Yaz yağışı


Yaz yağışı

Otlar yenə taxıb şeh sırğasını.
Yenə hürkək-hürkək boylanır çiçək.
Qışın tufanını, qasırğasını,
Qatıb qabağına qovlayır külək.

Yağdıqca ağ yağış, yuyunur cəmən,
Yaşıl don geyinir yazda dağ, dərə.
Darayır saçını nərgiz, yasəmən,
Göylərin göz yaşı can verir yerə.

Aramla açılır bağçada güllər,
Daşların dibində dincəlir böcək.
Yır-yığış eyləyir qızlar, gəlinlər,
Bahar yurdumuza qonaq gələcək.

Qovsi-qüzehə bax, bəzənib əlvan,
Alqış, təbiətin hüsnünə alqış.
Dağılır çən-duman, görünür hər yan,
Kəsilir mil kimi millənən yağış.

Qızılsaçlı günəş telini tökür,
Zanbaqlar, lalələr nura boyanır.
Kəklik qaqqıldayır, bildirçin səkir,
Xallı kəpənəyin qanadı yanır.

Bu dəmdə sinəmdə telli saz dinə,
Vallah gözəllikdən doymayır gözüm.
Şükür bu taleyə, şükür bu günə,
Yazmaqla, deməklə qurtarmır sözüm.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal