Gətir


             Gətir

Qaytar gətirdiyin büllur qabları,
Mənə büllur kimi məhəbbət gətir.
Mən səndən ummuram dövləti, varı,
Şan-şöhrət yerinə ləyaqət gətir.

Açsın qollarını vüsal çağları,
Bəxtimiz görməsin hicran dağları.
Qönçə dodağında təzə dağ qarı,
Qəlbində sönməyən hərarət gətir.


Qış ayaq açmasın bahar çağıma,
Xəzan boylanmasın könül bağıma.
Sevgilim,bu gündən sən otağıma,
Mehribanlıq gətir, səadət gətir.

Qoyma sevincimiz yetişsin sona,
Qıyma eşqimizə qəm tozu qona.
Mən mərd ata olum, sən gözəl ana,
Körpə bəsləməyə dəyanət gətir.

Əvəzə şən həyat, təbəssüm gərək,
Sevinclər qoynunda döyünsün ürək.
Qədəmin mübarək, yolun mübarək,
Gülüm, ayağında bərəkət gətir.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri