Dağlara baxıram…


Dağlara baxıram
                      Dostum Əbil Kərimova

Gecələr yuxumsan, gündüzlər nurum,
Hərdən əhvalımı sor, Əbil qağa.
Qonaq gəl qarşında qul kimi durum,
Sənə məhəbbətim var, Əbil qağa.

Qəlbimdə kədərlə sevinc döyüşür,
Dağlara baxıram, el yada düşür.
Üstümdən bəd aylar, illər ötüşür,
Yağır saçlarıma qar, Əbil qağa.

Həmişə sözümün canı olmusan,
Vena damarımın qanı olmusan.
Məclis-mərəkəmin «xanı» olmusan,
Bəs niyə inləmir tar, Əbil qağa.

Əzab-əziyyətli olsa da günlər,
Birlikdə açardıq çətin düyünlər.
Batdı o sədalar, itdi o ünlər,
Qondu gül bağına sar, Əbil qağa.

Əvəz, mətləbə keç, bəsdi fəlsəfə,
Çərxin nadanları durublar səfə.
Hər kim ki, dostluqda yol verir səhvə,
Olsun onun gözü kor, Əbil qağa.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri