Bayatılar 1


Bayatılar

Əzizim yar ayağı,
Dərd verib yara, yağı.
Öpəydim kandarından,
Dəysəydi yar ayağı.

Əzizinəm dağlara,
Yolum düşə dağlara.
Düşmən dağ çəkib mənə,
Dözə bilmirəm dağlara.

Nərdivana
Ayaq qoy nərdivana,
Yar dərdini yar bilər,
Nə bilər hər divana?

Əzizim gecə məndə
Yatmadım gecə mən də
Gözümdən yaş ələnər,
Ləbindən gec əməndə

Yara məndə
Almışam yara mən də
Ölü olsam dirilləm
Ləbimdən yar əməndə

Qar alandı,
Göyərən qar, qalandı.
Qarğalar qartal oldu,
Qartallar qarğalandı.

Əzizim bu dağ ilə,
Yol gedər bu dağ ilə.
Heç kim sənə dost deməz,
Mən ölsəm bu dağ ilə.

Əzizinəm Həsən gəl,
Bizdən ayaq kəsən, gəl.
Hicran mənə dərd olur,
Ya mən gəlim, ya sən gəl.

Əzizim hara gedim,
Haram var, hara gedim,
Mənə yara vurmusan
Dərmana hara gedim?

Mən aşiqəm yaz əli,
Ya divanə, ya dəli.
Bir gün də yaşamaram,
Sənə dəysə yad əli.



Əzizinəm çöllərə,
Ellər düşdü çöllərə,
Məni Məcnun eylədin
Axır düşdüm çöllərə.

Ağacın ilk nübarı,
Şirindir ilk nübarı.
Sənin vəfan bu imiş
Əvvəl deyərdin barı.

Dağlardan qar gedincə,
Bağlardan bar gedincə.
Canım çıxsa yaxşıdır,
Sevimli yar gedincə.

Gözlərin kimi gözlər,
Nə bilim kimi gözlər.
Nə xalın kimi xal var,
Nə gözün kimi gözlər.

Əzizim yenə sarı,
Yaramı yenə sarı
Canım sənə peşkəşdi,
Bir gəlsən mənə sarı.

Mən aşiqəm bir-bir çək,
Gəl oxları bir-bir çək.
Məni çöllərə salıb,
Bir qaş, bir göz, bir birçək.

Mən aşiqəm qala yar,
İgid, tərpən qala yar,
Mən düşdüm qürbət elə.
Sən Vətəndə qal, a yar.

Yara dağlar,
Təbiblər yara dağlar
Bir namə verim sizə
Yetirin yara, dağlar.

Dağda dağı
İstəməz dağ da dağı.
Namərd əliylə çəkdi,
Sinəmə dağda dağı!

Yada məni,
Verirlər yada məni,
Allah, tez bazar eylə,
Ya onu, ya da məni.

Dağ qarıdı,
Bu yağan dağ qarıdı.
Oba köçdü, yurd qaldı,
Xiffətdən dağ qarıdı.

Tapar məni,
Dərd gələr tapar məni,
Qoy yarımla görüşüm,
Sonra gəl apar məni.

Yarı məndə,
Qalmışam yarı mən də.
Fələk, yurdun talansın,
İtirdim yarı, mən də!

Qara sarı,
Yarama qara sarı.
Od düşüb sinəm yanır,
Gəl gedək qara sarı.

Ağbabanı,
Yada sal Ağbabanı.
Şəvə saçlar tökülüb,
Bürüyüb babanı.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri