Var


                    Var

Bütün dağlar düzülsə gözlərimin önünə,
O dağa qurban ollam, zirvəsində qarı var.
Görünməsin gözümə çəmənlərdə bir tikan,
O çəmənə qurbanam, çiçəkli baharı var.

Yer üzünü bəzəyir, zinətidir insanlar,
O insana qurbanam, əyilməz vüqarı var.
Dostluq böyük nemətdir, qədirbilən yanında,
O dosta qurbanam ki, əhdi var, ilqarı var.

Əzəldən sevməmişəm nərmə-nazik əlləri,
Qurbanam o əllərə, zəhmətdən qabarı var.
Hər elin öz yeri var,əl boyda ürəyimdə,
O elə qurbanam ki, kamanı var, tarı var.

Şair xalqın ümidi, işıqlı gələcəyi,
O şairə qurbanam sözünün tutarı var.
Telləri min havalı, telli saza aşiqəm,
Elimin neçə-neçə gözəl nəğməkarı var.

Eldən-elə dolaşır yurdumuzun sorağı,
Vətənimə qurbanam, tükənməyən varı var.
Arazın o tayında qalıbdır yarı canım,
Qəlbimin döyüntülü neçə intizarı var.

Bir təsəlli dolanır, Əvəz könlüm evində,
yaxşı ki, o tayın ustad Şəhriyarı var.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri