Əvəz Lələdağın söz dünyası

Əvəz Lələdağın söz dünyası

Poeziyaİlk baxışdan sadə və bəsit nizama  çəkilmiş sözlər toplusu kimi görünən bu sahə heç də göründüyü kimi deyil. Bu sahənin mütəxəssisi, yəni şair öz beyninin məhsulunu ruhu ilə qidalandırır. O ruh ki, insan cisminə yalnız Allah əmri ilə daxil olar və Allah əmri ilə də insan cismini tərk edər.
        Məhz Azərbaycan poeziyasını klassiklərimizdən bu günə kimi şairlərimiz öz fəlsəfi düşüncələri ilə, ruhları ilə qidalandırmışdır. Ümumiyyətlə milli irsimizə xas olan özünəməxsus bir poeziyamız olmuşdur. Hər hansı bir şeir növü, istənilən novatorluq poeziyamızda məhz ənənəvi prinsiplərə söykənmişdir. Əks təqdirdə uğursuzluqla poeziyamızdan məhrum olmuşdur.
        Əvəz Lələdağ poetik ənənələrimizə söykənən, ənənəvi pillədə qərar tutan tanınmış şair, publisistdir. Şairin poeziyası, dramaturgiyası, publisist fəaliyyəti haqqında dərc olunmuş məqalələrin başlığı- «İstedadlı şair və pedoqoq», «Ürəkdən qaynaqlanan poeziya», «Lələdağın söz xəzinəsi» bu dediklərimizi bir daha təsdiq edir.
        Başdan-başa söz üstündə köklənmiş şifahi xalq ədəbiyyatından başlamış çağdaş poeziyamıza qədər hər bir sənət nümunəsini yaddaşında, hafizəsində qoruyub saxlayan, yazdığı şeirlərində demək olar ki, hamsını əzbərdən söyləməyi bacarır. Belə bir söz, sənət vurğununun qeyri-adi istedadı onu tanıyan hər kəsi heyrətləndirir.
        Onunla görüşdükdən sonra belə qənaətə gəlirlər ki, Dədə Ələsgərin ruhundan qopan sözü, şeiri sazı təkcə sevən yox, həm də qoruyan, yaşadan və sevdirən Əvəz Mahmud Lələdağ adlı bir şair var. Əvəz əllim 40 ilə yaxındır ki, Sumqayıt şəhərində fəaliyyət göstərir. Ömrünün yarım əsrə yaxınını gənc nəslin təlim-tərbiyəsinə həsr edib.
        Bu ötən illər ərzində o, gərgin axtarışlar və zəhmətlər bahasına 450-dən çox elmi-publisistik və metodik yazını araya-ərsəyə gətirib. Onun içində özünə yer tapan misralar da bir gün görünmək eşqi ilə Əvəz əllimin sakit həyat axarına əbədi narahatlıq gətirir.
        Varlığına hakim kəsilən bu inciləri vərəqlərə köçürə-köçürə özü də bilmədən neçə-neçə kitab əllifinə çevrilib. Onların hər birinə doğma övladı kimi baxan Əvəz əllim onların adlarını da ardıcıllıqla düzüb! «El yada düşdü», «Dağlar marala qaldı», «Ömür payı», «Sinəsi dolu nənəm», « dovşanın nağılı», «Ömürdən qalan izlər», «Dünya hara gedirsən», «Yaddan çıxmaz günlərim», «Bizi deyib gəlmə Mirzə!», «Səni gözləyirəm». Elə bu yerdə Əvəz əllimin böyük ustalıqla nizama düzdüyü söz xəzinəsinə baş vurduqda adam böyük zövq alır.

İsti yuvam buza dönüb,
Qala bilmirəm, bilmirəm.
Yağılardan qisasımı,
Ala bilmirəm, bilmirəm.

deməklə şair poeziyasında düşmənə nifrət, Vətənə, doğma yurd-yuvaya, isti ocağa məhəbbət hisslərini qəlbində yaşadır.
        Göründüyü kimi Əvəz əllimin poeziyasında qələmindən süzülən söz incilərində Vətən sevgisi, Vətən həsrəti, yanğısı duyulmaqdadır. Şair ürəyi ümumiyyətlə xatirələrlə dolu bir istəklə döyünür. Onun hər xatirəsində onu yaşadan bir məhəbbəti, sevgisi açıq-aşkar duyulmaqla hiss olunmaqdadır.

Nankor olsam, övladlıqdan sil məni,
Namərd ölsəm, götürməsin el məni,
Öz əlinə yandır elə, kül məni
Qoy cəsədim incitməsin torpağı.

-deməklə şair Vətənə sadiqliyini, torpağa bağlılığını sübut etməyə can atır.
        Əvəz əllim Dədə Ələsgərdən güc alan şairdir. Qərbi Azərbaycanda xain ermənilər tərəfindən düşməncəsinə adları dəyişdirilmiş yer adlarını şeirlərinə köçürməklə, poeziya dünyasında əbədiləşdirməklə özü də yaddaşlarda əbədiləşir. Yüz illər bundan sonra da insanların ata-baba yurdlarını yaddaşlarda yaşatmaqla bir azərbaycanlı kimi əvəzsiz xidmət sahibidir.
        Əvəz əllim Zəngəzur mahalında olan yer-yurd adlarınıZoğallıbağ, Qızılboğaz, Arzubulaq, Çömçətəpə, Leyliqaçan, Qumarxac, Arxaşan, Şükürbəyli, Mirəhməd, Əriməz, Əyriqar, Pəriçınqılı, Lalayurd, Qanqallıyurd, Qalayeri və bu kimi yüzlərlə yurd-yuva, el-oba adlarını poeziyaya gətirməklə onları gələcəyin yaddaşına köçürüb. Çoxlarımız üçün arxaikləşmiş, unudulmuş xalq deyimlərini yaddaşlara köçürən, yaşadan şairdir. Gələcək nəsilləri öyrədən əllimdir Əvəz Lələdağ.
        Əvəz əllim sözün əsl mənasında xoşbəxt əllimdir. Bir elin, bir obanın sayılıb-seçilən ağsaqqalıdır. Azərbaycan adlı bir məmləkətin öyünə biləcəyi və öyündüyü, kökü min illərin dərin qatlarına bağlı atadır, azərbaycanlıdır.

Ulduzlar sayrışan göyün var sənin,
Yaxşıdan savayı nəyin var sənin,
Harda bərabərin, tayın var sənin
Sənə qurban olum, ay Azərbaycan.

        Ümumiyyətlə Əvəz əllimin yaradıcılığını izlədikcə şahidi oluruq ki, bu insanı soy kökümüzlə, milliyətimizlə, el adət-ənənələrimizlə sıx, qırılmaz tellər bağlayır. Bir-birindən gözəl hikmətamiz el deyimlərini, atalar sözlərini yerli yerində işlətməyi ilə bir daha oxucunu nizama çəkdiyi misralara bağlayır. Əvəz əllimin yüzlərlə şeiri, neçə-neçə poeması bütövlükdə bədii yaradıcılığı öz mayasını, rişəsini xalq deyimlərindən alır. Bizim hər birimiz qəhrəmanlığın, əllimliyin, ağsaqqallığın əlçatmaz sehirli, sirli yollarını Əvəz əllimdən, onun keçdiyi keçməkeşli həyat yolundan öyrənməliyik. Əvəz əllimin poeziyası elə bir oxucu, elə bir insan olmaz ki, onda hansısa gözəl xatirələri oyatmasın. İnsanı düşündürür, saflaşdırır. Xüsusiylə də onun şeirlərinin dilində tərzində sadəlikdən doğan gözəlliyi insan ruhunu deyərdim ki, təzələndirir.
        Əvəz Lələdağ yaradıcılığını vərəqlədikcə görürsən ki, məhdud olan çərçivəli yaradıcılıq deyil. Şairin yaradıcılığı mövzu üslub cəhətdən çox rəngarəng və çoxşaxəlidir. Poeziyasının ana xəttini vətən sevgisi, yurd həsrəti, torpaq niskili təşkil etsə də Əvəz əllim pissimist deyil, optimist ruhda yazıb yaradır.  Vətən mövzusundan başqa gözəl məhəbbət şeirləri, çılğın məhəbbətlə dolu olan xatirələrini əks etdirən şeirləri də vardır. Əvəz əllim Vətən, məhəbbət, dostluq və s. Mövzulara toxunmaqla yanaşı qələmini satirada da sınamışdır. Qəzəllərində olduğu kimi bu üslubda da özünəməxsus çalarlar yaratmışdır. Satiralarında müasir gənclərə, sərxoşluğa, xürafatçı mollalara və s. kimi mövzulara ustalıqla toxunmuşdur.
Aldığın pul-paranı tez geri qaytar əmican,
Xalçanı, tozsoranı tez geri qaytar əmican,
O narı, abqoranı tez geri qaytar əmican,
Əlini saqqalına çəkmə dayan, Mollaqulu,
Kələyin baş tutmadı, oldu bəyan Mollaqulu.

Çanağından çıxıb çanağını bəyənməyənlərə öz iradını bildirir şair.

Qatıqdan, ayrandan süzmə tutanlar,
Həlim içib daxmalarda yatanlar,
Kərmə, təzək ilə ocaq çatanlar,
Kəndə qaz çəkilib kəndi bəyənmir.

Əvəz Mahmud Lələdağ yaradıcılığının hər hansı sahəsi, istər poeziya, istər dramaturgiya sahəsi gələcək nəsli köklərə bağlı, yüksək insani keyfiyyətlə tərbiyə edir.  Əvəz əllim əllimlik peşəsini seçəməsəydi belə yenə müdrik əllim, el ağsaqqalı sayılardı. Çünki bu insanın dilindən çıxan, qələmindən süzülən hər bir kəlmə hikmətdir, ruha qidadır.
Əvəz əllimin bədii irsinin çox hissəsini deyərdim ki, əsas ana sütununu təşkil edən ana Vətəninə olan sevgisidir. Bu da ondan irəli gəlir ki, Əvəz Lələdağ Vətəninə, elinə, obasına, yurduna, yuvasına çox bağlı insandır.
Əvəz Lələdağ yaradacılığını bir məqalədə əhatə etmək mümkün deyil. Çünki onun yaradıcılığına qiymət vermək üçün yaradıcılığına dönə-dönə müraciət etmək və şeirlərindəki fikirləri həyat amalına çevirmək lazımdır.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri