Bulaqlar çəmənə kölgə salardı


Bulaqlar çəmənə kölgə salardı
                     Kəndimizdə 26 hektar sahəni əhatə edən,
                            2670 meyvə ağacı olan bağı məhv edib
                           yerində arpa əkiblər.

Bağların qəlbini gəl qırma, zalım,
Bağlar təbiətin  ciyəridir.
Salxım söyüdlərə əl vurma, zalım,
Onlar ürəyimin kövrək yeridir.

Sənin əllərinlə kəsilən pöhrəm,
Nakam bir arzudur, sönən bir ürək.
Sənin güvəndiyin ovxarlı dəhrə,
Sənin vicdanını doğraya gərək.

Arayan olmayır kimdir günahkar,
Namərdin cəzası mərdə verilir.
İldırım zərbinə tab edən çinar,
Naşı baltası ilə yerə sərilir.

Təbiət varını hamıya qıyır.
Sənsə öz qayğını ona qıymırsan.
Əl saxla, a zalım, bulaq quruyur,
Çöllər qan ağlayır, onu duymursan.

Bürküdən saralır loğman çiçəklər,
Qırxbuğum, əvəlik göyə çəkilir.
Hanı ballı yonca hanı qantəpər,
Bu yerdə bərəkət niyə çəkilir.

Burda şirin yemlik təzə çıxanada,
Çörək götürərdik, duz götürərdik.
Şomu, qazayağı dizə çıxanda,
Yığmağa bir dəstə qız götürərdik.

Burda dincələrdi keçən yolçular,
Budaqlar çəmənə kölgə salardı.
Buz kimi sulardan içən yolçular,
Baxıb gözəlliyə heyran olardı.

Bağların qəlbini gəl qırma, zalım,
Bağlar təbiətin  ciyəridir.
Salxım söyüdlərə əl vurma, zalım,
Onlar ürəyimin kövrək yeridir.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri