Soraqlar məni


        Soraqlar məni

Düşübdür dağların eşqinə könlüm,
Çəkir ağuşuna yaylaqlar məni.
Lalələr çəməndə, nərgizlər düzdə,
Bənövşə talada soraqlar məni.

Çoxdandır üzümü görməyən ellər,
Yarpızlı  dərələr,sonalı güllər.
O tanış cığırlar, o tanış yollar,
Həsrətlə gözləyər bulaqlar məni.

Ay mənim vüqarlı İşıqlı dağım,
Bir geri dönməz cavanlıq çağım.
Hanı ata yurdda odum, ocağım,
Görən kim dərdimi varaqlar mənim.

Bu qüssədən qaya çatlar, daş sınar,
Bir ah çəksəm kirpiyimdə yaş donar.
Köç eyləyib sözü keçən başçılar,
Yaxşı ki, unutmur uşaqlar məni.

Unuda bilmirəm o doğma kəndi,
Mənim çəkdiyimi kim çəkər indi.
Can deyən dostlarım bir az sərindi,
Əvəz, qarşılayır uzaqlar məni.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri