Atalardan qalandı


Atalardan qalandı

Bu gərdişdə yazan da var, pozan da,
Yazan insan, pozan şeytan olandı.
«Fürsət əldə ikən yaxşılıq eylə
Bu hikmət də atalardan qalandı.

Yazan hörmət, pozan nifrət qazandı,
Namərd adam ayaq altı qazandı.
Nakəslər də düzü əyri yozandı,
Şər xeyirə qalib gəlməz, yalandı.

Bu dağlarda baş əymişəm hər daşa,
Baş əymişəm Qoşundaşa, Pirdaşa!
Doğma qardaş xain çıxdı qardaşa,
Yazıq Yusif qəm oduna qalandı.

Adam var ki, riyakardı, xəbisdi,
O duyammaz nə yaxşıdı, nə pisdi.
Üzdə mələk, batilində iblisdi,
Belələri çox zəhərli ilandı.

Allah bizi beləsindən qorusun,
Naşıların gülləsindən qorusun.
Nadanların tələsindən qorusun,
Bu diyarda tələ quran kalandı.

Axşam yatdıq, səhər durduq şəst ilə,
Salamlaşdıq, neçə-neçə dost ilə.
Allah deməz, sən Əvəzə qəsd elə.
Qəsd edənlər ürəyi daş olandı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri