BİR DƏ O YERLƏRƏ YOLUM DÜŞƏYDİ kitabı 2ci cild
Əzizim Vətən yaxşı
(Lirik poema)
Yazı stoluma oturan kimi
Özüm də bilmədən kənddən yazıram
Vurğunu olduğum dağdan,
dərədən,
Yağışdan,
yağmurdan,
bənddən yazıram.
Xəyalım dolanır o doğma kəndi
Yalçın qayaları, qartallı dağı
Şəhər inciməsin, şəhər şəhərdi
Yadımdan çıxmayır
Ağdü torpağı
Uyuşa bilmirəm, bu şəhərə mən,
Burda əsəblərim sözümə baxmır.
Ora da Vətəndir,
bura da Vətən,
Burdakı ab-hava üzümə baxmır…
Səhərdir,
üfüqdən boylanır
günəş
Hər yan libasını qızıldan
geyir
Qırmızı lalənin bəxti açılıb
Qara sürmə
çəkir,
qızıl don geyir.
Bahar hücum çəkir qışın üstünə
Qələbə qazanır, arzuya çatır
Gül qoyur başını daşın üstünə
Mürgü vura-vura qayğısız
yatır.
Dağın da daşları mamırdan
çıxır
Kəklik zənguləsi məst edir məni
Elə bil hardasa ildırım çaxır
İlham təbiətlə dost edir məni.
Gəlir budaqlardan
quşların səsi,
Güllərin tacında şeh də bərq vurur
İnsanın içində
vüsal həvəsi,
Ürək coşa gəlir,
daha bərk vurur.
Qönçəsi açılan təzə tər çiçək
Baxır gözəlliyə, baxır günəşə.
Gülün yanağından
öpəndə külək,
Başını qaldırır
gülür bənövşə.
Nərgizin bənizi necə gözəldir,
Yuyub camalını
yaz yağışları.
Yasəmən çiçəyi incə,
gözəldir,
Hansı əl yaradıb bu naxışları.
Yurdumun qəhrəman oğlu,
qızı var
Ucalan,
vətəndə ucalar göyə
Yamaca bəzəkdir əmlik quzular,
Tanrı da baş əyər bu gözəlliyə
Nədənsə yapışmır
burda yaz mənə,
Ürəyim açılmır, könlüm açılmır.
Elə bil qara yel əsib üstünə,
Qönçədə qarıyır, gülüm açılmır.
Burda çıxammıram
bulaq başına,
Arzumun qolları buxovlanıbdı.
Zatı bilinməyən bir şərəfsizin-
Əliylə
el yanıb, oba yanıbdı.
Mən kənddə, kəsəkdə bayram axşamı,
Qapıpusduya da gedərdim,
qardaş
Burda öz qınına çəkilir hamı,
Nə qəmim azalır,
nə dərdim, qardaş.
Yuxuda gəzirəm dağı,
aranı,
Qürbətdə əriyir didərgin canım.
Unuda bilmirəm vallah oranı,
Oradır dərgahım, dinim,
imanım.
Eşqim cücəribdi o doğma yerdə,
İlhamım bərkiyib isti ocaqda.
Keçdi cavanlığım
qayıtmaz bir də,
İndi dolanıram
küncdə,
bucaqda.
Çörəksiz qalıbdı, çörək təhnəsi,
Səməni tabağı küncə atılıb.
Nənəmin donbagöz
palıd nehrəsi,
Çatmanın çiynindən asılı qalıb.
Yanğımı söndürməz ayna bulaqlar
Üzümü yandırır, gözümün yaşı
Məni düşündürmür
nə dövlət, nə var,
Şərlə üzləşirəm hər addım başı.
Corab salladığım
bacalar hanı?
Allah,
tay-tuşumun sayı azalıb.
Üzü zəfəranlı çöçələr hanı?
Qonşunun qonşuya payı azalıb.
İçimi göynədən dərddi,
ələmdi,
Tamarzı qalmışam
kəndin aşına
Səməni halvası başqa aləmdi,
Hamı yığışardı
süfrə başına.
Nənəm danışardı
toydan,
düyündən,
Bəd söz eşitməzdi qapı pusanlar.
Xoş xatirə
qalıb mənə o gündən,
Köçüb bu dünyadan gözəl insanlar.
Zərəkli qovurğa, qatlama fətir,
Süfrənin bəzəyi dəstanam hanı?
Qızılgül yerində
qanqallar bitir,
Bütün analara, dost anam hanı?
Günah işlədirəm bəlkə,
İlahi!
Adilsən Allahım, keç günahımdan.
Kömək et düşmüşəm bərkə, İlahi!
Dağılıb çöllərə köç,
günahımdan.
Nədənsə səngiyib nifrət körüyüm
Qəzəbim içimdə
paslanıb qalıb
Bu gün yaddan çıxır dünən gördüyüm,
Canım yas içində yaslanıb
qalıb.
Kənddədir dincliyim, gün-güzaranım,
Mənə qanad verin uçum kəndimə.
Orda yoxa çıxar azar, bezarım,
Gedim salam verim laçın kəndimə.
Gedim diş göynədən buz bulaq üstə,
Elin dərd ocağı içimdə
yanır
Vətəndən çıxandan
olmuşam xəstə,
Yaylaqdan qovulan köçüm də yanır.
Məni yaman boğur hicran havası,
Üstümə yeriyən çən-duman nədir?
Başları qatanda stol davası,
Gözləri görmədi o yanan nədir?
Göylər də ağladı mənim ahımdan,
Sütül cavanlarım
şəhid oldular.
Mən kərəm dilədim göy Allahından,
İgid doğulanlar
igid oldular.
* * * * *
Sənin ətəyinə
əl uzatmaqdan,
Əlim ətəyindən uzun olubdu.
Niyə bu dünyanın dadı özgənin,
Ağrısı,
acısı bizim olubdu.
Peşəmiz ağlamaq olub,
İlahi!
Gözəllər saralıb, solub İlahi!
Gözlərim yollarda
qalıb İlahi!
Baxmaqdan yorulan gözüm olubdu.
Burula-burula çıxan tüstünün,
Küləklər şığıyıb alır üstünü.
Gərdiş ünvanladı
mənə pis günü,
Həmdəmim,
illacım,
sazım olubdu.
Vətən-Vətən deyə
köçdü çoxları,
Sancıldı sinəmə namərd oxları.
Mənim qılıncımın
yoxdu ovxarı,
Kürədə qaralan közüm olubdu.
Hanı başımızın
qeyrət papağı,
Yad əldə inləyir gözəl Xan bağı.
Qaytara bilmirik
biz Qarabağı,
Bircə təsəllimiz dözüm olubdu.
Yaman xırxalayıb
kəmfürsət məni,
Yağılar dolaşır çölü,
çəməni.
Nənəmin qoyduğu yaşıl səməni,
Dilimdə ən şirin sözüm olubdu.
* * * * *
Gələmmədim bu yaz yenə
qoynuna,
Sən məndən incimə,
küsmə,
a kəndim.
Bəxtimin kələfi düyünə düşüb,
Hələ ümidini üzmə,
a kəndim.
Üstünə od yağsın pis qonşuların,
Yolunu azdırdı axar suların.
Gözü yolda qalıb xoş arzuların,
Mənim dözdüyümə dözmə, a kəndim.
Yazıq nənəm hey deyirdi bizlərə,
Gavurların əli çatıb Düzdərə.
Yanıb-yanıb külə
döndü yüz dərə,
Sən belə
biganə gəzmə, a kəndim.
Hanı igidlərin, ər oğulların,
Gedib cavabını
vermir onların.
Goru çatlamırmı
mərd olanların?
Sözümü pisliyə
yozma,
a kəndim.
Mən sənə oğulam,
sən mənə ana,
Yadların əlindən gəlmişəm cana.
Görünmür göllərdə yaşılbaş sona,
Düz əhdi ilqarı pozma, a kəndim.
Keçir xəyalımdan
hər dərə, hər dağ,
Qulağım səsdədir, gəlmir səs-sorağ.
Lələdağ olubdu gözəl Qarabağ,
Bir az da möhkəm ol,
bezmə,
a kəndim.
Unuda bilmirəm «dirədöyməni»,
Unuda bilmirəm «kəndir dartmanı»
Vətən,
günahkaram,
Vətən döy məni,
Apar qayalardan, apar at məni
Hələ də gəlməyib ağlım başıma,
Çadırda doğulan uşaq kimiyəm.
Sənin həsrətindən qəddim əyilib,
İyin ucundakı
yumaq kimiyəm.
Topun mərmisiylə
dağılan divar,
On doqquz ildir ki, uçuq qalıbdı.
Əzgənli, İtuçan,
Mırıq,
Sarıyer,
Ağyalın yaxası açıq qalıbdı.
O yerlər gəncliyim keçən yerlərdi,
Tarixə dönübdü, məndən uzaqdı.
Nəbi,
Koroğlular keçən yerlərdi,
İndi o yerlərdə çovğun sazaqdı.
Gavurun üzünə
bahar da gəlmir,
Açılmır çöllərin qaşı,
qabağı,
Nadanlar,
naşılar içməsin deyə,
Suyunu azdırıb Arzubulağı.
Yazgül yığa bilmir,
təzə yaz gülü
Novruzgülü hanı, gözümə dəymir?
Salxım söyüdlərin saçaq telləri,
Telimi oxşamır, üzümə dəymir.
Yurddan ayrıldığım
on doqquz ildir,
O vaxt doğulanlar əsgərdi indi.
Neçə payız getdi,
neçə qış gəldi
Gedib görəmmədim o doğma kəndi.
Ömrün qürub çağı haqlayıb
məni.
Bu gündən sabaha gümanım azdı,
Müqəddəs pirləri, pir ocaqları
Ziyarət etməyə inamım azdı,
Nədir bu cazibə,
nədir,
İlahi!
Yaxşı dolanıram, yaxşı burda mən.
İçimi qurd kimi didir, İlahi!
Vətəni qoymuşam
axı darda mən.
Vətən müqəddəsdir, Vətən uludur,
Onu əvəz edən qüvvə
tapılmaz.
Vətən babaların
döyüş yoludur,
Vətəni sevməsən, o Vətən olmaz.
Xəyalım dolanır o doğma kəndi
Yalçın qayaları, qartallı dağı
Şəhər inciməsin, şəhər şəhərdi
Yadımdan çıxmayır
Ağdü torpağı
Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
22. 03. 2007
Qaldı
(İbadulla İsmayılova)
Diqqətlə oxudum yazdıqlarını,
İçimdə duyğular hay-haray saldı.
Mənim ünvanıma yozduqlarını,
Yenidən birbəbir yadıma saldım.
Tutub biləyimdən gəzdirin məni,
Gəzdirdin gəzdiyim çölü, çəməni,
Yamacda dumanı, dərədə çəni,
Oturub təzədən qələmə aldım.
Bu qədər sitəmə ürək neyləsin?
Dam yatır üstümə, kömək neyləsin?
Pərdilər çürüyüb dirək neyləsin?
Fələk diləyimi əlimdən aldı.
Sözün gözəlini seçib yazmısan,
Qəvvac tək dəryadan keçib yazmısan,
İçibulaqlıdan içib yazmısan,
O cənnət məkanlar yağıya qaldı.
Gəzdiyin ağacı mən budaq-budaq,
Elə dolaşdım ki, düşmədi yarpaq,
Bizi bağışlarmı görən o torpaq,
Baxmaqdan gözümün kökü saraldı.
Qaldı
Mənim söhbətimin şəhdi-şəkəri
Nənəmin müqəddəs sözündə qaldı.
Nə qədər oxşama, layla, bayatı,
Özü yaratmışdı, özündə qaldı.
Mən ki, dözümlüyəm hər çətinliyə
Taleyim,iqbalım bəd gəldi, niyə.
Mənim haqqım yoxdu deyib gülməyə
Gülüşüm «Yazının»düzündə qaldı.
Ayaqda oturan başa can atdı,
Əyrilər,oğrular baş-başa yatdı
Qəfil atılan daş başı qanatdı
Axan qan lalənin üzündə qaldı,
Qurunun oduna yaş yandı, Allah,
İnsanlar dünyadan daşdandı, Allah.
Birinin başına quş qondu,Allah
Birinin həvəsi gözündə qaldı
Kəsərdən düşməsin Əvəzin sözü,
Ona dayaq dursun yaradan özü.
Saf-çürük eyləyim əyrini-düzü
Gördüm ki, hər yerdə düz öndə qaldı.
Ay sədəfli saz
Ondan ayrıldığım gör neçə ildir,
Böhtanlar söyləndi, yalan deyildi.
Xiffət eləməkdən qəddim əyildi,
Səninlə
təsəlli tapıram bir az,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Alıb ağuşuna məni min xəyal,
Yağı əlidədir o boyda mahal.
Hanı Gəlinqaya,
hanı Buzovyal?
Yanğımı söndürməz nə Kür,
nə Araz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Bir bulaq başına çıxa bilmirəm,
Bir yaşıl çəmənə baxa bilmirəm.
Dağ boyda dərdləri yıxa bilmirəm,
Bu müşkül dərdimi mən deyim, sən yaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Məni xırxalayan bu duman nədir?
Günahsız
tökülüb axan qan nədir?
Başımda dolanan bu güman nədir?
Səbrim tükənibdi tez gələydi yaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Hansı dərdi çəkim, hansına dözüm,
Yollara dikilib intizar gözüm.
Bəzən bezikirəm özümdən özüm,
Vətənsiz ucalmaz nə səs,
nə avaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Hünər köhlənimi yaylağa sürdüm,
Göyləri seyr edən qartalı gördüm.
Ömrümü, günümü yellərə verdim,
Ağıl çaşbaş oldu, düşüncə dayaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Bəlkə bir od olum yandırım, səni,
Bəlkə yerə çırpım sındırım səni.
Bilmirəm nə təhər qandırım səni,
Vətənsiz Əvəzin könlü açılmaz,
Dərdimə
şərik ol, ay sədəfli saz.
Qaldı
Heyif Arzubulaq,
heyif Ağbulaq,
Mıkırtıça qaldı, Xaçoya qaldı.
Qaybalı təpəsi, Çobanqayası,
Tatusun dığası Vaçoya qaldı.
Çəkdilər qabağa hər daş ürəyi,
Əyildi kəndimin orta dirəyi.
Nadanlar
itiridi duzu, çörəyi,
Catallar
naxırçı Daçoya qaldı.
Bəzən dönük çıxdı qardaşa,
qardaş
Özgəyə yem olduq, özgəyə sirdaş.
Hanı Ballıdərə,
hanı Qoşundaş,
Balabəy çuxuru Saçoya qaldı.
Görən kim küsdürdü
obanı,
eli,
Bizə
divan tutdu xəyanət əli.
İşıqlıdağının
çiçəyi,
gülü,
Hayqanuşa
qaldı,
Maçoya qaldı.
Xaçolar kəsdilər bəndi, bərəni,
Kürkümə
saldılar biti, birəni.
Saxlaya bilmədik Daşlıdərəni,
Cəfərli künbəzi Açoya qaldı.
Qarğa Zəfər çaldı, Şahin basıldı,
Yaltaqlar, naşılar yada qısıldı.
Mərdin ürəyindən zindan asıldı,
Qaraçıkahası
Çokoya qaldı.
Talan-taraş oldu igidlər yurdu,
Namərdlər, quldurlar belimi qırdı
Haylar buxovladı qonşumuz
Qurdu,
Çuxurbulaq, İtuçan,
Meşəyə qaldı.
Vicdan dəllalları vicdanı satdı
Aslan oylağında çaqqallar
yatdı.
Köhlənin yerişi qatıra çatdı
Dəvənin ovsarı köşəyə qaldı.
Tarix cilov yedi, insan qudurdu,
Namərdlər mərdləri arxadan vurdu.
Gör kimin yerində
kimlər oturdu
Bülbüllü
bağçalar xöşəyə qaldı.
Bir zaman yaylaqlar
bələdi bizi,
Gərdiş ələyində ələdi bizi.
Kim eldən,
obadan elədi bizi,
Bircə
ümidimiz qılçaya qaldı.
1988
Vətən
Əlim üzülsə də tər çiçəyindən,
Dağında, dərəndə ünüm var, Vətən.
Yadımdan çıxmırsan bircə an belə,
Səndə keçən ayım, günüm var, Vətənə.
Səni qarış-qarış bölənlər oldu,
Səni lağa qoyub gülənlər oldu.
Bir quru çöp üstə ölənlər oldu,
Hər çopur daşında qanım var, Vətən.
Mən sənin qarşında qulam, nökərəm,
Mən sənin dərdini təkcə çəkərəm.
Düşmənin başına alov tökərəm,
Nə qədər canımda canım var, Vətən.
2005
Niyə məni qovursan
Mən Vətəndən çıxmışam,
Vətən məndən çıxmayıb.
Dağlar qərib olubdur,
Dağlar çəndən çıxmayıb.
Eşqin içimdə yanır,
O içimdən çıxmayıb,
Niyə
məni qovursan?
Qəlbim mənə zor edir,
Müti edir,
qul edir.
Hərdən də bihal edir,
Niyə
məni qovursan.
Gəlirəm səni görəm,
Ədəblə salam verəm,
Sən Əsli ol,
mən Kərəm,
Niyə
məni qovursan?
Sevgi oyuncaqdımı,
Bu çağlar o çağdımı,
Lələdağ uşaqdımı,
Niyə
məni qovursan?
1995
Комментарии
Отправить комментарий