Gəlmişəm


                    Gəlmişəm

Hüzuruna  İşıqlıdağ, Ağbulaq,
Yaz şehindən gəzə-gəzə gəlmişəm.
Qibləgahım, səcdəgahım, a torpaq,
Möhnətinə dözə-dözə gəlmişəm.


Yatanda da sənə tərəf yatmışam,
Həsrətindən qəm-qüssəyə batmışam.
Bəxtəvərəm, yaxşı vaxt çatmışam,
Şirin yemlik çıxıb dizə gəlmişəm.

Göbəkdaşı mən duz kimi yalayıb,
Üçtəpəni göz yaşımla sulayıb,
Baldırğanı biləyimə dolayıb,
Yarpız dərib təzə-təzə gəlmişəm.

Küləklərin daraq olub telimdə,
Bulaqların nəğmələşib dilimdə.
Gicitkanın izi qalıb əlimdə,
Quzqulağı üzə-üzə gəlmişəm.

Qanlıcadan Salvartını  hayladım,
Üçağızda üçjə günlük yayladım.
Yantəpədən bir ceyranı qovladım,
Arxasınca düşüb izə gəlmişəm.

Vurğun oldum Şamın ayna gölünə,
Çalbayırın çiçəyinə, gülünə.
Vüqarlının bərəkətli çölünə,
Tərdən inci düzə-düzə gəlmişəm.

Əvəz görüb ocağını, odunu,
Çörəyinin ləzzətini, dadını.
İşıqlıdağ, vüqarını, adını,
Ürəyimə yaza-yaza gəlmişəm.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri