Təbiət


Təbiət

Gül-çiçəyin gözəlliyi,
Qucağına sığınmayan
       bir  çəməndə
Qədəm-qədəm gəzirəm mən.
Könlüm tutan çiçəklərdən,
             ehmallıca  üzürəm  mən.
Hörmət ilə qoxlayıram.
Tər çiçəyin ətri ilə məst oluram,
Məhəbbətlə dost oluram
Uzanıram gül-çiçəyin arasına.
Göy üzündə buludlar
Karvanlanır ara-sıra
Qoca dağlar qalxan tutub çən-dumanı.
Şiş qayalar ox kimidir,
Sinəsinə sancılıbdır yamacların.
Buz bulaqlar
Saf qanıdır bu dağların
Çəmənlikdə çən sürünür,
Sis ələnib qaş-daş olur
Gül-çiçəyin yanağında.
Nəsim düzə inci səpir,
Gülüş səkir yasəmənin dodağında.
Mavi göyün inciləri
Göy otların qulağında sırğalanır
Həzin-həzin külək əsir,
Çiçəklərin nur tacında
Bal arısı yırğalanır.
Çiçəkləri öpə-öpə toybaşı tək
Çəmənlikdə hey dolanır, hey fırlanır.
Günəş yerə ətək-ətək zər göndərir,
Al lalənin üzü yanır.
Şöləsindən göz qamaşır,
Gözəllikdən ağıl çaşır.
Ürkək-ürkək kəklik keçir,
Baldırına şeh ilişir,çəhlim düşür.
Bülbül coşur, nəğmə qoşur.
Çiçəklərin naz-qəmzəsi
Sığışmayır çəmənliyə,
Düşünürəm, bu gözəllik hara sığar?
Şair qəlbi geniş olar,
Sığsa ancaq ora sığar.
   

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri