Əzizim Vətən yaxşı


     Əzizim Vətən yaxşı
                                   (Lirik poema)
Yazı stoluma oturan kimi
Özüm bilmədən kənddən yazıram
Vurğunu olduğum dağdan, dərədən,
Yağışdan, yağmurdan, bənddən yazıram.

Xəyalım dolanır o doğma kəndi
Yalçın qayaları, qartallı dağı
Şəhər inciməsin, şəhər şəhərdi
Yadımdan çıxmayır Ağdü torpağı

Səhərdir, üfüqdən boylanır günəş
Hər yan libasını qızıldan geyir
Qırmızı lalənin bəxti açılıb
Qara sürmə çəkir, qızıl don geyir.

Bahar hücum çəkir qışın üstünə
Qələbə qazanır, arzuya çatır
Gül qoyur başını daşın üstünə
Mürgü vura-vura qayğasız yatır.

Dağın da daşları mamırdan çıxır
Kəklik zənguləsi məst edir məni
Elə bil hardasa ildırım çaxır
İlham təbiətlə dost edir məni.

Gəlir budaqlardan quşların səsi,
Güllərin tacında şeh bərq vurur
İnsanın içində vüsal həvəsi,
Ürək cuşa gəlir, daha bərk vurur.

Qönçəsi açılan təzə tər çiçək
Baxır gözəlliyə, baxır günəşə.
Gülün yanağından öpəndə külək,
Başını qaldırır gülür bənövşə.

Nərgizin bənizi necə gözəldir,
Yuyub camalını yaz yağışları.
Yasəmən çiçəyi incə, gözəldir,
Hansı əl yaradıb bu naxışları.

Yurdumun qəhrəman oğlu, qızı var
Ucalan, vətəndə ucalar göyə
Yamaca bəzəkdir əmlik quzular,
Tanrı da baş əyər bu gözəlliyə

Nədənsə yapışmır burda yaz mənə,
Ürəyim açılmır, könlüm açılmır.
Elə bil qara yel əsib üstünə,
Qönçədə qarıyır, gülüm açılmır.

Burda çıxammıram bulaq başına,
Arzumun qolları buxovlanıbdı.
Zatı bilinməyən bir şərəfsizin-
Əliylə el yanıb, oba yanıbdı.

Mən kənddə, kəsəkdə bayram axşamı,
Qapıpusduya da gedərdim, qardaş
Burda öz qınına çəkilir hamı,
qəmim azalır, dərdim, qardaş.

Yuxuda gəzirəm dağı, aranı,
Qürbətdə əriyir didərgin canım.
Unuda bilmirəm vallah oranı,
Oradır dərgahım, dinim, imanım.

Eşqim cücəribdi o doğma yerdə,
İlhamım bərkiyib isti ocaqda.
Keçdi cavanlığım qayıtmaz bir ,
İndi dolanıram küncdə, bucaqda.

Çörəksiz qalıbdı, çörək təhnəsi,
Səməni tabağı küncə atılıb.
Nənəmin donbagöz palıd nehrəsi,
Çatmanın çiynindən asılı qalıb.

Yanğımı söndürməz ayna bulaqlar
Gözümü yandırır, gözümün yaşı
Məni düşündürmür dövlət, var,
Şərlə üzləşirəm hər addım başı.

Corab salladığım bajalar hanı?
Allah, tay-tuşumun sayı azalıb.
Üzü zəfəranlı çöçələr hanı?
Qonşunun qonşuya payı azalıb.

İçimi göynədən dərddi, ələmdi,
Tamarzı qalmışam kəndin aşına
Səməni halvası başqa aləmdi,
Hamı yığıraşdı sürfə başına.

Nənəm danışardı toydan, düyündən,
Bəd söz eşitməzdi qapı pusanlar.
Xoş xatirə qalıb mənə o gündən,
Köçüb bu dünyadan gözəl insanlar.

Zərəkli qovurğa, qatlama fətir,
Süfrənin bəzəyi dəstanam hanı?
Qızılgül yerində qanqallar bitir,
Bütün analara, dost anam hanı?


Günah işlədirəm bəlkə, İlahi!
Adilsən Allahım, keç günahımdan.
Kömək et düşmüşəm bərkə, İlahi!
Dağılıb çöllərə köç, günahımdan.

Nədənsə səngiyib nifrət körüyüm
Qəzəbim içimdə paslanıb qalıb
Bu gün yaddan çıxır dünən gördüyüm,
Canım yas içində yaslanıb qalıb.

Kənddədir dincliyim, gün-güzaranım,
Mənə qanad verin uçum kəndimə.
Orda yoxa çıxar azar, bezarım,
Gedim salam verim Laçın kəndimə.

Gedim diş göynədən buz bulaq üstə,
Elin dərd ocağı içimdə yanır
Vətəndən çıxandan olmuşam xəstə,
Yaylaqdan qovulan köçüm yanır.

Məni yaman boğur hicran havası,
Üstümə yeriyən çən-duman nədir?
Başları qatanda stol davası,
Gözləri görmədi o yanan nədir?

Göylər ağladı mənim ahımdan,
Sütül cavanlarım şəhid oldular.
Mən kərəm dilədim göy Allahından,
İgid doğulanlar igid oldular.

              * * * * *

Sənin ətəyinə əl uzatmaqdan,
Əlim ətəyindən uzun olubdu.
Niyə bu dünyanın dadı özgənin,
Ağrısı, acısı bizim olubdu.

Peşəmiz ağlamaq olub İlahi!
Gözəllər saralıb, solub İlahi!
Gözlərim yollarda qalıb İlahi!
Baxmaqdan yorulan gözüm olubdu.

Burula-burula çıxan tüstünün,
Küləklər şığıyıb alır üstünü.
Gərdiş ünvanladı mənə pis günü,
Həmdəmim, illacım, sazım olubdu.

Vətən-Vətən deyə köçdü çoxları,
Sancıldı sinəmə namərd oxları.
Mənim qılıncımın yoxdu ovxarı,
Kürədə qaralan közüm olubdu.

Hanı başımızın qeyrət papağı,
Yad əldə inləyir gözəl Xan bağı.
Qaytara bilmirik biz Qarabağı,
Bircə təsəllimiz dözüm olubdu.

Yaman xırxalayıb kəmfürsət məni,
Yağılar dolaşır çölü, çəməni.
Nənəmin qoyduğu yaşıl səməni,
Dilimdə ən şirin sözüm olubdu.

                 * * * * *
Gələmmədim bu yaz yenə qoynuna,
Sən məndən incimə, küsmə, a kəndim.
Bəxtimin kələfi düyünə düşüb,
Hələ ümidini üzmə, a kəndim.

Üstünə od yağsın pis qonşuların,
Yolunu azdırdı axar suların.
Gözü yolda qalıb xoş arzuların,
Mənim dözdüyümə dözmə, a kəndim.

Yazıq nənəm hey deyirdi bizlərə,
Gavurların əli çatıb Düzdərə.
Yanıb-yanıb külə döndü yüz dərə,
Sən belə biganə gəzmə, a kəndim.

Hanı igidlərin, ər oğulların,
Gedib cavabını vermir onların.
Goru çatlamırmı mərd olanların?
Sözümü pisliyə yozma, a kəndim.

Mən sənə oğluma, sən mənə ana,
Yadların əlindən gəlmişəm cana.
Görünmür göllərdə yaşılbaş sona,
Düz əhdi ilqarı pozma, a kəndim.

Keçir xəyalımdan hər dərə, hər dağ,
Qulağım səsdədir, gəlmir səs-sorağ.
Lələdağ olubdu gözəl Qarabağ,
Bir az da möhkəm ol bezmə, a kəndim.

Unuda bilmirəm «dirədöyməni»,
Unuda bilmirəm «kəndir dartmanı»
Vətən, günahkaram, Vətən döy məni,
Apar qayalardan, apar at məni

Hələ gəlməyib ağlım başıma,
Çadırda doğulan uşaq kimiyəm.
Sənin həsrətindən qəddim əyilib,
İyun ucundakı yumaq kimiyəm.

Topun mərmisiylə dağılan divar,
On doqquz ildir ki, uçuq qalıbdı.
Əzgənli, İtuçan, Mırıq, Sarıyer,
Ağyalın yaxası açıq qalıbdı.

O yerlər gəncliyim keçən yerlərdi,
Tarixə dönübdü, məndən uzaqdı.
Nəbi, Koroğlular keçən yerlərdi,
İndi o yerlərdə çovğun sazaqdı.

Gavurun üzünə bahar da gəlmir,
Açılmır çöllərin qaşı, qabağı,
Nadanlar, naşılar içməsin deyə,
Suyunu azdırıb Arzubulağı.

Yazgül yığa bilmir, təzə yaz gülü
Novruzgülü hanı gözümə dəymir?
Salxım söyüdlərin saçaq telləri,
Telimi oxşamır, üzümə dəymir.

Yurddan ayrıldığın on doqquz ildir,
O vaxt doğulanlar əsgərdi indi.
Neçə payız getdi, neçə qış gəldi
Gedib görəmmədim o doğma kəndi.

Ömrün qürub çağı haqlayıb məni.
Bu gündən sabaha gümanım azdı,
Müqəddəs pirləri, pir ocaqları
Ziyarət etməyə inamım azdı,

Nədir bu cazibə, nədir, İlahi!
Yaxşı dolanıram, yaxşı burda mən.
İçimi qurd kimi didir, İlahi!
Vətəni qoymuşam axı darda mən.

Vətən müqəddəsdir, Vətən uludur,
Onu Əvəz edən qüvvə tapılmaz.
Vətən babaların döyüş yoludur,
Vətəni sevməsən o Vətən olmaz.

Xəyalım dolanır o doğma kəndi
Yalçın qayaları, qartallı dağı
Şəhər inciməsin, şəhər şəhərdi
Yadımdan çıxmayır Ağdü torpağı

Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

                            Əvəz Mahmud Lələdağ
                                   22. 03. 2007

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri