Bahar duyğuları


Bahar duyğuları


Yazın şəfəqi yandı,
Üfüqün yanağında
Günəş gözəl göründü,
Öz qızıl çanağında.
Saçaq-saçaq telini
Səpdi yerin üzünə
Göylərin sovqatını,
Torpan təpdi gözünə .
Bahar başından aldı,
Qışın bəyaz şalını
Qayçıdan təzə çıxmış
Yaşıl, yelən xalını,
Döşədi yal-yamaca
Göyün bağrı deşildi,
Açıldı nurlu baca.
Nur ələndi yuyuldu,
Bağ baxçanın bənizi
Gülüstanı bürüdü,
Gözəlliyin dənizi.
Ağaclar köynəyini,
Suya çəkib qurutdu.
Torpağın üzü güldü,
Dərdi-qəmi unutdu.
Şirin yemlik, əvəlik,
Cücərdi çıxdı üzə.
Yarpız ağbaldır oldu,
Sularda üzə-üzə.
Daşaltı gijirtkanı
Sığalladı sərin meh.
Quzqulağın tacıda,
Xumarlandı inci şeh.
Baldırğan özəklədi,
Qırxbuğum cana gəldi.
Kişniş yeməli oldu,
Göbələk yeri dəldi.
Otlar sırğa taxdılar,
Göylərin göz yaşından.
Güllər sirab oldular,
Səmanın qaş-daşından.
Yerə-göyə sığmadı,
Bülbüllərin sevinci.
Həyat çeşməsi oldu,
Güllərə düşmən inci.
Tənəklər əl-qol atıb,
Çardaqdan asıldılar.
Yarıçiçək qoralar,
Budağa qısıldılar.
Arı saqisi oldu,
Güllərin, çiçəklərin.
Arı dəlisi oldu,
Yanağı göyçəklərin.
Sürülər yaylaqların,
Sinəsinə yayıldı.
Dələmə torbaları,
Təmizləndi, yuyuldu.
Nənələr süd sərdilər,
Gərdəkli nəmilərdə.
Bin-bərəkət qaynayır,
Nənələr olan yerdə.
Şümşəd barmaqlı qızlar,
Lalə yanaqlı qızlar,
Baharın oğlan çağı,
Halal zəhmət təriylə
Yoğurdular torpağı.
Ana torpaq həkk verdi,
Toxum çatladı yerdə.
Möcüzəli bir aləm,
Açıldı pərdə-pərdə.
Torpaq halallıq sevir,
Torpaq halaldan halal.
Qayğını torpağa çək,
Sərvəti torpaqdan al.
Sən torpağın bətninə,
Bir cəvahir salarsan,
Əvəzində torpaqdan,
Min cəvahir alarsan.
Günəş yeri şən görüb
Salamladı baharı.
Dağıldı  könüllərin,
İntizarı, qubarı

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal