Uşaqlar dünyanın sevincidir



Uşaqlar dünyanın sevincidir

     Uşaq bir tövhədir könül bağından
  Mehriban baladır yatır beşikdə
       Təbəssüm süzülur gül dodağından
 Uşaqsız darıxar ev də, eşik də.

        Aqillərimiz, ulu peyğəmbərlərimiz uşağın qayğısına qalmağı, onu sağlam, bilikli, bacarıqlı, əməksevər,vətənpərvər, sözübütöv böyütməyi tövsiyyə etmişlər.Axı bugünki uşaqlar gələcək gənclər ata-analar, ziyalılar,vətənin keşikçiləri olacaqlar.Ona görə də uşaqlara lap kiçik yaşlarından şəxsiyyət kimi baxmaq, onların suallarına doğru-düzgün cavab vermək, qəlbinə dəyməmək atanın,ananın,müəllimələrin bütün insabların müqəddəs borcudur.
  Böyük şairimiz  H.Cavidin “Qız məktəbində”adlı şeirində məktəbli balaca Gülbaharın dediyi kimi:
Başqa sevdiklərin, nasıl, yoxmu?
Var.
Kimdir onlar?
       Anam,babam,müəlliməm,bir də bütün insanlar.

Bəli, ata,ana,müəllim, bütün insanlar uşaq şəxsiyyətinə böyük qayğı göstərməlidirlər,onların könlünü sındırmamalıdırlar.    
          Şair demişkən:
Kimsənin qəlbinə çalış toxunma,
Könül bulandırmaq cəsarət deyil...
  
    “Bir uşağın göz yaşını dünayaya dəyişmərəm” deyən mudrik insan bütün insanları usaq sexsiyyetinə hörmət və etiram etməyə çağırmışdır. Uşağın ağlama səsini eşidən Məhəmməd  peyğəmbər namazını tez qurtarıb.
  Ustad Aşıq Ələsgər bəşər övladını bir-birinə can deyib, can eşitməyə çağırmışdır.

Can  deməklə candan can əksik olmaz,
                                             Məhəbbət artıran mehriban eylər
    Çor deməyin nəfi nədir dünyada,
    Abad könülləri pərişan eylər.

Müstəqil Respublikamızda   həyata keçirilən təhsil islahatının ilk addımı təhsilin humanistləşdirilməsi, müəllim-şagird, şagird-müəllim münasibətlərinin insaniləşdirilməsidir. Bu, təhsil işçilərinin, əsasən müəllimlərin nəinki birinci dərəcəli  vəzifəsinə,eyni zamanda onların muqəddəs borcuna, fəaliyyətinin məğzinə çevrilməlidir. 
Müəllim adını daşıyan hər bir pedaqoq  “Insanlıq  emalatxanası” olan məktəbin aparıcı qüvvəsidir. Ona görə ki, dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik zirvəsinə gedən yol dərsdən keçir, muasir tərbiyənin ziyası ilə  işıqlanır, müəllim  yaradıcılığı ilə cilallanır, büllurlaşır.Dərsin”sükançısı”nüfuzlu, qayğıkeş, yaradıcı müəllimdir.
     Pedaqoji təfəkkürün inkişafı dərsdə özünü büruzə verir.Dərsdə şagird özünü sərbəst hiss etməli,bildiyini deməkdən çəkinməməli, müəllimdən “Sənin başın boşdur,səndən heç nə çıxmaz”kimi yöndəmsiz,yava sözləri eşitməməlidir.Təhqiredici kəlamlar əvəzinə “Sən xeyli fəallaşmısan”,”Sənin yaxşı yaddaşın var” ,“Belə getsə sən əlaçı olarsan”, ruhverici sözləri müəllim şagirdə deməlidir.Bunun üçün müəllimdən böyük ustalıq, pedaqogikanı,psixalogiyanı, öz fənnini yaxşı bilmək, təmkin.ağıl,hikmət və ədalət kimi sifətləri özündə cəmləşdirmək tələb olunur.
    Müəllimin nüfuzu, onun şəxsiyyəti o zaman dəyərli olur ki, o,yüksək ictimai
şüura,siyasi mədəniyyətə,dərin elmi zəkaya, mənəvi zənginliyə,əxlaqı saflığa və ləyaqətə malik olsun.
    Müəllim təlim-tərbiyə prosesində əsas simadır.Öz üzərində çalışan,daim axtarışda
olan ,həmişə yeni fikirlə sinifə daxil olan hazırlıqlı və yüksək şəxsiyyətli müəllimlər həm şagirdlərin, həm valideyinlərin, həm də ictimaiyyətin hörmətini qazanır,işlərində yaxşı səmərə əldə edirlər.
    Məhz buna görə də müəllimin nüfuzu,şəxsiyyəti, qayğıkeşliyi,mehribançılığı,ziyalılığı şagirdlərin təlim-tərbiyə prosesində mühüm rol oynayır.Bütün gözəl sifətlərin sahibi olan müəllimin əlindən heç vaxt “zay”məhsul çıxmaz.Ona görə ki belə pedaqoqların beynini  dünyanın ən böyük xoşbəxtliyi gicəlləndirə bilmədiyi kimi, ən böyük faciə və bedbəxtliyi   də sarsıda bilməz.Sadalanların hamısı insan həyatında, cəmiyyətdə, təbiətdə baş verəcək hadisələri, qanunauyğunluqları bilən adam özünü həmişə toxtaq saxlamağı bacarır və başqalarını da öz ardınca aparır.
    Uşaqların daxili keyfiyyətləri müəllim tərəfindən öz vaxtında kəşf edilməli, uşaqları  mənfi  sifətlərdən qorumaq yolları, metodları, priyomları tapılmalıdır.Bunun üçün uşağın bütün keyfiyyətləri ələkdən, süzgəcdən keçməlidir.Müəllim ta qədim bünövrədən xalqın gözündə kamil sayılıb.Onun bütün hərəkətləri başqa peşə sahiblərindən tez gözə dəyir.Müəllimin danışığı, oturuşu, duruşu,geyimi, şagirdlərlə davranmağı həmişə izlənib.
    Müəllimdən bir xoşagəlməz söz yaxud hərəkət eşidəndə deyiblər:
“Bu da müəllim!”.
    Müəllim cəmiyyətin bilikli, bacarıqlı, mədəni üzvüdür.Ona görə də o, xalqın gözündə humanistdir,mülayimdir,mehribandır,sadədir.Belə keyfiyyət və xasiyyət sahibi olan müllim ucadan danışmaz, acı sözlə könül sındırmaz, kimsənin qəlbinə toxunub onu incitməz.
Müəllim sinifdə əsas simadır.O, şagirdlərinqəlbindəböyükdür,uludur,yenilməzdir.Müəllim ustaddır.
    Ulu Öndərimiz Heydər Əliyevin sözü ilə desək:
“Müəllimlik çox şöhrətli bir sənətdir”.
Həqiqi müəllim olmaq cəmiyyət üçün doğurdan da çox qiymətlidir.
Mən müəllim adından uca ad taımıram!”
      Belə yüksək ada layiq olan şəxs - müəllim şagird şəxsiyyətinə hörmət və ehtiramla yanaşmalıdır.Müəllim şagirdin qabiliyyətini ,bacarığını, istedadını, nəyə qadir olduğunu üzə çıxartmaqda mahir olmalıdır.Apardığım müşahidələr nəticəsində öyrənmişəm ki, mənəviyyatı zəngin olan müəllimdən heç kim narazılıq etmir.
    Şagird sinifdə müti olmamalıdır.Düzdür, müəllim hakim sinifə mənsubdur.Sinifdə onun dediyi söz,verdiyi göstəriş, şagirdlər tərəfindən sözsüz yerinə yetiilməlidir.Müəllim metod seçməyi bacarmalıdır.Təhsil islahatlarının tələblərinə uyğun hərəkət etməlidir.Passivlikdən fəallığa, ənənəvilikdən interaktiv üsula,fəal təlimə keçməlidir.Tədbir tökməkdə, səbirli olmaqda, nəzakətli davranmaqda, mərhəmət göstərməkdə hamıdan yüksəkdə durmalıdır.
Məsələn: Müəllim lövhəyə səhvən yazır:  2x7=21. Şagird dərhal səhvi tapır və müəllimə deyir:
Müəllim, axı 2x7=14 edir.
Əgər müəllim şagirdə otur aşağı, mənim səhvimi tapana bax desə inamını itirər.Bax bu yerdə müəllim vəziyyətdən çıxış yolu tapmalıdır.
-Əhsən!Mən özüm qəsdən səhv yazdım ki, görüm səhvimi tapacaqsınız , yoxsa yox! Bax budur , metod.Müəllim dəmirçi kürəsində bişən dəmir kimi bişməlidir ki, bir balaca çətinliyə düşən də həyatda büdrəməsin.
Xatirimdədir,1957-ci ildə Bakının 44№-li məktəbində təcrübə keçirdik.O vaxt mürəkkəb qabı, qələmlər, partanın üstündə kərtilmiş yerdə olardı.
VII sinifdə açıq dərsim idi.Metodistlər, qrup yoldaşlarım arxa cərgədə əyləşmişdilər.Dərsin təhlili mənim taleyimi həll edirdi.”3” qiyməti alsaydım mənim təqaüdüm kəsilirdi.Dərsdə suallara cavab verə bilməyən bir şagirdə “2” qiymət yazdım.Bu şagirdi narahat etdi.O, yerindən durdu, partanın üstündəki mürəkkəb qabını götürüb gəlib qənşərimdə dayandı:
-Müəllim. Xahiş edirəm, alın bu badəni nuş edin!
Mən çıxılmaz vəziyyətə düşmüşdüm.Lakin səbirli olmaq hikkəmi cilovlamaq dadıma çatdı.
     İndi gəlin açıq danışaq.Bu gün gənc müəllimlərimiz necə yetişir? Çoxları cıdanı çuvalda gizlətsələr də fakt faktlığınga qalır.
    Yadımdadır VII sinifdə oxuyan “Q”-nın əlindən dad aman çəkən fizika müəllimi onu həmişə danlayır,gözümçıxdıya salır və rübdə “2” qiymət verirdi.Bir dəfə mənə məlumat verdilər ki. “Q”ikinci mərtəbədən xalçanı endirdi.Maraqlandım.Aydın oldu ki, xalça sahibi xalçanı Balkondan asıb günə verirmiş “Q” gedib bir yerə pişik tapır və gətirib xalçanın üstünə atır.Pişik xalça yuxarı dırmaşdıqca, xalça sürüşür aşağı.Fizika fənnindən
“qeyri-kafi” qiymət alan şagird,”təsir əks təsirə bərabərdir qanunun”dan məharətlə istifadə edir.Deməli, şagirdin düşünmə tərzi var.Onun başqa qabilliyyəti də olmamış deyil.Bunları üzə çıxarmaq üçün kamil müəllim olmalıdır.
Uşaqlar lap kiçik yaşlarından hər işi həvəslə özləri görmək istəyirlər.Corabını, ayaqqablarını tərsinə geyinsə də özü geyinmək , xörəyi qaşıqla özü yemək , çantanı özü götürmək istəyir.Lakin ata-ana bu həvəsini uşaqların gözlərində qoyurlar,onları incidir, üstlərinə qışqırırlar: 
Sən özün yemək yeyensən üst – başını batırassan .Sən corab geyinənsən,ilməsini qaçırarsan.Sən ayaqqabı geyənsən, dabanını əzərsən və s.Bundan sonra da uşaqlar corab geyinmək, xörək yemək, su içmək istəyəndə anasını köməyə çağırır.Axı anası deyib ki, Sən özün bunları bacarmazsan.
  Siz hamınız “Cırtdan ”nağılını bilirsiniz.Lakin o ele-belə nağıl deyil.Orada mətləblər var.Tənbəl hesab etdiyimiz Cirtdan ağıl dəryasıdır, hikmət sahibidir.Cırtdan əməyi sevir, dostları ilə oduna getmək arzusundadır.Amma Cırtdanın nənəsi onun bu arzusuna mane olur.Nənə Cırtdanın dostlarına yağ yaxmancı verməkıə Cırtdanı eqoistləşdirir,tənbəlləşdirir,əməyə olan həvəsini öldürür.
Baxın,meşədə hamı odun yığır ,şələ tutur, lakin Cırtdan əlini ağdan-qaraya vurmur.Ondan soruşurlar:
-Cırtdan, niyə dayanmısan, şələ tutmursn,
-Nənəm sizə yağ yaxmancı verib ki, mənim də odunumu yığasınız və götürəsininz,deyir.
Amma Cırtdanın bununla yanaşı başqa düşünmə tərzi qabilliyyəti , vəziyyətdən çıxmaq bacarığı da var.Fəlakət qapanda sarsılmır, ağlına söykənir, dostlarını divin əlindən xilas etməyə müvəffəq olur.O, böyüklərdən eşitdiyi yumurta gec həzm olunur,ifadəsini həyatda tətbiq etməyi bacarır.O bilir ki, yumurta gec həzm olunan qida maddəsi olduğu üçün Cırtdanı yatmağa qoymayacaq.Ona görə də o divdən yumurta qayğanağı istəyir.
Vaxt qazanmaq üçün də ciddi fikirləşir.
Divin kim yatmış , kim oyaq?sualına Cırtdan cavab verir.
-Hamı yatmış, Cırtdan oyaq!
-Cırtdan nə üçün oyaq?
-Nənəm gedib çaydan mənə xəlbirlə su gətirərdi,mən də içib yatardım.Cırtdan nə üçün “xəlbiri” nəzərdə tuturdu.O, bilirdi ki, xəlbirdə su gətirmək qeyri-mümkündür.Divin başı qarışacaq xəlbirə su doldurmağa, Cırtdan qazandığı vaxtdan səmərəli istifadə etməklə dostlarını xilas edəcəkdir.
 Yüzlərlə belə misallar gətirmək olar.
   Sözümün canı odur ki, uşaqlar ailədə dərindən öyrənilməlidir, onun arzularına diqqətlə,qayğıyla yanaşılmalıdır.Şagird müəllimdən mərdliyi, sərtliyi, eniş-yoxuş çıxmağı, gözəlliyə baxmağı, erkən yaşlarından öyrənməlidir.Valideyn uşağı məktəbə, məktəb isə onları həyata hazırlayır.Hər iki tərəf bilməlidir ki, uşaqlar dünyanın sevincidir, onların sevincini almaq günahdır.Bu gün təhsilimizə Dövlət qayğısı danılmazdır.Yeni məktəblərin inşası, köhnə təhsil ocaqlarının əsaslı təmiri,dünya standartlarına cavab verməsi sevindiricidir.
“Bilik  günün”də ölkə başçısı cənab İlham Əliyev Bakı şəhəri M.Müşviq adına 18№-li məktəbdə olarkən demişdir:
-Şagirdlərin bilikli,bacarıqlı olması müəllimlərdən asılıdır.
        Gərək şagirdlər yaxşı oxusun, müəllimlər də səmərəli işləsinlər.


                                                                                        
Əvəz Mahmud Lələdağ


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri