Olar


                Olar

Külək olsam, bağçanıza əsərəm,
Ovçu olsam keçidini kəsərəm.
Aşıq olsam tez-tez səndən küsərəm,
Barışanda işvə olar, naz olar.

Çiçək olsam çəmənində bitərəm.
Bülbül olsam gülşənində ötərəm.
Atlı olsan gəlib sənə yetərəm,
Sevənlərə dərə, təpə düz olar.

Buza dönsəm çeşmənizdə donaram,
Ulduz olsam başın üstə yanaram,
Arı olsam ləçəyinə qonaram,
İnanmıram səndə şirə az olar.

Bulaq olsam sənə tərəf axaram,
Arzu olsam urcahına çıxaram.
Kəmər olsam incə beli sıxaram,
Vüsal çağı yaxın olar, tez olar.

Şəfəq olsam yanağına çökərəm,
Gülüş olsam dodağında səkərəm.
Həsrətini ürəyimdə çəkərəm,
Əvəz dönüb ürəyində köz olar.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri