Külək


                 Külək

Hərdənbir suların üzünü üflər,
Gah tozu çevirər dumana külək.
Gah qalxıb buludu göy xırmanında,
Heşanlar o yana, bu yana külək.

Dəcəl uşaq kimi bağlara dolar,
Almanı silkələr, armudu yolar.
Güllərin içinə vəlvələ salar,
Çıxar ağacların boynuna külək.

Quşları uçurdar koldan, budaqdan,
Pozub novrağını, ayrılar bağdan.
Qurd kimi təpinib dumanı dağdan,
Endirər yamaca, yarğana külək.

Hər güldən, çiçəkdən ətir götürər,
Özünü obaya, elə yetirər.
Günün qızmarında yığıb gətirər
Dağın havasını arana külək.

Gah da bir köhlənin belinə yatar,
Gəlib çölə çatar, çəmənə çatar.
«Hicranın», «həsrətin» daşını atar,
Dolar qız-gəlinin qoynuna külək.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri