsrətinin yanğısı duyulur. O sanki yurdundan,yuvasından didərgin düşənləri, yanğılı nəfəsini cıyərləri çəkib o həsrəti şerlə püskürür. Şair öz şerlərində xalqının qədimliyindən, yenilməzliyindən söz açır. Oxucu bir anlığa da olsa sanki əsərin qəhramanı ilə bir sırada addımlayır. Böyük vətən müharibəsi illərində öküzləri qoşub yer şumlayır, hodaqçılıq edir, macdan yapışır, vəli dəcdiyir, xırmanı kələyir,sovruğu atır, taxılı tıglayır, xəlbiri gətirir, şadaranı, daş kiri aparır, buğdanı üşələyir, koğanı düzəldir, masana çənbərəni bağlayır.
«Kotan bilir, qayış çəkir» el misalını yada salır.
Çörək tanıtdırar oğul, kişini,
Taxtanı, oxlovu, ələyi gətir. 
   Davlağı, ərsini, təndir, şişini,
Bir o ətirli çörəyi gətir.
Şair  çalışır ki, doğma yurdun ən köntöy sözü belə itməsin .Ona görə ki, o sözlər ilkinliyimizin daşıyıcılarıdır.
Əvəz Lələdağın şerlərində ən uğurlu cəhət odur ki, kəndçiliyimiz, ilkinliyimiz  məğrur dayanır. Müəllifin bütün yaradıcılığı boyu kəndçi vüqarı əriməyən, itməyən, əksinə özünü tapan, özünü dərk edən vüqarı oxucuda minnətdarlıq hissi oyadır. Çünki ilkinliyimiz, şeriyyətimiz, musiqiliyimiz, şərqliyimiz, ülviliyimz hamısı kənddədir. Bütün bunlar möhkəm zəmində  aləmdə  çatdırmağa can atır Əvəz Lələdağ.
Gənçliyi bu zəmində tərbiyə olunmağa, öz kökü üstündə bitməyə səsləyir. Vətənə dönük çıxan «Ürək buza dönür» deyir. Sən məndən «Can istə» deyə birinci şəxslə danışır. Oxucu isə bu misralarının arxasından bütün türk dünyasının səsini eşidir. Lacivərd göylərin çadırı altında bərqərar olmuş qışlı, baharlı, yaylı, payızlı təbiət şairin qələminin mövzusudur. Vətən vurğunluğunu onun nemətlərini tərənnüm edir. Onun yaradıcılıgında hər fəslin öz yeri var. Baharın gecikməsinin miskilinə dözməyib, «sənsiz darıxdım» deyərək ah çəkən şair  sanki dağların başını öz ahı ilə dumana, çovğuna bürüyür. Digər bir şerində dağların bu halını vəsf edərək dünyanın təzadını yaradır..
  Zirvəsində boran ,çovğun,
Ətəyində yazdır , dağlar.

Şair yaddaşına hopmuş tarixi şerlərində əbədiləşdirir. Böyük amallarla yaşayır, insanı ülvi diləklərə səsləyir..

 Hansı səda ilə çağırım ki, mən

 İntizar gedənlər duysun səsimi,
- deyən şair Xurşud Banu nəslinin Sabir kimi müxtəlif zamanların ədiblərinin elindən, kökündən intizar getdiyini görür, həsrətli səslə onları haraylayır. Qəbri qərib olan Mehtisini səsləyir. Bu çağırış bir-iki nəfərin yox, milyonları məsləki uğrunda torpağa qarışana qədər vuruşmağa, canını Vətən uğrunda qurban verməyə çağırır. Əvəz Lələdağın təsəllisi kimi şerləri toponimləri qoruyub saxlayan əvəzsiz bir səngərdir. Ballı dərə, Arazdibək, Ağbulaq, Çalbayır, İşıqlıdağ, Üçtəpə, Salvartı s. kimi onlarla yer adları onun şerlərində əbədiləşmişdir. Şair Yer adlarının dəyişdirilməsinə tarixiliyin qədimliyin məhvi kimi baxır öz etiraz səsini ucaldır.Onun misralarına zaman, məkan, tarix hopmuşdur. Bu, zəngəzurlu, göyçəli, qarabağlı, şəkili, şirvanlı, ərəşli,oğuzlu, gəncəli, dərbəndli bir dünyanı özündə birləşdirən məkandır. Bu tarix xalqın, elin, obanın, yerin, göyün tarixidir. O doğulduğu Zəngəzur ellərinin həsrətini çəkir. Buludlara qoşulub ora getmək istəyir. Oxucuya elə gəlir ki, şairi özünə çəkən dağlar, elə Kəpəzin, Murovun özüdür, Talıstan meşəsi, Mil-Muğan düzüdür.
Gecə yuxum elə dönür,
Gəzir dağı, daşı, qardaş.
Xeyli vaxtdır selə dönür
Gözlərimin yaşı, qardaş.
Bu həsrətə dərd qarışanda, tufan olur, yanğın olur, qəlb sökülür,  cana od alır.
          Çalma, Kamil, çalma, qurbanın olum,
Yandırıb yaxırsan axı sən bizi.
-deyib iniltili bir səslə haray qoparır. Şair uluların baş qoyduğu, Ələsgərin uyuduğu torpaqlar uğrunda, Qarabağ torpağında, Bakı meydanlarında şəhid olanların dərdini Vətən həsrətinə qarışdırır. Qonşu xəyanətinin dağını qələmə alır Şəhidlərin xatirəsini yad edir, son illərin yanğısı ilə alovlanır, «Dağlar marala qaldı» deyir. Hansı dağlardır marala qalan? Niyə sakinləri ondan uzaq düşdü, niyə marala qaldı? Kitabı vərəqlədikcə bu suallara cavab tapılır. Üzünü Lələdağa tutan həsrətli şair könlü nələr soruşur?! Bu dağlarda qoyunlar mələşmir, atlar kişnəşmir,ellərin yaylaq yeri imiş bu bağlar, bülbüllü bağçalar, türfə gözəllər oylağıymış, bu buz bulaqlı, bəyaz buludlu, güneyli, quzeyli dağlar. Sinəsində dağlar qədər dağ gəzdirən şairin məhəbbət dolu ürəyi var. Bu ürəkdə süzgün baxışlı,yorğun gözlü,incə qəlbli bir gözəlin məhəbbəti yuva qurub. Bu gözəl ürək sərinlədən səba yelidir,dərdi-qəmi sevincə çevirən qönçə gülüdür. Onun bağı şairin könlü, bülbülü isə şairin özüdür. O gözəl şairin nəzərində həmişəcavandır. Bir gün qocalıq qapını döyəndə
     Sındırdın könlümü, ay zalım qızı,
   Vurdun ürəyimə yara, neylədin?
Kəsdi qapımızı ömrün payızı,
Bələdin saçını qara, neylədin.
Şair inciyir, küsür o gözəldən, bir anlıq gözünü ondan da çəkir, dağlardan da. Könlü ilə tək qalır..
Kimdən gileylisən, nədən küsmüsən,
Göylər tək hey dolub, boşalan könül,-
Deyə soruşur. Sanki bu tənhalıqla zamanın bütün haqsızlıqlarına sinə gərib, etiraz edir..
     Heç bilmədim bu oyun, işdi,
Baharı şaxtalı qış olan könül.
Təbiət şairi, dağlar şairi, həsrət şairi Əvəz Lələdağ təmsil yazanda da mövzu etibarı ilə şerlərinə  sadiq qalan, poemaları qələmə alanda da, rübailərində qoşma gəraylılarında  da nisgilli bir duyğunu əsil poeziyaya çevirib ürəyindən qələmə axıtmışdır. Bu nisgil Zəngəzur nisgilidir, Göyçə kədəridir, Dərbənd qəhridir, cənub həsrətidir, ağırdan ağır Qarabağ dərdidir. Bu dərdlərin kökü keçmişlərdə, köçü bu günlərdədir.
«Analı dünyam» adlı yazısında müəllif dünyaya sığmayan bir dünyanın ananın əl boyda qəlbinə sığmasından, ananın müqəddəs, qibləgah, səcdəgah, ulu, ülvi, təmiz, pak, sadə, mehriban, qayğıkeş, gözəl, səmimi, səxavətli, sədaqətli, ləyaqətli, mərd olmasından danışır, oxucuda anaya qarşı məhəbbət hisslərini daha da gücləndirir.
         Nağılım, dastanım, laylam, bayatım,
Dilimin söhbəti, sözü anamdır.
Ümumiyyətlə, Ə.Lələdağın poeziyası ictimai həyatdan, müasirlikdən ayrı düşmədiyinə görə  həmişə təzədir, zəngindir. Əlimizdən tutub bizi  talelərdən keçirən, qeyrət ucalığından itirdiklərimizə  baxmağa məcbur edən poeziyadır. 




Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal