Unuda bilmirəm pir ocaqları


Unuda bilmirəm pir ocaqları
                                        (Xatirə poema)

Elim köçən o dağlara
Getmək üçün darıxmışam.
Yarışlarda cüyürləri
Ötmək üçün darıxmışam

Allı-güllü yaylaqlara
At sürdüyüm oylaqlara
Durna gözlü bulaqlara
Yetmək üçün darıxmışam

Həsrət qaldım düzlərimə
Təpər gəlmir dizlərimə
O gülləri gözlərimə
Təpmək üçün darıxmışam

Gedəm gəzəm göy çəməni
Haraylayır Göyçə məni
Ətir saçan yasəməni
Öpmək üçün darıxmışam

Lələdağın bu çağında
Odu söndü ocağın da
Çiçəklərin qucağında
İtmək üçün darıxmışam

Yenə şahə qalxdı xəyal köhlənim,
Gecəni düşmədi qələm əlimdən.
Əzəldən olubdu dərd mənə qənim,
O gözəl yerlərə tamarzıyam mən.

Vətənin tozudur gözümə məlhəm,
Torpağın ətri dirildər məni.
Hicranın qoynunda inləyən mənəm,
Niyə soraqlamır o dildar məni?


Bu həsrət əzabı canımdan çıxmır,
Sübhədək gözümə yuxu gəlməyir.
Artıq ayaqlarım sözümə baxmır,
Nələr çəkdiyimi kimsə bilməyir.

Bir gün yolum düşə «Çürükqayadan»,
Öpəm dodağından «Naxırbulağın».
Kimdir bu qəflətdən məni oyadan,
Dağı sinəmdədi «Zoğallıbağın».

«Topsöyüd»  suyunu azdırıb bəlkə,
Bəlkə «İkigözlü» gözdən  batıbdı.
Kimlərin əliylə talandı ölkə,
Qurdların caynağı qana batıbdı.

Bir az nəfəs dərib «Yamacbulaqda»,
Baxdıqca baxıram «Qalayerinə».
Qız-gəlin həniri yoxdu bulaqda,
Qanqallar bitibdi lala yerinə.

Dərdim külüng kimi daş oyar mənim,
Ağlımı başımdan aparır bağlar.
Sığalsız qalıbdı çölüm- çəmənim,
Yaman qocalıbdı mən gedən dağlar.

Enəm arx yenişə «Əlmərdanıma»,
Dizimi qatlayıb gözündən içəm.
Suların cövhəri hopa canıma,
Sonra bu dünyadan arxayın köçəm.

«Xarabaməscidi» ziyarət etdim,
Burda əqrəblər, ilanlar gəzir.
Burda Rəbbimə ibadət etdim,
Burda xeyli vaxtdır nadanldar gəzir.

Burda doğulmuşam payız gecəsi,
Dərdə yanan varmı, dərdimi deyəm.
Dağılıb kəndimin yolu, küçəsi,
Məni ağrıdan dərd, birdimi,  deyəm.


Gecəm qəmlə keçir, gündüzüm ahla,
Qarabağ düyünü açılmır hələ.
Ağla için-için gözlərim,  ağla,
Köməklə qurulub qurulan tələ.

Bu müşkül düyünü açan tapılmır,
Yatdığım otaq da bezibdi məndən.
Pələng üzə çıxır, siçan tapılmır,
Çəkilmir yolumdan qara duman, çən.

Pətəkdən didərgin düşüb arılar ,
Milçəklər daraşab balın üstünə.
Şirlər perikiblər öz oylağından,
Tülkülər cumublar yalın üstünə.

Çörək itirənlər qəlbi kinlilər,
Dolubdu millətin səbir- kasası.
Sabah olacaq, bu gün kim bilər,
Sizi əzəəkdir haqqın əsası.

Niyə qudurdunuz,  a qudurmuşlar,
Verdiyim çörəyi qaxmıram başa.
Sizin üzünüzdən devikib quşlar,
Sizin oxunuz dəyəcək daşa

qədər güvənsən yaxın dostuna,
Mənim haqq qılıncım kəsəcək səni.
Bir gün çəkəcəksən dağı,  dostuna,
O da əməllicə əzəcək səni!.

Baxışım yayınmır «Hacıbağından»,
Orda bağ salmışam, zəhmət çəkmişəm.
Bir anlıq çıxardı yar otağından,
Onun gülşənində güllər əkmişəm.

Bir anlıq yar çıxa, yar otağından,
Kipriklə süpürəm o gələn yolu.
Bir dəstə gül dərəm vüsal bağından,
Mənəm məhəbbətin, sevginin qulu.


Məni yandıranda məni yaxanda
Sübhün çırağı tək yanardı üzü.
Xumar gözləriylə süzgün baxanda
Zillənib üzümdə qalardı gözü

Onun işvəsindən məst olanda mən,
Ulduzlur içində ulduz gəzirdim.
Gül üzlü  hilal da qaçmazdı məndən,
Eşqin dəlisiydim, huşsuz gəzirdim.

Üzünü dişləyib öpən zaman mən,
Bənövşə əkərdim gül yanağında.
Xəcalət çəksədə göy ləkələrdən
Gül çiçək bitirdi könül bağında

Bir anlıq qaytaram o gözəl çağı
Yetgin şamamalar sıxalar məni
Lalə tək qızara,  qızın yanağı
Ala üstümüzü məhəbbət çəni

Elə xoş günlərim birdə qayıtmaz
Canımı əritdim dərd qəm içində
Əkdiyim pöhrələr daha boy atmaz
İnsafmı sarala,  mərd qəm içndə

Yollandım «Ağdüzə» məzarstana,
Orda uyuyurlar əsl kişilər.
Onlar uymadılar quru ad-sana
Hər vaxt qorudular nəsli kişilər

Enəm «Çuxurbağa» könlüm açıla
Gəncliyim bulaqlar başında keçib.
Qönçədən boylanan gülüm açıla,
fayda, vaxtım da, yaşım da keçib.

Yaman qəribsəyib  «Yarpızlıgözə»,
Otların qoynunda yatardı sular.
Orda sən baxsaydın bir xumar gözə,
Üstündən dərd qəmi atardı sular.


İlanlı kahalar mürgü vururlar,
Təbiət yaradan neçə kaha var.
Güngüz yarasalar məclis qururlar
Burdan təzibdilər dəcəl buzovlar

Qu desən bu yerdə qulaq tutular
Bir kimsə görünmür bu həndəvərdə
Qalıb çürüyüblər qəzil çatılar
Duyğusuz ürək dözməz bu dərdə

Var- dövlət acgözü başdan çıxarar
Ellər igidləri salarlar yada.
Mərd oğul çörəyi daşdan çıxarar,
Heç zaman alçalmaz, əyilməz yada.

O dağa yağan qar düşər bu dağa
Dəllal müftə verməz milçəyi belə
Adam var öləndə onu yumağa
Tapılmaz mürdəşir əlcəyi belə

Könül, qəm eləmə od saçan günəş
Zülmət qaranlığı əridəcəkdir
Göylərin sultanı, nur saçan günəş
Nursuz baxışlara nur verəcəkdir

Mənə yara vurur yağının sözü,
Özgə qucağında yatan yaramaz.
Mənə alkaş deyir, alkaşın özü,
Tikan tək yolumda bitən yaramaz!

Tənələr yağdırır düşmən üstümə
Yediyim, içdiyim  irinə dönür
Yüz ildən artıqdır durur qəstimə
Yüz ildir babamın çırağı sönür

Evim- eşiyim hələ tordadır
Sinəmə çəkilən dağlar, ta bəsdir
Özüm burdayamsa, yuxum ordadır,
Yarama duz səpən çağlar, ta bəsdir


Dünyamı unutdum aya  ucaldım
İndi desələr,  beynimə batmır
Çadırlar küncündə qaldım, qocaldım
Quru danışıqlar, ta mənə çatmır

Fikir köhlənini qoşa çapaq biz
Sözlə heç sönərmi gur yanan ocaq
Gəl çıxış yolunu birgə tapaq biz
Söz ilə  yaramız sağalmayacaq

Canıyla əlləşir zavalı qoca,
Gözünə tökməyə torpaq da tapmır.
Ölümə can verməz qayıtmayınca
Neçə illərdir ki, doyunca yatmır

Özgələr dolaşır onun yurdunda
Hicran ürəyinə vurub yaralar
Bəxti gətiribdi vəhşi qurdun da
Onun insafı,   mürvəti var

Həyatım mənasız keçir dünyada
Ya Rəbbim, şam kimi qədər yanım
Yanıram, dünəni salanda yada
Öldür, bu əzabdan qurtarsın canım

Gündüz günəşsizəm, gecə aysızam,
Vətəndə vətənsiz olmuşam indi
Necə biganəyəm, necə arsızam
Qısılıb qoltuqda qalmışam indi


Başımız qarışıb sevdaya bizim
Laqeyd olmuşuq arana-dağa
Artıq təntiyirik, qalmayıb dözüm
Özgə sar qonubdu bizim budağa.

Özgə sar qonubdu gülün şaxına
Niyə gedəmmirik doğma vətənə
Bəlkə hələ çatmır,  bu hal çoxuna
Hər şey əldən gedib qalıb sənə

Gedəm doğma yurda öpəm torpağı
Görəm başım üstə ulduzu, ayı
Gözümə nur verər Vətən torpağı
Qəlbimdə çağlaya sevinc harayı

Dodağım gülsə ,  qəlbim qan ağlar
O yaldan,  yamacdan ayrılmır gözüm
Yolumu gözləyir ayna bulaqlar
Özümü yandırır alovum, közüm

Gəzəm çöl-çəməni tarla gözəldir
Mənə yer saxlaya qoynunda Vətən
Bütün gözəlliklər yarla gözəldir
Gözlərim nur içə gül ləçəyindən

Çəkic döydürməsə qılınc özünə,
Döyüşdə əyilər dözümü olmaz.
Mərd deyər həmişə sözü düzünə.
Sənətkar əliylə daş oyar almaz,

Bədbəxtdi dünyada həristlik edən,
Gözütox insanı el sevər hər an.
Harınlıq eyləyən, düşün dərindən,
Sənə qalacaq,  o haram paydan.

İmkanın olanda şad xürrəm yaşa,
Yadında saxlaki dünya fanidir.
Vurma gödək ömrü kədərlə başa,.
Bilki ölüm haqqdır, ölüm anidir.

Özü eyləyəni heç kəs edəmməz,
Əyyaşlıq adamı salar hörmətdən.,
Yolunu azanlar,  uzaq gedəmməz,.
Başı ayazımaz sözdən-söhbətdən.

Əzrayıl gələndə, onu da bilək,
Nəqdi  can diləyər, qaş-daş istəməz.
Allahın hökmüylə Can alan Mələk,
Borcunu istəyər bozbaş istəməz.


Dünya başdan- başa bir əfsanədir,
Çox da öyünmə ki, varın var sənin.
Bizdən öndə gedən o karvan nədir?
Bil ki,  əcəl adlı torun var sənin,

Əzəldən qəlbində yoxdursa vəfa,
Heç   qürrələnmə vara-dövlətə.
Hacılar, mollalar gəlsə insafa,
Onlar layiq olar böyük hörmətə.

Əgər halaldırsa səndəki imkan,
Bir yoxsul qonşunu zəkatla şad et.
Bir tikə çörəklə bir kasıbı an,
Yetimi, yesiri arabir yad et.

Mey bizə haramdır amma ki, qəm,
Haramı, halalı bilməyən var.
Gərdişin əlindən sərxoşdu aləm,
Ovsunə gələn , gəlməyən var.

Bir qədər mətləbdən uzağa getdim,
Uçdu ənginliyə könül tərlanı.
Müqəddəs pirləri ziyarət etdim,
Burda nərə çəkən kişilər hanı.

«Dikdaşın» daşını mamır basıbdı,
Orda qarışqalar, milçəklər gəzir.
Kənd necə tozludu, necə kasıdı,
Sahibsiz əniklər, küçüklər gəzir.

Danışmaq çətindir gördükldərimi,
Gözümdən qəlbimə dolur qubar da.
Qaytara bilməsəm verdiklərimi,
Şaxtalı qış olar mənə baharda.


Fəğanım, fəryadım tükənmir hələ,
Sözün bəlasını ürək çəkir.
Bir vaxt valeh olduq biz şirin dilə,
Kotan bilsin ki, qayış çəkir.

Çiynim azad olmur bu dərd dağından,
İçimi göynədir həsrət yanğısı.
Yanıqlı səs gəlir «Hacıbağından»,
Mənim atəşimlə burda yandı su.

Gorun çatlamırmı Cəfərqulu bəy
Sənin bulağında qan laxtalandı
Nankorluq eylədik, göstərmədik səy
Neçə ilxı getdi,  at noxtalandı

«Albanməbədini»  səcdəyə getdim,
Allah, bu daşlarda naxışlara bax.
İbadətxanada ibadət etdim,
Burda enişlərə, yoxuşlara bax.

Günsaat keçmişdən verir min soraq,
Gəlir qulağıma quşların səsi.
Əqrəbin yerinə bircə çubuq tax,
Vaxtı göstərəcək çöpün kölgəsi.

Neçə qasırğadan salamat çıxıb,
sifətlər görüb, üzlər görüb.
Neçə sənətkarın əlini sıxıb,
Ağalar, xanımlar, kənizlər görüb.

«Qarapir» müqəddəs sirli ocaqdır,
Allaha yaxındır pirə gələnlər.
Cinlər, əcinələr burdan qaçaqdır,
Şəfa tapardılar bura gələnlər.

«Bazarçay» mülayim quzuya dönüb
Bir çimən görmürəm mən «Qoşadaşda»
Suiti qəncəlib,  tazıya dönüb
Burda quzulayıb qaya da, daş da

Yolumu salıram «Dəvəboynuna»
Burdan qatar-qatar dəvələr keçib
Torpaq igidləri alıb qoynuna
Nənələr, babalar, nəvələr keçib


Gedib«Künbəzə» gərək baş çəkim
Burda Bədəlxan bəy uyuyur,  yatır
Bu dərdin yükünü mən necə çəkim
Mən dərddən qaçıram, dərd mənə çatır

Yenə şahə qalxdı xəyal köhlənim,
Gecəni düşmədi qələm əlimdən.
Əzəldən olubdu dərd mənə qənim,
O gözəl yerlərə tamarzıyam mən.



                            Əvəz Mahmud Lələdağ


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal