«Ölsün Ələsgər tək qulların,dağla».
«Ölsün Ələsgər tək qulların,dağla».
Gözəllər çeşmədən götürmür abı,
Dad verər dəhanda kövsər şərabı.
Xaçpərəstlə düşdü punt inqilabı,
Onun üçünmü bağlandı yolların,dağlar.
* * *
Həsənnənə,Həsənbaba qoşadı
Xaçbulaq yaylağı xoş tamaşadı.
Eldən ayrı aşıq niyə yaşadı?
Ölsün Ələsgər tək qulların,dağlar.
Dədə Ələsgərin 91 il bundan əqdəm dediyi,gərdişin ictimai-siyasi hadisələrini dərindən dərk etməsi,tərəqqi-tənəzzül kamançasını həm bəmdə,həm də zildə çalması necə də heyrətamiz bir gerçəklikdir.Şamı sübhə,sübhü şama,yazdıqlarını pozan,pozduqlarını yenidən nizama salmağa can atan fani dünyanın gəliş-gedişini şair həssaslığı ilə duyan ustad sənətkar sanki dağların dağ boyda dağını,dərd-qəmini çoxdan hiss edirmiş.
Hanı mən gördüyüm qurğu-büsatlar,
Dərdi-məndlər görsə,tez bağrı çatlar.
Mələşmir sürülər,kişnəmir atlar,
Niyə pərişandı halların,dağlar.
Kimsəsiz qalan yaşıl yaylaqlar,boynu bükük çeşmələr,axşam sabah qız-gəlin qəh-qəhəsi ilə xumarlanan buz bulaqlar bu gün də gördüklərimizin təsdiqidir elə bil.
Zəndin nə itiymiş ay Dədə,sənin,
Göyçə başdan-başa sən deyən oldu.
Düz sözün hədəfə dəyəndə sənin,
Səndən küsən oldu,inciyən oldu.
* * *
Alındıq araya üzük qaşı tək,
Nadanlar ulaşdı çöl bayquşu tək.
Atıldıq ay lələ,sapand daşı tək,
Bizə darayaqda el həyan oldu.
* * *
Hər daşı əlimlə isinən divar,
Qaldı həyət-bacam qaldı intizar.
Quldurlar talayıb apardı nə var,
Nə dindirən oldu,nə deyən oldu.
* * *
El qovuldu,məzar qaldı səhrada,
Göy ağladı,yerdə qopan fəryada.
Dolu qablar qismət oldu xoryada,
Ancaq bizə qalan boş ləyən oldu.
«Solaqqay» (Ələsgər sol əlli çaldığına görə ona eldə,obada «solaqqay» deyərlərmiş) bizim aşıq poeziyamızı yüksəklərə qaldıran,onun bütün forma və başqa bir sıra xüsusiyyətlərdən geniş mənada istifadə edən ustad sənətkar,qüdrətli el aşığıdır.
O,aşıq poeziyasını qoşma,müxəmməs,təcnis,cığalı təcnis,dodaqdəyməz,qıfılbənd,
bağlama,ustadnamə,gəraylı kimi zəngin el xəzinəsinin açarını əlinə
götürüb onun xəzinədarı olmuşdur.
Ustad aşığın yaradıcılığını bəzəyən əsas qoşmadır.
Hazırda əlimizdə olan 200-dən artıq müxtəlif formalı şerin əksəriyyəti qoşmadır. Qoşmaların da çoxu məhəbbət lirikasıdır.Onun lirik qoşmalarında ürək döyüntüləri,səmimi hisslər,həyəcan və iztirablar ifadə olunur.Deməliyəm ki,məhəbbət lirikası Dədə Ələsgər yaradıcılığının şah xəttini,qüvvətli qolunu təşkil edir.
O,gözəl qızı,ləyaqətli gəlini müqəddəs sayır,onu ziyarətgah hesab edir:
Sinən Kəbə,köynək Kəbə örtüyü,
İzin versən,sürtüm üz köynəyinə.
«Gözəllik ondur,doqquzu dondur» xalq misalı Ələsgər qələmindən necə gözəl və şairanə deyim tərzi ilə ifadə olunub:
Ağ çit dizlik geyib,köbəsi ala,
Gör necə çillənib qabağa-dala!
Əndamın quyruqdur,asta çalxala,
Aldı,məndə dini-iman qoymadı.
Aşıq insanların canını alan Əzrayıla da haqq qazandırır,onun günahını yuyur:
Ələsgərəm,bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm,usanam.
Əzrayılı qanlı tutmasın anam
Məni bir kipriyi peykan öldürür.
İlqarından ölüncə dönməyən,məhəbbət yolunda yorulub usanmayan aşiq ölümünün səbəbkarı,kipriyi,peykanı bilir.
Məhəbbət yollarının çətin,bəzən uğursuz olduğunu məhəbbət dastanlarımızda çox oxumuşuq.Belə uğursuz sevgi macərası Aşıq Ələsgərə də cavan çağlarında ürcah olub.O,öz kəndlərində bir qızı ürəkdən sevirmiş,kasıb olduğu üçün qızı ona vermirlər.Ona görə də Ələsgər uzun müddət kədərlənir:
Dərdim çoxdur, dindirməyin həzarət,
yaxud,
Müxənnət zamana,bimürvət fələk,
Şamı sübhə,sübhü şama çəkirsən.
Ləhzədə açırsan min cürə kələk,
Gah pozursan,gah nizama çəkirsən.
yaxud,
Dad sənin əlindən,ay qanlı fələk,
Könül,həsrət qaldı yara dəyməmiş.
Aşığın yardan xəbər tutmaq istəyi,öz sevgilisini soraqlaması səhnəsi çox təsiredicidir:
Söylə,qasid,müxtəsəri vəssalam,
Ərzimi canana dedin,nə dedi?
Bülbül tək asimana yetişib naləm
Sübhi-gülüstana dedin,nə dedi?
* * *
Gedib ərzi-halın yara söylədim,
İnciməsin məndən canana dedi.
Zülm əli ilə məni yada verdilər.
Viran qalsın belə zamanə dedi.
Aşığa sevgilisindən belə kədərli xəbər gətirən qasid bildirmişdi ki,qız bütün günahları gərdişin eybəjərliklərində görur və zamanaya gecə-gündüz qarğış edir.Bu baxımdan Ələsgərin qoşmalarının xeyli hissəsi eşq,məhəbbət macərası ilə əlaqədardır,yerdə qalan qoşmalar aşıq poeziyasında ənənə olaraq gözəllərə,sevgiyə,qız-gəlinə həsr edilmişdir.Bu şerlərin böyük bir qismini ustadnamələr təşkil edir.Dərin məzmunu,poetik üslubu,incə və yüksək sənətkarlığı ilə fərqlənən bu ustadnamələr fəlsəfi şerimizin nadir incilərindəndir.Bu qoşmalar arasında insan qəlbinin tam dərinliyinə nüfuz edən,oxucunu coşduran,valeh edən,bəzən də kədərləndirən olduqca dərin və lirik şerlər vardır.
Aşıq Ələsgər məhəbbət lirikasının ölməz nümunələrini yaratmışdır.Onun sözləri nə qədər qanadlı olsa da,könlü doğma ocağa,unudulmaz yurda möhkəm bağlıdır.
Adım Ələsgərdir,Göyçə mahalım,
Dolanım başına,dərdini alım,
Onun qəlbi qoynunda yaşadığı ana torpağa,vüqarlı dağlara möhkəm bağlıdır.
Yayda yaylağımdır,qışda oylağım.
Yazda seyrəngahım bu dağlar mənim.
Ustad aşıq bu sözləri boş yerə deməmişdir.O,anna təbiəti,yaşıl yaylaqları,buz bulaqları xüsusi məhəbbətlə tərənnüm etmişdir.Onun şerlərində başı həmişə çən-dumanlı,zirvəsi qarlı dağların təmiz havası,yaşıl yaylaqların füsünkar mənzərəsi,coşğun dağ çaylarının şırıltısı,güllərin-çiçəklərin ətri,dərin dərələrin vahiməsi,çöl quşlarının şirin nəğməsi,mamırlı daşların üstünə baş qoyub yatan kəklikotunun adamı məst edən təravəti duyulur:
Xəstə üçün təpəsində qar olar
Hər cür çiçək açar,laləzar olar.
Çeşməindən abı-həyat car olar
Dağıdar möhnəti-məlalı dağlar.
Təəssüf ki,bu gün möhnəti-məlalı dağıtmağa dağların da gücü çatmır,nadan nəfəsi dağların təmiz havasını zəhərləyir.
Aşıq Ələsgərin qoşmalarından onun gözəllik vurğunu olduğu açıq-aşkar hiss olunur.O,tərif etdiyi Azərbaycan qızlarının şuxluğunu,incəliyini,gəlinlərimizin ləyaqətini,nəcibliyini xüsusi ustalıqla oxucuya çatdıra bilmişdir:
Cilvələnib nə qarşımda durubsan,
Annam sənə qurban,ay Sarı köynək
Lakin oxuyanda ki,böyük sənətkarın məzarını,insanlıq simasını itirmiş nadanlar dağıdıblar qəzəbim tüğyan etdi.Haqsızlığın baş alıb getməsi,ədalətin məhv olması,zülm və sitəmin mövqe tutması,dostluğun zəifləməsi,düşmənçiliyin güclənməsi,hiylə və riyakarlığın,zalımın haqlı olmasına zəmanət verməsi məni uzun müddət düşündürdü.Hiss etdim ki,faydalı işlər,müdrik deyimlər unudulub,səadətin yolu bağlanıb,bədbəxtlik qapıları taybatay açılıb.Dərdimi azaltmanq üçün yenə sözə,şerə həmdəm oldum:
Gözlərim yuxuda,xəyalım gəştdə.
Üstümdən gör nələr keçdi,ay Dədə.
Bir naşı ovçunun naşı gülləsi,
Odladı köksüsü,deşdi,ay Dədə.
* * *
Dünya nə haydadır,mən nə həşirdə,
Qayıtmaz geriyə dünənim bir də.
Eşitdim Telli saz qərq olub dərdə,
Qollarım yanıma düşdü,ay Dədə.
* * *
Kim yazdı gərdişin dərd əsərini
Kimi qurban verdi dərdə-sərini
Kimi bu dünyanın dərdi-sərini
Kimi sevinci seçdi,ay Dədə.
* * *
Bu dərdin yükünü mən necə çəkim?
Yarası sağalmaz bu vaxsız köçün.
Yandım için-için,əridi içim,
Sonalar Göyçədən uçdu,ay Dədə.
* * *
Üzün qara deyil haqqın yanında,
İblislər var imiş mələk donunda.
O ulu məzarın əsrin sonunda,
Didərgin qəlblərə köçdü,ay Dədə.
Ələsgərin böyüklüyü ondadır ki,o,böyük hadisələri çox yığcam və lakonik şəkildə,poetik dərinliklə oxucuya çatdıra bilir:
Qəza insanatı tənabdan asar,
Leyli nahar-muşdur,cəhd edər kəsər.
Əjdaha ayaqdan sərasər çəkər,
Əlləşər barmağı bala yetişməz.
Bir bəndlə bir əhvalatı necə sərrast ifadə etmişdir.
Əhvalat belədir:Qızmış nərdən xilas olmaq istəyən adam quyunun üstə əyilmiş budaqdan yapışıb quyuya sallanmağa məcbur olur.Aşağı baxanda görür ki,ayaqlarını 4 ilanın başına qoyub.Quyunun dibinə nəzər salanda görür ki,bir əjdaha ağzını açıb onun düşməyini gözləyir.Yuxarı baxdıqda görür ki,ağ və qara siçanlar ara vermədən yapışdığı budağın kökünü gəmirib yerə tökürlər.Bu çətin vəziyyətdən xilas olmaq yollarını axtararkən gözü bir arı yuvasına sataşır.O,barmağını bala batırır və balın şirinliyi onun dəhşətli halını yaddan çıxarır.
«Dünya malı şirin olar»deyiblər.
Biz aşığın ustadnamələrini,qıfılbəndlərini dərindən təhlil edəndə görürük ki, orada təkcə şer təsiri bağışlayan deyil,həm də dərin fəlsəfi fikirlər burulğanına düşürük.
Biz onun ustadnamələrində həyat,sənət,dostluq,igidlik,mərdlik hiss edirik.
Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar mehriban eylər…
O,oxujunu,gənc nəsli mərifətli olmağa çağırır,məclis mərəkədə yaxşı oturub-durmağı tələb edir.
Arif məclisində bir söz söylərəm,
Nə hədyan,nə çaşqın,nə qələt olmaz.
yaxud
Doğru söylə sözün çıxmasın qələt.
Aşığın dili olduqca zəngin,bədii və səlisdir.Onun şerləri demək olar ki,xalq dili ilə yoğrulub.O,klassik poeziyamızdan qidalanıb.Onun qəlbi çox kövrəkdir.
Könlümün şişəsi,saqın ki,sınar,
Toxunarsa ayna,daşa,dayanmaz.
Ona görə də ustad aşığın qoşmalarını həyəcansız oxumaq olmur.Oxucunu dərhal valeh edir,öz əlinə alır,onu düz şerin sonuna qədər çəkib aparır.
Aşığın məhşur «Düşdü» qoşmasını oxuyarkən nələrin şahidi olmuşuq.Əsl Azərbaycanlı kişisinə xas olan müsbət keyfiyyətləri görürük Dədə Ələsgərdə.
İlk baxışda bizə elə gəlir ki, «gözüm bir ala göz xanıma düşdü» deyən Ələsgər məhəbbət vurğunudur.
Dedi: «Nişanlıyam,özgə malıyam» kəlamını gözəldən eşidən Ələsgərin «Sındı qol-qanadım yanıma düşdü» fikri ustad aşığın namuslu,qeyrətli olmasından xəbər verir.
Aşıq Ələsgər milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqda böyük xeyirxah işlər görüb.
İltimas eylərəm gedən canlardan,
Dost-düşmən içində yar oynamasın.
Cavandı,oynamaq ona xoş gəlir
Bizə əksikliyi var,oynamasın.
Janından,qanından artıq sevdiyi qızın adını çəkməyi özünə ar bilir,hiss edir ki,belə hərəkət etsə adət-ənənəni pozmuş olar.
Aşığın dilindəki məna şirinliyi çox qüvvətlidir.O,həm də güclü hədə,kəskin,ifşaedici həcvlər yazmışdır.Lakin deyişmə və hədələrində tamamilə aydın intonasiya var.Öz həddini aşan məclis mərəkədə yerini bilməyən ,lovğalıq edən,səxavətdən uzaq olan,Aşıq Ələsgər kimi ustad sənətkarla qabaqlaşmaq istəyən aşığla başqa dildə danışır:
Məğrurluq eləyib,ustadam demə,
Bir gün olar sən də dara düşərsən.
Yaxud
Toy eyləyən daqqapapaq,qurmusaq,
Haşa çörəyindən,şoruna lənət.
Aşığın leksikonunda söz ehtiyatı çoxdur.O,canlı xalq dilindən istifadə etdiyi kimi,ərəb və fars tərkibli sözlərdən məharətlə istifadə edir.Öz mühitinə görə dərin bilik və mühakimə sahibi olan müxtəlif və mürəkkəb Şer formalarına hakim kəsilən,çətin sözlərdən,qəliz ifadələrdən ,ərəb-fars tərkiblərindən öz yerində istifadə edə bilən ustad sənətkar aşıq poeziyamızı elə bir zirvəyə qaldırıb ki,istər ondan əvvəl yaşayan,istər ondan sonra yazıb-yaradanlar o zirvəni fəth edə bilməyiblər.
Ələsgər klassik aşıq poeziyamızın ənənələrini və xüsusiyyətlərini dərindən öyrənmiş,dərinləşdirmişdir.O,havaları və mahnıları çalıb-oxuyan bir ifaçı deyildi.O,ustad bir aşıq,lirikanın ölməz nümunələrini yaratmış qüdrətli bir söz sərrafı,el sənətkarıdır.
Bədii dilə hakim olması,söz üzərində yorulmadan çalışması,onun məna və ahəng qüdrətindən maksimum surətdə istifadə etməsi sənətkarlıq baxımından nəinki tanınmış aşıqlarımız,hətta məhşurlaşmış şairlər də aşıq Ələsgər yaradıcılığına dönə-dönə müraciət etməli və öyrənməlidirlər.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий