Deyil


          Deyil

Könül, güc eləmə, bircə çiçəklə,
Atalar demişkən yaz olan deyil.
Sənin kələyini tale üzməsə,
Bəndə can atsa da, üzülən deyil.

Mən gileyliyəm zalım fələkdən,
Onun fitnəsidir bu duman, bu çən.
Qarımış, qartımış bir gözəlçədən,
Qurandan don geysə, qız olan deyil.

Yalançı vədlərin sayı bilinməz,
Zina olanların soyu bilinməz.
Qozbelin ölçüsü, boyu bilinməz,
Qəbir düzəltməsə, düzələn deyil.

Yoxuşun düzü var, darıxma, könül,
Haqqın ətəyini buraxma, könül.
Axtar Soltan bəyi, soraqla, könül,
O, namərd əlində tez ölən deyil.

İstər doğra məni, istər çək dara,
Hicranın əlindən gəlmişəm zara.
Verdiyin dərdlərin, ay günü qara
Hər biri dağ boyda, dözülən deyil.

Ağzına gələni danışır yetən,
Bostana daş atır hər yoldan ötən.
Əvəz, ürəyimə yazılıb Vətən,
Min pozan yığılsa, pozulan deyil.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri