Gəlişin duyulur


Gəlişin duyulur
Gəlişin duyulur, a nazlı bahar,
Gəl oxşa çölləri xoş nəfəsinlə.
Axsın dodağından şirin laylalar,
Oyansın təbiət həzin səsinlə,
Gəl oxşa çölləri xoş nəfəsinlə.

Sənin gəlişində nə təmtəraq var,
Gəl çapsın atını dəli dağ seli.
Gəl, mənim sevimli gəncliyim, bahar,
Gəl bəzə yenidən çəməni, çölü,
Gəl çapsın atını dəli dağ seli.

Gəl açsın qönçələr bahar çiçəyi,
Ötsün budaq-budaq bağçada quşlar
Bizi darıxdırır qışın köynəyi,
Gəl, dağlar geyinsin yamyaşıl paltar,
Ötsün budaq-budaq bağçada quşlar.

Gəl ki, gülüşündən şəkər süzülsün,
Gəl salxım söyüdlər göyərsin yenə
Gəl ki, pişvazına güllər düzülsün.
Hər canlı könlünü bağlamış sənə,
Gəl salxım söyüdlər göyərsin yenə.

Bahar, sən gələndə oyanır torpaq,
Dağda şimşək çaxır, göy nərə təpir.
Yerdə ot göyərir, ağacda yarpaq.
Duman göy otlara mirvari səpir,
Dağda şimşək çaxır, göy nərə təpir.

Səmada cərgəylə buludlar axır,
Elə bil sahildən buz qopub gedir.
Torpağın üstünə yeni gül çıxır,
Çən-duman dağları bir də sehr edir,
Elə bil sahildən buz qopub gedir.

Üfiqdən aramla boylanır günəş,
Yasəmən oynayır, nərgiz əl çalır.
Lalənin yanağı atəşdir, atəş,
Könül bu hikmətdən min ilham alır,
Yasəmən oynayır, nərgiz əl çalır.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri