Deyişmələr


Deyişmələr

             Əvəz  Lələdağ
Ay Qaracan, meydanıma girmə sən,
Dilin topuq vurar,dizlərin əsər.
Ustadlar yanında ustad olsan da,
Sənət dünyasında mənəm şiri-nər.

         Aşıq Qaracan
Hədələmə məni Əvəz Lələdağ,
Adam əvvəl yeyər,sonra gəyirər.
Açaram sinəmin bağlı sandığın,
Bax gör xəzinəmdə nələr var, nələr.

         Əvəz  Lələdağ
Bilirsənmi Səkkizayaq hardadı?
De, kimlərin arzuları dardadı?
Neçə istək intizardı,tordadı,
İşə düşdün, ay dünyadan bixəbər.

       Aşıq Qaracan
Səkkizayaq  Faxralı var, ordadı,
Milyon istək intizardı, tordadı.
Ustadların arzuları dardadı.
Uyuyurlar bu dünyadan bixəbər.

        Əvəz  Lələdağ
O nədir ki, qalxdı daha enmədi,
O kim idi alovlandı, sönmədi.
O kim idi ilqarından dönmədi,
Bacarırsan çıx aradan birtəhər.

       Aşıq Qaracan
O bayraqdı, qalxdı ,daha enmədi,
O Kərəmdi, alovlandı sönmədi.
O Məcnundu, ilqarından dönmədi,
Hələ də bulaqda Leylini gözlər.

        Əvəz  Lələdağ
O kim idi,şan-şöhrətə  satıldı,
O kim idi biləkləri çatıldı.
O kim idi, zülmətlərə atıldı,
O kim idi xilas etdi mələklər.

      Aşıq Qaracan
Ədil şahdı şan-şöhrətə satıldı,
Şah İsmayılın biləkləri çatıldı.
O günahsız  zülmətlərə atıldı,
Ancaq onu xilas etdi mələklər.

     Əvəz  Lələdağ
O kim idi danladılar üzünü,
O kim idi bağladılar gözünü.
Eşitdilər haqdan gələn sözünü,
İki qəlbdə çiçək açdı diləklər.

       Aşıq Qaracan
O  Novruzdu danladılar üzünü ,
Haqq aşığının bağladılar gözünü,
Eşitdilər haqdan gələn sözünü ,
İki qəlbdə çiçək açdı diləklər. 

      Əvəz  Lələdağ
Hərəsi bir rəngdir,toxum da ,dən də,
Niyə yaşıl olur bəs cücərəndə?
Bu sirri açmağa hünər var səndə?
Sazını bərk saxla əlindən düşər.

     Aşıq Qaracan
Toxum düşər nəm torpaqdan meylənər,
Su duranda yaşıl olar, -iylənər.
Əsil oğul el içində bəylənər,
Sədası dillərdən – dillərə düşər.

        Əvəz  Lələdağ
Dağ gördüm , daş gördüm içim göynədi,
Dağlarda daşları yaradan nədi?
Bu kainat nədi, mavi göy nədi?
Hələ heç nə yoxdu ,səni basıb tər.

Aşıq Qaracan
Haqsızlıqlar gördüm ,içim göynədi,
Nəm torpağa Günəş dəydi, səng nədi,
Kainat ,mavi göy boş bir səhnədi,
Hər gələn tamaşa eyləyib gedər.

Aşıq Qaracan
Haqsızlıqlar gördüm ,içim göynədi,
Dağlarda daşları yaradan nədi?
Bu kainat nədi, mavi göy nədi?
Hələ heç nə yoxdu,səni basıb tər.


Əvəz  Lələdağ
O nədir, törədir min qada , min qan?
Onunla rahatlıq bilməyir cahan.
Qan ,nəfəs yaşadır insanı ,ya can?
Sənə söyləyirəm gör hardan xəbər.

    Aşıq Qaracan
Müharibə törədir in qada, min qan,
Onunla rahatlıq tapmayır cahan.
Qan ,nəfəs Şcan ilə yaşayır insan,
Məhv olar birisi olmasa əgər.

Əvəz  Lələdağ
Həyat başdan –başa bir möcüzədir.
Söylə ölüm nədir,bu həyat nədir?
İnsanda kamillik nəyə görədir?
Hardadır ay yazıq, səndə o təpər.

Aşıq Qaracan
Dünya başdan başa bir möcüzədir,
Ölüm üfunətdir,həyat havadır.
İnsanda kamillik buna görədir,
Qeyrət ,qüdrət,mərifət və hünər.

Əvəz  Lələdağ
Bu bir həqiqətdir,ağlın da kəsər,
O nədir daima sinədə gəzər?
Batildən xəbərsiz zahiri bəzər,
Bunu da bilməsən el sənə gülər.

Aşıq Qaracan
Sözün cavabını deyim müxtəsər,
Daş-qaş bir ziynətdir sinədə gəzər.
Batildən xəbərsiz,zahiri bəzər,
İçimdə inləyər,çölündə gülər.

Əvəz  Lələdağ
O hansı ulduzdur nurlu yol açar,
Gecələr günəş tək işıqlar saçar.
Səni kim eyləyib bu dərdə düçar?
Fikirləş gecəni səhərə qədər.

Aşıq Qaracan
Müştər ulduzudur,nurlu yol açar,
Gecələr günəştək işıqlar saçar.
Məni sən eylədin bu dərdə düçar,
Varsa bu sözlərdən saxlama göndər.

Əvəz  Lələdağ
Bəşərə qənimdir xaşxaş dənəsi,
De,hansı vücuddur boşdur çənəsi.
Ağzı yumulmasa kəsilməz səsi,
Dərd varmı qaracan bu dərddən betər.

Aşıq Qaracan
Kamil ustadlarla eylərəm bəsi,
Çərənçinin daim boşdur çənəsi.
Ağzına vurmasan kəsilməz səsi,
Dərd çoxdu Lələdağ, çəkənlər bilər.

&2
Əvəz  Lələdağ
Aşıq Sədi, gəl dayanaq üz –üzə,
Eşitmişəm ,səndə kamal dərindi.
Başlayaq söhbətə,girişək sözə,
Məndə olan məharəti gör indi.

Aşıq Sədi
Şair Əvəz,salma məni oda sən,
Öz halını özün yada sal indi.
Bu telli saz,bu tazənə, o da sən,
Bacarırsan “Dilqəm” üstə çal indi.

Əvəz  Lələdağ
O nədir ki,yaşayanda çürüyər?
O nədir ki, soyuq- soyuq əriyər?
O nədir ki, əl- ayaqsız yeriyər?
Sual verdim,cavabını ver indi.

Aşıq Sədi
O dişdir ki, yaşayanda çürüyər,
O buzdur ki, soyuq-soyuq əriyər.
O ilandır əl-ayaqsız yeriyər,
Sual verdin, cavabını al indi.

Əvəz  Lələdağ
O nədir ki,su içində istər su,
O nədir ki,qaranlıqdır arzusu?
De,kim oldu ərşin əzəl yolçusu?
Hünərin var meydanımda dur indi.

Aşıq Sədi
O dildir ki, su içində istər su,
Yarasanın qaranlıqdır arzusu.
Peyğəmbərdir ərşin əzəl yolçusu,
Bu cavabdan yana-yana qal indi.

Əvəz  Lələdağ
O nədir ki, bircə dəfə verilir,
O ndəri ki,ildə biri hörülür.
O nədir ki, üç həftəyə dirilir,
Bu dünyada tap özünə yer indi.

Aşıq Sədi
O ömürdü,bircə dəfə verilir,
O da yaşdır ildə biri hörülür.
Yumurtadır,üç həftəyə dirilir,
Bəsləyəni anam,bacım,gəlindi.

Əvəz  Lələdağ
O nədir ki,yeriyəndə iz düşür.
Hansı heyvan əl dəyəndə büzüşür.
Ünsiyyətdə insan kimi görüşür,
Eyləyərəm gen dünyanı dar indi.

Aşıq Sədi
O iblizdi yeriyəndə iz düşür,
O kirpidir əl dəyəndə büzüşür.
Ünsiyyətdə insan kimi görüşür,
Çıxmaq üçün tap özünü yol indi.

Əvəz  Lələdağ
O nədir ki, tapılmayıb əlacı,
O nədir ki,başmaqları narıncı.
O nədir ki, yarpaqlamır ağacı,
Gəl bu bağın meyvəsini dər indi.

Aşıq Sədi
O ölümdür tapıladı əlacı,
O maraldı başmaqları narıncı,
Buynuzudur yarpaqlamır ağacı,
Sən Sədinin öhdəsindən gəl indi.

Əvəz  Lələdağ
Sağ ol, Sədi, sazın ,sözün var olsun,
Sənətkara xor baxana ar olsun.
Əvəzə deyir hər yan bağça, bar olsun,
Buyur qardaş,bura sənin yerindi!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri