Yaşa, qardaş


Yaşa, qardaş
                    Aşıq Abbas Zərgərə.

Tərifləmə çox da məni,
Yaşım keçib qışa, qardaş.
Gözəllərin məclisində,
Çəkilmirəm başa, qardaş.

Könül bağım saralıbdı,
Eşq ocağım qaralıbdı.
Saçlarımı qar alıbdı,
Qızlar baxır başa, qardaş.

O göy meşə, yaşıl tala,
Bir bizə qismət ola.
Sarı bülbül layla çala,
Mən gedəm huşa, qardaş


Mən vurğunam saza, sözə,
Bıçaq batsın yaman gözə.
Az etmədi yadlar bizə,
Oxum dəydi daşa, qardaş.

Hanı təbib, hanı loğman,
Gəlib dərdə edə dərman.
Mən olmuşam qəddi kaman,
Necə gəlib xoşa, qardaş.

Az qalıb ki, üç il ola,
Biz həmdəmik qalmaqala.
Sədəfli saz haray sala,
Mənim təbim coşa, qardaş.

De mən hara, bu yer hara,
Tapılmadı dərdə çara,
Mən yarandım bəxti qara,
Sən günlə yaşa, qardaş.

Gör bir nəyi dərd edirik,
Namərdləri mərd edirik.
Xeyli vaxdır yol gedirik,
Nadanlara qoşa, qardaş.

Çoxlarına bəxt düşübdü,
Bəxt olana taxt düşübdü.
Bu gərdişdə çox düşübdü,
Əvəz bərkə-boşa, qardaş.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri