Yerindəmi?


Yerindəmi?

Dilin yansın, ay sığırçın,
Söylə, o bağ yerindəmi?
Ay qanadı qırçın-qırçın,
Arzubulaq yerindəmi?

Ürəyimi üzüb qubar,
Bu həsrətin bir sonu var?
Lalayurda gələn bahar,
Çiçəklidağ yerindəmi?

Gödək dərə, Sarıyoxuş,
Hər daşında min bir naxış,
Əsən külək, yağan yağış,
Təndir, ocaq yerindəmi?

Yaddan çıxmır Qumarxacım,
Arxaşanda qaldı sacım.
Leyliqaçan gəlin bacım,
Cəhrə, daraq yerindəmi?

Çox uzandı bu qan-qada,
Çiçəklidüz qaldı yada.
Köç tutmayan Ortacada,
O təm təraq yerindəmi?

Zəngəzurum, gözəl diyar,
Dağlarının zirvəsi qar.
Görməyənin nə dərdi var,
Mən görən çağ yerindəmi?

Doğma yurdum, ana torpaq,
Düyünləndi sinəndə dağ,

Kaş biləydim, ay Lələdağ,
O kef-damaq yerindəmi?

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri